"Olmayacaq" axtarışında - Cavid ZEYNALLI

 

Bakı, oktyabr - 1994. Unudulmaz Həsənağa Turabovun "Unutmağa kimsə yox" kitabına yazdığı Ön sözdən seçdiyim cümlələri gəlin, bəri başdan, həm də bir yerdə oxuyaq: "...düşünən aktyor və rejissorlarımız bu pyeslərdən istədikləri qədər faydalana bilərlər. Tamaşaçıya yeni söz demək, onunla ünsiyyətin yeni formalarını tapmaq üçün burda kifayət qədər yaradıcılıq imkanları var. Hələlik rejissorlarımız bu yolda kövrək addımlar atırlar. İnanıram ki, bu addımlar mətinləşdikcə Kamalın teatr yaradıcılığı daha zəngin çalarlarda görünəcək və bizim üçün daha da doğmalaşıb, daha da möhkəmlənəcək".

32 il bir igidin ömrüdür. İndi bu cümlələrin arxasından boy verən həqiqət bizə bunu pıçıldayır: Həsənağa Turabovun arzusu çin oldu. Kövrək addımlar mətinləşdi, Kamal Abdullanın pyesləri məhz düşünə bilən aktyor və rejissorların taleyinin bir parçasına çevrildi.

 

***

Bakı - 1974-cü il. Azərbaycan aktyorluq məktəbinin istinad yerlərindən biri - böyük teatr xadimi Mirzəağa Əliyevin "Xatirələrim" kitabı çap olunur. Teatr tariximizin ilk Kefli İsgəndəri olan sənətkar 1916-cı ilin yayında Tiflisdə Cəlil Məmmədquluzadə ilə görüşünü xatırlayır. Mirzə Cəlil onu nahara dəvət edib, yenicə bitirdiyi "Ölülər" pyesini oxuyur. Bu abzası heç bir şərh vermədən, olduğu kimi saxlayıram. Ki, unutmayaq, lap axırda bizə lazım olacaq: "Mirzə Cəlilin arzusu əsərin tamaşasını Bakıda göstərmək idi. Tamaşaçılar "Ölülər" tamaşasını böyük həyəcan, maraq və məhəbbətlə qarşıladılar. Tamaşaçı teatrda çox idi. Belə ki, teatrda boş yer tapmaq mümkün deyildi. Şəhərin hər bir yerində "Ölülər" əsəri barəsində danışılmaqda idi. Tamaşanın axırında tamaşaçılar artistləri və müəllifi böyük ruh yüksəkliyi ilə alqışlamağa başladılar. Lakin biz nə qədər səy etdiksə, o, səhnəyə çıxmadı. Mirzə Cəlil bu alqışlar altında özünü daha da utancaq hiss edirdi".

Bu həmin Cəlil Məmmədquluzadədir ki, hələ Qori seminariyasında tələbə olanda öz doğma şəhərində teatr yaratmaq haqqında düşünürdü. Və mirzənin öz təbirincə desək, seminariyanı bitirib vətənə qayıdanda "özündən artıq huşyar" dostlarına rast gəlir. Bu huşu başında dostlardan ən birincisi Eynəli bəy Sultanovla əl-ələ verib, çiyin-çiyinə dayanıb 1883-cü ilin gözəl bir may günündə, Hacı Nəcəf Zeynalovun məşhur "Zaviyə" məhəlləsindəki evində, mübarək Naxçıvan teatrının təməlini qoyur. Tamaşa da məlumdur, müəllif də: "Mirzə Fətəli Axundovun "Müsyö-Jordan və Dərviş Məstəli şah" əsərinin tamaşası ilə. İndi Naxçıvan teatrı ta 1965-ci ildən Mirzənin adını daşıyır: Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı.

***

Ölkə teatrlarının paytaxt premyeraları mədəniyyətimizin bu günü və gələcəyi üçün ciddi hadisədir. Ötən il Akademik Milli Dram Teatrı bununla bağlı çox vacib bir layihə həyata keçirdi. Bölgə teatrları öz premyeralarını Ana teatrın səhnəsində təntənə ilə təqdim etdi və paytaxt tamaşaçısı, teatr ictimaiyyəti bölgə teatrlarının uğur və qayğılarını gördü, eşitdi, müzakirə elədi. Bu dəfə isə Naxçıvan Dövlət Milli Dram Teatrı Rus Dram Teatrının səhnəsindən Kamal Abdullanın külliyyatından narahat və nigaranlıqla, çəkingən və qorxacaq əda ilə boylanan o məşhur sualı verdi: "Kim dedi ki, Simurq quşu var imiş?!" Mən ona görə "çəkingən və qorxacaq əda" deyirəm ki, fəlsəfi-sentimental duyumlar dramı olan əsərin qəhrəmanı - Kapitan öz taleyi, öz aqibəti ilə bu suala cavabı məhz çəkinə-çəkinə, qorxa-qorxa axtarır. Çünki xəyalındakı o uzaq yaşıl adaya səadət ümidilə getmişdi. Ulduzların yanından keçib zamanın o üzündə itkin düşən, həmişə xiffətini çəkdiyi məhəbbətinin - Səs sahibinin ulduzunu axtaranda isə öz-özünə belə deyir: "Yoxdan vara, vardan yoxa keçməyin qəribə sirrini o ulduzlardan yaxşı kim bilir?"

 

Olacağın olmağına nə var ki,

Bircə dənə "olmayacaq" ver bizə.

 

Rejissor Mir Qabil Əkbərovun quruluş verdiyi "Simurq quşu" tamaşası da məhz yoxdan vara, vardan yoxa keçməyin qəribə sirri haqqındadır. Rəssam və rejissor işi, musiqi və səhnə tərtibatı, aktyor oyunundakı nağılvarilik pyesin canında gizlənən böyük sirrə vaqif olmağa xidmət edirdi. Nədir o sirrin faş olunması?! Zaman içində səyahət, paralel məkanların eyni müstəvidə vəhdəti, çoxplanlı nəqletmə, xaos-kosmos qarşıdurması... Və nəhayət, sonda Padşahın dediyidir: "Yalandır nağıllar. Nağıl yoxdur. Hər şey həqiqətdir. Nağıl tərəfdə də, həyat tərəfdə də. Kim dedi ki, Simurq quşu var imiş?"

Tamaşanın yaradıcı heyətini böyük məmnuniyyətlə təqdim edirəm: əməkdar artistlər Səməd Canbaxşiyev, Günay Qurbanova, xalq artisti Şirzad Abutalıbov, əməkdar artist Behruz Haxverdiyev, aktyorlar - Əlizamin Abbasov, Anar Eyvazov, Zakir Fətəliyev, Şəbinəm Qaybalıyeva, Uğur Nəsirli, Xəlil Hüseynov və Ələsgər Quliyev. Quruluşçu rəssam Araz Xudiyev, musiqi tərtibatçısı Əfsanə Şirəliyeva, rejissor assistenti Leyla Yaqubovadır.

 

***

Bakı, 24 fevral - 2026. Səhnədən Kamal Abdullanın məşhur şeirinə bəstələnən nəğmə səslənir.

 

Ürəyinin əzab dolu yerinə

Elə gəlib qaranəfəs çatarsan -

Mat qalarsan bu dünyanın sirrinə,

Dərin fikir dəryasına batarsan.

Ümidlərin göydə durna lələyi...

Kim dedi ki, simurğ quşu var imiş?!

İtən ümid - ömrümüzün bəzəyi,

İtən lələk göydən yağan qar imiş.

Arzuların dil açar, yalvarar ki,

Əvvəl-axır bir oyuncaq ver bizə.

Olacağın olmağına nə var ki?!

Bircə dənə "olmayacaq" ver bizə.

 

Aktyorlar alqış səsləri altında təzimə çıxırlar. Həmin qış günündə, fevral axşamında hər xoş söz, hər isti təbrik müəllifin və aktyorların həm taleyində idi, həm də həyatında. Rejissor səhnədən zala enir, müəllifə doğru gəlib onun əlini sıxır. İndi müəllifin növbəsidir. Bir vaxtlar xəyalında yaşatdığı, indi səhnədə peyda olan qəhrəmanları qarşısında minnətdarlıqla baş əyir, təzim edir.

Amma səhnəyə çıxmır...

Və bu dəfə daha gur alqış...

Amma yenə səhnəyə çıxmır...

Mirzə Kamal bu alqışlar altında özünü daha da utancaq hiss edirdi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!