Nizami CƏFƏROV
Orta məktəbdə oxuyanda elə bilirdim ki, ən böyük vaqifşünas Səməd Vurğundur. Dahi şair-mütəfəkkirin (sonralar ədəbiyyatşünas-akademikin) müasir Azərbaycan ədəbiyyatının (və ədəbiyyatşünaslığının) yarandığı keçən əsrin hər cəhətdən gərgin 30-cu illərində XVIII əsrin şairini bu qədər yüksəltməsi, Azərbaycan türkcəsinə ad axtarıldığı həmin illərdə onu özünəməxsus cəsarətlə "Vaqifin şirin dili" adlandırması, əlbəttə, orta məktəb müəllimlərinə haqq vermişdi ki, sözügedən fikri bizə inamla aşılasınlar...
Universitetin filologiya fakültəsində təhsil aldığım ilk illərdə anlamağa başladım ki, Səməd Vurğun Vaqifin "tərcümeyi-hal"ında nə qədər möhtəşəm rol oynamış olsa da, XVIII əsr şairinin ən böyük araşdırıcısı akademik Həmid Araslıdır.
Doğrudan da, 30-cu illər repressiyasından sonra Həmid Araslı M.P.Vaqifin əsərlərinin ilk elmi-tənqidi mətnini hazırlayıb nəşr etdirmiş, onun həyatı, yaradıcılığı ilə bağlı araşdırmalar aparmış, o dövrün elmi-metodoloji imkanları daxilində son dərəcə dəyərli işlər görmüşdür. Ən əsası isə odur ki, M.F.Axundzadə, A.Berje, H.Vəzirov, H.Qayıbov, F.Köçərli, S.Mümtaz kimi araşdırıcıların şairin yaradıcılığı barədə formalaşdırdıqları təsəvvürləri düzgün metodologiya ilə təqdim edərək bu gün, haqqında cəsarətlə bəhs etdiyimiz vaqifşünaslığı mühüm elmi səviyyəyə yüksəltmişdir. Həmid Araslının hələ gənc ikən bu sahədə apardığı araşdırmalar dahi Səməd Vurğunun da diqqətini çəkmiş, Elmlər Akademiyasındakı çıxışlarının birində "əgər bu araşdırmalardakı məlumatlarla əvvəllər tanış olsaydım "Vaqif" dramını, bəlkə də, başqa cür yazardım" demişdi. Görkəmli alimin "XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi" (1956) monoqrafiyası, heç şübhəsiz, yalnız vaqifşünaslığın yox, ümumən "Vaqif dövrü" (Nizami, Nəsimi, Füzuli dövrlərindən sonra!) adlandırılan möhtəşəm milli ədəbi hadisənin şah əsəridir.

Universiteti bitirdikdən sonra Vaqifə (və vaqifşünaslığa) marağımı genişləndirərək, tamamilə təbii olaraq, Araz Dadaşzadənin araşdırmaları ilə tanış olmağa başladım. "Molla Pənah Vaqif (həyat və yaradıcılığı)" (1966) kitabından "XVIII əsr Azərbaycan lirikası" (1980) kitabına qədər onun M.P.Vaqif haqqındakı düşüncələrinin, demək olar ki, bütün təfərrüatlarını öyrəndim. Müəllimim, görkəmli dil tarixçisi (və Araz Dadaşzadə kimi, onun da bu il 90 illiyi keçirilən) Tofiq Hacıyevin elmi məsləhətçiliyi ilə "XVIII əsr Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyası üzərində işlədiyim 1985-1990-cı illərdə mənə aydın oldu ki, Araz Dadaşzadə vaqifşünaslıqda sıradan bir tədqiqatçı deyil. İlk növbədə ona görə ki, geniş elmi-nəzəri dünyagörüşü olan ədəbiyyatşünas öz sələflərindən fərqli olaraq Vaqifə həm dünya ədəbiyyatı, həm də 60-cı illərdən etibarən meydana çıxan yeni ideya-estetik mühakimə (və mükalimə)lər kontekstində baxa bilmişdir.
Dünayadan vaxtsız getmiş görkəmli ziyalının yaradıcılıq taleyi haqqında düşünərkən mən, görünür, çoxlarına məlum üç cəhəti xüsusi qeyd etmək istərdim ki, onlardan birincisi, Araz Dadaşzadənin fərdi (və fitri) istedadıdır. Universitetin fəlsəfə fakültəsinə daxil olması, fakültə bağlandığından təhsilini başqa fakültədə - tarixdə davam etdirməsi, aspiranturaya Elmlər Akademiyasında ədəbiyyatşünas kimi başlaması, sonra isə uzun illər Ensiklopediyada çalışması həmin istedadın hər hansı qəlibə sığmayan təzahürləridir... İkinci cəhət odur ki, Araz Dadaşzadə "Azərbaycan ədəbiyyatının vicdanı" Məmməd Arif Dadaşzadənin ailəsində dünyaya gəlmiş, ədəbi yaradıcılığı həmişə "insan və zaman", "sənətkar və vətəndaş" münasibətləri səviyyəsində dəyərləndirən ustad atanın unudulmaz dərslərini almışdır... Üçüncü cəhət isə, görkəmli şəxsiyyətin məhz öz dövrünün - 60-cı illər nəslinin səciyyəvi övladı olmasıdır ki, bu barədə həmin nəslin liderlərindən xalq yazıçısı Anarın maraqlı (və son dərəcədə təsirli) xatirələri, yəqin ki, hamıya məlumdur...
Azərbaycan Milli Elmlər Akademiyasının altı cildlik fundamental "Azərbaycan ədəbiyyatı tarixi"nin üçüncü cildindəki (2009) "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı" icmalı ilə yanaşı, "Molla Vəli Vidadi" və "Molla Pənah Vaqif" portret-oçerklərinin müəllifinin məhz Araz Dadaşzadə olması o deməkdir ki, görkəmli alimin mülahizələri yarım əsrdən çoxdur, öz aktuallığını qoruyub saxlamaqdadır. Və yeni Azərbaycan ədəbiyyatının banisinin, milli Azərbaycan İntibahının bayraqdarının son dövrdəki araşdırıcılarından biri kimi deyə bilərəm ki, ən görkəmli vaqifşünaslardan birincisi dahi Səməd Vurğun, ikincisi akademik Həmid Araslı, üçüncüsü professor Araz Dadaşzadədir... Dördüncüsünü isə deməzlər...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
