Bu günlərdə xalq yazıçısı Anarın «Beşmərtəbəli evin altıncı mərtəbəsi» kitabı “Teas Press” nəşriyyatında işıq üzü görüb. Ötən əsrdən bestsellerə çevrilən eyniadlı romanla yanaşı, kitaba «O gecənin səhəri» hekayəsi, dilogiyanın birinci hissəsi olan «Ağ liman» povesti və yazıçının son illərdə qələmə aldığı «Təhminənin son sirri» hekayəsi daxil edilib. Kitabın redaktoru və Ön söz müəllifi Pərvin «Azad olmayan cəmiyyətdə azad insanın faciəsi, yaxud təklik tilsimi» adlı yazısında bu ardıcıllığın təsadüfi olmadığını qeyd edir. Həmçinin nəsil-nəsil ədəbiyyatsevərlərin oxuduğu əsərlərin, kitabların keçdiyi maneələri də göstərməklə gerçək sənətin gücünü ifadə edir. Ön sözü «Ədəbiyyat qəzeti» oxucularına təqdim edirik.
“Teas Press” nəşriyyatı xalq yazıçısı Anarın məşhur, sevilən, nəsil-nəsil oxucular tərəfindən böyük maraqla qarşılanan əsərlərini çapa hazırlayanda, bu dəfələrlə oxuduğum, az qala, əzbərimdə olan hekayə, povest və romanlara yenidən qayıtdım. Daha öncə Türkiyədə «Ketebe» nəşriyyatında işıq üzü görən bu ardıcıllıq yazıçının nəsri haqqında bəlli həqiqəti yenidən dilə gətirmək, xatırlatmaq ehtiyacı yaratdı. Ötən il ustad Anarla yeddi saatdan çox çəkən podkast-söhbətlərimizdə («Anarla söhbətlər» kitabım üçün) bu əsərlər, onların qəhrəmanları haqqında müzakirələr aparmışdıq. Onların ustaddan ötrü sadəcə bir ədəbi qəhrəman yox, canlı insan olduğunu; taleyini izlədiyi, halına acıdığı, səhvini üzə vurmadığı dost-doğma olduğunu anlamışdım. Ona görə kitabda yer alan əsərlərə dalıb, o sehri duymazdan öncə yazının əvvəlinə yerləşdirilmiş QR kodu oxudub müəllifin öz dilindən verilən şərhləri dinləmək yerinə düşər.

İndilikdə isə mənim bir daha, dəfələrlə anladığım odur ki, Anarın əsas qəhrəmanı Şəhərin özüdür. Və şəhər sadəcə bu əsərlərdəki hadisələrin cərəyan etdiyi məkan deyil, real personajdır. Onun özünün xarakteri, yazılmamış qanunları, yaşam tərzi var. Və heç şübhəsiz ki, bu qəribə qəhrəmanı canlı, koloritli, mənalı edən insanlardır; yazıçının yaratdığı insanlar, onun personajları. Çox maraqlıdır ki, yazıçı bu adamları eyni dünyanın, eyni mühitin adamları kimi yaradır. Və əsərdən-əsərə oxucusuna bu eyni mühitin fərqli insan xarakterlərini görmək, təhlil etmək imkanı verir. Yəqin elə əsas ideya da budur, eyni zamanda, eyni məkanda, eyni qanunlar içərisində dünyaya gələn, yaşayan müxtəlif adamları göstərmək. Bəzən yazıçı bu personajların qonşu, qohum, yaxın olmasını demir, dilə gətirmir. Amma bir əsəri oxuyarkən, hansısa fəhmlə, lap bir tin aşağıda yaşayan başqa qəhrəmanını yaxında hiss edə bilirsən. Bir neçə əsərində isə, bəlkə də bilərəkdən, məqsədli şəkildə personajları yaxınlaşdırır, doğmalaşdırır və hər dəfə birinin taleyini qabardır, önə çəkir, ondan danışır.
Yay axşamlarında Qiyas Dilarəylə bulvar səmasındakı “müftə” ulduzlara baxıb mübahisə edəndə, Alya ilə Murtuz Zeynallıların süfrəsindən danışanda, Nemət maqnitofonun dinlənilməkdən yeyilmiş lentini necə pozmağı düşünəndə, Mədinə qonşuda çalınan qammalara qarışmış təyyarə uğultusu dinləyəndə Təhminəylə Zaur Pirşağıda sahildə pıçıldaşırlar. Ya da əksinə, Zaur Təhminənin eşqindən havalanıb göylərdə uçanda zavallı Feyzulla boyat dolmanı yeyə-yeyə arvadın tənələrini dinləyir. Hə, elə bu vaxt Oqtay da uzaq uşaqlıq illərində qalmış Əsməri düşünür. Fuad isə macal tapıb sabahkı tədbirdə onu bir addım daha qabağa çəkəcək məruzəsinin mətnini hazırlayır. Bu cür həm eyni, həm də müxtəlif zamanlarda baş vermiş hadisələri sadaladıqca sadalamaq olar. Və əsas qeyri-adilik ondadı ki, bu adamların hamısının bir ümumi dərdi var – mühit. Bu ümumi mövzunu göstərmək üçün isə uyğun zaman, uyğun şərait lazım idi.
...Zaman 60-cı illərdi, sovetlərin nəfəsliyi azca açıb azad havanı içəri buraxdığı vaxtdı, insanın özü haqda fikirləşməyə “icazə” verildiyi dövrdü. Amma ən əsası, ədəbiyyatın adi adamları düşünməyə, onların daxili aləmini, arzularını, sevgilərini, ümidlərini yazmağa başladığı vaxtdı... Və bu cür zamanda yazıçı Anar üzdə adi, amma dərinliyinə endikcə qəlizləşən, fərqliliyi, qeyri-adiliyi üzə çıxan adamlardan yazır. Onların balaca şəhərdəki böyük ümidlərini, yaşantılarını, sıxıntılarını qələmə alır. Bu şəhərdə azad olan bircə dənizdi... Amma onu da “sahilləri sıxır”...
Dəniz dedi ki,
Sahillər sıxır məni... (Rəsul Rza)
Bu sahilin sakinləri “dənizi görməsələr belə, varlığını hiss edirlər”, yuxularına girir dəniz... limanda durub qırmızı gəmilərə tamaşa edirlər, xəyallar qururlar... Həyat zahirən adi qaydada gedir... Amma nədən belə tənhadılar hamısı? Məncə, bu zəmanənin adamları deyillər, ona görə. Dənizin belə “sıxıldığı” mühitdə yaşayırlar, ona görə. Zamanlarını qabaqlamış insanlardılar, ona görə...
9 yaşlı Nərgiz də, 24 yaşlı Təhminə də, 33 yaşlı Nemət də, nəşriyyat qədər “qədim” mühasib Səftər də, Məmməd Nəsir də hamısı təkdi, tənhadı...
...“Ağ liman” 1965-ci ildə yazılıb... Təxminən, on il sonra isə “Beşmərtəbəli evin altıncı mərtəbəsi” qələmə alınıb. On il tarix üçün elə böyük zaman deyil. Amma yazıçının insanlara baxışının, qəhrəmanlarına yanaşmasının dəyişilməsi üçün kifayət edərdi, bəlkə də. Ancaq axı Anar özü də yaşını, zamanını qabaqlamış insandı. Və 40-50 il öncə yazdıqlarının indi də, bu gün də belə populyar olmasının, onun özünün yazıçı kimi, ictimai xadim kimi aktuallığını itirməməsinin əsas səbəbi budur. Təhminə 60-cı illərin qadını deyil, XXI əsrin Qadınıdı. Nemətin dərdi keçmişdə qalmayıb, indi də davam edir. Məmməd Nəsirin içkibazlığının səbəbləri hələ də var. Məsələ zamanın, zəmanənin, mühitin durğunluğunda deyil. Məsələ insanın və onun zamanla əbədi “ədavəti”nin dəyişilməməsindədi... Həm də yazıçının bunu necə qələmə almasındadı... Və nə qədər qəribə səslənsə də, bu qəhrəmanların əsər, bədii süjet içərisindəki mübarizəsi yazıçının şəxsi mücadiləsinə, onları anlatmaq uğrunda döyüşlərinə çevrilib. Məsələ burasındadır ki, ustad Anar ədəbiyyat tariximizdə, bəlkə də ən çox tənqid, hətta qərəzli, haqsız tənqid olunan müəllifdi. Qısa da olsa, bu mübarizənin tarixçəsinə nəzər salaq...
...1960-cı ildə «Azərbaycan» jurnalının 12-ci, dekabr nömrəsində ilk iki mətbu hekayəsi dərc olunan kimi, əlüstü «Azərbaycan gəncləri» qəzetində «Keçən ilin son gecəsi» hekayəsini kəskin tənqid edən yazı çıxdı. Hekayə milli mentalitetə yad olan, zərərli əsər kimi səciyyələndirilirdi.
Az sonra, həmin hekayə Moskvada «Drujba narodov» juralında dərc edildi.
Moskvada nəşr olunan üçcildlik seçmə sovet hekayələri almanaxına daxil edildi, əsasında teatr tamaşaları quruldu, radio variantı səsləndi, kino və TV filmləri çəkildi. Moskvanın Mərkəzi televiziyası iki müxtəlif quruluşda hekayəni Birinci proqramla nümayiş etdirdi. Bu gün də əsər dərsliklərə daxil edilib, orta məktəbdə tədris olunur. Və nədənsə illərdir ki, «milli mentalitetə yad olan» əsər əksinə, nəsil-nəsil oxucunu yetişdirir, onlarda ailə dəyərlərinə sayğını aşılayır.
Amma əsər özünü sübut edənə kimi nələrdən keçməli imiş... Yazıçının ilk povesti – «Ağ liman»ın da, necə deyərlər, var oluşu sadə deyildi. Əsər «Azərbaycan» jurnalında çap olunan kimi, «Kommunist» qəzetində dərc edilən üç sütunluq məqalə povesti sovet ideologiyasına zidd olan, socialist realizminə yad olan yazı kimi damğaladı. İndiki zamandan baxanda məqalə müəllifi haqlı idi, əsər sos-realizmdən min-min kilometr uzaq, sovet ideoloji qəliblərinə yad idi. Amma o dövrdə belə yazıların mötəbər mətbu orqanlarda yazılması açıq donos idi və belə mükəmməl sənət nümunəsini oxucunun da gözündən salmaq cəhdi idi. Həmçinin əsər təkcə ideoloji yox, həm də bədii-estetik cəhətdən yamanlanırdı. Bu haqsız tənqidlərə etiraz edən böyük bəstəkarımız Qara Qarayev mötəbər bir iclasda gənc qələm sahibi Anarı müdafiə etdi, onu çox istedadlı yazıçı adlandırdı və «Kommunist» qəzetində çıxan məqaləylə qətiyyən razı olmadığını bildirdi. Daha sonra akademik Məmməd Arif Dadaşzadə də Anarın yaradıcılığını layiqincə qiymətləndirən böyük məqalə çap etsə də, iki-üç tənqidçi mətbuat səhifələrində «Ağ liman»ı da, onun davamı olan «Beşmərtəbəli evin altıncı mərtəbəsi» romanını da sovet həyatını təhrif edən kommunist ideologiyasına zidd olan əsər kimi topa tutdular.
Amma nə yaxşı ki, bu tənqidlər əsərin taleyində maneə rolu oynaya bilmədilər. Sonralar «Ağ liman» nüfuzlu «Drujba narodov» jurnalında, «Beşmərtəbəli evin altıncı mərtəbəsi» Moskva nəşriyyatlarında yüksək tirajlarla çapdan çıxdı, rus mətbuatında yüksək qiymətləndirildi. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” alman dilində Almaniya Demokratik Respublikasında, Almaniya Federativ Respublikasında, İsveçrədə kitablar şəklində çap edildi, bu ölkələrin mətbuatında maraqla qarşılandı.
«Ağ liman» Polşada, Macarıstanda, Bolqarıstanda, Estoniyada, Türkiyədə, İranda, Özbəkistanda, Qazaxıstanda, «Beşmərtəbəli evin altıncı mərtəbəsi» Çexoslovakiyada çex və slovak dillərində, Macarıstanda, Bolqarıstanda,Yunanıstanda, Estoniyada, Gürcüstanda, İranda, Qazaxıstanda, üç müxtəlif tərcümədə 4 dəfə Türkiyədə, 5 dəfə Özbəkistanda nəşr edildi, bu ölkələrin mətbuatında onlarla müsbət rəyli yazılar çıxdı.
«Beşmərtəbəli evin altıncı mərtəbəsi» romanı əsasında «Təhminə və Zaur» teatr tamaşası Azərbaycan Akademik Milli Dram teatrı səhnəsində 200 dəfəyə qədər anşlaqla oynanılıb, habelə iki müxtəlif quruluşda Rus Dram Teatrında tamaşaya qoyulub. Pyes İstanbul Bələdiyyə teatrında da uğurla tamaşaya qoyulub və türk mətbuatında geniş işıqlandırılıb. Bu roman əsasında rejissor Rasim Ocaqov türk aktrisası Meral Konrad və xalq artisti Fəxrəddin Manafovun iştirakıyla «Təhminə» filmini çəkib. Bu film TV ekranlarında ən çox nümayiş etdirilən fılmlərdəndir.
Bu statistik məlumatları ard-arda sadalamağım təsadüf deyil. Məsələ burasındadır ki, bu əsərlərin qəhrəmanlarının keçdiyi mübarizə bütöv əsərin, müəllifin haqq işinə çevrilib. Və ən qəribəsi budur ki, eyni ssenari, eyni maneələr sanki ustad Anarın bioqrafiyası boyu onu izləyib...
Bu mənada, Anarın redaktorluğu ilə 69-cu ildən işıq üzü görən “Qobustan” incəsənət toplusunun da öz mübarizə tarixi var. Dərgi işıq üzü görən kimi mətbuatda açıq, başqa ünvanlara gizli danoslara məruz qalıb. “Toplu” və “Qobustan”da işlənən bəzi başqa sözlərə görə məcmuəni pantürkistlikdə, türk dilinin təsirinə düşməkdə, millətçilikdə suçlayıblar. Bu tənqidi, daha doğrusu, siyasi donos tipli yazılar əsasında Mərkəzi Komitənin orqanları olan “Kommunist” qəzetində, “Azərbaycan kommunisti” və “Kirpi” jurnallarında yer alırdı. Artıq müstəqillik dövründə Azərbaycan Yazıçılarının X Qurultayında çıxış edən ulu öndər Heydər Əliyev “Qobustan”dan ona nə qədər xəbərçilik edilməsi haqqında ətraflı danışdı. Jurnalı millətçilikdə, türkçülükdə ittiham edir, onun redaktoru Anarın babasının da özünün də antisovet olmaları barədə elə yazıçıların özləri xəbərçilik edirmiş. Amma Heydər Əliyevin dediyi kimi, o özü jurnalı izləyir, oxuyur və görürdü ki, burada donoslarda deyilən ideyalar yox, əksinə, oxucuların maarifləndirilməsi yolunda faydalı məqalələr çoxdur. Ulu öndər deyirdi:
“O vaxtlar “Qobustan” jurnalı həyatımızda çox böyük rol oynayırdı. Bizim bu milli dirçəliş, milli oyanış, milli özünütanıma prosesində “Qobustan”ın rolu çox böyük olubdur. Bunu o vaxtlar bəziləri, bəlkə də dərk etmirdilər. Bəlkə indi də bəziləri o qədər də dərk edə bilmir. Amma mən bunların hamısını daim izləyirdim və hər bir belə tədbirin həyata keçirilməsi üçün lazımı şərait yaradırdım”.
Və ən nəhayət, onu da qeyd etməliyəm ki, ustad Anarın kino fəaliyyəti də daima müxtəlif maneələrlə qarşılaşıb. Misal üçün, elə “Dədə Qorqud” filmi çəkilməzdən öncə qorqudşünas alim onun ssenarisi barədə 20 səhifəlik etiraz yazıb, əsərin çəkilməsinə mane olmaq istəyirmiş. Film çəkildi və o zaman, bəlkə elə indi də yalnız dar dairədə, alimlərin xəbəri olan möhtəşəm ədəbi abidəmiz, «Kitabi-Dədə Qorqud» dastanımızı geniş tamaşaçı kütləsinə tanıtdı. Həmçinin bu film yasaqların bol olduğu zamanda xalqın milli kimliyini dərki yolunda mühüm addım hesab edilir.
“Cavid ömrü” filminin çəkilməsinə də mane olmaq istəyənlər tapılıb. “Sübhün səfiri” filminin ssenarisi haqqında isə tarixçi alim mötəbər ünvanlara 37-ci il siyasi donosları səpkisində uzun bir məktub yollayıbmış. İndi illər keçdikcə bu əsərlərin də, ekran işlərinin də dəyəri artır. «Cavid ömrü» (rej:Ramiz Həsənoğlu) İMDB film platformasında illərlə ən çox izlənən Azərbaycan filmi seçilir. Böyük ideyaları və sənətkarların taleyini anlamaq, yeni nəsillərə çatdırmaq üçün ən gözəl məxəzə çevrilir bu əsərlər. Və bir anlıq müəlliflərin keçdiyi yola, apardığı mübarizəyə nəzər salanda söz tapmırsan deməyə...
... Sonra onu da başa düşürəm ki, axı bu əbədi mübarizə ustadın da, onun qəhrəmanlarının da taleyinə yazılıb. Belə olmasa, bu qədər oxunmaz, sevilməzdilər bəlkə!
Beləliklə, qarşınızdakı bu kitabda mövzu və personajlarla bağlı “Ağ liman” povesti, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı və “Təhminənin son sirri” hekayəsiylə birlikdə müəllifin daha öncələr yazdığı və bu silsiləyə aid olmayan “O gecənin səhəri” hekayəsi də daxil edilib. Yazının əvvəlinə QR kodunu yerləşdirdiyim söhbətimizdə bu ardıcıllığı izah edib ustad; “Ağ liman”da Nemətin gördüyü yuxu da, yatağının yanındakı, valideynlərinin sürgün edildikləri Qazaxıstanın xəritəsi də, Dadaşın o vaxt çuğulluq etməyi haqqında xısın söhbətlər də repressiya illərinə açıq işarələrdir. Əsas olan isə budur ki, illərlə irsən keçən qorxu, vahimə hissi personajların daima duyduqları tənhalığın səbəblərindəndir. “O gecənin səhəri” hekayəsinin bu kitaba salınmasının səbəbi və mənası bundadır; vahimə, qorxu içərisində yaşayan insanlardan sonralar Nemətlər, Dadaşlar, Kəbirlinskilər və daha kimlər «yaranacaqdı». Və bu qorxu, əslində, bütün başqa duyğuların bumbuz təməli olacaqdı. Məhz buna görə müəllif köhnə hekayəsinə yalnız bir abzas əlavə edib. Hekayədə hökmən həbs olunacağını gözləyən köhnə partiya işçisi Qurbanın bu abzasda familiyası Namazov kimi göstərilir və bu, “Ağ liman”dakı Nemətin atası olmasına işarədir. Beləliklə, aydın olur ki, 37-ci ilin dəhşətlərini keçmiş adamların övladları genetik yaddaşlarında bu qorxuları yaşadıqlarına görə içinə çəkilmiş təkliyə məhkum olunmuş tənha insanlardır.
Ümumiyyətlə, daha öncə qeyd etdiyim kimi, “tənhalıq tilsimi” yazıçının, demək olar ki, bütün yazılarından qırmızı xətlə keçən ovqatdır. “Ağ liman”da Nemətdən başqa Təhminə də, Məmməd Nəsir də, Səftər dayı da yalqızdırlar. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə Təhminə tənhalığını məhəbbət illüziyasıyla ovutmağa çalışır. Bununla da əsərin əsas mövzusu, ideyası bəlli olur; azad olmayan cəmiyyətdə azad insanın – Təhminənin faciəsi...
«Tənhalıq» mövzusunu kod olaraq götürsək, elə yada saldığım nə qədər personajlar göz önünə gələr; “Dantenin yubileyi”ndə Kəbirlinski iş yerində də, teatrda da, ailəsində də tənhadır. “Keçən ilin son gecəsi”ndə dörd övlad anası Həmidə xala da Yeni ili təklikdə qarşılayır. “Otel otağı”nın qəhrəmanı özgə şəhərdə, ucuz mehmanxana nömrəsində yalqızlıq içində can verir. “Əlaqə” povestində Tələbə metafizik tənhalığa məhkumdur. «Əcəl» və “Vahimə” povestlərinin qəhrəmanları izahsız dünya qarşısında aciz, tənha və yalqızdırlar. “Ağ qoç, qara qoç” povestinin bir ailənin üç müxtəlif zonaya düşmüş üzvləri hərəsi bir cür tənhadır. «Gürcü familiyası» hekayəsindən “kamikadze” Əsmər də zahiri rifah, uğurlu ailə həyatının içində təkdir, “Mən, sən, o və telefon” hekayəsində Mədinə də, ikiləşən Seymur-Rüstəm də tənhalıqlarını təsadüfi telefon danışıqlarıyla, yaxud uzaq təyyarə səsiylə ovutmağa çalışırlar. “Gözmuncuğu”nun ikiləşən Əhrimanının iki varlığı da tənhalıq içindədir... İlk gənclik yazılarından başlayaraq və bütün yaradıcılığı boyu davam edən tənhalıq ovqatı yazıçının son vaxtlarda qələmə aldığı əsərində “Qatardan qalan adam” hekayəsində bədbin bir finalla tamamlanır. Aktiv işgüzar həyatla yaşayan, uğur qazanmış və daha da böyük uğurların ərəfəsində olan insan birdən-birə, kül kimi havaya sovrulub gedir. Kimsəsiz. Soraqsız. İtirib-axtaranı olmadan. İnsan dünyaya tək gəldiyi kimi, dünyadan tək gedir.
Ön sözümün sonuna yaxınlaşdıqca düşünürəm, bəlkə əslində ustad Anarın müxtəlif qəhrəmanlarının da, şəhərinin də taleyinə səpələdiyi və ən fərqli üsullarla çatdırdığı Təklik, yalqızlıq ideyası xoşbəxtliyin açarıdır, kim bilir! Bu həqiqətlə barışdığın, onu qəbul etdiyin andan azadlıq, deməli, Xoşbəxtlik başlayır!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
