"Bəlkə"dən doğan arzu,
arzudan doğan ümid qığılcımı,
qığılcımdan isə sönən sabahlar.
Bu dünyada bir Adil də var idi. Adil Bəbirov. Gəldi və getdi. Böyük sənətkar idi. Gözəl bəstəkar idi. Nadir istedad sahibi idi. Daha da böyük bəstəkar kimi özünü göstərə bilərdi. Amma heç buna çalışmırdı da, özünü gözə dürtənlərdən deyildi. "Necə varamsa elə beləyəm", - dedi. Axı, sən olduğun, qaldığın kimi deyildin - ay Adil, atam deyərdi. Sən böyük bəstəkar idin, daha böyük bəstəkar ola bilərdin.
- Axı, nə mənası var ki, mən elə sizin üçün adi Adiləm.
Adil Bəbirovla atam çox yaxın idilər. Dost da demək olardı. Aralarında 9 il yaş fərqi var idi. Tez-tez bizə gələrdi. 10-15 dəqiqə oturub söhbət edib, sonra pianinonun arxasına keçərdi. Evimizdə o vaxtı bir alman pianinosu var idi: "Zimmerman". Çox bahalı bir pianino idi. Adil müəllim həmişə deyərdi ki, "İndi beləsini hazırlamırlar, bu çox gözəl pianinodur. Bunun arxasında oturanda xüsusi zövq alıram. Dillərinin də səsi tam ayrı cür çıxır, fərqli çıxır".
- Həə... Təzə mahnı bəstələmişəm. Amma hələ ki, çiydir, xoşuma gəlmir. Üzərində işləməliyəm. Gəldim ki, siz də qulaq asasınız. Fikrinizi bilmək istəyirəm, hansı şeirinizi məsləhət bilirsiniz?
Və sonra bir yerdə işləyərdilər. Mahnını yonub şeirin içinə salardılar, ya da şeiri yonub mahnıya uyğunlaşdırardılar. Bəzən gecə saat 12, bəzən də 1-ə qədər işləyərdilər. Yooox... Qonşular da indiki qonşulardan deyildilər. Öz evində lap səhərə kimi çal, oyna. Heç kim öz narahatçılığını bildirməzdi. Çünki, heç kim narahat olmurdu. Çünki, belə işlər hər bir qonşunun evində olardı. Çünki, dediyim kimi, bizim bina yazıçılar binası idi, müqəddəs bir bina idi. Hamısı da yaradıcı adamlar idi.
Adil müəllim içinə qapanmış bir adam təsiri bağışlayardı. Və bu orta boylu, içinə qapanmış adamın içində nə qədər istedad oylarmış?! Söhbətcil adam idi. Amma deyib-gülən adam da deyildi. Çox kədərli gözləri var idi. Elə bil ki, bütün dünyanın kədərini gözlərinə yığmışdı. Bütün dünyanın kədərini gözlərində daşıyırdı. Elə bil ki, ürəyi nədənsə dolu idi - boşalmaq istəyirdi. Gülüşü də qəribə idi. Elə bil ki, icazə ilə gülərdi. Bu nə kədər idi onda, heç kəs bilməzdi. Dərdini heç kimə bildirən deyildi. Yuxarıda dediyim kimi, tez-tez bizə gələrdi. Hər dəfəsində də, əvvəl zəng edib - "Bəxtiyar müəllim, sizə gəlmək olar?", "Yox, əgər vaxtınız varsa?", "Çox vaxtınızı almaram ki?". Heç vaxt da ərklə danışmazdı.
- Ay Adil, bu nə sözdü? Yüz ildir bizə gəlirsən, həmişə də icazə ilə. Gəl, gözləyirəm səni, sənin üçün həmişə boş vaxtım var.
***
Mən düz evimizin yanında, düz 50-60 addımlığında 6 saylı musiqi məktəbinə gedərdim. Nəinki mən, bizim bütün həyətimizin o dövrki uşaqları həmin o musiqi məktəbinə gedərdilər. Kimi tara, kimi kamançaya, kimi skripkaya, kimi pianinoya, daha nə bilim, nəyə və nələrə gedərdilər. Amma nədənsə bizim heç birimiz musiqinin arxasıyca getmədik. Tək bircə mərhum şairimiz Əhməd Cəmilin qızı Sevil xanımdan başqa. O, musiqi məktəbinə getdi, sonra konservatoriyanı da bitirdi. Daha bilmirəm, sonralar nə oldu. Amma hər halda bəstəkar olmadı. O dövrdə övladlarını musiqi məktəbində oxutdurmaq nəsə bir növ dəb idi. Heç bir ailə də bu dəbdən geri qalmaq istəmirdi. Amma bu uşaqların heç birindən soruşan yox idi ki, bunların musiqiyə həvəsi var, ya yox? Mənim üçün bir işgəncə idi, zülm idi. Müəllimlər isə deyirdilər ki, bu uşaq mütləq musiqinin ardıyca getməlidir, olduqca güclü, absolyut musiqi duyumu var. Mən isə musiqi duyumunun nədən ibarət olduğunu bilmirdim, o nə olan şeydir, anlamırdım. Müəllimlər isə israr edir və hər biri məni özünə götürmək istəyirdi. Həə... Tarı isə pis çalmırdım. Solfedjio isə mənim üçün bir məşəqqət idi. Not heç cür başıma girmirdi. Not-zad tanımırdım. Bir musiqi müəllimim var idi - Rəhilə xanım. Çox çalışdı, çox əlləşdi ki, notu mənə öyrətsin, alınmadı. Onda asan bir yola əl atdı. Musiqini pianinoda çalırdı, mən isə onu dərhal tuturdum, tarda çalırdım. Elə notsuz-zadsız, qarasına çalırdım. Hətta, tar imtahanından 5 də alırdım. Amma... solfedjiodan isə kəsilirdim, payıza qalırdım. Atam isə bundan bərk əsəbiləşərdi.
Bir gün yenə Adil müəllim bizə gəlmişdi. Atam xahiş etdi ki, - Ay Adil, sən Allah, bir bu uşağı yoxla, gör bundan bir şey çıxacaq, ya yox. Adil müəllim pianinoda nəsə çaldı. Mən həmin o çaldığı mahnıya necə takt tutdumsa:
- Hə... Bəxtiyar müəllim, bu uşaqla mənim yoldaşım məşğul olacaq. 3-4 dərsdən sonra mən özüm məşğul olacam. Təki, notları tez öyrənsin, sonra isə hökmən özüm məşğul olacam. Və sanki bu sözlərlə Adil müəlim mənim başıma böyük bir daş saldı. Bəli də... Yenə də notlar, yenə də solfedjio və s.
Sonra Adil müəllimlə onların evinə gəldik. Evləri, əgər səhv etmirəmsə (hər halda o vaxtlar), o məşhur beşmərtəbə adlanan bina tərəflərdə, evimizə yaxın yerdə və həm də deyəsən, həyət evi idi. Yoldaşı da musiqi müəllimi idi. 2-3 dərs məşğul oldu. Yoox.... Solfedjio mənə çatmırdı. Həm də özüm qəsdən öyrənməyə cəhd də göstərmirdim. Öyrənmək istəmirdim. Sonra isə günortalar dərsdən evə gəlib, deyirdim ki, bəs mən gedirəm Adil müəllimgilə musiqi dərsinə. Evdən çıxıb 1-2 saat küçələri veyillənirdim, sonra isə evə gəlib deyirdim ki, məşğul oldum. Bir həftə, iki həftə belə ötdü. Atam bundan xəbər tutanda. Aman... Aman... Daha dalını yazmıram.
Adil müəllim olduqca çox mədəni bir adam idi. Mənim onlara getməməyim barədə atama deyəndə, bəlkə də xəcalət çəkmişdi. Sonralar evimizə zəng edib - Ay İsfəndiyar, sən Allah, bağışla məni. Mən elə demək istəmirdim. Sən bizə gəlməyəndə mən yoldaşımla elə bildik ki, nəsə bizdən incimisən. Nəsə yoldaşım sənin xətrinə dəyib. Düzdü, yoldaşım çox tələbkardı, dedim, bəlkə üstünə qışqırıb-eləyib.
- Yox, yox, Adil müəllim, nə danışırsız... Məsələ bundadır ki, mənim musiqiyə, daha doğrusu, musiqi məktəbinə getməyə həvəsim yoxdur. Mən, ümumiyyətlə musiqiçi olmayacağam ki.
- Hə... Bu başqa məsələ... Yoxsa, biz özümüzü günahkar sayırdıq. Hm... Amma nahaq. Sənin gözəl musiqi duyumun var. O necə deyərlər, nadir absolyut slux.... Bəlkə bir az da fikirləşəsən.
Və mən fikirləşmədim. Heç fikirləşmək barəsində düşünmədim də.
Hə... İllər ötdü, özü də yaman tez ötdü. Mən, əlbəttə, musiqinin ardıyca getmədim və sonralar isə mədəniyyət nazirinin müavini oldum. Bütün musiqi məktəblərinə rəhbərlik edirdim. Tez-tez musiqi məktəblərinin müəllimlərini öz akt zalımıza dəvət edirdim. Onlarla daha yaxından tanış olurdum. Hətta, onu da hiss eləyib görürdüm ki, hər il musiqi müəllimlərinin sayı iki bir, üç bir azalır. Müəllimlər musiqi məktəbini tərk edirdilər. Dolana bilmirlər. Maddi sıxıntı çəkirlər. Xarici ölkələrə üz tuturlar. Niyə? Onda mən bilmirdim ki, bu, hələ başlanğıcdı. Bir qarın çörək üçün xarici ölkələrə üz tutanlar qarşıda gələn hadisələrin hələ tumurcuqları idi. Bundan daha da dəhşətləri gələcək və gəldi də.
Və o illərdə birdən-birə məndə musiqiyə həvəs yarandı. Hətta Ramiz Quliyev mənə bir tar da bağışlamışdı. İndi hərdənbir özüm üçün çalıram, daha doğrusu, dınqıldadıram. Yox, yox, musiqinin ardıyca getməyinə getmədim. Peşman da deyiləm, qətiyyən yox. Mən nə Emin Sabitoğlu olacaqdım, nə Cavanşir Quliyev, nə də Nazim Rzayev.
Yuxarıda dediyim kimi, Adil müəllim tez-tez bizə gələrdi. Atamla söhbətləşərdi. Musiqidən, ədəbiyyatdan, nədənsə bezməkdən, yorulmaqdan, düşdüyümüz vəziyyətdən və daha nələrdənsə danışardılar. Adil müəllim isə heç vaxt heç nədən şikayətlənməzdi. Amma hiss olunurdu ki, nədənsə incikdi, nədənsə küskündü, gözləri bunu bildirirdi. Aman Allah, bu gözlərdə nə qədər kədər olarmış. Hər dəfə də Adil müəllim bizdən gedəndən sonra, atam deyərdi: "Axı bu belə təpədən-dırnağa qədər istedaddır, niyə bunun qədrini bilmirlər? Axı, belə istedadlar bizdə azdır, barmaq hesabıdır. Və məlum deyil ki, bundan sonra belə istedadlar yetişəcək, ya yox". Məlum məsələdir ki, yetişməyəcək. O dör bir nağıl dövrü idi, gəldi və getdi. Və bütün istedadlar özünü göstərə bildi hər sahədə.

***
Çoxdan idi ki, Adil müəllim görünmürdü. Amma günlərin bir günü Adil müəllim zəngsiz-filansız bizə gəldi. Gecə saat on, on birin yarısı olardı. Çöldə yağış çisələyirdi. Mən həmişə o günü xatırlayanda kədərli, dalğın bir gün kimi xatırlayıram. Bilmirəm, niyə?! Qapını mən açdım. Gələn Adil müəllim idi. Kədərli bir səslə: - Atan evdədi?
- Bəli, Adil müəllim, buyurun, xoş gəlmisiniz.
Səsə atam da gəldi. Bir az tərəddüddən sonra:
- Ay Adil, səndən nə əcəb, bir şey olmayıb ki?
Birdən-birə Adil müəllim qollarını açaraq atamı qucaqladı, bağrına basdı, çiyinləri əsdi. Nəsə mənə elə gəldi ki, Adil müəllim ağlayır.
Atam: - Ay Adil, nə olub sənə? - deyib o da onu qucaqladı. Adil müəllimin çiyinləri əsirdi. Nəyə görəsə hönkürtü tutmuşdu onu. Sonra: - Heç, ay Bəxtiyar müəllim. Hətta bir az gülümsəməyə çalışdı da.
- Bəs niyə ağlayırsan? Gözlərin niyə dolub?
- Yox, yox, yağış yağır, üz-gözüm yağışdan islanıb.
Paltosunu çıxarıb, otağa daxil oldu.
Üzündə süni təbəssüm olmasına baxmayaraq, gözləri həmişəki kimi kədərli idi.
- Ay Adil, sən Allah, nə olub?
- Heç, ay Bəxtiyar müəllim, birdən-birə sizi görmək istədim. Darıxmışam sizin üçün, çoxdandır sizi görmürəm.
Hiss olunurdu ki, bu, elə-belə, adi gəliş deyil. Hiss olunurdu ki, ürəyi doludur, boşalmaq istəyir.
- Bəxtiyar müəllim, sən Allah, bağışlayın məni, belə xəbərsiz-ətərsiz gəldim, narahat elədim sizi. Bəlkə bir işiniz vardı. İşdən ayırdım sizi.
- Ay kişi, bəsdir də sən Allah, öz evindir, əcəb eləmisən. Amma düzünü de, nə olub?
Bir qədər tərəddüdən sonra gülümsəməyə çalışaraq:
- Bəxtiyar müəllim, içməyə bir şey var? Hm... Yoxdursa da, eybi yoxdu.
- Var, amma konyakdır, sən konyak içən deyilsən. Sən araq xoşlayırsan. Amma bu saat İsfəndiyarı göndərərəm, gedib araq alar.
Elə atam mən tərəfə çevrilmək istəyirdi ki:
- Ehtiyac yoxdur. Elə konyak olsun, lap yaxşı.
Bir-iki qədəh içəndən sonra yenə gözləri doldu, göz yaşlarını uddu. Deyəsən, demək istədiyi sözü tam ayıq başla demək istəmirdi. Deyə bilməyəcəkdi. Hiss edirdi ki, demək istədiyi ağrını-acını, ayıq başla anlada bilməyəcək. Və öz kədərini, heç olmasa, bir qədər azaltmaq üçün içmək istəyirdi ki, ürəyini tam boşaltsın, ağrımasın, kədərini yüngül keçirsin.
- Bəxtiyar müəllim, mən buradan gedirəm, həmişəlik gedirəm, köçürəm buradan.
Atam qətiyyən təəccüblənmədən yavaş səslə, bəlkə də pıçıltı ilə:
- ...? ...Hara?
- Uzağa. Başqa bir ölkəyə. Mən burda yaşaya bilmədim.
Atam elə bil ki, hər şeyi əvvəlcədən bilirdi. Çünki ölkəni tərk eləyib gedənlərin əksəriyyətini bu evdə qəbul eləmişdi. Heç nə eləyə bilməsə də, hamının dərdini bilirdi, başa düşürdü. Əvvəlcədən bilirdi. Adilin burdan getmək istəməsini də, bu qərara gəlməyini də, nə zamansa bu qərara gələcəyinə də, bu qərara gəlməyin səbəblərini də, hər şeyi bilirdi, orada o qərib ölkədə onu nələrin gözlədiyini də, o baş verəcək hadisələrin nəticələrini də bilirdi. Elə ona görə də, təəccüblənmirdi. Yenə yavaş səslə:
- Niyə, Adil?... Axı, sən burada lazımsan.
Adil müəllim gülümsəməyə çalışaraq:
- Yox, ay Bəxtiyar müəllim, heç kimə lazım deyiləm.
Yenə bir qədər içdilər.
Atam çox içə bilmirdi.
Adil müəllim də sən deyən elə çox içən deyildi. Amma nədənsə bu gün... Yenə söhbət etdlər. Adil müəllim deyirdi ki, bu baş verən yeniliyə, bu həyat tərzinə, adamların belə dəyişməsinə öyrəşə bilmədim, uyğunlaşa bilmədim.
Atam yenə yavaş səslə:
- Axı, ay Adil, sən heç demədin hara gedirsən, hara köçürsən, niyə gedirsən?
- Axı, nə mənası var ki?! Uzaqlara. Çox uzaq bir ölkəyə gedirəm.
Birdən qaşlarını çatdı. Amma deyirəm, bəlkə də...
İndiyə kimi yadımdadır, o bu sözü dedi. "Bəlkə" də. Mən başa düşdüm ki, bu "bəlkə" sözünün arxasında nəsə gizlənir, hansısa bir ümid gizlənir. Hətta o "bəlkə" sözündə bir ümid qığılcımı da var idi ki, onun alışmasına Adil müəllim ümid edirdi. Ümidin özündə isə bir tərəddüd var idi. Amma ümidə olan arzusu az da olsa, hiss olunurdu. Bilmirəm, bəlkə də, mənə belə gəlirdi...
Adil müəllim deyirdi ki, bu gün səhər tezdən evdən çıxıb, sonra yağış başlayıb. Yağışın yağmasına baxmayaraq evə dönməyib. Bütün günü şəhəri gəzib. Qız Qalasına gedib. Divarları qucaqlayıb, daşları öpüb, bulvarı gəzib, Funikulyorun yanına gedib, saatlarla Funikulyora baxıb. İlk gənclik illərində gəzdiyi yerlərə gedib. Dənizlə vidalaşıb. Bütün şəhəri gəzib, yorulanda bulvarda oturub. Bir qədər qəlyanaltı edib. Yenə şəhəri gəzib. Deyirdi ki, şəhərdən ayrılmaq istəmir, amma məcburdu. Təhsil aldığı və vaxtı ilə çalışdığı konservatoriyaya isə getməyib. Elə kənardan durub ora baxıb, uzaqdan-uzağa durub baxıb, uzun müddət baxıb. Üzeyir bəyin heykəli ilə vidalaşıb, Bəstəkarlar İttifaqına da getməyib, elə uzaqdan-uzağa durub baxıb (baxa-baxa nə fikirləşib görəsən). Ən çox sevdiyi Filarmoniyaya da gedib, oraya da kənardan baxıb...
Adil müəllim danışdıqca qəhər onu boğurdu. Gözləri dolub-boşalırdı. Adil müəllim Konservatoriyanın, Filarmoniyanın, Bəstəkarlar İttifaqının və digər mədəniyyət ocaqlarının adlarını çəkdikcə, mən hiss edirdim ki, o sönən arzuları ilə, çin çıxmayan xəyalları ilə xudahafizləşir. Buradakı özü ilə uzaqlaşır. İndi isə, sönən ümidlərinin yanmasını, puç olmuş arzularının dirilməsini, çin çıxmayan xəyallarını duman kimi görünən hansısa uzaq ölkələrin birində tapmaq istəyirdi.
Bütün günü şəhəri gəzib, gecə bizə gəlib çıxıb.
- Bəxtiyar müəllim, piano çala bilərəm?
Atam başını tərpətməklə:
- Buyur, Adil, buyur, bu evdə sənə hər şey olar. Bu piano kimin üçündür ki? Övladlarımın heç biri musiqinin ardıyca getmədi. Bu pianino səndən ötrüdü, Emindən ötrüdü, Şəfiqə Axundovadan ötrüdü, sizlərdən başqa bu pianinonu heç kim çalmır, siz gələndən-gələnə bunun qapağı açılır. Amma çox istəyərdim ki, övladlarımdan... Buyur, ay Adil, buyur, çal.
Adil müəllim çox kədərli bir melodiya çaldı. Həddən artıq ağrılı. Və elə bil ki, bütün ağrılarını, kimlərdənsə olan incikliyini, küskünlüyünü, dərdlərini, heç kimə deyə bilmədiklərini, nələrdənsə dolmuş ürəyini pianinoya boşaldırdı. Bir xeyli çaldı. Axırıncı akkordları vurdu. Bu isə tamam başqa bir akkord idi, heç bir yerdən eşitmədiyim akkord idi, elə bil ki, hönkürtü idi.
Yenə gözləri doldu, çənəsi əsdi. Qəfil gəldiyi kimi, qəfil də ayağa durdu.
- Yaxşı, başınızı ağrıtdım, sizi çox yordum, siz Allah, bağışlayın məni, gəldim sizlə xudahafizləşim.
Atamın da gözləri dolmuşdu:
- Qulaq as, ay Adil, bəlkə fikirləşəsən, axı belə də olmaz. Sabah bəlkə, hər şey düzəldi. Sabah, biri gün hər şey düzələcək, yaxşı olacaq, vallah, hər şey düzələcək, hökmən düzələcək, sən fikirləş.
- Gecdir, çox gecdir. Mən dünənlərimi sabahlarıma qarışdırıb məhv edə bilmərəm. Mən dünənlərimin sərhədinə gəlib çatmışam. Ora yekə bir şlaqbaum qoymuşam. Bu gün bu şlaqbaumun yanında dayanıb yol ayrıcındayam. İndi şlaqbaumun o biri tərəfini adlamalıyam. O biri tərəfdə məni nə gözləyir, bilmirəm. İndi dünənlərimi pis-yaxşı yaşamışam, razı qalmışam, bu gün isə çaş-baş qalmışam, özümü itirmişəm. Sabah isə... Sabahlarımdan yaxşı heç nə gözləmirəm (Axı, ay Adil müəllim, bayaq siz dediniz ki, "Bəlkə..." ardını gətirmədiniz. O bayaq dediyiniz "bəlkə" sözü sizin ümidiniz idi. Axı... "bəlkə" yaxşı oldu. Amma heç nə demədim, sözlərimi uddum).
Adil müəllim qapıdan çıxdı. Mən arxasıyca baxırdım. Bilirdim ki, bu bizim Adil müəllimlə axırıncı görüşümüzdür. Bir də heç zaman görüşməyəcəyik. Adil müəllim blokun qaranlığına qarışıb yox oldu.
***
Çox illər ötdü. Qış vaxtı idi. Ötən yazılarımda dediyim kimi, diplomatik xidmətdə olduğum ölkələrdən Bakıya çox gec-gec gəlirdim, hər dəfə gələndə də 5-6 gün qalıb, yenə işlədiyim ölkəyə qayıdırdım, artıq qala bilmirdim. Bunun da öz səbəbləri var. Vaxt gələr, bunu da yazaram.
Atamgildə idim. Axşam idi. Birdən telefon zəng çaldı. Atam dəstəyi götürdü. Zəng edən Adil müəllim idi, Kanadadan zəng edirdi. Adil müəllim deyirdi ki, hər gün Bakıya baxır, Bakıya qulaq asır, Bakı ilə maraqlanır. Adil müəllim birnəfəsə danışırdı. Deyirdi ki, eşidib bu gün Bakıya qar yağıb. Deyirdi ki, burada günəş çox nadir hallarda çıxır. Bakıya da çox nadir hallarda qar yağır. Deyirdi ki, buranın gün şüaları adamı isitmir. Günəş çox solğun halda olur, elə bil ki, heç çıxmaq istəmir, zorla çıxardırlar. Bakıda isə qarda isti olur. Birdən əlaqə kəsildi. Nəsə oldu elə bil ki. Atam qışqırırdı. Adil, ay Adil. Adil deyəsən, xəttin o biri başında ağlayırdı (lap o "Mimino" filmində olan kimi).
- Ay Adil, nə olub sənə? Niyə ağlayırsan?
- ...
- ...Adil.
- Yox, ağlamıram, ay Bəxtiyar müəllim. Darıxıram hamı üçün. Darıxıram Konservatoriya üçün, Bəstəkarlar İttifaqı üçün, Filarmoniya üçün, sizin "Zimmerman" pianino üçün.
(Aman Allah, gör yadında nə qalıb - bizim "Zimmerman" pianinomuz. O pianinoya kimin barmaqları dəyməyib ki: Adil Bəbirovun, Emin Sabitoğlunun, İbrahim Topçubaşovun, Niyazinin, Tofiq Quliyevin, Şəfiqə Axundovanın, Xəyyam Mirzəzadənin, Arif Məlikovun, Azər Rzayevin, daha kimlərin, kimlərin. Məni dəhşət götürür.
O pianino arada it-bata düşdü. Mən Bakıda olmadım. Bakıda olsa idim, ona sahib çıxardım. Bütün başqa şeylər kimi, o pianino da elə arada it-bata düşdü. O müqəddəs bir pianino idi. Hər halda mənim üçün. Nə isə... Bir müddət sonra... Çox qəribədir. Qərib ölkələrin birində yatıb yuxuda o, "Zimmerman" pianinomuzu gördüm. Hansısa zibilxanaların birinə atılmışdı. Məyus-məyus mənə baxırdı. Qapağını qaldırıb nəsə çalmaq istədim, səsi çıxmadı. Pianino elə bil ki, uşaq kimi hıçqırırdı.
- Ay Adil, bəlkə qayıdasan. İndi bir az fikirləş.
- Gecdir, çox gecdir. Bəxtiyar müəllim, sizdən bir xahişim var, çox xahiş edirəm, bu telefon nömrəsini heç vaxt dəyişməyin, qoyun qalsın. Əgər bilsəniz, bu telefon nömrəsi mənim üçün necə əzizdir (o zamanlar bizim ev telefon nömrəmizin axırı 83-40 idi).
Adil müəllim deyirdi ki, yaşadıqları evin yanında bir "Opel" maşını var. Nömrəsi 83-40 idi. Həmişə o maşının yanından keçəndə elə bilirəm ki, sizə zəng edirəm. Heç vaxt bu nömrəni dəyişməyin.
Atam da:
- Ay Adil, qayıt gəl. Qulaq as, gör nə deyirəm.
Xəttin o biri başından kəsik-kəsik siqnallar eşidilirdi. Atam kədərlə başını qaldırıb mənə baxırdı.
- Adil nahaq burdan getdi. Bəlkə qalsa idi...
- Ay ata, bəlkə başqa əlacı yox idi. Bəlkə çıxılmaz vəziyyətdə idi. Axı, özü demişdi ki, yeni həyata uyğunlaşa bilmir, alışa bilmir.
- Hamı gedir. Cavanşir getdi, Emin getdi, Adil getdi. Bunun axırı necə olacaq?
- İnsan qəriblikdə əvvəl-əvvəl çətinlik çəkir, sonra uyğunlaşır.
- Bəs sən necə, uyğunlaşa bilirsən? 20-25 ildir ki, xarici ölkələrdəsən. Bakıda işlədiyin vaxtlarda da iki gündənbir xaricdə ezamiyyətdə olmusan. Nə bilim, Çindən vurub Danimarkadan çıxırsan. Sənin heç ürəyin yoxdu?
- Ay ata var, niyə yoxdu? 1976-cı ildən bu günə kimi dünyanın yarısını gəzmişəm. Başımın tükü qədər mühacir görmüşəm. Amma bir məsələni başa düşməmişəm və başa düşmürəm ki, niyə bu gördüyüm mühacirlərdən ancaq ziyalılar, rəssamlar, bəstəkarlar, aktyorlar, yazıçılar, şairlər, alimlər vətən həsrəti çəkirlər, vətən üçün cizdaqları çıxır, od tutub yanırlar, göynəyirlər? Bu Vətənin pullarını isə oğurlayanlar, qapıb talayanlar heç vaxt Vətən həsrəti çəkmirlər. Vətən həsrətini Vətəndə yaşayıb sıxıntı çəkənlər qürbət ölkələrdə çəkirlər. Vətənin pulunu oğurlayan harınlar xarici ölkələrdə Vətəndən oğurladığı pulları xarici ölkələrdə xəzəl kimi səpələyirlər, heç səfirlik tərəfə baxmırlar da. Amma Vətəndə sıxıntı çəkən bu binəvalar xarici ölkələrdə bizim səfirliyə həsrətlə baxırlar, amma yaxınlaşmırlar, ehtiyat edirlər. Bizim səfirliyə vətənlərinin bir parçası kimi baxırlar.
***
Mən Adil müəllimin ölüm xəbərini Almaniyada eşitdim. Mənə çox pis təsir etdi. Adil müəllimin atamgilə gəlməsi, atamla söhbətləri, pianino çalması, bir an kinolenti kimi gözlərimin önündən gəldi, keçdi. Uzun müddət özümə gələ bilmədim.
Bakıya qayıdanda isə Adil müəllimin ölümünü tam təfərrüatı ilə eşitdim. Adil müəllim Kanadada xəstəxanada müalicə olunurdu. Deyəsən, ayağı sınmışdı. Ayağından müalicə olunurdu. Və kədərli payız günlərinin birində, solğun şüalı payız günlərində, sentyabrın axırlarında Adil müəllim müalicə olunduğu xəstəxanada səhər çörəyini yeyib xəstəxananın foyesində olan royalın arxasına keçir. Və çalmağa başlayır. Bir xeyli müddət çalır. Axşama qədər çalır. Dayanmadan çalır. Yorulmaq bilmir. Deyə bilmədiklərini royala boşaldır. Birdən başını qaldırıb görür ki, həmin xəstəxanada müalicə alan xəstələr, xəstəxanada çalışan tibbi personal Adil müəllimin başına yığışıblar; diqqətlə qulaq asırlar. Adil müəllim çalır, çalır, ürəyini boşaldır və qəfildən ayağa qalxır. Hamıya öz təşəkkürünü bildirir, hamıya şirin yuxular arzulayır, öz palatasına keçir, yatır, yuxuda ikən dünyasını dəyişir...
İndi isə uzaq Kanadada Toronto şəhərində qərib bir məzar var. Başdaşında yazılıb: 1934-cü il - 2021-ci il. Adil Bəbirov. Allah rəhmət eləsin.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
