Sənətkar və şəxsiyyət - Kamil ŞAHVERDİ

 

Bu mövzu hər zaman insanları düşündürür. Sənətin zirvəsini fəth edərkən sənətkarlar şəxsiyyətini qoruyub saxlaya bilirmi? Niyə bəzən Tanrının mükafatlandırdığı böyük istedad sahibləri şəxsiyyətlərini o yüksəkliyə qaldıra bilmirlər? Ümumiyyətlə, böyük sənətkarın şəxsiyyəti insanları düşündürməlidirmi? Bəziləri hesab edir ki, sənətkarın şəxsiyyəti önəmli deyil, əsas yaratdıqları əsərlərdir. Mən belə hesab etmirəm. Dəfələrlə fikirlərinə hörmət etdiyim insanlarla bu mövzuda fikir mübadiləsi aparmışam. Şəxsiyyətin keyfiyyəti bəzən istedadın ölçüsünə təsir edə bilir və edir də.

Dünyanın ən məşhur sənətkarları ilə bağlı olan və onların şəxsiyyətlərinin göstəricisi hesab edilən hadisələr yaddaşıma həmişəlik həkk olunub. Bu hadisələri həmişə heyrətlə və böyük sayğı ilə xatırlayıram.

Bu gün də dünyada ən çox ifa olunan görkəmli bəstəkar Lüdviq van Bethoven 1812-ci ildə böyük şair, dramaturq, filosof İohan Volfqan fon Höte ilə Çexiyanın şimalında yerləşən məşhur Kurort şəhəri Teplitsedə görüşürlər. Şəhər parkında gəzişərkən Avstriya İmperator ailəsi üzvləri ilə qarşılaşırlar. Höte kənara çəkilərək, şlyapasını çıxarıb təzim edərək salamlaşır. Bethoven isə əllərini arxada birləşdirərək İmperator ailəsi üzvləri ilə başını yüngülcə tərpətməklə salamlaşır və yoluna davam edir. Höte onun bu hərəkətinə görə narazılığını bildirəndə Bethoven cavab verir ki, dünyada krallar çoxdur, Bethoven isə təkdir.

Rəssam Karl Remlinq 1987-ci ildə bu hadisəni əks etdirən məşhur "Bethoven və Höte Teplitsedə" tablosunu yaradır.

1920-ci ildə XI rus ordusu Azərbaycanı işğal edib Milli Hökuməti devirdi. Sovetləşmənin ilk illərindən ciddi təzyiqlərlə üzləşən Üzeyir bəy Hacıbəylinin həyatı başdan-başa sarsıntılar içində keçirdi. Bir tərəfdən, AXC dövründəki fəaliyyətinə görə hər gün sorğu-suala tutulmaq, digər tərəfdən, bolşeviklərin hər şeyi yıxıb, öz ideologiyalarına uyğun yeni sistem qurmalarını ürək ağrısı ilə seyr etmək olduqca ağır idi. Hələ üstəlik, Moskva guya Azərbaycanda musiqi mədəniyyəti yaratmaq üçün göndərdiyi adamların qarşısında durmaq, onların istədikləri kimi burada hərəkət etməsinə, Əliheydər Qarayev və digər bolşevik dostlarına arxalanaraq özünü türk musiqisi üzrə yeganə mütəxəssis elan edən Saşa Oqanezaşvilinin (Aleksandr Oqanesyan) əl-qol atmasına, bu Tiflis ermənisinə qoşulan yerli manqurtlara imkan verməmək elə də asan deyildi. Üstəlik, musiqi təhsilini formalaşdırmaq, təhsil proqramını yaratmaq kimi ağır yükü də çiyinlərinə almışdı. Yeganə silahdaşı Müslüm Maqomayevlə başqa millətlərin bir əsrdə gördüyü işi, keçdiyi yolu bir neçə ilə başa gətirdi. Moskva böyük bəstəkar, görkəmli pedaqoq Qliyeri göndərmişdi ki, Azərbaycanda musiqi sistemi qursun. Qliyer həqiqətən, çox nüfuzlu və dərin bilikli bəstəkar və pedaqoq idi. Ancaq Üzeyir bəy başa düşürdü ki, Azərbaycan musiqisinin inkişaf yolu tamam başqadır və dostu, silahdaşı Müslüm bəylə bu çətin və ağır işlərin altına girmişdi.

Üzeyir bəy sovetlər dövründə 15 ildən artıq bir müddətdə heç bir əsər yazmadı. Sovetlərdən əvvəl də sonuncu əsəri - "Arşın mal alan" 1913-cü ildə yazılmışdı. Bolşeviklər hakimiyyəti ordu gücünə zəbt etdikdən sonra görkəmli şəxsiyyət, böyük bəstəkar bütün gücünü, qüvvəsini, enerjisini Oqanezaşvilinin başına toplaşan milli satqınlarla, bolşeviklərin təyin etdiyi adamlarla mübarizəyə və təhsil sistemi yaratmağa həsr etmişdi. Müxtəlif musiqi fənləri üzrə tədris proqramlarını hazırlayıb, hansısa kütbeyin bolşeviklə məmuru inandırmağa nə qədər vaxt, enerji sərf olunurdu...

Bütün bunlar azmış kimi, 1922-ci ildən başlayaraq rəsmi dövlət qəzetlərində hücumlara, təqiblərə məruz qalırdı. Belə yazılardan bəzi nümunələrə nəzər salaq:

"..."O olmasın, bu olsun", "Ağa Məhəmməd şah Qacar", "Arşın mal alan", "Xurşidbanu", "Əsli və Kərəm", "Nuşirəvani adil", "Leyli və Məcnun", "Əbül-üla". İştə mədəni səhnəmiz.

Bığdığ, usandıq, qulaq asan varmı?

Zamanın mal "alan alan" olmadığını qanmaq istəyən varmı?..

("Teatrımızda bir yenilik varmı?" məqaləsi. "Kommunist" qəzeti, №58, 14 mart 1922).

Başqa bir yazıda üvey olunur:

"...Meydanda mövcud olan bir qüsur daha vardır ki, o da teatr əsərlərinin qıtlığıdır. "Arşın mal alan" kimi eksimiş, yıpramış olan operettalar, bayağı bir arşın olaraq klubların qırtlağına keçmişdir..."

("Türklər arasında klub işləri" məqaləsi. "Kommunist" qəzeti, №70, 22 aprel 1924. Müəllif: Q.)

Belə məqalələrin, yazıların sayı çoxdur. 1920-ci ilin iyun ayından başlayaraq, Azərbaycanda yeni qurulmuş sovet hakimiyyətinin dəstəyinə ümid edən bəziləri Üzeyir bəyə və Müslüm Maqomayevə hücumlar edir və əsərlərinin səhnələrdən yığışdırılmasını təklif edirlər.

Erməni kamança çalan Saşa Oqanezaşvili (Tiflis ermənisinin əsl adı Aleksandr Oqanesyan idi) Üzeyir bəy Hacıbəylini və Müslüm Maqomayevi "musiqidən xəbərsiz" adlandırır. O, "Əxbari" qəzetindəki məqaləsində yazırdı:

"Mənim tərəfimdən tərtib edilən, musiqidəki ölçülər həmin iyulun 14-də vaqe olan iclasda müzakirə edilib müttəhidülqövl Şərq musiqiçiləri ittifaqı nümayəndələri, o cümlədən, Cabbar Qaryağdıyev, Həsən Əliyev, Arsen Yaramişev, Fərəc Rzayev və qeyriləri tərəfindən qəbul edilmişdir. Yevropa musiqi professorlarından: Nikolayev, Paneyev və Moroz tərəfindən dəxi təsdiq edilmişdir. Ancaq nə Şərq və nə də Yevropa musiqisini bilməyən Hacıbəyov qardaşları və Maqomayev tərəfindən etiraf edilmədi..."

(S.Oqanezaşvili. "Əxbari" qəzeti, 26 iyul 1920.)

Acınacaqlısı budur ki, bizim bəzi musiqiçilərimiz də bu erməni kamança çalanın başına toplaşıb Üzeyir bəyə və yaxın silahdaşı Müslüm Maqomayevə hücumlar təşkil edir, yeni qurulmuş hökumət nümayəndələrində rəy formalaşdırmağa çalışırdılar.

Bəziləri Üzeyir bəydən tələb edirdi ki, əsərlərinə sosialist inqilabının qələbəsini tərənnüm edən səhnələr əlavə olunsun, inqilabın gətirdiyi "azad, xoşbəxt həyat" vəsf edilsin. Üzeyir bəy bütün bu basqılardan, hücumlardan, əsərlərinə əlavələr etmək təkliflərindən canını qurtarmaq üçün Azərbaycanda sovet hakimiyyəti qurulana qədər yazdıqlarını "şagird təcrübəsi" adlandıraraq onların səhnələrdən yığışdırılmasını xahiş edir. Dahi bəstəkar ömrünün ən məhsuldar dövrünü qurban verdi. Yaradıcı insanın ən ilhamlı, ən kamil dövrü 35-50 yaş arası hesab olunur. Ölməz bəstəkar 1920-1935-ci illər arasında əsər yazmadı. Bunun nə demək olduğunu sənət adamları, yaradıcı insanlar yaxşı bilir. Sovet hakimiyyətinin təklif etdiyi ideoloji mövzulardan çətinliklə də olsa, yayına bildi. Bütün gücünü, enerjisini musiqi təhsilinə, yeni tədris proqramının hazırlanmasına, milli musiqini düşməncəsinə məhv edib "hər şeyi bolşevik inqilabı nəticəsində qazanmış" deyənlərə qarşı mübarizəyə sərf etdi. Yerli bolşeviklərin, Dadaş Bünyadzadə, Əliheydər Qarayev və digərlərinin himayəsinə sığınanlar Üzeyir bəyin, Müslüm Maqomayevin əleyhinə apardıqları amansız kampaniyaya baxmayaraq dahi bəstəkar, görkəmli təşkilatçı, böyük şəxsiyyət əyilmədi, sınmadı.

Üzeyir bəy əsərlərini "şagird təcrübəsi" adlandırıb səhnələrdən yığışdırandan sonra məlum oldu ki, teatrlarda iş dayanıb. Çünki səhnələşdirməyə əsər tapılmır. Yazılan əsərlər isə səhnələşdirilməyə yaramır. Onda dövlət qurumları məcbur olub, yenidən Üzeyir bəyə müraciət edib onun əsərlərinin teatrlarda oynanılmasına imkan verməsini istədilər. Bax belə. Bir şəxsiyyət böyük, nəhəng, yırtıcı bir sistemi təkbaşına məğlub etdi.

Bunu nə Rusiyada, nə də digər sovet respublikalarında heç kim bacara bilmədi. Ona görə də bütün Sovet İttifaqında Üzeyir bəy yaradıcı insanlar arasında olduqca böyük nüfuza malik idi.

1937-ci ildə "Koroğlu" operasını yazmaqla Üzeyir bəy Hacıbəyli nəinki ideologiyaya xidmət etmədi, əksinə, o, qanlı-qadalı, görünməmiş repressiyanın tüğyan etdiyi bir zamanda elə bir əsər yaratdı ki, bu əsər millətin özünü qoruyub saxlamasında, özünüdərkində misilsiz xidmət göstərdi. Həm də hər iki Azərbaycanda.

Görkəmli bəstəkar Aydın K.Azim çox dəqiq izah edir ki, Üzeyir bəyin "Koroğlu" operasındakı mesajları, kodları Stalin görə bilmədi. İlk baxışdan xalqın xanlara, şahlara qarşı mübarizəsinə həsr olunduğu görünsə də, əslində Üzeyir bəy millətin öz varlığı üçün apardığı mübarizəni qələmə almışdı. Hətta Stalin kimi çox hiyləgər, ən dərinliklərdə gizlədilən fikirləri belə, açmağa qadir bir tiran Üzeyir bəyin etdiklərini görə, sezə bilmədi.

Qüdrətli alman bəstəkarı və dirijoru Rixard Ştraus XX əsr bəstəkarları arasında Puççinidən sonra ən çox operaları oynanılan bəstəkar sayılır. 1933-cü ildə Almaniyada hakimiyyətə gələn Nasional Sosialist Almaniya Fəhlə Partiyası əsas fiqurlarından biri Qebbels bəstəkarla heç bir məsləhətləşmə aparmadan onu Üçüncü Reyxin İmperiya musiqi palatasının prezidenti təyin edir. Baxmayaraq ki, Rixard Ştrausun nasional sosialistlərlə heç bir əlaqəsi yox idi.

Müxtəlif səpkili irihəcmli əsərlərin - 15 opera, iki balet, 10 simfonik poema, kamera, kamera instrumental əsərlərin müəllifi olan Rixard Ştraus zəngin yaradıcılıq irsinə malikdir.

Əksər operalarının libretto müəllifi olan Quto fon Qofmanstal 1929-cu ildə dünyasını dəyişəndən sonra Rixard Ştraus tanınmış yazıçı, dramaturq Stefan Sveyqlə əməkdaşlıq etməyə başlayır. 1934-cü ildə bəstəkar Stefan Sveyqin librettosu əsasında "Susqun qadın" ("Die schweigsame Frau") əsərini yazır. Əsərin premyerasına az qalmış Rixard Ştrausdan tələb olunur ki, afişalardan Stefan Sveyqin adı yığışdırılsın. Bəstəkara bildirirlər ki, Adolf Hitler premyerada iştirak edəcək, ona görə də yəhudi müəllifin adı afişada ola bilməz. Ştraus qəti şəkildə cavab verir ki, ya afişada bütün müəlliflərin, o cümlədən, libretto müəllifi Stefan Sveyqin də adı qeyd olunacaq, ya da əsər nümayiş olunmayacaq. Bəstəkarın belə prinsipial mövqeyindən şaşıran Üçüncü Reyxin rəhbərliyində təmsil olunanlar məsələni Hitlerə çatdırırlar. Hitler vəziyyətin çıxılmaz olduğunu görüb, məşhur bəstəkarla açıq konfrantasiyaya getməyin rasional sosialistlərin imicinə ciddi zərbə olacağını başa düşərək bildirir ki, Ştraus necə istəyirsə, elə də olsun. Əlbəttə ki, Hitler və ətrafı premyeraya gəlmirlər. Tamaşa bir dəfə göstərildikdən sonra teatrın repertuarından çıxarılır və nümayişi qadağan olunur.

Hitler Almaniyasında yəhudi millətindən olan insanlara qarşı kampaniya getdikcə daha böyük vüsət alırdı. 1935-ci ildə Rixard Ştraus dostu Stefan Sveyqə məktub yazır və onu dəstəklədiyini bildirir. Eyni zamanda Üçüncü Reyxdə yüksək vəzifə daşımasına baxmayaraq, bəstəkar narsistləri ciddi tənqid edirdi. Həmin məktub gestaponun əlinə keçir və onu dərhal tutduğu vəzifədən, İmperiyanın Musiqi Palatasının prezidenti vəzifəsindən azad edirlər. Bununla kifayətlənməyib, qardaşının yəhudi əsilli həyat yoldaşını oğlu ilə birlikdə həbs edirlər.

Türk Qurtuluş Savaşı zamanı Qərb Cəbhəsi Komandanı İsmət İnönü milli ruh yüksəlişini təmin etmək məqsədi ilə dövlət himni üçün şeir yazılması ilə bağlı xalqa səslənir. İsmət İnönünün çağırışına cavab olaraq yarışmaya 724 şeir təqdim olunur. Lakin bu şeirlərdən heç biri himn üçün uyğun hesab edilməmişdir. Yarışmanın qalibinə pul mükafatı təsis edildiyindən millət vəkili, şair Mehmet Akif Ərsoy bu yarışmaya qatılmaq istəməmişdi. Milli Təhsil Nazirliyi Maarif Vəkili Həmdullah Sübhi Tanrıövərin israrlı təkidindən sonra Mehmet Akif Ərsoy Ankarada Tacəddin Dərgahında Türk Ordusuna xitabən "Bizim Qəhrəman Ordumuz" şeirini yazır. 12 mart 1921-ci il tarixli parlament iclasında oxunan və böyük rəğbətlə qarşılanan şeir elə həmin gün "İstiklal Marşı" kimi qəbul olunur. Müsabiqənin qalibi üçün ayrılmış 500 lirədən imtina edən Mehmet Akif Ərsoy bu işi millət üçün, ordu üçün etdiyini bildirir. Maddi durumu çox acınacaqlı olan, hətta geyinməyə paltosu belə olmayan, soyuq qış günlərində parlament iclaslarına pencəkdə gələn şair buna baxmayaraq 500 lirə mükafatı almaqdan imtina edir.

Mehmet Akif Ərsoy bu şeiri kitablarına belə daxil etməyib. Onun istəyi nəzərə alınaraq, vəfatından sonra da nəşr olunan kitablarında bu şeir yer almayıb. Böyük şair Mehmet Akif Ərsoy bu şeirin Türk Millətinə, Türk Ordusuna aid olduğunu bildirmişdir.

1992-ci il mayın 27-də bir neçə il davam edən gərgin mübarizədən, mücadilədən sonra nəhayət ki, Azərbaycan Respublikası Milli Məclisi Üzeyir bəy Hacıbəylinin Əhməd Cavadın sözlərinə yazdığı "Azərbaycan Marşı"nı Dövlət Himni kimi rəsmiləşdirdi. 70 il Vətəndən ayrı düşən, mühacir həyatı yaşamağa məhkum edilən Cümhuriyyətçi babalarımızın qəlbində, hafizəsində qorunub saxlanılan bu müqəddəs "Alqış" nəhayət ki, məqamına yetişdi.

"Azərbaycan Marşı" Dövlət Himni kimi rəsmiləşəndən sonra bu ölməz əsəri millətimizə yenidən qaytaran, onu redaktə edib xor və orkestr üçün işləyən, ən yüksək peşəkarlıq səviyyəsində, Üzeyir bəyin adına, ruhuna layiq hazırlayan görkəmli bəstəkar Aydın. K.Azimi dəvət edib ondan hansı formada mükafatlandırılmaq istədiyini soruşurlar. Aydın. K.Azim cavab verir ki, bu işi görəndə mükafatlandırılacağım haqqında düşünməmişəm. Mən bir vətəndaş kimi, bir bəstəkar kimi öz borcumu yerinə yetirmişəm.

Beləliklə, Aydın müəllim ona israrla edilən bütün təkliflərdən imtina edib.

Sənət tarixində belə faktların sayı çox olmasa da, kifayət qədərdir. Düşünürəm ki, böyük sənətkarların həyatında, yaradıcılığında şəxsiyyət amili ciddi önəm daşıyır...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!