Ağrıların səsi, sədaqətin rəmzi, boz çamadanların vahiməsi... - Tural CƏFƏRLİ

Cavid Zeynallının "Şükriyyə" pyesi əsasında hazırlanan tamaşanın görünən və görünməyən tərəfləri haqqında

 

Əvvəla, onu deyim ki, dramaturq üçün uğurlu işin carçısı tamaşaçı alqışlarıdır. Yazının əvvəlini alqışlarla başlamağım təsadüfi deyil. Son illərin tamaşaçı alqışını həm də yaxşı ssenari bacarığından, bir az da məsələyə rejissor gözü ilə baxmağı tələb edir. Bu tələb ancaq yazı kontekstindən deyil, həm də oxumaq prizmasından da vacib nüansdır. Yazıçı həyatı olduğu kimi təqdim edirsə, bu artıq rejissor yanaşmasının ilk işartılarıdır.

Cavid Zeynallının "Şükriyyə" pyesi mənə Avstriya yazıçısı və dramaturqu Elfrida Yelinekin "Şəhvət" romanını xatırlatdı. Burada qadına qarşı seksual zorakılığın fonunda insanın daxili aləminin bütün elementləri və struktur vahidləri canlanır. Cavid Zeynallının "Şükriyyə" pyesi əsasında hazırlanan tamaşa üç istiqamətdə tamaşaçını düşünməyə və nəticə çıxarmağa vadar edir: 1. Zamanın içindəki tələb və təklif. 2. İnsanın  duyğu və hisslərinin onun vəhşi təbiəti ilə müqayisəsi. 3. Böyük sevginin kiçik fraqmentlərlə təsviri.

Zamanın içində tələb və təklif dövrün ağır Stalin ab-havasını məharətlə nümayiş etdirir. Bir anlıq o dövrün soyuq ölüm nəfəsini duymuş olursan. Heç bir güzəştə yer olmayan soyuq bir ölüm maşınının cənginə düşürsən. Bu ölüm maşını "düşünən beyinlər"in yox olması üçün ixtira olunub.

İnsanın duyğuları müxtəlif olduğu kimi, heç də həmişə eynilik təşkil etmir. Tamaşanın əsas qayəsində duran insan duyğusu bütün çılpaqlıqları ilə səhnəni coşdurur. Bəli, məhz coşdurur. Çünki bu duyğular həm də insan təbiətindəki vəhşi heyvanı tərpətmiş olur. Şəhvət və zorakılıq insanlığın başlanğıcından etibarən onu qarabaqara izləməkdədir...

Şükriyyənin Əhməd Cavada olan sevgisi böyüklüyündən əlavə, həm də o qədər incə və zərif təsvir olunur ki, kənardan bu, kiçik fraqmentlər kimi başa düşülür. Lakin bu da müəllifin böyük sevginin kiçik detallarla təsvirinin əhəmiyyətli olmasını vurğulamaq istəyindən irəli gəlir. Böyük sevgilər kiçik detallarda gizlənir...

Qeyd edim ki, tamaşının quruluşçu rejissoru  əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.  Tamaşa sanki qaranlıq dünyanın işıq fonunda insanın sükutudur. İnsan faktoru bütün əzab və məhrumiyyətləri ilə səhnəni daha da maraqlı edir. Əlbəttə, burada aktyor işini də xüsusilə vurğulamaq lazımdır.

Yaradıcılıq işində əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), xalq artisti Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), xalq artisti Əli Nur (Süleyman bəy), əməkdar artistlər Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), Əməkdar artist Şəlalə Şahvələdqızı (Qadın müstəntiq), aktrisa Dilarə Nəzərova (Olqa), aktyor Rüstəm Rüstəmov (Nəzarətçi), aktrisalar Aylin Həşimova (Lali), Lalə Süleymanova (Nino), Nəzrin Abdullayeva (Ayçiçək), aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov (Nəzarətçilər) istedadları ilə tamaşaya rəng qatmağı bacarırlar.

Səhnədən bir an olsun qopa bilmirsən. Çünki özünü səhnədə hiss edirsən. Özünü 37-ci ilin ağır məngənəsində görürsən. Özünü həm də, sanki o hissləri yaşamış biri kimi görürsən. Bu çox vacib məqamdır. Tamaşanın  düşüncə mexanizmində əsla pafosa və yersiz replikalara yer verilməyib. Çamadanların ifadə etdiyi məna yükündə asılı qalan fikirlər çox dərinə gedir.

Ağrılı olsa da, bu bir həqiqətdir. O çamadanların içində insan taleyinin bütün ağrıları və kədəri sığışıb. Bu ağrı və kədəri daşımaq isə məhz çamadanların görüntüsündə  qabardılır. Bu, Cavid Zeynallının hekayələrində rast gəlinən tipik insan hissinin səciyyəvi xüsusiyyətidir. Bu baxımdan müəllifin "Coğrafiya müəlliminin pencəyi" hekayəsini qeyd edə bilərik.

Ümumiyyətlə, Cavid Zeynallının pyes təcrübəsi az olsa da, onun yazıçılıq imkanları uğurlu işin ortaya çıxması üçün kifayət edir. Həm də bu pyes bir tarixdir. Düzdür, tarixi olduğu kimi yazmaq elə də asan iş deyil. Ancaq faktların olması bir az işi asanlaşdırır.

Teatrşünas alim İsrafil İsrafilovun da qeyd etdiyi kimi, çağdaş dünyanın teatr seqmentində müşahidə edilən dekonstruksiya meyilləri (əslində, bu, meyil yox, baş verən faktdır - İ.İ.) və həmin dekonstruksiyanın təşəbbüskarları və müəllifləri olan teatr xadimləri çağdaş bədii yaradıcılıq ərazisində fəaliyyət göstərən rejissor sənətinə münasibətdə yetərincə güzəştsiz və tələbkar mövqe tutmaqdadırlar. Bu mənada, gənc müəllif kimi, Cavid Zeynallının teatr dünyasına addım atmağı olduqca cəsarətli və alqışalayiq bir hadisədir.

Tamaşanın lap başlanğıcında sükut içində böyük qışqırıq və hayqırtı səslərini duymaq olar. Bu, səhnənin mərkəzində aktyorların simasında aydın sezilir. Hadisələr getdikcə hiss və duyğuların çəkisi baxımından ağırlaşır. Düşünürəm ki, bir az sentimentallığın dozasını azaltmaq olar. Çünki bu ağırlıq müasir tamaşaçı üçün çoxdur. Müasir tamaşaçı stress və depressiyanı asan qəbul edə bilmir.

Bu tamaşada isə stress və depressiv hal çox böyük ustalıqla, həm də təbii şəkildə oynanılıb. Düşünürəm ki, tamaşa yaş senzi etibarilə +30-un üzərindədir. Bu mənim şəxsi fikrimdir. Ola bilər ki, tamaşaçının psixoloji durumu ilə bu dəyişə bilər. Bir sözlə, tamaşa psixoloji faktorlarla həm tamaşaçını özünə cəlb edir, həm də onu bir az gərginlikdə saxlayır.

Dovşanların alma ağaclarının kökünü yeməsi və bunun qarşılığında bir tikə çörəyin həsrəti çox təsirli səhnələrdən biridir. Azyaşlı uşağın heç nədən xəbəri olmamış kimi oyuncağı ilə oynamağı isə ayrıca bir səhnədir. Bu səhnənin özü bəs edir ki, ötürülən əhvalatı dərk edəsən... Soyuq Sibiri iliklərinə kimi hiss etdirən səhnələrdə səs amili də xüsusi vurğulanmalıdır. Qatar səsinin kövrəkliyi və həsrəti fonunda duyğulanmamaq mümkün deyil. Bu qatar səsi milyonların ağrısını ifadə edir. Bu qatar səsi milyonların ayrılıq naləsidir. Sanki o doğma qatar səsində bir kədər, bir qəm, bir hicran var... Səhnənin dolğun dekorativliyi tamaşanın xarici görkəminə əlavə maraq qatır.

"Şükriyyə" pyesi "bağışlamaq" və "bağışlanmaq" arzusunun ortaq məxrəci kimi, bütün zamanların ritorik sualı olan "Həyatın mənası nədir?" sualına cavabdır. Həyatın mənasını getdiyin yoldan dönməmək, əqidənə sadiq qalmaq, ölümün üzünə dik baxmaq, sevginin gücünə inanmaq və beləliklə, tarixin parlaq səhifəsində həkk olunmaq kimi böyük səadətin bir parçası olmaqda görən müəllif həm də insanlığın faciəsində böyük amalların varlığını göstərmiş olur. İnsan iradəsinin azadlığı və bu iradənin gücü həm psixoloji, həm də fəlsəfi aspektdən çox aydın mənzərəni formalaşdırır. Bu mənzərə təslim olmamaq, mənəvi kirlənməmək, ölümün şərəflisini seçmək, insan ləyaqətinin önəmini vurğulmaq kimi nəsnələri birləşdirir.

"Şükriyyə" pyesi müasir teatr anlayışına həm də varislik və tarixizm prinsiplərini yeni formatda  təqdim etmiş oldu. Bu format daha realdır, daha inandırıcıdır, daha dəqiqdir. Tamaşaçı da reallığı, inandırıcılığı və dəqiqliyi ilk anlardan etibarən sezmiş olur. Bu fakt çox önəmlidir. Əgər belə olmasaydı, hadisələr də sönük və maraqsız olardı; ötürülən informasiya və əsas ideya səhnəyə ölü döl kimi düşərdi. Ancaq tamaşanın təbiiliyi və inandırıcılığı elə bir səviyyədədir ki, irəli sürülən ideya səhnədə canlı doğulur.

Bir də xüsusi olaraq qeyd etmək lazımdır ki, tamaşa zaman ölçümünə görə çox uğurlu reqlamentə istinad edir. Aktyorların fikir və düşüncələri yorucu deyil, zaman baxımından lakonik və aydındır. Düşünürəm, bu da tamaşanı bir udum su kimi içib düşüncə süzgəcindən keçirməyə şərait yaratmış olur.

"Şükriyyə" tamaşası dünənin yox, bu günün yox, sabahın tamaşasıdır. Çünki tamaşanın özəyində duran "bağışlamaq" və "bağışlanmaq" arzusu dünən bitib, bu gün gerçəkləşməyib, sabah isə yenə olacaq...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!