Mətni - yazar yazır, Əsəri - yazıçı!
İnsanın yaradıcılıq aktı nəticəsində ərsəyə gələn yazı - Əsərdir.
İnsanın bütün digər praqmatik fəaliyyətlərində hasilə gələn, müəyyən informativ məzmun daşıyan yazı - Mətndir.
Mətn - sənəddir, Əsər - sənət!
Doğum, ölüm, nikah şəhadətnaməsi, cinayət məcəlləsi, SOS, san, titul vəsiqəsi, həbs, edam hökmü, "cənnət qəbzi" (indulgensiya), sürgün, intihar və ya "dəlilik" kağızı, sevgi məktubu, həkim resepti, salnamələr, arxivlər, sülh və ticarət müqavilələri, beynəlxalq qanunlar, müharibə və reklam elanları, bank çekləri, alver qəbzləri.., bir sözlə, sivilizasiyanın ertəsindən çağımızın günbatarına qədər faktlaşdırılan bütün eyləmlərin nəticəsi - mətndir. Daş, perqament, papirus, kağız, kitab, kompüter və s. söz-səs-şəkil vasitələri ilə ifadəsindən asılı olmayaraq.
Bəşəriyyət özünü mətn olaraq yazdığı kimi, həm də əsər olaraq yazır. Əsər olaraq yazılanlar (burada söhbət elmi, yaxud publisistik əsərlərdən getmir) insanlığın böyük incəsənət xəzinəsidir. Mətn - mədəniyyətin bütöv semiotik orqanizmidirsə, Əsər - onun substansiyası, cövhəridir. Ərəbcə ilkin mənası "iz" olan Əsər elə məcazi qavramda da tarixi-siyasi, ədəbi-estetik düşüncəni yaddaş saxlancına həkk edən pozulmaz İzdir.
Fəqət, günümüzün ədəbiyyatçıları bədii-estetik düşüncənin məhsulu olan "əsər" sözünü sanki unudublar. Yeri gəldi-gəlmədi, elə ucdantutma "mətn" deyib-dirənirlər. "Yazıçı" sözü də kənara itələnib, postamentə "yazar" sözü çıxarılıb. "İncəsənət", "sənət" yerinə "art" dəbə mindirilib. Niyə?! Axı, "yazıçı", "əsər", "incəsənət", "sənətkar", "sənətçi" - bizim mədəniyyətimizin, sadəcə, informativ deyil, məhz yaradıcılıq sferasında qazandığı ən uğurlu, ən dəqiq, ən seçkin semantik mənaya malik sözlərdir.
Keçmişin "mirzəsi" indinin "yazarı"dır. Məna tutumuna görə, "yazar"dan da universal olan "müəllif" sözüdür. Çünki həm mətn, həm əsər yazan müəllifdir.
Təsadüfi deyil ki, "yazarlıq sənəti" deyə bilmirik, ancaq "yazıçılıq sənəti" deyə bilirik. Necə ki, "əsərin mətni" deyilər, "mətnin əsəri" deyilməz. "Əsərin mətni" təkcə onun nədən bəhs etdiyini deyil, həm də yenə "mətn" sözünün ərəbcə ilkin mənasına baş vuraraq, əsərin iç qatı, arxa planı olduğunu işarələyir.
Baxın: əgər "yaz+ar" sözü yalnız "yaz+maq" feilinin kökünə sözdüzəldici şəkilçi artırmaqla düzəlirsə, "yaz+ı+çı" sözü həmin feilin birinci yox, ikinci sözdüzəldici şəkilçisi ilə yaradılır. Yəni "yazıçı" - "yazar"dan fərqli olaraq, sadəcə, "yazmaq" peşəsinin sahibi deyil, "yazı" ustadıdır!
Yaşadığımız texnosivilizasiya çağında da Əsər yaratmaq - özünüyaratmanın ən optimal funksionallığını özündə daşıyır. Süni intellekt "yazar" olub, insandan da mükəmməl mətn quraşdıra bilər, ancaq "yazıçı" olub Əsər yaza bilməz. Çünki Əsər - yaradıcı ruhun canlı övladıdır; elə insanın özü kimi. Yer təkamülünün rasional yolundan sapılmasa, süni intellekt - yaradıcı zəkanın həm "dirijor çubuğu", həm də "əl ağacı" tək kosmosivilizasiya epoxasında da o zəkanın əsas instrumenti olacaq. Süni intellektə Əsər yazdırmaqsa - Robotu İnsana çevirməyin tayı olacaq.
Bəşəriyyət rasional tarazlığını (rational equilibrium) itirməsə, çox ehtimal ki, gələcəyin də zəkatəməlli sivilizasiyalarında mətni - yazar və ya onun süni intellekt alternativi, əsəri isə - yalnız yazıçı yazacaq, sənətkar yaradacaq!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
