Görkəmli ingilis filosofunun Trotski, Qorki və Lenin ilə görüşləri onun baxışlarına yeni bir "rəng" gətirdi
Bertran Rassel (Bertran Artur Uilyam Rassel: 18 may 1872-2 fevral 1970) - britaniyalı filosof, ensiklopedist, məntiqçi, yazıçı, riyaziyyat fəlsəfəsi və epistemologiya üzrə görkəmli mütəxəssis, habelə ictimai xadimdir. Rassel ingilis neorealizminin və neopozitivizmin banilərindən biri hesab olunur. O, pasifizm, ateizm, liberalizm və sol siyasi cərəyanların müdafiəsinə dair əsərləri ilə tanınıb. Nobel mükafatı laureatıdır (1950).
Rassel Qərb fəlsəfəsinin əsas istiqaməti olan analitik fəlsəfənin və riyaziyyatı saf məntiqə endirə bilən loqisizm nəzəriyyəsinin banilərindən biri olmuşdur. Bundan əlavə, o, estetika, pedaqogika və sosiologiya sahəsindəki işləri ilə də tanınır. "Bertan Rassel - əsrin filosofu" adlı memorial məcmuədə xüsusi vurğulanır ki, Rasselin riyazi məntiqə töhfəsi Aristoteldən bəri ən əhəmiyyətli və fundamental nailiyyətlərdən biridir.
Amerikalı filosof İrvın Edman isə Rasselin işlərini yüksək qiymətləndirərək, onu Volterlə müqayisə etmiş və vurğulamışdı ki, o, "keçmişin məşhur ingilis filosofları kimi ingilis nəsrinin ustasıdır". İsveç Akademiyasının məsul katibi Anders Esterlinq Rasseli "rasionalizmin və humanizmin ən parlaq nümayəndələrindən biri, Qərbdə söz və düşüncə azadlığının qorxmaz müdafiəçisi" adlandırmışdı.
1935-ci ildən Rassel artıq Amerikada yaşamağa, Çikaqo və Kaliforniya universitetlərində mühazirələr oxumağa başladı. O, burada publisistik fəaliyyətini davam etdirdi, radio üçün mühazirələr oxudu və "Xidmətlərə görə" ordeni ilə təltif olundu. 1950-ci ildə Nobel mükafatına layiq görüldü. Nobel Komitəsinin rəsmi açıqlamasında qeyd edilir ki, Rassel mükafatı "insanlıq və azadlıq idealları uğrunda mübarizəsinə və parlaq əsərlərinə görə" almışdır. Rassel mükafatı qəbul edərkən rəsmi çıxış etmək imkanı olsa da, bundan imtina etdi.

Sülh uğrunda mübariz olan filosof müxtəlif mövzularda konfranslarda çıxışlar edir və mitinqlərdə iştirak edirdi. Rassel-Eynşteyn protest bəyanatı alimlərin Paquoş hərəkatının yaradılmasına kömək etdi. 1954-cü ildən etibarən o, nüvə silahsızlanmasını dəstəkləyirdi, çünki həmin dövrdə hidrogen bombasının sınaqları keçirilirdi. Rassel müvafiq hərəkatın və "100-lər Komitəsi"nin üzvü idi.
1963-cü ildə "100-lər Komitəsi"ndən ayrılan filosof diqqətini Atlantik Sülh Fondu və nüvə silahlanmasına qarşı çıxan şəxsi təşkilatına yönəltdi. O, digər ictimai xadimlərin dəstəyi ilə anti-müharibə komissiyası yaratdı. Təşkilat ABŞ-ı Vyetnamda hərbi qırğın törətməkdə günahlandırdı. Rassel bu müdaxiləyə qarşı çıxır və 1968-ci ildə Çexoslovakiyaya edilən hücumu tənqid edirdi.
Rassel, müdriklik anlayışına yalnız intellekti deyil, həm də hissləri daxil edir. O, geniş biliklərə malik, lakin dar hisslərə sahib olan insanların əsl müdriklikdən məhrum olduğunu iddia edir. Onun fikrincə, müdriklik yalnız ictimai işlərdə deyil, şəxsi həyatda da böyük əhəmiyyət kəsb edir, çünki bu, seçimləri istiqamətləndirir və insanları şəxsi önyarqılardan azad edir.
Rassel fəlsəfənin missiyası haqqında yazır: "Fəlsəfə, qaldırdığı suallara dəqiq cavab tapa bilməsə də, bizim düşüncələrimizi genişləndirən və adətlərin tiranlığından azad edən çoxsaylı imkanlar təklif edə bilər".
Bertran Rasselin ən məşhur sitatı budur: "İnsanlar cahil doğulur, amma axmaq doğulmur. Onları axmaq edən təhsildir (...) Bir alimi digərlərindən fərqləndirən onun nəyə inandığı deyil, necə və nə üçün inandığıdır".
Bertran Rasselin müdrik fikirləri bu gün də düşündürücüdür.
...Dilənçilər milyonçulara paxıllıq etmir - onlar daha çox sədəqə alan digər dilənçi həmkarlarına paxıllıq edirlər.
...Əgər bir insan həqiqəti danışdığını xüsusi vurğulayırsa, əmin olun ki, o, yalan danışır.
...Axmaq bir insanın ağıllı bir şəxsin dediklərini yenidən nəql etməsi heç vaxt düzgün olmur. Çünki o, eşitdiyini qeyri-şüurlu olaraq başa düşə bildiyi şeyə çevirir.
...Heç vaxt öz inanclarım üçün həyatımı qurban vermərəm, çünki mən səhv edə bilərəm.
...Həyatda ən çətin şey hansı körpüdən keçəcəyini və hansını yandıracağını xatırlamaqdır.
...Xoşbəxt bir həyat əhəmiyyətli dərəcədə sakit bir həyat olmalıdır, çünki həqiqi sevinc yalnız sakitlik atmosferində mövcud ola bilər.
...Nəcib, lakin nəzərə çarpmayan bir həyat sürənlər qorxmamalıdır ki, həyatlarını boşuna keçiriblər.
...Sevgidən qorxmaq - həyatdan qorxmaq deməkdir. Həyatdan qorxan bir insan isə dörddə üç ölüdür.
...Bizim hisslərimiz biliklərimizə tərs mütənasibdir: nə qədər az bilsək, bir o qədər çox qızışırıq".
Bertran Rassel həyatın müxtəlif aspektləri, o cümlədən, qadınlar və sevgi haqqında düşüncələri ilə məşhurdur. O, yazırdı: "Qadına olan sevgi, şübhəsiz, ən böyük nemətlərdən biri, lakin eyni zamanda ən böyük bədbəxtliklərdən biridir". Və yaxud: "Sevgi - təkliyə qaçışın əsas yoludur ki, bu da əksər kişi və qadınların həyatlarının, demək olar ki, bütün hissəsinə əzab verir".
Orasını da deyək ki, Rassel qadın hüquqlarının və gender bərabərliyinin uzun illər boyu ictimai müdafiəsinə görə feminist kimi də tanınırdı.
Rasselin demokratiya və diktatura haqqında yarızarafat dediyi bir fikir də maraq doğurur: "Demokratiyada axmaqların səsvermə hüququ, diktaturada isə hökmranlıq hüququ var".
Rasselə görə, dünyanın bütün problemi ondadır ki, axmaqlar və fanatiklər həmişə özlərinə çox əmindirlər, ağıllı insanlar isə çoxlu şübhələr içindədirlər.
Bertran Rassel həm bolşevizmin, həm də faşizmin qatı əleyhdarı idi və onların hər ikisini demokratiya və azadlıq, habelə bütün bəşəriyyət üçün təhlükə sanırdı.
Rassel məntiq, riyaziyyat fəlsəfəsi və epistemologiya sahələrində əsaslı işlər görmüşdür. Onun "Riyaziyyatın prinsipləri" ("Principia Mathematica") əsəri məntiq və riyaziyyatın təməllərinin aydınlaşdırılmasında mühüm rol oynamışdır. "Rassel paradoksu"nun kəşfi isə riyaziyyatın formal məntiqə endirilməsi fikrini müdafiə edən loqisizm nəzəriyyəsi, tiplər nəzəriyyəsinin tətbiqi və birinci dərəcəli predikat hesabının təkmilləşdirilməsi və populyarlaşdırılması diqqətəlayiqdir.
Bertran Rasselin bioqrafiyası yalnız elmi və ictimai-siyasi fəaliyyətlə bağlı görünə bilər, lakin filosof öz şəxsi həyatını da unutmurdu. Tədqiqatçılar onun adını son əsrlərin məşhur sevgi romanlarının siyahısına daxil edirlər və bunun təsdiqləri mövcuddur. Rassel dörd dəfə evli olub. Əslində isə onun sevgililərinin sayı çoxdur.
Alim 2 fevral 1970-ci il tarixdə dünyasını dəyişdi. Ölüm səbəbi qrip oldu. Yaşlı filosofun immuniteti xəstəliklə mübarizə apara bilmədi. Bəli, Nobel mükafatı laureatı Bertran Rassel ehtiraslı qəlyan çəkən olmuş və 98 yaşına qədər yaşamışdır. O, hətta öz həyatını qəlyan çəkməyə borclu olduğunu iddia edirdi.
Rassel "Qocalmaq necədir?" adlı essedə dəfələrlə eqodan uzaqlaşmağın vacibliyini vurğulayır. Bu, həyata və digər insanlara (xüsusilə gənclərə) daha geniş perspektivdən baxmağı nəzərdə tutur. O, həmçinin qeyd edir ki, bu yanaşma bizə ölümdən sonra da həyatın davam etdiyini dərk etməyə kömək edəcək.
Rassel XX əsrin ən görkəmli filosoflarından biridir. Lakin o, geniş planda daha çox sülh uğrunda mübarizə aparan, habelə sosial, siyasi və mənəvi mövzularda yazan populyar bir müəllif kimi tanınırdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
