Bu günlərdə istedadlı gənc şair və tərcüməçi Məhəmməd Nurinin fars dilindən tərcüməsində Mana Ağayinin "Gecə monoloqu" seçmə şeirlər toplusu Azərbaycan Yazıçılar Birliyinin "Beyt Poetry" seriyasında "Zərdabi Nəşr"də işıq üzü görüb. Əslən qaşqay türkü olan Mana Ağayi 1973-cü ildə İranda, Buşehr liman şəhərində dünyaya gəlib. 1987-ci ildən Stokholmda yaşayır, ailəsi ilə birlikdə İsveçə mühacirət edib. Mana xanımın atası Şirzad Ağayi şairdi, bir neçə kitabı çap olunmuşdu; şairənin ata tərəfdən babası Qulamhüseyn Ağayi və ulu babası da şairdilər, qaşqay türkcəsində divanlar yaratsalar da, təəssüf ki, həmin əsərlər günümüzə qədər gəlib-çatmayıb. Şeirlərinin birində şairə yazır: "Babam Rza xanın tüfəngiylə öldürüldü. Qaşqa atın belində, qarlı bir aşırımda, kürəyi ancaq günəşlə isinəndə. Atamı yetmiş doqquzun inqilabı öldürdü..." Mana Ağayi tam orta təhsilini İsveçdə tamamlayıb. Uppsala Universitetindən İran dilləri üzrə bakalavr və magistr dərəcələri alıb. Hal-hazırda həmin ixtisas üzrə doktorantura oxuyur. Bir müddət nəşriyyat redaktoru kimi, sonra isə Stokholm şəhərində təsis etdiyi tərcümə bürosunda tərcüməçi kimi fəaliyyətə başlayıb. Şairənin indiyədək üç şeir kitabı - "Ölümdə sənin dodaqların olsaydı" (2003), "Özümün oğlu İsayam mən" (2007) və "Qış mənim sevgilimdir" (2012) məcmuələri işıq üzü görüb. O, bədii tərcümə fəaliyyəti ilə də məşğuldur: Çin, Yaponiya və Cənubi Koreyadan şairlərin əsərlərini, Nobel mükafatı laureatı Tranströmerin şeirlərini/haykularını tərcümə edib. "Yıllar sonra" adlı toplusu 2024-cü ildə Türkiyədə çap olunub. Şeirləri ingilis, alman, isveç, çex və fransız dillərinə tərcümə edilib, müxtəlif antologiyalarda yer alıb. Toplu üzərində Emil Camalov, Məlahət Qənbərova çalışıblar. İş adamı Məhəmməd Məhəmmədovun dəstəyi ilə çap olunan "Gecə monoloqu"nun naşiri Elman Qasımovdur. "Ədəbiyyat qəzeti"nin oxucularına kitabın redaktoru şair Səlim Babullaoğlunun Ön söz yazısını təqdim edirik.
Səlim BABULLAOĞLU
O, "şeirmərkəzçi Şərq" cəmiyyətinin, İran (ədəbi) mühitinin yetirməsidir. Qaşqay türküdür. Farsca yazır. Avropada yaşayır. Atası Şirzad Ağayi dövrünün görkəmli şairlərindən olub. Deyilənə görə, ata tərəfdən babaları da türkcə, klassik üslubda və ölçülərdə şeirlər yazıb, "Divan" bağlayıblar. Artıq on-on iki yaşlarında ümumşərq, fars poeziyasının ölçülərini, avazı və ritorikanı mənimsəyib; minə yaxın şeiri əzbər öyrənibmiş ki, şairlik yoluna qədəm basan, şəyirdliyə başlayanların klassik Şərq təcrübəsini öz bioqrafiyasında təsdiqləyib. 1987-ci ildə atasında Parkinson xəstəliyi aşkarlayıblar və o dövrdə İran-İraq müharibəsinə görə müvafiq tibbi-müalicə imkanları əlçatmaz olduğundan, üstəgəl, atasının solçu siyasi meylinə görə ailəsi ilə birgə İsveçə köçməyə məcbur olublar. Mühacirət onun şəxsiyyətinə və sonradan, təbii ki, yaradıcılığına, poetik üslub və ifadə tərzinə ciddi təsir edib.
O, ötən əsrin əvvəllərində əsası Nima Yuşic (1895-1960) tərəfindən qoyulan və "əruz-e azad"/azad əruz, "şe'r-e səfid"/ağ şeir, "şe'r-e hecai"/heca şeiri kimi növləriylə pərvəriş tapan "şe'r-e nou"nun - yeni şeirin başqa bir qolunda, "şe'r-e azad"da - sərbəst şeirdə parlayan, artıq Avropada da haqqında söz edilən, bilinən miqyaslı şairdir. Üzü böyük Azərbaycan şairi Nizami Gəncəvidən bu yana, fars dilində yazmış, bu gün də yazan qeyri-millətlərin, daha çox türklərin, o cümlədən, azərbaycanlıların pleyadasında görünür, sonuncu ad deyil; necə ki, Əhməd Şamlu, Rza Bərahəni, Nigar Xiyavi, Ziba Kərbasi, Şəhram Şeydayi, Rəsul Yunan və b. vardı və var.
O, modernistdir, amma həmin cərəyanın bir ölkə, bir coğrafiya hüdudlarındakı təzahürləriylə deyil; onun haqqında "qlobal modernistdir", demək doğru olar.

O həm fin Edit Söderqran (1892-1923) və amerikalı Silviya Platı (1932-1963) xatırladır. O (onun poeziyası) həm dil mənsubluğu, həm təmayül baxımından eyni zamanda iki böyük sələfini - Söhrab Sipehri (1928-1980) və Füruğ Fərruxzadı (1935-1967) da xatırladır; eyni qədər güclü və xoş təsir bağışlayır. Bəzi keyfiyyətlərinə görə bu iki şairin xəlitəsidir duyğusunu yaradır; amma poetik stixiyası və mündəricəsinin oxu nə Fərruxzad qədər subyektivcə içəri yönəlikdir, nə də Sipehri qədər subyektivcə fəzaya tuşlanıb və mistikdir.
Onun şeiri formanın, nitqin başlıca prinsip və elementlərinə, ahəngə tabe olsa da, ifadəlilik baxımından qiymətli olan sözlər, vurğu və intonasiyanın diktə etdiyi, əmələ gətirdiyi ritmik meyarlar/topalar təkrarlansa da, ölçü baxımından "intizamsız" və qafiyəsizdir, amma tökmə bünövrə kimi bütövdür. Bu bütövlüyün ilk təminatçısı, əlbəttə, daxili yaşantıların, hisslərin bütövlüyüdür. Amma başqa tərəfdən, hər bir şeiri yalnız oxuyub bitirəndə, yalnız son sətirlərdə anlayırsan, necəsə, hansısa sirli şəkildə bütün bu hissləri və yaşantıları elə lap əvvəldən vahid bir ideya öz arxasınca aparırmış ki, bu da şairin ustalığıdır. Deyirlər ki, ideya şairi (=şeiri) öz arxasınca ağır vaqonları çəkib aparan, ona, sonra isə həmin vaqonlardakı sərnişinlərə (= oxuculara) yolun, səfərin ecazını yaşadan lokomotivdir; onun şeiri bu düsturu təsdiq edir.
Onun şeir dili, tonu, tərzi "qeyri-rəsmi"dir, sakit və yumşaqdır, keçidləri gözlənilməzdir, oxucunu bəzən minor, bəzən major ovqatda, amma həmişə gərginlikdə saxlayır. Dərin mənalara çəkib aparır. Obrazları dəqiqdir, birbaşa poetik təhkiyə ilə yaddaqalandır, ağılla hiss əl-ələ addımlayır hər sətirdə, hər şeirdə.
Onun poeziyası cəsarətli obrazlarla, eyni zamanda zərif və özünəməxsus səsiylə seçilir, sərbəst və azaddır, həm də, bayaq dedim artıq, "şe'r-e-azad", sərbəst şeirdir; gündəlik təbii nitqin bulağından su içib, o ritmdə, tezlikdədir ki, çağdaş şairin həyat tərzinə və nitqinə eyni vaxtda sadiqlik və səmimiliyi, görünür, başqa cür təzahür etməməlidir. Modernistlərə xas fraqmentarlığı, adətən rastlanan ritm qırıqlığına, təng-nəfəsliyə əsla icazə vermir. Onun şeirləri varlığın əsas suallarına yönəlməsiylə, həyatın ağrılı nöqtələrindən bəhs etməsiylə ekzistensialdır.
Adətən, birinci şəxsin dilindən danışır, bir adamın (bəzən həmin adamın çevrəsindəkilərlə bərabər) "yaşadıqları"nı oxuyurmuş kimi mütaliə edirsən (hərçənd o bir adamın yalnız müəllifin özü olduğunu düşünmək sadəlövhlük olardı) ki, bu onun şeirinin həqiqilik əyarını artırır. Gerçək həyatdan metafizik ənginliyə qəfil çıxış və yol tapan xalis poeziyadır ki, bu yolda dini/tarixi/folklorik (məsələn, "Özümün oğlu İsayam mən", "Aşiqanə" şeirlərində olduğu kimi) mətləblərə göndərmələrlə müşayiət olunur bəzən. Yaddaş, itkilər, tale, ağrı - onun poeziyasının yol nişanlarıdır. Şəxsidə ümumu göstərmək, ümumda şəxsi təklənmişliyi, tənhalığı nişan vermək onun şeirlərinin ("Uşaqlıq", "Zəngə cavab" və b. ) məziyyətidir, bütün böyük poeziyalara xas keyfiyyət kimi.
Onun poeziyasında iki fəslə - payızın və qışın payına daha çox gün (gündüz deyil, məhz gün!) sayı düşüb, Şimal Qütb dairəsindəki ərazilər kimi; taleyin qəribə qafiyələri var, şairin bu gün İsveçdə məskunlaşması kimi. Ölümü çox düşünür (b), bəzən öz dəfnindən belə danışır şeirlərində ("Ölümdə sənin dodaqların olsaydı", "Ölümüm", "Min bir gecə"), hərçənd belə "asan danışmaqlıq" şair dilinin "yüyrəkliyinə", ya şairin "sonrakı əbədi/rahat dünyaya hüdudsuz" inamına görədirmi, birmənalı deyə bilmirsən. Bu mənada gənc şairlərə "ölümdən yazmayın, ölüm bizim imtiyazımızda olan sahə deyil" söyləsə də, öz ölümünü və dəfnini yazan ("Avqust", "Xəstəxanada") böyük Pasternakla, hər nə qədər fərqli şairlər olsalar belə, qohumdur o.
Mediativdir, güclü konsentrasiya nəticəsində faş olan stixiyaya sahibdir. Anı yaxalamaq cəhdi onun poetik kredosudur; görünür, haykulara meyli, Tumas Tranströmerin haykularını farscaya tərcümə etməsi də təsadüfi deyil; yeri gəlmişkən, adı bu yazı içində üçüncü dəfə xatırlanan Sipehri də haykuları və ümumiyyətlə yapon şeirini çox sevir, 1955-ci ildə "Soxən" ("Söz") jurnalında yapon poeziyasından tərcümələrini İran ədəbi mühitinə ilk dəfə təqdim eləmişdi.
İran modernistlərinin ustadı Nima Yuşic deyirdi ki, bu gün şeir nəğmə-nəqarat, məlum ölçünün tanış melodiyası olmaqdan daha çox, ictimai problemlərin ifadəçisinə çevrilməlidir və ölçü bizim fikirlərimizin layiqli əlbisəsi olmalıdır... O bu düstura bənzərsiz şəkildə əməl edir, inkar və təsdiq edir sanki: bir tərəfdən gerçəkçidir, amma daha vacib şeyləri və əbədiyyəti unutmayacaq qədər realistdir; digər tərəfdən, əbədi mövzularda yazır, amma gerçək həyatı gözardı eləmir; bir tərəfdən, gerçəkləri danışmaq istəmədiyini deyir; başqa tərəfdən, bunu məhz gündəlik həyatdan bəhs açaraq edir. "Manifest" şeirində "Mənim manifestim/ dərə üzərindəki körpüdür/ ki, deyir:/ şair nəhayətdə tənhadır" yazır; "manifest var və yoxdur; lazımdır və lazımsızdır"ı eyni vaxtda tələffüz elətdirir.
"Heç vaxt inqilab şairi olmayacağam" şeirində "Heç vaxt inqilab şairi olmayacağam.// Nədən ki, şeirlərim / çörək parası və işçi sinfi əvəzinə / ay parasından,/ liftsiz binada yaşayan / və xoşbəxtliyi/ bir dibçəyə su verməkdə görən, / xroniki bel ağrısı olan qadından bəhs edir" yazır; inqilabın lazımlığı və lazımsızlığı barədə eyni vaxtda danışır. "Para" bir dəfə "pul" kimi, beş söz sonra isə "yarım(çıq)" (yaxud "aypara") kimi təzahür edir; bir şeirdə, bütün məzmun götürülərsə də, ifadələr və sözlər ayrıca baxılarsa da, ustaca omonimik fəndgirlik nümayiş elətdirir; şeirlərə və sözlərə bənzərsiz çoxdiblilik, çoxqatlılıq qazandırır, xüsusi həzz yaşadır (əlbəttə, bu, eyni zamanda tərcüməçinin uğurudur).
Axırda isə yekun vurur: "Mənim şeirlərim iddiasız və sadədir/ su üzərindəki dairələr misalı və vəznsizdir yaz çiçəkləritək.// Buna rəğmən yazarkən onları/ yüngülləşirəm,/ elə bil yük qoymuşam yerə".
Başqa, ölməz bir manifest yazır.
Tərcüməçidən danışmışkən, Mana Ağayi bəxti gətirmiş şairədir, ən azı bir məsələdə bu dəqiqdir. Onun şeirlərini Məhəmməd Nuri kimi gənc, amma usta bir tərcüməçi çevirib, əslində, çevirməyib, Azərbaycan türkcəsinə sanki elə bu dildə yazılıbmış kimi qazandırıb.
Xatırlayıram, təxminən, 7-8 il əvvəl görkəmli şərqşünas alim və usta tərcüməçi Məsiağa Məhəmmədi ilk dəfə Məhəmməd haqqında ağızdolusu danışmışdı, onu şəxsən mənə və bütün ədəbi mühitimizə nişan vermişdi. Sonra biz Məhəmməd Nuri ilə "Dostun evi hardadır?" toplusunda "görüşdük" və o vaxtlar daha gənc olan tərcüməçinin Jalə İsfahani, Əhməd Şamlu, Firidun Müşiri, Huşəng İbtihac Sayə, Simin Behbəhani, Nüsrət Rəhmani, Mənuçöhr Atəşi, Yədullah Röyayi və Füruğ Fərruxzadın şeirlərindən uğurlu çevirilərini həmin kitaba daxil etdik. Daha sonralar Məhəmməd Nuri təkcə farsdilli poeziyanın deyil, ümumiyyətlə şeirin ən yaxşı tərcüməçilərindən biri olduğunu başqa tərcümələri, xüsusən, rus şair Marina Svetayevadan çevirdiyi poetik mətnlərlə təkrar-təkrar sübut elədi.
İndi isə mən həm müəllifi, həm gənc həmkarım Məhəmmədi təbrik edir, xanım Ağayinin poeziyası haqqında, onun bu gün oxucuların ixtiyarına verilən "Gecə monoloqu" toplusu haqda söylənə biləcəklərin çox hissəsini yenə dəyərli oxucuların öhdəsinə buraxıram.
19 iyun 2025-ci il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
