Əli Əmirlinin dramaturgiyası haqqında ehtiramlı düşüncələr
Azərbaycanda dramaturgiyaya şeirdən, nəsrdən gələn müəlliflər böyük əksəriyyət təşkil edir və bu siyahıya Əli Əmirli də daxildir. Məsələnin bu tərəfi var ki, onun müxtəlif mövzulu hekayələrində, "İldırımötürən" povestində (1983), "Axirətdən qabaq gəzinti" (1989) romanında açıq-aydın görünürdü ki, müəllifin maraqlı və qəribə psixoloji dönüşlü, enerjili dialoq qurmaq səriştəsi var, hadisələri dramatik yığcamlıqla, hərəkət dinamikasında verir. Görünür, elə istedadının bu yönümü onu dram janrı ilə məşğul olmağa sövq etdi. İlk pyesi - "Ərizə" 1990-cı ildə yazılsa da, Əli Əmirli, sözün əsl mənasında, sırf Müstəqil Azərbaycanın daha məhsuldar, daha əlvan mövzulara maraq göstərən, daha fərqli janrlarda özünü cəsarətlə sınayan və uğur qazanan, nəhayətdə, günümüzün ən məhsuldar, əsərləri ən çox oynanan dramaturqu kimi öncüllüyü uzun müddətdir cəsarətlə qoruyub saxlayan qələm ustasıdır. Sözsüz, bir qəzet məqaləsində Əli Əmirlinin, təbii ki, dramaturq Əli Əmirlinin, yaradıcılığını küll halında təhlilə çəkmək mümkünsüzdür. Bununla belə, imkan daxilində onun dramaturgiyasının özəl estetik göstəriciləri, mövzu əlvanlığı, janr müxtəlifliyi, xarakter yaratmaq bacarığı, konflikt qurmaq səriştəsi, sadə mövzularda da mürəkkəbliyə bədii-psixoloji pəncərə açan və bəzi digər sənətkarlıq özünəməxsusluğu haqqında düşüncələrimi bölüşmək istəyirəm.
Məlum Qarabağ hadisələrinə pyes həsr etmiş ilk bir neçə müəllif sırasında Əli Əmirli də var. Onun "Meydan" pyesi sırf bu mövzuya həsr edilsə də, "Ağqoyunlular və Qaraqoyunlular" dramı da dolayı şəkildə Qarabağ mübarizəsinin ilkin illərində respublikamızda başlayan hakimiyyət çəkişmələrinə məhz çağdaş hadisələr burulğanlarını təcəssüm etdirən güzgü tutmuşdu. Eləcə də müstəqilliyimizin bərpasının ilk illərində çox aktual səslənən yaranmış mürəkkəb psixoloji münasibətlər tarazlığının pozulması, mənəvi-əxlaqi dəyərlərin ağrılı tərəflərinin qabarıq görünməsi Əli Əmirlinin bir sıra pyeslərinin üst, bəzi dramların alt, müəyyən komediyalarının satirik kəsər qatlarında hadisələr və obrazlar həm reallıqla, həm burulğanlı dramatizmlə, həm sarsıdıcı gülüşlə, həm də səmimi yumorla təsvir olunub.
Əli Əmirlidə çox incə, milli karnaval estetikasına, qaravəllinin, xalq oyun-tamaşalarının gülüş ruhuna uyğun komediya bacarığı, duyumu, səriştəsi və bunları məharətlə pyesə çevirə bilən peşəkarlığı var. Bu sırada onun "Varlı qadın", "İyirmi ildən sonra", "İki aktrisa üçün baş rol", "Premyera", "Bala bəla sözündəndir", "Səhnədə məhəbbət", "Şou kraliçası", "Onun iki qabırğası", "Yeddi məhbusə", "Sevən qadın", "Kastinq və ya premyera", "Sehrli alma", "Gözəllik imperiyası", "Köhnə dəbli yeni komediya" pyesləri xüsusi yer tutur. Maraqlıdır ki, müəllif öz komediyalarını həssaslıqla və fərqli gülüş çalarlarında dramatik, melodramatik, lirik, qəmli, epatej, teatral, məişət, nağıl-kollaj janrlarına bölür. Müəyyən mənada "M.S.S. - Sevirəm" məktəb dramını da bura əlavə etmək olar. Elə buradaca onu da qeyd edim ki, Əli Əmirlinin dram əsərləri, əsasən komediyaları bir sıra xarici ölkələrdə də tamaşaya qoyulub və bu, ayrıca mövzudur. Düşünürəm ki, teatrşünas həmkarlarımın bu mövzunu yaxşıca araşdırmaları üçün kifayət qədər material var.
Öz yaradıcılığında Əli Əmirli bir növ gözlənilməz, müəyyən formada rəmzi-psixoloji məna daşıyan ad-personajlardan da istifadə edir. Məsələn, "İyirmi ildən sonra" dramatik komediyasında obrazlara İşıq, Otello, Ofeliya, Hamlet, "Gözəllik kraliçası" qəmli komediyasında Çayka, Elpida, Hefest, Nyuton, Antey adlarını verib. Bu adların hər birinin həm zahiri, həm də daxili mənaları var və dramaturq onların xarakterik səciyyələrini hadisə və vəziyyətə uyğun gülüş elementləri ilə səciyyələndirir, koloritli tiplər kimi təqdim edir. İlk baxışda bu, oxucuya qəribə gələ bilər, lakin əsəri oxuyub müəllif qayəsinin dərinliklərinə varanda dramaturqun cəhdinin reallığı ilə barışmalı, hətta onu haqlı saymalı oluruq.
Ötən əsrin 60-cı illərinin ortalarından başlayaraq Azərbaycan dramlarında az iştirakçıya meyil güclənib və bununla bağlı rejissor yaradıcılığında və səhnəqrafiyanın təzə formalara can atmasında da uğurlu nailiyyətlər qazanılıb. Yuxarıdakı təhlillərdən görünür ki, Əli Əmirli də az iştirakçı olan pyeslərdə yüksək peşəkarlıq göstərir və o, forma axtarışlarında sanki çətinliklə üzləşmir, cəsarətlə maraqlı forma-məzmun harmoniyası yaratmağı bacarır. Onun iştirakçısı çox olan pyesləri də var. "Ünvansız qatar"da 29 obraz və 10-dan çox sözsüz personaj, "M.S.S. - Mən səni sevirəm" pyesində 14 surət, "Gözəllik imperiyası" nikbin dramında 12 obraz, "Mesenat"da 22 tip-xarakter və xeyli seminariya qızları, "Kastinq və ya premyera"da 20 obraz, yardımçı döşəməsilən, bariton səsli oxuyan, musiqiçilər personajları, Lev Tolstoyun əsəri əsasında yazdığı "Hacı Murad"da 24 iştirakçı var. Çox maraqlıdır ki, personaj çoxluğu Əli Əmirlinin əsərlərinin ritm ahəngini, enerji fəallığını, hadisələr toqquşmasının çarpaz dinamikasını, baş qəhrəmanların fəaliyyətini həyəcanla izləməyə qətiyyən mane olmur. Yeri gəlmişkən, qeyd edim ki, onun dramaturgiyasının bəzi məqamlarında mübahisə edilməli mətləblər də var və bu mövzuda dramaturqla diskussiyaya girmək olar. İndiki halda iki səbəbə görə buna ehtiyac duymuram. Birincisi bu, məqalənin həcminə uyğun deyil və onu yazan müəllifin, yəni mənim məram-məqsədimdən kənar görünür. İkincisi, mənə mübahisəli görünən detallar primitivlikdən uzaqdır, hamısında peşəkarlıq üst qatdadır və onların alt qatında mənə görünən bəzi çatışmazlığı dəqiq və obyektiv qiymətləndirmək üçün Əli Əmirlinin özü ilə dialoq qurub fikir mübadiləsi aparmaq daha doğru, daha effektiv və daha məqsədəuyğun olar. Hələlik isə, mən onunla belə bir müsahibə-dialoq aparmaq fikrində deyiləm.
Əli Əmirli Azərbaycan teatr mühitinə, bəzi sənət ocaqlarının pərdəarxası problemlərinə, mürəkkəb, ziddiyyətli, hətta bəzən konfliktli hadisələrin dərinliyinə, mahiyyətinin özəyinə, cövhərinə kifayət qədər bələdliyi olan dramaturqdur. O, bu bələdliyi "qadın dramı" janrında yazılmış "Pərdəsiz" əsərində sərt süjet axarında, sərt və fikir baxımından dolğun dialoqlarda, dairəvi kompozisiya cazibəsində, ziddiyyətli xarakterlərin kəskin fikir toqquşmasında, ictimai, sosial, məişət, mənəviyyat qatlarında verib. "İki aktrisa üçün baş rol" pyesində "teatral komediya" janrında yüksək dramaturji peşəkarlıqla, ironiyalı, sarkazmlı, məsxərəli və məzhəkəli çalarlarla, hətta "gizli" qaravəlli gülüşü ruhunda qələmə alıb. "Hasarın o üzü" psixoloji dramdır və konfliktin kəskinliyi, yanğılı, ibrətamiz mahiyyəti güclüdür, hadisələr yayqın olmayan, iti və dramatik xətlə inkişaf etsə də, didaktik dəyəri yüksəkdir, dramaturqun fəlsəfi-psixoloji mövzuda da səriştəli olduğunu göstərir. Hər üç pyesdə 4 personaj var: "Pərdəsiz"də Qadın, Qız, Birinci sevgili, İkinci sevgili; "İki aktrisa üçün rol"da Adel, Rufa, Rejissor, Dramaturq; "Hasarın o üzündə" dramında Humay, Qərib, Zərif və Çiçək (burada obrazların adları rəmzi məna daşıyır). Fikrimcə, bu dördlük tamaşaçılar üçün, eləcə də bu pyesləri hazırlayacaq rejissor və ya rejissorlar üçün dramaturqun kod-açar funksiyasını daşıyır. Pyeslərin hüsnünün bir maraqlı cazibəsi də bu "açar"ın bir üzünün qapalı, müəmmalı, çoxmənalı, digər üzünün açıq, sərt, ağrılı-acılı, xarakterlərə məhək daşı kimi təsir göstərmək gücündə olmasıdır. Fikrimi müəyyən şərti bölümlərlə açıqlayım.
Bu "açar" dörd burumda psixoloji münasibətləri açmaq gücündədir və hadisələrin yaratdığı ekssentrik dairənin dördündə də işləkdir.
Obrazların bədii mayasında ictimai, sosial, məişət və mənəvi-əxlaqi motiv birləşmiş külçə şəklindədir. Hərəsinin öz çəkisi, öz enerjisi və öz rəngi var (ağ, qara, narıncı və bulanıq rənglər).
Hadisələr dörd ritm ahənginə köklənib və dramaturq finala qədər bu ritmlərin həm ahəngdarlığını, harmoniyasını, həm bir-birini inkar etməsini sənətkar həssaslığı ilə qoruya bilir. Xarakterlərin dördünün də psixoloji-dramatik ovqatda təcəssüm edilən dörd ritmi var: düzxətli ritm, spiralvari ritm, ziqzaqlı ritm, mənəvi tarazlığı pozan ritm. Finalda ritmlər açıq müstəvidə birləşir (təbii ki, bu birləşmədə ritm ardıcıllığında yerdəyişmə mümkündür) və dramaturji ideyanın çoxqatlı olmasının təhlili oxucu-tamaşaçıların ixtiyarına verilir.
Konfliktdə dörd mərkəzdən qaçan və dörd mərkəzə yönələn psixoloji xətt var. Açıq səmimiyyət və qeyri-təbii səmimiyyət; ehtiras sevgisi və ülvi sevgiyə manipulyasiya (obrazların düşüncələrinə, hisslərinə və ya davranışlarına gizli, dolayısı və ya açıq şəkildə dramaturq münasibəti).
Kompozisiya qurumunda dramaturq psixoloji gərginlik enerjisini dörd ekssentrik dairədə təsvir edib. Hər dairənin öz enerji ritmi var. Xatırladım ki, "Pərdəsiz" sözü də Əli Əmirlinin dramaturq kodudur və çoxmənalıdır. Əsas məna isə səhnəarxası münasibətləri tamaşaçılara əsasən "pərdəsiz" dramatik situasiyalarda təsvir etməyə cəhddir. Təbii ki, teatr adamları bu pərdəsizliyin hansı həddə qədər açılmasında dramaturqun ehtiyat tərəzisinin, ehtiram duyğusunun tarazlığı ilə barışmalı olur. "Pərdəsiz"də birinci açıq dairənin əsas təmsilçiləri Qadın və Qızdır. Dramaturqun heyranlıq doğuran sənətkarlığı orasındadır ki, bu dairədəki dialoqlarda ruhən həm Birinci, həm də İkinci sevgilinin mürəkkəb duyğularının zərf-psixoloji "iştirakı", "ünsiyyəti", danışıqlara "təsiri" hiss olunur. İkinci dairəni Qadın və sevgililər, üçüncü dairəni Qız və sevgililər, dördüncü dairəni isə personajların həqiqi və maskalı simalarının psixoloji çarpışmasında dramaturqun "sənət və ülvi məhəbbət, yoxsa sənət və pərdələnmiş süni ünsiyyət" fəlsəfi-psixoloji sualına cavab axtarılır.
"Pərdəsiz" dramındakı dördlük bölümü bədii-estetik, bədii-texniki baxımdan, forma-kompozisiya olduğu kimi, "İki aktrisa üçün rol" komediyasında da saxlanılıb. Əli Əmirli artıq nə açıq, nə də gizli pərdədən istifadə edir. O, teatr sənətinə ehtiram və məhəbbətlə, aktyorlara rəğbət və dostyana sevgiylə real mənzərəyə çox böyüdücü zərrəbinlə baxmağa çalışır. Onun dramaturq qayəsi teatrlarda müəyyən yoluxucu xəstəliklərə çevrilmiş mərəzləri (məsələn, şöhrətli aktyor və aktrisaların, hətta 60-65 yaşında da 20-25 yaşlı sevgilini oynamaq istəyi, ancaq baş rolda çıxış etmək iddiası, qısqanclıq, həsəd aparmaq, dedi-qodu vərdişi və s.) komediyanın müxtəlif neştərləri ilə səhnədən tamaşaçılara təqdim etməkdir. Niyyət gözəl, təsiredici, həqiqət olduğu üçün həm də düşündürücüdür və mənim qənaətimə görə güclü şəkildə güzgü effektinə malikdir. "İki aktrisa üçün rol" hansı teatrda oynanılsa, komediyadakı mətləblərdən onlara da aid olanı - "xəstəlik" mərəzləri mütləq var - az, ya çox.
Forma kompozisiyası baxımından komediyada ekssentrik dairələrin dördündə də personajların fəaliyyəti dinamikdir, hərəkətvericidir. Burada, yuxarıda göstərdiyim "dördlük" bölümlərinin hamısı fəaldır, işləkdir, bədii cəhətdən məntiqlidir. Fərq ondadır ki, "İki aktrisa üçün rol"da Əli Əmirli komediyanın əksər formalarından məharətlə, yerli-yerində, hər obrazın fərdi xarakterinə uyğun tərzdə istifadə edib. Gülüş, bütün hadisələr boyu nə vaxtsa havanın nəfəsini təmizləyəcək yağışla dolu bulud kimi dörd obrazın başının üzərində hərlənir. Əminəm ki, əsər tamaşaya qoyulanda tamaşaçı ümidlə o yağışın yağmasını gözləyəcək. Bu yağışı, eləcə də tamaşa oynanılacaq sənət ocaqlarının yaradıcı heyəti intizarla gözləyəcək.
"Hasarın o üzü" pyesində də kompozisiya qurumu, ekssentrik dairə dördlüyü də tamamilə fərqli rəngdə, fərqli ovqatda, fərqli ritmdə, fərqli mövzu-konfliktdə və fərqli məkan-zaman axarında təsvir olunub. Sonluqda zərif dairədə görünsə də, atalıq qayğısından məhrum olmuş, psixoloji qatda məhz buna görə də çılğın, bir qədər ötkəm, rahatsızlıq və əsəbilik keçirən Çiçək ekssentrik dairələrin hamısında obraz kimi dinamikdir, fəaldır; hətta Humay və Qərib üçün narazılıq doğuran davranışları ilə də fərqlənir. Bütün hallarda Çiçək çağdaş dramaturgiyamızda orijinal xarakterli, fərdi davranış tərzi, həyatın acısını dadmış, narahat zavallı kimi bənzərsizdir. Təbii ki, bütün bunlar Əli Əmirlinin dramaturq uğurudur.
Azərbaycan dramaturgiyasında ictimai və dövlət xadiminin, sərkərdələrin, şairin, folklor qəhrəmanının həyatına həsr olunmuş dram əsərləri var. Məsələn, Mehdi Hüseynin "Cavanşir", "Nizami", Osman Sarıvəllinin "Babək", Nəbi Xəzrinin "Mənsiz dünya", Nəriman Həsənzadənin "Bütün Şərq bilsin", İlyas Əfəndiyevin "Hökmdar və qızı", "Natəvan", "Şeyx Xiyabani", Kamal Abdullanın "Cəsus", İlqar Fəhminin "Şah Abbasnamə" və sairə. Əli Əmirlinin də tarixi mövzuda əsərləri var və bir qədər aşağıda onların xülasəsini qısaca verməyə cəhd göstərəcəm. Ancaq bəri başdan bunu qeyd etmək istəyirəm ki, psixoloji pyes-elegiya prinsipində ilk pyesləri Əli Əmirli yazıb: Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı, Azərbaycan Xalq Cümhuriyyətinin təmsilçilərindən olan, məcburən mühacir həyatı yaşayan Ceyhun Hacıbəyliyə (1891-1962) həsr edilmiş "Nuri-didə Ceyhun" və 30 yaşında repressiya qurbanı kimi güllələnən şair Mikayıl Müşfiqin (1908-1938) faciəli taleyinin ağrı-acısını epik mərsiyə ahəngində təsvir edən "Ah, bu uzun sevda yolu" pyeslərini. Fars-ərəb söz birləşməsi olan "Nuri-didə" - Azərbaycan türkcəsində "gözümün işığı" mənasını verir və bu adın dərin ehtiram mənası pyesin ideyasının dərkinə, Ceyhun bəyin taleyinə möhtəşəm panoramlı bir pəncərə açır. Müşfiq və Dilbər xanımın nakam məhəbbətinin bədii təsviri ağrılı yuğ nəğməsi təsiri bağışlayır. "Elegiya" - yunan sözüdür, kədərli, hüznlü, lirik şeir (bəlkə də müsəlman şərqi anlamında qəsidə, mərsiyə) deməkdir. Əli Əmirli pyeslərin ikisində də ağı ünsürlərini həzin, göynərtili, sarsıdıcı, matəmli, dramatik-poetik vüsətlə verib. Bunlar adi zahiri psixoloji ovqat kimi deyil, real, təbii, inandırıcı və həyəcanlı, Ceyhun bəyə və Müşfiqə dərin məhəbbətlə bədii təsvirini tapıb. Bütün mürəkkəb, təzadlı, göynərtili hadisələr toqquşmasında Əli Əmirlinin dramaturq mövqeyi seçdiyi janrın estetikası ilə həmahəngdir, cəlbedicidir, sənətkarlıq xüsusiyyətləri yüksəkdir, dialoqlar peşəkar emosionallıqla işlənib.
Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" faciəsi Qacarlar sülaləsinin qüdrətli, eyni zamanda mürəkkəb hadisələr burulğanında şahlıq etmiş hökmdardan bəhs edir. Qacarı, acınacaqlı olsa da, məsxərəyə qoyub aşağılayan pyes də yazılıb. Əli Əmirlinin "Şah Qacar" dramı tarixi janrlı əsərlər içərisində seçilir: mövzuya yanaşma tərzinə, konkret süjet axarına, dəqiq dramatik hadisənin ana xəttinin sabitliyinə, Qacarın, ilk növbədə, mürəkkəb insan və sərkərdəlik xüsusiyyətlərinə, ana-oğul münasibətlərinin siyasi gücünə və emosional dəyişmələrinə görə.
Tarixi mövzuda Əli Əmirlinin "Mesenat", "Tiran və aktyor" pyesləri də var. O, Hacı Zeynalabdin Tağıyev obrazını əsərin qəhrəmanı kimi dramaturgiyaya gətirən və hələ də tək olan müəllifdir. Bu əsərdə söhbət təkcə Tağıyevdən getmir, sovet dövründə əsasən boz-qara rəngdə xatırlanan Murtuza Muxtarovun, Musa Nağıyevin, günü bu gün də ikili münasibətlə dəyərləndirilən Nəriman Nərimanovun, eləcə də məşhur din xadimi Axund Mirzə Talıbın obrazları əsərdə yer alıb. Müxtəlif ədiblərimizin əsərlərində uzun illər Azərbaycana rəhbərlik etmiş (1933-1953) Mircəfər Bağırov obrazı "Tiran və aktyor" dramında tamamilə yeni rakursdan, fərqli hökmdar və hakimiyyət, hökmdar və xalq prinsip-yanaşmasında təsvir olunub.
Məqalə adlandıra biləcəyim yazımı Əli Əmirlinin müəyyən dramaturji özəllikləri barədə fikirlərimlə yekunlaşdırmaq istəyirəm. Onun bədii ifadə dili əsl dram dilidir, yüyrəkdir, cazibəlidir, şirəlidir, tutumludur, çoxqatlıdır, müəllifin istəyinə uyğun olaraq çox müxtəlif hadisə-vəziyyətlərdə istənilən rəng-ahəngdə işlənir. Dialoqları canlıdır, məqsədyönlüdür, lazımi gərginliyi ehtiva etməyə qadirdir, dramatik və çevik enerji gücünə malikdir. Qurulan kompozisiyalar çoxdayaqlıdır, məna tutumu şaxəlidir, möhkəmdir və lazım gələndə elastik kövrəkliyini də göstərir. Müraciət etdiyi mövzular əlvandır, hətta təxminən, oxşar mövzuların da ayrılıqda hər birinin özəl bədii-estetik səciyyələri olur. Dramaturqun obrazlarının böyük əksəriyyəti müasirlərimizdir, ancaq biz bu tanışlığın, bu oxşarlığın təsvirində fərqli-fərqli çalarları heyranlıqla qəbul edə bilirik.
Və nəhayət və ən əsası, bütün pyeslərində Əli Əmirli istedadının, onun dramaturq peşəkarlığının, sənətkar səmimiyyətinin, inamlı müəllif qətiyyətinin, narahat, ancaq uğurlu yaradıcılıq nailiyyətlərinin şahidi oluruq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
