Füzuli sözü - ən uca poeziya göy üzü - Vaqif Bayatlı ODƏR

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseynin "Füzulinamə" adlı yeni kitabı çap olunub. 304 səhifəlik kitabda F.Hüseynin əbədiyaşar söz ustadı Məhəmməd Füzulinin "Leyli və Məcnun", "Səhhət və Mərəz", "Yeddi cam", "Fəzliyə nəsihət", "Ənüsül-qəlb" əsərləri, o cümlədən, dahi ədibin Adəm, İsa, Yusif, Məhəmməd peyğəmbərlər, həmçinin dahi şairin cənnət və cəhənnəm və güzgülər xüsusundakı qəzəlləri barədə esseləri toplanmışdır. Nəşrin redaktorları Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Füzulişünaslıq" sektorunun müdiri, filologiya elmləri doktoru, professor Ataəmi Mirzəyev, mərhum alim, filologiya elmləri doktoru Nəzakət Məmmədli, Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli, gənc şair, şeirşünas Seyyid Əsridir. Kitaba Əməkdar incəsənət xadimi, görkəmli şair Vaqif Bayatlı Odər Ön söz yazmışdır. Həmin yazını təqdim edirik.

 

Çap olunan şeirlərin çoxu (söhbət əsl şeirlərdən gedir) gördüyümüz dünyanın, Füzuli isə görünməyən və heç vaxt adi adamın duya bilməyəcəyi torpağın, göy üzünün şeiri, dövləti, xəritəsidir.

...Okeanın bilinməz, sirli bir yerindəki ada ilə Böyük torpağın əlaqəsi necə kəsilərsə, Füzuli şeirinin torpağıyla da dünyamızın əlaqəsi eləcə kəsilən kimidir. Füzuli dövründə yaşayan adamların, ağacların, çiçəklərin bir də təzədən eyni vaxtda dünyaya qayıtmaları mümkün olmadığı kimi. Füzuli şeiri bütün şairlərdən, şeirlərdən, dərdlərdən, sevgilərdən, ayrılıqlardan eyni anda keçib gedən və zaman durduqca keçib gedəcək uca bəxtli İlahi ruhdur.

Şəxsən mən özümü qaranlıq bir hücrədə diz çökən, Füzulinin gözə görünmədən nə zamansa buradan nur kimi gəlib keçməyi ilə hücrədəki şamların öz-özünə alışacağına inanan xəyalpərəst, solğun bir uşaq kimi təsəvvür eləyirəm və illərlə əlimdə gözəgörünməz şam onu gözləyirəm, gözləyirəm...

 

***

Füzuli "Leyli və Məcnun"u məhəbbət mövzusunda, eşqli qəm haqqında yazıb. Dünyanın çox şeyini əhatə eləyib. "Leyli və Məcnun" dünyanın balaca, ancaq ən uca modelidir; dünyanın özündən də çox-çox böyük. Füzuli istəsəydi, Leylini Məcnuna ala bilərdi. Amma Füzuli Allahın göndərdiyi gözəl sevginin göy üzündə idi. Tamamilə o gözəl nurun içində olan şair bilirdi ki, Məcnunu Leyli ilə sözlərin içində qovuşan bir sevgidə yox, Allahın ətəyində qovuşdurmaq daha gözəldir. Əslində, Leyli ilə Məcnun bir-birinə qovuşublar. Yəni onların fiziki qovuşması Allahın qarşısında şairin məğlubiyyəti olardı. Çünki sevmək sevginin yarısıdır, tam sevgi deyil. Hətta Leylinin Məcnuna sevgisi də tam sevgi deyil. Çünki o sevgini Füzuli elə yazıb ki, bizə dünyanı və sevgini sevdirsin. Beləcə, "Leyli və Məcnun"u oxuyan hər bir gəncin ürəyində sevgi hissi yaranır və bu hiss onu ucaldır.

 

***

Məncə, Füzulini dərk edən kəs heç vaxt cinayət törətməz. İndi dünyada insanların çoxu mənəvi cəhətdən acdır, zənnimcə, dünyanı əbədi "tox" saxlamağa təkcə Füzuli sözü bəs eləyər.

Bəzən də deyirlər ki, Füzulinin vətəni haradır? Füzulinin vətəni haqqında danışmaq göy üzünün vətəni haqqında danışmaq kimi bir şeydir. Əslində, Füzulinin özü vətəndir, biz şairlər hamımız onun vətənindəyik. Çünki o bizə ən çox yaxınlaşan, yaraşan, bizi sevən bir dahi vətəndir.

İnsanın ruhu güclü olduqda ona heç kəsin gücü çatmaz. Tək bir insan bütün dünyaya qarşı dayana bilər. Görürsünüzmü, Füzulinin qanadlarına neçə yüz ildən çoxdur heç kəs toxuna bilmir. Lap istəyirsən, Amerika ordusu, ya NATO, ya bir neçə qitə gəlsin.

Füzulinin mənə ləzzət eləyən şeirlərinin ən kədərli yerində gülürəm. Məncə, ən dəhşətli uca kədər də dahi sevinc yaradır. Mən də İlahi gözəlliyi görəndə gülürəm, sevinirəm. Füzuli mənim üçün dünya poeziyasının qızıl ortasıdır, ekvator xəttidir, ən uca tacı, paytaxtıdır. O, poeziyanın həm keçmişində, həm də gələcəyində dayanır.

Onun şeirlərində sözlərin hamısı əbədiyyət üçün seçilib və o sözlər bir-birinin yanında əbədiyyəttək dayanıb. Mənim üçün dünyada ən gözəl düzülüş, duruş gözəl sözlərin bir-birinin yanında dayanmasıdır, yəni Füzuli poeziyasıdır.

Bütün insanlar tənhadı. Füzuli isə dahi tənhadı. Fikir verin, dünya ədəbiyyatını yeni istiqamətə yönəldən Füzuli və Servantes orta əsrlərdə eyni vaxtda yaşayıb-yaratmışdı. Füzulinin dünyasını dəyişdiyi ildə, qəribədir, həmin il papalıq tarixində ilk dəfə olaraq Roma papası öz səlahiyyətlərini davam etdirməkdən imtina etmiş və başqa formada Füzulinin həyatına bənzər bir həyat yaşamaq, əslində, Füzulini ruhi cəhətdən davam etdirmək istəmişdi və buna ən azı can atmışdı. Bu, orta yüzilliklər katolik dünyasının ən böyük sensasiyası, Allahın "şeiri" idi. Roma papası, çox güman ki, Füzulini heç tanımırdı. Ancaq İlahi sevgi içindən baxanda bu iki hadisənin - iki uçuşun bir-birinə nə qədər yaxın və nə qədər bir-birinin davamı olduğu aydın görünür, bu işdə İlahinin qələminin təsiri var.

Bəzən şairlər sonrakı nəsillər haqqında "füzulilər" sözünü işlədirlər, mən bu sözün əleyhinəyəm. Füzuli o qədər nəhəngdir ki, onun adına cəm şəkilçisi qoşula bilməz, çünki təkrarı olan nəsnələri cəm göstərmək olar. Füzuli isə təkrarsızdır, təkrarolunmaz Göy üzüdür.

Gənc dostum, şair Fərid Hüseyn "Füzulinamə" kitabını yeddi ilə yazıb. Bu, Füzulinin bütün yaradıcılığını əhatə edən araşdırma - dərk kitabıdır. Fəridin uzun illərin zəhməti hesabına qələmə aldığı bu dəyərli kitabını Füzulinin şeirləri ilə bağlı dərin mənaları bizə qaytardığı üçün çox yüksək qiymətləndirirəm.

İllər əvvəl müsahibələrimin birində demişdim ki, bəzi şairlər orden, medal, nə gəldi alıb ac ruhlarını doyuzdurmaq istəyirlər. Onlar ancaq dünyadan nəsə almağa, qopartmağa çalışırlar. Çox az şair isə dünyaya ancaq nəsə vermək haqqında düşünür. Dünyaya nəsə vermək üçün gərək mənəvi gücün ola. Fərid Hüseyn də dünyaya Füzulinin əsərlərindəki mənaları tapıb ərməğan edən çox dəyərli bir söz adamıdır. Füzulinin əsərlərində o qədər dərin mənalar var ki, onlara çatanda oxucunun ruhu da dahiləşir. Fəridin "Füzulinamə"si ruhumuzu dahiləşdirən mənalara aparan ruh bələdçisidir.

Bu Ön sözü bir daha Füzuli şeirini dərk etməklə bağlı bu sözlərimlə bitirirəm:

 

Üç dildə yazmış Məhəmməd Füzuli  -

o, bütün dünyanın Poeziya Peyğəmbəri,

həm də uca Poeziya dövləti,

Poeziya milləti,

Poeziya heyrəti...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!