“Rumın yazıları” məqalələr toplusuna ön söz - Səlim BABULLAOĞLU

Minnətdarlıq və xatırlama... "Rumın yazıları" işıq üzü gördü Bu günlərdə Səlim Babullaoğlunun "Rumın yazıları" adlı məqalələr toplusu işıq üzü görüb. "Zərdabi Nəşr"də işıq üzü görən kitaba Səlim Babullaoğlunun Rumıniya və Moldova poeziyası nümayəndələrinin - klassiklərdən tutmuş, çağdaşlara qədər, müxtəlif nəsilləri təmsil edən şairlərin - Mihay Eminesku, Qriqore Vyeru, Ana Blandiana, İon Hadırka, Leo Butnaru, Arkadi Suçevyanu, İon Deakonesku, Qriqore Kiper və Nikolae Spetarunun 2017-2025-ci illərdə Azərbaycan dilində nəşr edilən kitabları, yaradıcılığı barədə yazıları daxil edilib. Müəllif kitabı indiyə qədər çap olunmuş şeir toplularının hazırlanmasına dəstək vermis dostu, tanınmış ictimai xadim, iş adamı Vüqar Novruzova ithaf edib. Kitabda haqqında bəhs açılan şairlərin yaradıcılığından, hərəsindən bir şeir olmaqla nümunələr də verilib, maraqlı fotoşəkillər, bu illər ərzində Azərbaycanda işıq üzü görən şeir kitabları və qəzet-jurnal publikasiyalarının biblioqrafik siyahısı təqdim olunub. Bütün oxucu kateqoriyalarına ünvanlanan "Rumın yazıları" postsovet dövrü Azərbaycanla Rumıniya və Moldova arasında ədəbi əlaqələri, tərcümə məsələlərini və tərcüməşünaslığın problemlərini öyrənən tədqiqatçılar üçün əsaslı mənbə sayıla bilər. S.Babullaoğlunun son söz yazısını oxuculara təqdim edirik.

Səlim BABULLAOĞLU

 

2017-ci ilin martı, ya apreli idi. Xalq yazıçısı Çingiz Abdullayevdən zəng gəldi. Dedi ki, Moldovanın Bakıdakı səfiri cənab George Leuka sənə zəng eləmək istəyir, "nömrənizi verə bilərəmmi?" deyə soruşdu. "Ola bilsin, Kişineuya, festivala gedəsiniz. Anar müəllimlə məsləhətləşdik, siz bizim Bədii Tərcümə Mərkəzinin rəhbərisiniz, əlaqə də yaradarsız..." - dedi.

Getdim, Kişineu və Moldovayla, rumındilli ədiblər, o cümlədən, rumınlar ilə tanışlığım, 8 ilə yaxın uzanan yolçuluq beləcə başladı. Amma o səfərin, 2017-ci ildə Kişineuda keçirilən "Avropa Şairlərinin Baharı" VII Beynəlxalq Poeziya Festivalında iştirakımın ən böyük nəticəsi Vüqar Novruzovla görüşümüz, tanışlığımız oldu.

Bir vaxtlar eyni siyasi coğrafiyada yaşadığımız Moldova, dil baxımından elə Rumıniya da hüquq elmləri doktoru, ictimai xadim və tanınmış iş adamı Vüqar Novruzovun alın yazısıydı, əsgərliyini orada çəkmiş, hüquq təhsili almış, 15 il Moldova Azərbaycanlıları Konqresinə rəhbərlik etmiş, bu günə qədər rəhbəri olduğu "Azmol Group" Holdinqi qurmuşdu. Vüqar Novruzov sıradan iş adamı deyil. Şəxsi həyatında və gündəlik davranışında sözün gücünü hiss edən və hiss etdirən, ədəbiyyata və sözə dərindən bağlı olan Vüqar bəy Azərbaycan və Moldova arasında sarsılmaz, təmənnasız, canlı körpüdür. Onun təşəbbüsü və dəstəyi ilə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Anar, Elçin, Vaqif Səmədoğlu, Çingiz Abdullayev, Əjdər Ol, Fərid Hüseyn və başqa ədiblərimizin kitabları, 30-a yaxın azərbaycanlı müəllifin əsəri toplanmış "Çağdaş Azərbaycan nəsri" antologiyası, Mihay Eminesku, Qriqore Vyeru, Ana Blandiana, İon Hadırka, Leo Butnaru, Arkadi Suçevyanu, İon Deakonesku, Qriqore Kiper, Nikolae Spetaru və İqor Volnitskinin, eləcə də başqa rumın ədiblərinin kitabı, 40-dan artıq Moldova şair və yazıçısının əsəri toplanmış "Dünya ədəbiyyatı" dərgisi "Moldova ədəbiyyatı" xüsusi sayının hazırlanması və nəşri mümkün olub;  2018-ci ildə Kişineuda "Azərbaycan ədəbiyyatı günləri", Bakıda "Moldova ədəbiyyatı günləri" keçirilib; 5 il ərzində Kişineuda təşkil olunan "Avropa Şairlərinin Baharı" Beynəlxalq Şeir Festivalında və başqa, o cümlədən, həm də Rumıniyada keçirilən ədəbiyyat tədbirlərində Azərbaycan ədiblərinin iştirakı təmin edilib; Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Moldova Yazıçılar Birliyi arasında Əməkdaşlıq Memorandumunun imzalanması mümkün olub.

Bu sadalananlar son 8 ildə gerçəkləşməsində şəxsən iştirak etdiyim, məhz Vüqar Novruzovun dəstək verdiyi böyük işlərin bir hissəsiydi. Vüqar Novruzov həm bu illər, həm də Moldova Azərbaycanlıları Konqresinə rəhbərlik etdiyi əvvəlki uzun illər ərzində xeyli başqa kitabların, elmi və populyar ədəbiyyatın nəşrinə, Qarabağ həqiqətlərinin Moldovada və Rumıniyada təbliğinə, Azərbaycanla bağlı kitabların çapına, həm Bakıda, həm Kişineuda təşkil olunan onlarla mədəni tədbirlərin təşkilinə ardıcıl dəstək verib. Onun təşəbbüsü və köməyi ilə 2004-cü ildə Kişineuda Nizami parkı salınıb, parkda dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstü qoyulub, Moldovanın Sıncerey şəhərində "Dostluq qapısı" abidəsi ucaldılıb. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olan Vüqar Novruzovun fəaliyyəti həm Moldova dövləti, həm də Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı, müxtəlif vaxtlarda Moldova prezidentlərinin fərmanlarıyla "Gloria Muncii" və Moldovanın ali dövlət mükafatı olan "Respublika" ordenləriylə təltif olunub. Əlinizdə tutduğunuz kitabda - "Rumın yazıları"nda barəsində yazılar toplanmış Moldova və Rumıniya ədiblərinin Azərbaycan dilindəki kitablarının (bu yazılar 8 il ərzində ərsəyə gələn, tərcüməçisi olduğum 11 kitaba Ön söz, son söz və rəylər kimi qələmə alınıb) tərcüməsi və çapı da məhz hazırkı nəşrin ithaf ünvanı Vüqar Novruzovun dəstəyi, bir çox hallarda isə onun təşəbbüsü ilə mümkün olub ki, mən indi bunu dərin minnətdarlıq hissi ilə xatırlayır, məmnuniyyətlə qeyd edirəm.

 

***

İndi təxminən, qırx üç il əvvələ qayıdıb, rumın ədəbiyyatı adına ilk oxuduğum mətni xatırlamağa çalışıram. "Pəhləvan Ageran" nağılıydı. 1976-cı il nəşri. Əli Bayramlıda evimizdən çox da aralıda olmayan (ayaqla 3-5 dəqiqəlik yoldu) kitabxana vardı; uşaqlar, yeniyetmələr, bəlkə də, məktəblilər üçündü, qarışdıra bilərəm. Elə şənbələr vardı ki, gün ərzində üç dəfə baş çəkirdim kitabxanaya. 30-40 səhifəlik kitabları bir-iki saata oxuyub geri qaytarır, təzəsini götürürdüm. Amma rumın nağılları ilə vəziyyət başqa cür olmuşdu. Kitab qalındı və mən həmin kitabdan, nağıllardan haradasa, bir həftə-on gün ayrılmadım.

Sonradan absurd teatrının banisi rumın əsilli fransız dramaturqu Ejen İoneskunun "La Salutation" (mən "Hal-əhval" kimi çevirərdim əsərin adını) qısa pyesini, bəlkə də, indiki dəblə desək, sketçi oxudum; İonesku mənim "üzləşdiyim" ikinci rumındı, 1997-ci ildən danışıram. Sonra Emil Çoranla "tanış oldum", "Tarixin sonundan sonra" əsəriylə, daha doğrusu, bu əsərin fraqmentləriylə, bir də "islaholunmaz sonuncu pessimist"in 2003-cü ildə oxuduğum aforizmləri ilə; "şüur barmağına batmış tikan deyil ki, bədəninə sancılmış xəncərdir" fikri, filosofun bir çox başqa əqli nəticələri kimi sarsıtmışdı məni.

Əsərlərini oxuduğum rumınların sırasına rumındilli ədəbiyyatın klassiki Eminesku da əlavə olundu, 2004, ya da 2005-ci ildi gərək ki. Bu yerdə hər nə qədər utansam belə, bir etiraf da etməliyəm: bir vaxtlar moldovan adlandırdığımız insanların elə rumın, "moldav dili" dediyimiz dilin isə elə "rumın dili" olduğunu mən həmin illərdə öyrəndim. 2009-cu ildə mən adını sonradan sevdiyim Şərqi Avropa şairlərinin siyahısına əlavə etdiyim Qriqore Vyerunun bir neçə şeirini oxudum, Ramiz Rövşənin tərcüməsində, "Xəzər" jurnalında; bu böyük şairin yaradıcılığına mən 15 il sonra əsaslı şəkildə baş vuracaqdım.

 

***

2017-2025-ci illərdə mən müxtəlif nəsilləri təmsil edən və müxtəlif ədəbi çəkiyə malik Moldova şairləri  - Qriqore Vyeru, İon Hadırka, Leo Butnaru, Arkadie Suçevyanu, Nikolae Spetaru, Qriqore Kiper, Marqareta Kurtesku, Mariya Pilkin, İvan Pilkin, Raisa Sıbırne, Viktoriya Fonari, Olqa Xodova, Todur Zanet, Olqa Radova-Karanastas və Güllü Qərənfilin (Qaqauz Yerindən olan sonuncu üç şair, həm türkdilli ədəbiyyatın, həm də Moldova ədəbiyyatının təmsilçiləridir) Rumıniya şairləri - Ana Blandiana, İon Deakonesku, Nikita Danilov, Adi Kristi və Daniel Korbunun, eləcə də Rumıniya və Moldova ədəbiyyatının, rumındilli ədəbiyyatın ortaq klassiki Mihay Emineskunun poeziyasını ana dilimizə çevirdim; bir çox tərcümələr kitablaşdı, 11 poetik toplu ərsəyə gəldi ki, bu prosesdə mən dəyərli həmkarlarım, şairlər, tərcüməçilər, alimlər - adını ilk növbədə qeyd etmək istədiyim tarix və filologiya üzrə fəlsəfə doktoru J.İsmayıl, professor Cavanşir Yusifli, filologiya üzrə fəlsəfə doktoru Qismət Rüstəmovla əməkdaşlıq etdim; "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, dərginin Moldova və Rumıniya xüsusi saylarının hazırlanmasında böyük zəhməti olan həmkarım, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynli ilə ortaq işlədim, həm adıçəkilən rumın şairlərin yaradıcılığı, bütövlükdə isə rumındilli poeziya ilə bağlı xeyli materiallar oxudum. Şərqi Avropa coğrafiyasının ən unikal poetik ərazisini - Moldova və Rumıniyanı yaxından tanıdım. İş elə gətirdi ki, Blandiana, Hadırka, Deakonesku, Suçevyanu, Butnaru, Spetaru, Kiper, Kurtesku, Miroslava Metlyayeva, Kristi, Korbu, Danilov, Mariya və İvan Pilkinlər, Todur Zanet, Viktoriya Fonari, Olqa Radova-Karanastas və əsərlərini tərcümə etmədiyim İqor Volnitski, Boris Marian, Teo Kiriak, Moni Stanila, Dumitru Krudu, Vladimir Lorçenkov və onlarla başqalarıyla Bakıda, Kişineuda, Ankarada, İstanbulda, Yaşda, Krayovada, Moskvada, Qdanskda dəfələrlə görüşdüm. Nikolae Spetaru ilə münasibətlərimiz dostluğa çevrildi və o mənim tərcümələr üzərində işlədiyim zaman ən yaxın, təmənnasız məsləhətçim olmaqdan usanmadı. Öz-özünə, planlaşdırılması mümkün olmayan bir proses başladı və Azərbaycan oxucusunun ixtiyarına buraxılan, az əvvəl söylədiyim kimi, 11 şeir kitabıyla bitdi, deyə bilərəm.

Əlbəttə, həm bu kitablara daxil edilən şeirlər, həm də həmin şeirlərin tərcümə səviyyəsi haqqında fərqli fikirlər ola bilər. Necə ki, illər sonra mən öz tərcümələrimə baxanda müəyyən şeyləri başqa cür eləməyin mümkünlüyünü daha aydın hiss edir, təsdiq edirəm ki, yaradıcılıq, həmçinin tərcümə işi nəhayətsiz redaktə prosesidir bir az da. Amma ümid edirəm, sonradan bir faktı təsdiqləyənlər az olmayacaq ki, bu 8 il rumındilli ədəbiyyatın, xüsusən, poeziyanın ana dilimizə çevrilməsinin təkcə 34 illik müstəqillik dövründə deyil, hətta 70 ilə yaxın "sovet epoxası"nda da ən məhsuldar dövrü sayıla bilər.

Bu illər ərzində nəşr olunan kitabların həm Azərbaycanda, həm Moldova və Rumıniyada təqdimatları oldu, "ədəbiyyat günləri", festivallar, tədbirlər keçirildi. Mən Moldovanın Azərbaycandakı səfirləri - George Leuka, Alexsander Esaulenko, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ilə dəfələrlə ünisyyətdə oldum, cənab Soare ilə isti dostluq münasibətlərimiz də formalaşdı ki, mən indi bu şəxslərin hamısına səmimiyyətlə təşəkkür edirəm.

Yeri gəlmişkən, Mihay Emineskunun Vüqar Novruzovun dəstəyi ilə hazırladığımız şeirlərindən xəbər tutan (onda hələ biz öz Bakı nəşrimizi çapa verməmişdik) Rumıniyanın Bakıdakı səfiri cənab Vasile Soare Azərbaycandakı diplomatik fəaliyyətinin ilk aylarında tərcümələri bizdən istəyərək ilk nəşri də gerçəkləşdirmişdi.

Kitablara daxil edilmiş şeirlər zamanında tərcümə edilə-edilə "Ədəbiyyat qəzeti", "Ulduz" jurnalı, "525-ci qəzet", "Mütərcim" toplusu, "Elm" qəzeti, AMEA-nın saytı, www.kulis.az, www. mustaqil.az, www.manera.az, www. zefernews, www.yazarlar.az və b. elektron resurslarda dərc olunmuşdu.

Kitablar çap edildikdən sonra isə onların təqdimatları (bəzən müəlliflərinin iştirakı ilə) yuxarıda adını çəkdiyim elektron KİV-lə yanaşı, AzTV, "Mədəniyyət" kanalı, Real TV, Baku TV, Reaksiya TV və başqa televiziya və internet kanallarında geniş təbliğ olunmuş, işıqlandırılmışdı.

Bu təqdimatların keçirilməsində Bakı Kitab Mərkəzi, AMEA Ədəbiyyat İnstitutu və AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Milli İncəsənət Muzeyi, Muğam Mərkəzi bizə, Azərbaycan Yazıçılar Birliyinə yaxından köməklik göstərmişdi. Mən adıçəkilən bütün qurumlara və KİV-ə minnətdarlıq edirəm.

Amma bu müddət ərzində, daha doğrusu, bir dövrün sonuna yaxın (ümid edirəm ki, başqa bir dövrün və prosesin başlanğıcında), ola bilsin, başqaları üçün əhəmiyyətli görünməyən bir şəxsi sual məni ciddi şəkildə düşündürür. Bu prosesdə daha çox kim olaraq iştirak etmişdim? Tərcüməçi kimimi, ya ədəbi işin təşkilatçısı olaraq, öz vəzifə borcunu yerinə yetirən şəxs qismindəmi?

Hər halda xatırlayıram, 2023-cü il yanvar ayının ilk günlərində mən ölüm yatağında olan atamın çarpayısı başında ona qulluq edirdim, elə gecələr, gündüzlər olurdu ki, 40-50 dəfə, bəlkə də, daha çox ona su verir, dodaqlarını isladır, yatağında rahat olsun deyə, yerini azacıq da olsa dəyişirdim. Və bu işlərin arasında 2-3 dəqiqəlik fasilələrdə Emineskunun nəşriyyata göndərməli olduğum kitabının (kitab yanvarın 14-nə qədər nəşr olunmalıydı) son oxusuna baş vurur, redaktə eləməyə çalışırdım, bilmirəm, bəlkə də, özümü ovutmağa, ölümü yox, həyatı düşünməyə çalışırdım. Amma atamın tez-tez halsız səslə saatı soruşmağı yenə də həyatdan yox, ölümdən danışır, ölümü xatırladırdı; adətən həyatımızı, günümüzü planlaşdırmağa xidmət edən zamanın, saatın, sən demə, daha çox ölümü xatırlatmalı olduğunu mən ilk dəfə belə aydın-açıq hiss etdim. Atam yanvarın 15-i, Emineskunun doğum günündə vəfat etdi: bu isə ağlagəlməz həyat-ölüm qafiləsinin təklif etdiyi ağrılı qafiyələr idi. İki il sonra, yəni indi anlayıram, bütün işlər həmişə yarımçıq qalacaq.

 

***

Kollektiv, ictimai təcrübə və yaşantılarla şəxsi təcrübə və yaşantıların arasında əsas əlaqə ədəbiyyat və xüsusən, ali nitq hadisəsi kimi poeziya vasitəsiylə qurulur. Çılpaq, soyuq, zahiri hadisələr, faktlar, statistika ilə daxili, batini hadisələr - hisslərimiz, fikirlərimiz az-çox düşünən adamların içindəki iki səs kimi bizi ömrü boyu müşayiət edir. Poeziya bu iki, sanki həm özgə dillərdə danışanların öz aralarında, ortaq məxrəcə gəlib bütünləşəndə isə həm də onlar ilə cəmiyyət arasında dilmanc, tərcüməçi rolunu oynayır. Rumın şairlərin şeirlərini tərcümə edərkən mən bu fikrin bir daha təsdiqini tapdım.

Həyatının yetkinlik illərində Şərqi Avropa ədəbiyyatının, poeziyasının, belə demək mümkünsə, muxtariyyəti, özəlliyi haqda tez-tez danışan, bu ədəbiyyatın ümum-Avropa ədəbiyyatı, mədəniyyəti kontekstində bir çox hallarda gözardı edilməsi ilə heç vaxt barışmayan, XX əsrin görkəmli şairlərindən biri, ədəbiyyat üzrə Nobel mükafatı laureatı, böyük polyak düşünər Çeslav Miloş (1911-2004) yazırdı: "Avropa mədəniyyəti xeyir və şər, həqiqət və yalan kimi aydın meyarların itirildiyi, fərdlərin isə dəyərləri təhrif etməkdə təcrübəli və güclü olan kollektiv hərəkatların oyuncağına çevrildiyi bir mərhələyə qədəm qoyub. Nəticədə, hər gün qara ağa, cinayət tərifəlayiq əmələ, aşkar yalan isə hər kəs üçün məcburi doqmaya/ehkama çevrilir..."

Bu fikirlərlə razılaşmamaq olmur; üstəgəl, düşünürəm ki, Avropa mədəniyyəti deyərkən, pan Miloş yalnız siyasi-coğrafi ərazi olaraq Avropadan bəhs etmir, 300 ildir ki, dominantlıq təşkil edən bir mədəniyyətin ərazisindən, əslində bütün sivil dünyadan bəhs edirdi. Məsələ budur ki, Avropa xalqlarının poeziyasının böyük "kütləsi" bu dövr ərzində həm də Miloşun dediyi çöküşə refleksiya, reaksiya kimi meydana çıxıb; fikirləşirəm ki, mənim tərcüməçilik fəaliyyətimin, ya şüurlu, ya təhtəlşüur, bizim ərazilərdə - Qafqazda, Orta Asiyada, müsəlman və türk Şərqində baş verməkdə olan mənəvi çöküşü önləmək kimi bir hərəkətverici qüvvəsi, niyyəti, sadəlövh bir inam olub. Təbii, bu cür işlərdə heç bir və qəti müvəffəqlikdən söz gedə bilməz. Hər necəsə, dəyərli oxucuların əlində tutduğu bu kitab və bu kitaba yazılmış son söz poeziya tərcüməçisi kimi fəaliyyətinə son verməkdə olan bir adamın bir az hesabatı, daha çox minnətdarlığı və xatırlaması idi.

 

10 dekabr 2025-ci il

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!