
Oxumaqdan payımız yox,
yazıdan qismətimiz.
Allah sənə rəhmət eləsin, Sabir
Bu, bir növ avtobioqrafik yazıdır.
Tam avtobioqrafik yazı olmasa da, atamla bağlı, onun verdiyi tərbiyə, onun keçdiyi dərslər, öyüd-nəsihətləriylə bağlıdır.
***
Yerevan. 1969-1970-ci illər idi. Dəqiq yadımda deyil, deyəsən, Ermənistanda Sovet hakimiyyətinin qurulmasının 50 illiyi qeyd olunurdu. Yaz ayları idi. Həmin o tədbirə Azərbaycandan İmran Qasımov, Osman Sarıvəlli, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Tofiq Bayram və daha kimlərsə dəvət olunmuşdu. Atam məni də özü ilə aparmışdı. Yenə də deyirəm, dəqiq yadımda deyil. Orta məktəbin, ya 7-ci, ya da 8-ci sinfində oxuyurdum. Səhv etmirəmsə, "Armeniya" mehmanxanasında qalırdıq. O zamanlar "otel" sözü işlənilmirdi.
Ertəsi günü mehmanxananın foyesində atamı saçları vız-vız və olduqca eybəcər bir qadınla ayaq üstə durub söhbət etdiyini gördüm. Mən də onlara yaxınlaşdım. Atam mənə:
- Ay oğul, tanış ol. Silviya Kaputikyan. Yəqin ki, eşitmisən?
- Əlbəttə.
- Hə, bu həmən o qadındır.
Qadın gülümsəyərək mənimlə əllə görüşdü və nəsə rus dilində dedi.
Atam dedi ki, oğlum Azərbaycan məktəbində oxuyur, Azərbaycan dilində təhsil alır.
Qadın təəccüblə bir də mənə baxdı. Sifətində bayaqkı gülümsəmədən heç bir əsər-əlamət qalmadı. Bayaqkı eybəcər sifəti bir az da eybəcərləşdi. Və bir kəlmə:
- Neujeli.
Sonra bir nəfər kişi də gülə-gülə bizə yaxınlaşdı. Atam məni onunla da tanış etdi. - Oğul, bu, həmişə telefonla danışdığım, hələ indiyə kimi üzünü görmədiyim Ermənistanın böyük şairi Paryur Sevakdır.
(Mən hər ikisinin adını eşitmişdim. Bizim sinif rəhbərimiz, həm də rus dili müəllimimiz milliyyətcə erməni idi - Yelena Stepanyan. Dərs vaxtı yerli-yersiz Paryur Sevakdan, Sero Xanzanyandan misallar çəkərdi. Mən də yerimdən durub deyərdim ki, bura Azərbaycan məktəbidir. Siz yaxşı olardı ki, Əhməd Cavaddan, Almaz İldırımdan misallar cəkəsiniz. Bunların adını isə, təəssüf ki, məktəbdə məndən başqa heç kim bilmirdi; nə məktəb müəllimləri, nə də şagirdlər. Bəs, bu erməni qadınında bu cəsarət hardan idi ki, Azərbaycan məktəbində erməni şair və yazıçılarını təbliğ etsin? O kimə arxayın idi? Həə... Çünki, Bakı şəhər Təhsil İdarəsinin müdiri Balayan adlı bir nəfər erməni idi. Və bununla bizim Dövlət Təhlükəsizliyi Komitəsindən heç kim maraqlanmazdı. Bu hələ 60-cı illər idi).
Atamın mənimlə Azərbaycan dilində danışığını eşidəndə, Silviya Kaputikyan üzünü həminki kişiyə tutub erməni dilində nəsə dedi. O da təəccüblə mənə baxdı. Sonra atama dedi:
- Ara, Baxtiyarcan, neujeli?
Atam da başını tərpətməklə təsdiqlədi: - Bəli, mənim övladlarım Azərbaycan dilində təhsil alırlar və burada təəccüblü heç nə yoxdur. Paryur Sevak da söz altında qalmadı.
- Yoox... təəccüblü çox şey var, - dedi.
İndi bütün bu hadisələr çox dumanlı şəkildə gözlərimin önündən gəlib-keçir. Bir də yadıma gələni odur ki, hündürboy, yaraşıqlı, cavan bir kişi də bizə yaxınlaşdı. O iki nəfərlə salamlaşıb dərhal üzünü atama tutdu.
- Ay Bəxtiyar müəllim, xoş gəlmisiniz, - dedi.
Silviya Kaputikyanla Paryur Sevak həmin cavan oğlanla atamın Azərbaycan dilində danışığını eşidən kimi, - yaxşı, sonra görüşərik, - deyərək, bizdən uzaqlaşdılar.
Atam məni o cavan kişi ilə də tanış etdi.
Axşam atamdan soruşdum ki, - ay ata, onlar axı niyə belə təəccübləndilər? Axı, Azərbaycan dilində təhsil almaqda təəccüblü nə var ki? Axı, onlar niyə Azərbaycan dilində təhsil almağımı eşidəndə "neujeli"dedilər?
- Oğul, o bizə yaxınlaşan cavan kişi bilirsən, kimdir? O burada - Yerevanda yaşayır. Hidayət Orucovdur.
- Həə... indi bildim. Sən onun haqqında çox danışmısan.
- Oğul, Hidayət olduqca milli, qeyrətli bir oğuldur. O bizə yaxınlaşıb görüşəndə onlara görə rus dilində də danışa bilərdi. Amma, o qəsdən Azərbaycan dilində danışdı. Bu bir jest idi. Bu erməni canavarlarının içində ancaq Hidayət kimi oğullar baş çıxara bilər. Oğul, burada hamının övladı, ziyalının da, fəhlənin də, mühəndisin də, həkimin də, bir sözlə, hamının övladı erməni dilində təhsil alır. Sənin fikrin özünə getməsin.. Hətta, bunların birinci katibinin övladı da (o zaman səhv etmirəmsə, Ermənistanın birinci katibi Koçinyan idi) erməni dilində təhsil alır. Bizdə isə, bunun tam əksi olduğundan, mənim övladımın Azərbaycan dilində oxumağına bunlar təəccüb etdilər, "neujeli" dedilər (Elə bu gün də, bizdə heç nə dəyişməyib. Elə indinin özündə də, övladını rus dilində oxutdurub, əslində, özləri aşağı təbəqə olub, özlərini isə yuxarı təbəqə sayanlar da "neujeli"deyir).
(Öz dilində təhsil almayanların, öz dilini bilməyənlərin bir adı var: Cəmiyyətin tör-töküntüsü. K.Uşinskiy).
Bunlara qəribə gəldi. Bizdə valideynlər övladlarının rus dilində təhsil almağını özlərinə iftixar mənbəyi sayırlar.
Həə... İndi bu hadisənin üstündən 60 ilə yaxın bir vaxtın keçməsinə baxmayaraq, o iki erməninin o dedikləri "neujeli" kəlməsi indiyə kimi qulağımdan çəkilməyib. Elə bil ki, indi də eşidirəm. Bu sözlər möhür kimi beynimə həkk olunub: "Neujeli"...
Atam mənim dərslərimlə, necə oxumağımla maraqlanmazdı. Yoox... Qətiyyən maraqlanmazdı, demək də düzgün çıxmır. Hərdən görürsən ki... Sinif rəhbərimiz evimizə zəng edib - Oğlunuz yenə də dərsdən qaçıb, oğlunuz yenə də "2" alıb, oğlunuz yenə də müəllimlə mübahisə edib, ona cavab qaytarıb, - deyəndə atam ağızını açıb gözünü yumardı. Bir-iki dəqiqə üstümə qışqırıb:
- Yenə də nə oyun çıxartmısan... Bəsdir də... Adam ol da... Oxu da... deyərdi. Gətir gündəliyini. Mübahisənin, "2"almağımın səbəbini biləndə, bir az sakitləşib, sonra üzümə baxıb gülümsəyər, daha sonra isə gülərdi.
Çünki səbəb məlum idi. Lakin, əvvəlcə üstümə qışqırmağının, məni danlamasının arxasında isə, gizli bir qürur hissi keçirdiyini də duyardum, hiss edərdim.
Atam mənimlə xüsusi məşğul olardu. Yuxarıda dediyim kimi, gündəlik dərslərimlə yox, indi nə bilim, ölən millətlərdən, unudulan dillərdən, bütöv-bütöv türkdilli millətlərin əridilməsindən danışardı, yox olmasından danışardı. Atamın mənə keçdiyi dərslərlə, məktəbdə müəllimlərin mənə dediyi dərslər, dərslik kitablarında yazılanlar, bir-birinə qətiyyən uyğun gəlmirdi. Ondan da başqa, evimizə gedib-gələn atamın dostlarından eşitdiklərimlə də, məktəb müəllimlərinin dedikləri arasında zəmin-asiman fərq görürdüm. Bunlar bir-birinə qətiyyən uyğun gəlmirdi.
- Bu ikini niyə almısan? Sonra da müəllimlə mübahisə edib ona cavab qaytarmısan. Sinif yoldaşınla da dalaşmısan. Niyə?
- Ay ata, müəllim deyirdi ki, Şaumyan Azərbaycan xalqının fəxridir. Böyük rus xalqı Azərbaycanın böyük qardaşıdır. Erməni xalqı isə Azərbaycanın əsl qardaşıdı. Böyük rus xalqı Azərbaycanı həmişə yadellilərdən qoruyub.
Mən də dedim ki, Şaumyan Azərbaycan xalqının ən qəddar düşmənidir. Rus xalqı Azərbaycan xalqının əbədi və əzəli düşmənidir. Çünki, məni əsrlərdir ki, işğal altında saxlayır. Mən rusun əsarətindəyəm. Erməni xalqı isə rus xalqının zəncirli küçüyüdür. Rus istədiyi vaxt mənim əl-ayağımı bağlayıb məni bu küçüyə döydürür. Düz 1724-cü ildən ta bu günə kimi (O zaman 1967-ci il idi).
- Yaxşı, yaxşı, bəs sinif yoldaşlarından kim sənin tərəfində oldu? Kim sənə tərəf çıxdı? Heç səni müdafiə edən oldu?
- Yox, ay ata, heç kim. Hətta, müəllimə xoş olsun deyə, mənimlə mübahisə də, etdilər.
- Hə... ay oğul, yadında qalsın, kiməsə xoş getsin deyə, tək qalan adamı təkləyənlər daha təhlükəli olurlar. Belələrindən özünü qoru. Onların qabağından qaçma. Qoy elə bilməsinlər ki, sən onların qabaqlarından qaçırsan (Heç kimin qabağından qaçmamaq atamdan aldığım ən böyük dərslərdən biri idi).
Sonra atam güldü. - Demək, sən də dədən kimi həmişə təklənirsən.
- Həə, ay ata, təklənirəm. O gün də tarix müəllimimiz bizə rusların İzmayıl qalasına olan hücumundan, rus-osmanlı müharibəsindən dərs keçirdi. Və utanmaz-utanmaz, iftixarla deyirdi ki, "ruslar qəhrəmancasına İzmayıl qalasına hücum edirdilər, türklər isə xaincəsinə qaçıb müdafiə olunurdular".
(Həmin o illərin tarix dərslərindən ta bu son illərin, yəni müstəqillik illərimizin tarix kitablarına qədər bu cümlələr işlədilirdi. İndi bilmirəm, dəyişdirilib, ya yox. İnanmıram ki, dəyişdirilə. Çünki dərsliklərimizə salınan bu cümlələr çox böyük məhəbbətlə, çox böyük şövqlə salınıb. İnanmıram ki, bu sözlər dərslik kitablarından götürülə. Çünki bəzi müəllimlərimiz, nəinki müəllimlərimiz, hətta bir çox vəzifəli "məxluqlarımız" hələ indiyə kimi rus imperiyasının qayıdacağı günə ümid bəsləyir və səbirsizliklə həmin o günü gözləyirlər. "Bəlkə də, qaytardılar" məsələsi. Əgər bu cümlələr götürülübsə, lap yaxşı. Əgər götürülübsə, yəqin ki, bu, son illərə təsadüf edər. Yox, əgər götürülməyibsə:
"Dünyada əsarətlə bütün kam alırız biz" (Sabir).
Çünki son vaxtlara qədər tarix kitablarımız Moskvanın göstərişi ilə hazırlanırdı. Bəlkə də, elə indi də hazırlanır, deyə bilmərəm. Çünki nə tarix kitablarımızda, nə də ədəbiyyat dərsliklərimizdə Rusiyanın bizi işğal etməsi sözü yazılmır. Azərbaycanın Rusiyaya ilhaq olunması sözləri yazılır. Ruslar tərəfindən işğal olunması yazılmır. Rusiyanın ömrü boyu işğalçı bir millət olması yazılmır.
Müəlliməyə də etiraz edəndə sənə "2" yazır. Mən də "2" alanda sən üstümə qışqırırsan. Atam əsəbi halda bir siqaret yandırdı.
- Yaxşı, yaxşı, sonra nə oldu?
- Sonrası heç nə. Sonrasını sən bilirsən. Apardılar məni direktorun yanına. Direktor üstümə qışqıran kimi, mən də dilimi dinc qoymadım. Dedim ki:
- Siz Azərbaycan məktəbində direktorsunuz. Özünüz də bizə Azərbaycan dilində dərs deyirsiniz. Övladlarınız isə, rus məktəbində təhsil alır. Əgər, biz hamımız gedib rus məktəbində təhsil alsaydıq, siz kimlərə dərs deyib pul qazanardınız və rus məktəbində təhsil alan övladlarınızı saxlayardız? Atam təəccüblə:
- Nəə... ə...ə... Bu sözlər sənin sözlərin deyil, bunu sənə kim deyib, kim öyrədib?
Başımı aşağı salıb yavaş səslə:
- Məmmədcəfər müəllim (Akademik Məmmədcəfər Cəfərov).
O gün sən mənə bir yazı verib onlara göndərmişdin. O da mənimlə oturub bir xeyli dərslərimlə maraqlandı. Onda mən də ona bəzi şeyləri danışanda bunları dedi. Yox, o bizim məktəbin direktorunu tanımırdı, əlbəttə, yox. Məmmədcəfər müəllim hara, məktəb direktoru hara?
Atam əlini əlinə vuraraq şaqqanaq çəkib güldü. Telefonu götürüb Məmmədcəfər müəllimə zəng etdi. Əhvalatı ona danışdı. O, da bir xeyli güldü. Sonra bir qədər kədərlə dedi ki: - Ay Bəxtiyar, mənim övladım yoxdur (həqiqətən, Məmmədcəfər müəllimin övladı yox idi). Bəs, mən də bəzi bildiklərimi kiməsə deməliyəm, kiməsə izah etməliyəm, ya yox? Bir qədər söhbətdən sonra xudahafizləşdilər.
Dedim, - ay ata, o vaxtdan sonra Məmmədcəfər müəllimin bu sözləri də mənim beynimə həkk olundu (Elə bu günə kimi də mənə rahatlıq vermir).
Məsələyə coğrafiya müəllimi də qarışdı.
- Siz, bir buna fikir verin, o gün mən dərsdə xəritəni göstərib deyirəm ki, "vətənimiz SSR-i", bu isə yerindən durub deyir ki, SSSR-i hardan mənim vətənim oldu? Mənim vətənim Azərbaycandır. SSSR-i isə Rusiyanın imperiyasıdır. Mən də asta-asta onu başa salıb deyirəm ki, biz 15 respublika birləşib bütöv bir xalq olumuşuq. Yəni, sovet xalqı. Bu isə mənə deyir ki, məni o 15 mənasız xalqlar birliyindən çox, millət maraqlandırır. Eston, gürcü, latış, sərxoş Rusiya hardan mənim qardaşım oldu? Atam sakit-sakit soruşdu:
- Bunu sənə kim deyib? - Sərxoş Rusiya sözünü.
- Kim deyəcək? Sən və Əziz müəllim (akademik Əziz Mirəhmədov).
Orada başqa bir müəllimə də var idi. Tarix müəllimi idi. Nifrətlə məni süzüb dedi ki - elə xalis dədəsinin tayıdır. Bu tarix müəlliminin övladları da rus bölməsində təhsil alırdılar, evlərində rus dilində danışırdılar.
(Saldıqca nəzər millətə heyrət edəcəksən. Sabir).
Diqqətlə mənə baxıb dedi ki:
- Vaxt gələcək, səni Sovetlər Birliyində nifrətlə xatırlayacaqlar. Sən sovet quruluşunun xalis düşmənisən. Və Sovetlər Birliyində ən arzuolunmaz adam olacaqsan. Mən də gülüb dedim ki: - Mənə verdiyiniz "Sovet quruluşunun düşməni" sözünə görə çox sağ olun. Vaxt gələcək, mən bu sözlərlə fəxr edəcəyəm, elə indinin özündə də fəxr edirəm. Siz isə, Azərbaycan xalqının düşmənisiz.
Həə... İndi müəllimlərimizin vaxtı ilə iftixarla dedikləri o Sovetlər Birliyi yox oldu, məhv oldu, yoxdur artıq. Amma, əvəzində daha təhlükəli, indi isə dağılmaqda olan Rusiya var ki, o da, inşaallah, dağılacaq, yer üzündən silinəcək. Amma mənim üçün çox maraqlıdır, o, ruspərəst tarix müəllimimiz bütün bunları hardan bilirdi? Hardan bilirdi ki, mən gələcəkdə Rusiya üçün (Sovetlər Birliyi) ən arzuolunmaz bir adam olacağam və mənim adım nifrətlə çəkiləcək? Deyəsən, Azərbaycandan Rusiya üçün arzuolunmaz şəxs tək elə bircə mənəm (Mən bununla fəxr edirəm).
Məsələ böyüdü. Mənim məktəbdən qovulmaq məsələm qaldırılmışdı. O zaman, bayaq yuxarıda dediyim kimi, Bakı Təhsil İdarəsinin müdiri Balayan familiyalı bir nəfər erməni idi. O özü şəxsən təkid edirdi ki, mən məktəbdən qovulum. Hmmm... Sözsüz ki, mən qovulmadım.
Amma...
Ədəbiyyat müəllimimiz isə, tanınmış alim Məmmədhüseyn Təhmasibin həyat yoldaşı, milliyyətcə türk olan, əslən İstanbuldan olan Bilqeyis xanım idi. Hansı rüzgar onu Azərbaycana gətirmişdirsə, mən bunu bilmirəm. Bircə o yadıma gəlir ki, bizə dərs dediyi vaxtlar hərdən özündən asılı olmayaraq türk kəlmələri də işlədirdi. Deyirdi ki, - Məktəbdən qovmaq olmaz, o hələ uşaqdır, düzələr, bir də belə şeyləri deməz.
Ümumiyyətlə, mən məktəbimizdə ən islaholunmaz bir şagird idim. Amma, o illərin şagirdlərindən də, yeganə elmlər doktoru, professor da mən oldum. Çox cavan yaşlarımdan səfir rütbəsi aldım. Çox cavan yaşlarımdan müxtəlif yüksək vəzifələrə təyin olundum. Mən bütün bunları canımla, qanımla əldə etmişdim. Çünki müharibədən yayınanlardan fərqli olaraq mən müharibə iştirakçısı idim (Əfqanıstan müharibəsi). Atamdan və onun dostlarından nəinki elm və savad əxz etmişdim, mübarizliyi, döyüşməyi, döyməyi və döyülməyi də öyrənmişdim. Hər halda ata gücünə qalxandan deyildim. Familiyamı da dəyişmişdim. Sənədlərimdə şəkili gedirdim.
Amma...
Və bütün bunlar hardan başlanmışdı.
50-ci illərin axırları idi. Həmin o dövrün ən üzdə olan, 30-34 yaşlarında artıq tanınmağa başlayan, məşhurlaşan, sevilən yazıçı və şairlərinə, Bakının ən mərkəzi küçələrinin birində, Hüsü Hacıyev küçəsində, həmişə dediyim kimi, o müqəddəs, sehrli binada ev vermişdilər: "Hüsü Hacıyev-19".
O dövrün yazıçıları, şairləri, cavan olmaqlarına baxmayaraq, beş-altı ildi ki, (bəlkə də daha da əvvəl) artıq xalq tərəfindən sevilir, oxunulurdu, kitabları az da olsa, əl-əl gəzərdi. Hamısı da cavan, bütün ömürləri də, təltifləri də, tənqidləri, tərifləri də hələ irəlidə idi, onları gözləyirdi. Bu, bir start idi. Hamı startda eyni idi. İndiki bəzi yazı yazanlar (yazıçı demirəm, çünki yazıçı deyillər, özlərini yazıçı sayanlar, oxunulmayanlar, sevilməyənlər, tanına bilməyənlər, özlərini göstərə bilməyənlər, ev almaq xatirinə yazıçı olmaq istəyənlər, hətta rus dilində olsa belə, deməliyəm ki, "bezdarnılar" (çünki Azərbaycan dilində bu sözün tərcüməsi olduqca zəif çıxır) bir-iki hekayə yazıb, "mən tarixdə qalacağam" deyən, yaşları 50-ni ötən, hələ də özlərini cavan yazıçı adlandıranlar kimi, şair ilə yazıçı sözünün fərqini bilməyənlər, öz uğursuzluqlarını onun-bunun boynuna qoymurdular, Belə yazı yazanlar təəssüf ki, hələ də hal-hazırda çoxdur. Və heç olmasa, az-çox tanınsınlar deyə və öz murdar adlarını eşitdirmək üçün onu-bunu tənqid etməklə nəyisə deməyə çalışırlar. Nəyə ümid bəsləyirlər, bilmirəm. Belə bir yazanlar diri ikən yaddan çıxırlar).
Bəli... Gənc istedadlı yazıçı nəsli yetişirdi. Biz də onların övladları idik. Həyətimizdə 100-ə yaxın uşaq var idi. Hamımız da təqribən, eyni yaşda idik. Çünki valideynlərimiz cavan idilər. Bir-iki ildən sonra hamımız məktəbə getməyə başladıq. Şübhəsiz ki, Azərbaycan bölməsinə (bir-iki nəfəri çıxmaq şərti ilə). O dövrün ən məşhur məktəbləri sayılan, ya 190, ya da 132 saylı məktəbdə təhsil alırdıq. Bunlardan biri ərəb, digəri isə fars təmayüllü məktəb idi. Valideynlərimizin dediklərinə görə, bizim hər birimizin ərəb və fars dilləri haqqında təsəvvürmüz olmalı idi. Hətta, musiqi məktəbinə də gedirdik. Biz sinifdən-sinfə keçdikcə, görürdük ki, evdə valideynlərimizin bizə verdiyi dərslərlə (ev təhsili və ev tərbiyəsi) məktəbdə müəllimlərimizin bizə keçdiyi dərslər arasında fərq vardır. Daha doğrusu, heç buna fərq də demək də olmazdı. Böyük bir uçurum, ziddiyyət var idi. Fərqi görüb və hiss edirdik. Nəyin düz, nəyin səhv olduğunu isə əvvəl-əvvəl bilməzdik.
Məsələn, müəllimimiz deyirdi ki, böyük rus xalqı. Biz isə deyirdik ki, böyük turan birliyi, türkdilli xalqların dostluğu. Müəllimimiz deyirdi ki, Lenin, Şaumyan. Biz isə deyirdik, Rəsulzadə. Hətta, onu da deyirdik ki, inqilab belə fərli zibil idisə, Şaumyan gedib onu öz xarabasında edərdi.
- Kəs səsini, sənə "2"yazıram.
Atam:
- Yaxşı, bunu bildik. Bu başqa dərslərdir. Tarixdir, ədəbiyyatdır. Bəs anatomiyadan niyə "2"almısan?
- Çünki müəllim deyirdi ki, Darvinin təkamül nəzəriyyəsinə görə, insan meymundan əmələ gəlib. Mən də deyirdim ki, Darvinin təkamül nəzəriyyəsi-filan, hamısı boş-boş şeylərdir. Nə oldu, daha meymunlar heç nəyə əmək sərf etmirlər? Bəs indi niyə yerdə qalan meymunlar insana çevrilmir? Bütün meymunlar daha tənbəlləşiblər? İnsan Yerdən kənar sivilizasiyanın məhsuludur.
Atam təəccüblə:
- Ay bala, bunu sənə kim deyib? Bu da sənin öz sözün deyil.
Sakit səslə:
- Xudu əmi (Xudu Məmmədov).
- Yaxşı, daha keçib, fikir eləmə. "2" almısan, almısan da. Çalış, gələcəkdə həyat dərslərində "2" almayasan.
Sonra həyətə düşüb həyət uşaqları ilə oynayardıq.
Aha... Bu isə əsas məsələ idi. Məktəbdə sinif yoldaşlarımdan fərqli olaraq, həyət yoldaşlarımla həmfikir idik. Hamımız eyni cür fikirləşirdik. Sözümüz uyğun gəlirdi, mübahisəmiz olmurdu, çünki eyni dərsləri, eyni tərbiyəni evdə valideynlərimizdən alırdıq. Çünki valideynlərimiz hamısı ziyalı idi. Vətən deyirdilər, millət deyirdilər, dil deyirdilər. Biz də onların övladları idik. Məktəbdə isə tam başqa şeylər eşidirdik. Müəllimlərimizdən bildiklərimizin əksini eşidirdik. Biz Rəsulzadəni, Düdənginskini təbliğ edirdik. Məktəbdə isə nə Rəsulzadəni, nə də Düdənginskini tanımırdılar. Elə ona görə də, biz hamımız orta məktəbdə zəif oxuyurduq. Çünki bizim bildiklərimiz, dediklərimiz, onların bildikləri və dediklərinə uyğun gəlmirdi, qətiyyən uyğun gəlmirdi.
Biz həyət uşaqları, 28 Aprel gününü özümüz üçün matəm günü hesab edirdik və həmin gün hamımız bir nəfər kimi qara köynək geyinirdik. Məktəbdə isə bizə bunu bayram etdirirdilər. Hələ, heç kimin bilmədiyi vaxtlarda biz 28 May gününü bayram edirdik. Məktəbdə isə nə şagirdlər, nə də müəllimlər bunu bilmirdilər. Biz - həyət uşaqları 15 sentyabr gününü bayram edirdik (Bakının bolşeviklərdən azad olunduğu günü). Bir-birimizi təbrik edirdik. Bunu isə məktəbdə heç kim bilmirdi. Hələ 60-cı illərdə biz 31 mart gününü ermənilərin azərbaycanlılara soyqırımı günü etdiklərini bilirdik, məktəblərdə isə müəllimlər deyirdilər, "ermənilər bizim qardaşımızdır".
Bizim həyətimiz sanki dövlət daxilində bir dövlət idi.
Olmuş bir hadisə. Bir dəfə 6-cı, ya da 7-ci sinifdə oxuyurduq. İki nəfər həyət dostumla - Yusif və Arif ilə (Ənvər Yusifoğlunun oğlu və Hüseyn Arifin oğlu) gecə vaxtı "26-lar bağı"nın yanından keçəndə Şaumyanın heykəlinə mürəkkəb (çernil) atmışdıq. Rəng əməlli-başlı heykəlin sifətinə yayılmışdı. Sonra da qaçmaq istəyəndə milis bizi yaxaladı. O zaman polis yox idi. Bizi bölməyə apardılar. Pahoo. Məsələ böyüdü, çox böyüdü. Hətta, məsələyə vaxtı ilə Azərbaycana rəhbərlik etmiş İmam Mustafayev də qarışdı. Hətta, Mirzə İbrahimov da məsələyə müdaxilə etdi. O zaman Azərbaycana İmam Mustafayev rəhbərlik etmirdi, elmlə məşğul idi. Amma, sözü keçirdi. Sanballı adam idi. Respublikanın ağsaqqallarından idi. Mən indi o hadisəni tam təfərrüatı ilə yazmıram, çünki buna ehtiyac da yoxdur. Birtəhər qurtardıq. Atam məni bir xeyli danladı.
Həmin ilin yayı biz istirahətə - Şəkiyə getmişdik. Elə oldu ki, atamla Qaxa da getdik. Atam məni rəhmətlik İmam Mustafayevlə tanış etdi. Çox gözəl yatımlı səsi var idi. Mənə baxıb gülə-gülə:
- Bəxtiyar, qəhrəman budur?
Həə. O zaman söz-sözü çəkdi, atamla bir xeyli ordan-burdan söhbət etdilər. Sonra İmam Mustafayev mənə dedi ki, - Bala, vaxtından əvvəl açılışma, bildiklərin özündə qalsın. Sən hələ uşaqsan. Özünü indidən belə tanıtma. Belə hərəkətlərlə mübarizə aparmaq olmaz. Bu, əsl xuliqanlıqdır. Adam mübarizəsini öz sahib olduğu kabinetində aparar. Söz sahibi, nüfuz sahibi olanda aparar. Yoxsa, belə-belə işlər etmək, sənə, gələcək arzularına bir sədd çəkər. Çalış, həyatda özünə bir mövqe tut, sonra mübarizə apar. Çalış, düşmənin gözünə şirin görün. Sonra düşmənin içinə daxil ol. Ağacı qurd içindən yeyən kimi onu ye.
Bu sözlər də beynimə ömürlük həkk olundu. Başa düşdüm ki, arzularımı, istəklərimi kabinetimdən başlayıb həyata keçirməliyəm...
Olmuş bir hadisə.
Səbayıl rayonu. (keçmiş 26 Bakı Komissarları adına rayon) İcraiyyə Komitəsinin sədriyəm. Cavan oğlan idim. 32-33 yaşım var idi. "26-lar bağı"nda 26-ların tünd-qırmızı rəngli barelyefini traktorun qarşısına qoyub sökdürdüm. Sanki ürəyimdən tikan çıxdı. Həmin bağa skamya düzdürmək olmazdı. Hamı o bağda ayaqüstə gəzməli idi. Ora mən skamyalar düzdürdüm. Mən Şaumyanın heykəlinə mürəkkəb atdığım vaxt heç ağlıma da gətirə bilməzdim ki, vaxt gələcək, elə bunu mən özüm sökdürəcəyəm. Demək, ağacı qurd içindən belə yeyər.
***
İllər ötdü, biz məktəb və universiteti bitirdik. Hərəmiz bir iş dalıyca getdik. Mən işdən-işə keçdikcə, kabinetdən-kabineti dəyişdikcə, ürəyimdə qalmış arzularımı bir-bir həyata keçirirdim və müvəffəqiyyət qazanırdım. Mən bunların hamısını canımla, qanımla əldə etmişdim.
Sonra sovetlər çökdü, rus imperiyası dağıldı. Tez-tez küçəyə çıxdığımda yenə də rusca danışıqlar eşidirəm. Ay aman, heç dəyişməmişik ki. Azərbaycan dilinin yenə də sıxışdırıldığını görürəm. Azərbaycan dilində heç bir reklamın olmadığını görürəm. Bilən də, bilməyən də, hamı rus dilində danışır. "Afərin bizə".
"Əlyaum uruslaşmaq ilə zişərəfiz biz" (Sabir)
Sabir, sənə min rəhmət.
Yenə də yadıma Paryur Sevakla, Silviya Kaputikyanın "neujeli"sözləri gəlir. Sanki mənə baxıb deyirlər: "neujeli". Mən də onlara deyirəm: "da, vı bıli pravı".
İndi bütün bunları yekunlaşdırıb bir sual vermək istəyirəm: uşaq təhsili kimdən almalıdır? Evdə valideynlərindən, yoxsa məktəbdə müəllimlərindən, yoxsa həyatda cəmiyyətdən?
Mustafa Kamal Atatürkün 1933-cü ildə Müəllimlər Konqresində etdiyi çıxışı bir də oxuyun. Dediklərim bu qədər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
