"Mən-Dədə Qorqud" etno-müzikli, yaxud milli rok-operası - Samirə BEHBUDQIZI

Binasızlığı dastana çevrilmiş teatr

 

Bina məsələsi hələ də həll edilməmiş qalan "Yuğ" Dövlət Teatrı "Mən-Dədə Qorqud" layihəsinə start verib. Teatrın rejissoru Mikayıl Mikayılovun ideyasına görə "Yuğ" teatrı adlı sənət ocağının yaradıcısı Vaqif İbrahimoğlunun (18 oktyabr 1949-12 may 2011) anadan olmasının 75 illiyinə həsr edilmiş bu layihə "Kitabi-Dədə Qorqud" eposunun bütün 12 boyunu əhatə edəcək. Birinci və on ikinci boyların səhnə həlli istisna olmaqla, bütün digər boylara "Yuğ"un müxtəlif rejissorları öz baxış bucaqlarından yanaşaraq quruluş verəcəklər. Yekunda bütün on iki boyun on iki tamaşası on iki saatlıq vahid səhnə təzahürü olaraq tamaşaçıların qarşısına çıxarılacaq. Birinci və on ikinci boy Mikayıl Mikayılovun interpretasiyasında səhnə həyatı yaşamağa başlayacaq. Daha doğrusu, birinci boyun, "Dirsə xan oğlu Buğac xan boyu"nun səhnə həllini Mikayıl Mikayılov artıq tapıb və tamaşanın ilk premyerası 2025-ci il oktyabrın 16-da Meksikanın Metepek şəhərində keçirilən incəsənət və mədəniyyət festivalında baş tutub. Tamaşaya aid məlumatlarda layihənin müəllifi kimi Vaqif İbrahimoğlunun adı qeyd edilir. Vaqif müəllimin yaradıcılığı ilə tanış olanlar yaxşı bilirlər ki, ustad rejissor "Yuğ"un səhnəsində "Kitabi-Dədə Qorqud" boylarına özünəməxsus səhnə quruluşu verib, teatr sənəti tarixinə "Oğul", "Xatun", "Dürlü xəbər" kimi səhnə əsərlərini miras qoyub gedib. Təəssüf ki, Akademik Milli Dram Teatrının səhnəsində qoyduğu "Casus" (müəllif Kamal Abdulla) tamaşasının repertuara daxil olmaq imkanının qarşısı ictimai baxışdan sonra kəsildi. Vaqif müəllimin ən layiqli yetirmələrindən biri olan Mikayıl Mikayılovun "Mən-Dədə Qorqud" layihəsini müəyyən mənada ustadının vaxtilə, dəqiqi, 2008-ci ildə özünün və digər "yuğ"çu rejissorların quruluş verdiyi "Mən, Məhəmməd Füzuli" səkkizhissəli səhnə varolmasının əks-sədası hesab etmək olar.

Beləliklə, fəaliyyət tarixini 1989-cu ildən teatr tarixinə "yazmağa" başlayan, 2016-cı ildə yerli əhəmiyyətli memarlıq abidəsi olan binası (1888-ci ildə inşa edilmiş Hacı Fərəcullah hamamı - red.) söküləndən sonra A.Şaiq adına Dövlət Kukla Teatrının ikinci mərtəbəsindəki kiçik məşq otağında fəaliyyət göstərmək məcburiyyətində qalan "Yuğ" Dövlət Teatrının "Kitabi-Dədə Qorqud" dastanının "Dirsə xan oğlu Buğac xan" boyu əsasında birhissəli, birboylu müqəddimə və son sözlü səhnə dastanı təcrübəsi səciyyəsində, ilahi oyun janrında "Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc" adlı yeni yuğlamasının ilk premyerası keçən il, oktyabrın 16-da Meksikanın Metepek şəhərində keçirilən İncəsənət və mədəniyyət festivalında olub. Daha sonra kifayət qədər böyük fasilələrlə Bakıda, Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılıb. Bütün bu məlumatları sadalamaqda məqsədimiz teatr sənəti tariximizdə özünəməxsus yeri olan "Yuğ" Dövlət Teatrının bu vaxtadək binasız qalmasının yolverilməzliyinə bir daha diqqət yönəltməkdir. Mikayıl Mikayılovun "bu tamaşanı böyük səhnədə oynamaqla "Yuğ"u bir növ kölgədən çıxarmaq istədik" niyyətinə, sözünə qüvvət olaraq. Vəziyyət çox ciddi və son dərəcə xoşagəlməz şəkil almaqdadır: götürək elə haqqında bəhs etdiyimiz tamaşanı - yeni tamaşa intensiv oynanılmalıdır ki, rejissor ideyası səhnə halına daha dolğun düşsün, aktyorların obrazlarını canlandırmaq bacarığı daha sürətlə cilalansın. Bu mediativ səhnə əsərinin ən yaxın zamanda Dədəmiz Qorqudun ruhunu "Yuğ" Dövlət Teatrının köməyinə çatdıracağına və "Binasız qalan mütərəqqi teatr" dastanının yaşamaq haqqı olmadığını bəlirtməyinə ümid edək...

Dirsə xan oğlı Buğac xan boyını bəyan edər, xanım, hey!

"Mən-Dədə Qorqud: Epizod 1.Başlanğıc" tamaşasını seyr etdikcə belə bir təəssürat yaranırdı: bu, əlbəttə ki, illərdir tanıyıb sevdiyimiz, hər tamaşasının yekununda tamaşaçılarına mütləq bir fəhm, bir kamillik pilləsinə qədəm qoymaq imkanı qazandıran həmin o "Yuğ" teatrının səhnə əsəridir. Və bu təəssüratı sonadək "Yuğ"un yeni müstəvidə özünü ifadə etmək iqtidarının aşkarlığı  müşayiət etdi. Əlbəttə, yeni müstəvi dedikdə, sadəcə böyük səhnəni nəzərdə tutmaq kimi bəsit düşüncədən uzağıq. Əvvəla, "Kitabi-Dədə Qorqud" dastanı, konkret olaraq "Dirsə xan oğlu Buğac xan boyu" ilk dəfə olaraq eposun orijinal dilində, qədim türk lisanının oğuz ləhcəsində səhnə halına gətirilib, əhvalatın bəyanı bütünlüklə bu ləhcədə nəql edilib oynanılır və musiqili parçalar şəklində ifa olunur. İkincisi, dastanın bu boyu etno-müzikl və ya hətta deyərdim, milli rok-opera janrında qoyulub. "Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc" tamaşasının musiqisini "Yuğ" teatrının çoxdankı sənətdaşlarından biri, "Savalan" musiqi kollektivinin rəhbəri İffət Əsgərov qurub. Tamaşanın sözlü hissələri ilə musiqili epizodları vahid, tam bir şəbəkəni xatırladır. Yalnız sözdən, dastanın əsl mətnindən ibarət səhnələri bəzi hissələrdə davamlılığı ilə quruluşa bir qədər ağırlıq gətirir. Musiqi parçaları qavalda və sazda, yaxud qopuzda ifa olunur. Bundan başqa, səhnə arxasından da zövqlə tərtib edilmiş fon musiqisi eşidilir. Aktyorların vokal imkanları aktyorluq bacarıqlarına uduzmur.

Aktyorlardan söz düşmüşkən, "Yuğ" teatrı hər zaman olduğu kimi, bu yeni yaradıcılıq layihəsində də tamaşaçılarına yeni istedadlı və bacarıqlı aktyor adını kəşf etmək imkanı verdi: Nigar Mürsəlova. Oğuz Ana obrazını "Yuğ"un üçüncü nəsil aktyor heyətinə aid Mətanət Abbasın dublyoru olaraq yaradan bu gənc aktrisa cəmi iki il əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinin məzunu olub. Bu onun ilk böyük roludur. Gənc aktrisa Oğuz Ana obrazının öhdəsindən çox ustalıqla gəlib.  Mikayıl Mikayılovun rejissor dəsti-xətti bu etno-müzikl, yaxud rok-operada da aydın görünüb hiss olunur - rejissor ən ümdə yerə quruluş verdiyi halı, vəziyyəti, mətləbi, məğzi, məzmunu qoyur, aktyorların dönüb hansısa obraza çevrilməyini, müəyyən bir surət almasını yox. Qasım Nağı, Vüqar Hacıyev, Amid Qasımov (Oğuz Oğul, yaxud Buğac) və Nigar Mürsəlova (Oğuz Ana) - bu aktyorların hər biri özünün "Dədə Qorqud" dastanını, özünün "Dirsə xan oğlu Buğac xan boyu"nu sözlə, rəqslə (xoreoqraf Anar Mikayılov), nəğmə və çalğı ilə danışır. Bu solo ifalar, mono söyləmələr, müstəqil boylamaların dördü birlikdə taraz, harmonik bir xor, kamertona köklənmiş ansambl, tamamlanmış bir lövhə, bitkin bir fikir, dolğun bir mənzərə ərsəyə gətirir. Dekorasiya (quruluşçu rəssam Mustafa Mustafayev) minimalistik olduğu qədər ifadəlidir - dörd qapı və ya məzar, bir sandıq, yaxud tabut, buğa kukla maketi, qırx igidi rəmzləşdirən butafor, bir az qədim tikilini, bir az mağaranı andıran pərdələr - bütün bunları fakturadan fabulaya çevirən dəqiq işıq effektləri, aktyorların, demək olar ki, eyni biçimdə, oxşar tərtibatda olan libasları tamaşanın vizual hədəfini istiqamətləndirir.        

Mentallığın universallığı, universallığın mentallığı

Yuxarıda "Mən-Dədə Qorqud: Epizod 1, Başlanğıc" səhnə əsərinin etno-müzikl, yaxud milli rok-opera təəssüratı yaratdığını qeyd etdik. Əslində səhnə əsəri bu iki janra da sığmır, çünki burada, şübhəsiz və ilk növbədə etno-müzikl elementləri də var, rok-operaya xas çoxsəslilik də, sərbəstlik də, yuğlama və digər bir sıra xalq ayin və mərasim, meditasiya, mistik, metaforik katarsis cizgiləri də. Tamaşa sırf Oğuznamə lövhəsi, əsl "Kitabi-Dədə Qorqud" boy boylaması, soy soylamasıdır. Lakin eyni zamanda da bütün bu milli qatlar, etnik kodlar beynəlmiləl halə ilə əhatələnib: bu tamaşa ilə dünyanın istənilən ölkəsində nəinki oğuz-türk kökəninin nə olduğunu anlatmaq, həm də ümumbəşəri həqiqətləri, yaradılışın və ölümün hikmətini diqqət mərkəzinə gətirmək olar. Qulaqları oxşayan qədim türk dilinin oğuz ləhcəsinin şirinliyi isə mentallığın universallığını, universallığın mentallığını tamamlayan bu mətləbi, məğzi daha da eşidimli, anlaşıqlı edir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!