Cəfakeş teatr fədailəri (III yazı) - Əbülfət VƏLİ - İlham RƏHİMLİ

Hörmətli oxucular! Milli teatrımızın təşəkkülündə və müxtəlif inkişaf mərhələlərində yüzlərlə sənət fədaisinin böyük xidmətləri olub. Çox-çox təəssüflər ki, teatr icmasının gəncləri, eləcə də səhnə sənətində çalışan xeyli ortayaşlı səhnəsevər həmin fədailərin böyük əksəriyyətini tanımırlar. Tanıyanların da çoxu illər uzunu televiziyadan, radiodan adlarını eşitmədikləri, haqlarında mətbuatda oxumadıqları fədailəri unudublar... Fikrimcə, həmin səhnə fədailərimizi az qism tanıyanlara xatırlatmaq, tanımayanlara tanıtmaq teatr tədqiqatçılarımızın müqəddəs mənəvi və peşə borcudur. Mən öz yazılarımda əsasən yaradıcılıq faktlarını təqdim edəcəm.

 

Əbülfət VƏLİ

(1867-29.11.1918)

 

Milli teatr sənətimizin səhnə fəaliyyətini özünə yaradıcılıq və həyat yolu seçən ilk peşəkar aktyorlardan biri Əbülfət Vəlidir (Vəliyev). Həyatı haqqında məlumat çox az olan Əbülfət Vəlinin yaşını Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" pyesinin yazılma tarixi əsasında müəyyənləşdirən teatrşünas İnqilab Kərimovun qənaətləri inandırıcı və hələlik əlimizdə yeganə istinad dəlilidir. Xatırladım ki, Əbdürrəhim bəy Haqverdiyev "Ac həriflər" məzhəkəsində Hüseyn Ərəblinski ilə Əbülfət Vəlinin obrazlarını yaradıb və əsərini də məhz onlara ithaf edib.

Əbülfət Məhəmmədhəsən bəy oğlu Vəliyev səhnəyə 1880-ci illərin ortalarında gəlib. On doqquzuncu əsrin son iyirmi ilində teatr truppalarında fəal çalışan, Sultanməcid Qənizadə və Həbib bəy Mahmudbəyovla birgə teatr prosesini canlandıran, əslən Şuşadan olan maarifçi, teatr həvəskarı, şair Nəcəfqulu Vəliyevin (təxəllüsü Şeyda) kiçik qardaşıdır. Onlar əslən Şuşadandırlar.

Buna görə də əsasən müəllimlər Həbib bəy Mahmudbəyovun və Soltanməcid Qənizadənin hazırladıqları həvəskar tamaşalarında həm kiçik, həm epizod, həm də əsas rollarda çıxış edib. Sonralar özünün, eləcə də sənətkar dostu Cahangir Zeynalovun quruluş verdikləri tamaşalarda da oynayıb. İyirminci əsrdə "Müsəlman artistləri cəmiyyəti", "Nicat", "Həmiyyət", "Səfa" teatr truppalarında aktyorluq və rejissorluq edib. Hüseyn Ərəblinskinin quruluş verdiyi əksər tamaşalarda məsul müdir Əbülfət Vəli olub. Onun qastrol təşkil etməkdə, truppanı bir qayə ətrafında birləşdirməkdə xüsusi bacarıq və səriştəsi vardı.

Zəhmətkeş səhnə fədaisi Əbülfət Vəli Bakıda Realnı Məktəbdə oxuyub. Bu təhsil ocağının altı sinfini bitirməsi səhnə yaradıcılığında ona kömək olub. 1918-ci il rusca "Azərbaycan" qəzetində Kərim bəy Məlikovun yazdığı vida məqaləsindən aydın olur ki, Əbülfət Vəli noyabr ayının axırlarında Göyçay rayonunda acınacaqlı vəziyyətdə dünyasını dəyişib. Səhərisi gün azərbaycanca çıxan eyniadlı qəzet "X" imzası ilə aktyor barədə səmimi vida yazısı dərc edib.

Azərbaycan aktyorlarının bir dəstəsi Əbülfət Vəlinin rəhbərliyi ilə İrəvan, Tiflis, Batum, Suxumi, İstanbul, Sevastopol, Yalta, Aşqabad, Mahaçqala şəhərlərində qastrolda olub. O, bir neçə dəfə Üzeyir bəy Hacıbəyli ilə, Süleyman Sani Axundovla, Mehdi bəy Hacınski ilə birgə "Nicat" cəmiyyətində ədəbiyyat və teatr komissiyasının üzvü seçilib. Səhnə fədaisi Balaxanı məktəbində dərs deyib.

 

Əbülfət Vəli Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Murov, Xəlil yüzbaşı, "Müsyö Jordan və dərviş Məstəli şah" məsxərəsində Hatəmxan ağa, Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsində Cahangir bəy, Rüstəm bəy və Fəxrəddin, "Daldan atılan daş topuğa dəyər" məzhəkəsində Dəli Şirin, "Ev tərbiyəsinin bir şəkli" vodevilində Şahmar bəy, Nəriman Nərimanovun "Nadir şah Əfşar" tarixi faciəsində Sərbaz, Şah Təhmas, Saleh bəy, Cavad xan, Ədhəm xan, Cahangir bəy, Sərbaz, Əbdürrəhim bəy, "Bahadır və Sona"da Dayı, "Dilin bəlası" dramında Niyaz bəy, Əbdürrəhim bəy Haqverdiyevin yazdığı "Bəxtsiz cavan"da Həkim, Heydər bəy və Hacı Səməd ağa, "Ağa Məhəmməd şah Qacar"da Mürtəzaqulu xan, Mustafa xan və İkinci İrakli, "Ac həriflər"də Tağı, "Dağılan tifaq"da ("Qumarbazın axırıncı günü" kimi də yazılıb) Əbdül, Rza Zaki Lətifbəyovun "Köhnə Türkiyədə" pyesində Həsən bəy, İsgəndər bəy Məlikovun "Yaxşılığa yamanlıq" didaktik əsərində Sultan, Yusif Talıbzadənin "Ərmənusə", yaxud "Fəthi Misir" və "Xalid ibn Valid", yaxud "Suriyanın fəthi" mistik dramında Ömər ibn As və Əbu Übeyd rollarında dəfələrlə səhnəyə çıxıb.

Aktyorun rollar silsiləsində tərcümə əsərlərində canlandırdığı obrazlar ayrıca yer tutur. Onlardan Osmanlı ədibləri Şəmsəddin Saminin "Dəmirçi Gavə" (Gavə), Namiq Kamalın "Vətən" (Sidqi bəy), "Bəxtsiz bala" (Xəlil bəy və Həkim), Məhəmməd Ehsanın "Cövdət bəy" (Natiq), Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin "Əmir Əbülüla" (Əbu Diyab. Əbu Dəyyab da yazılıb), Fridrix Şillerin "Qaçaqlar" (Qoca Moor), Yevgeni Çirkovun "Yəhudilər" (Ata), Henrix Heynenin "Əl Mənsur" (Ömər ibn As və Həsən), Rudolf Botşaldın "Qafqaz çiçəkləri" (Dağıstan qəhrəmanı), Matterinin "Yaddaş kitabçası" (Kişi), təbdil olunmuş "Qaranlıqda işıq" (Potap), S.Lanskoyun "Qəzavat" (Həsən) dramlarının tamaşalarında oynadığı rollarını göstərmək olar.

O dövrün mətbuatı Əbülfət Vəlinin tərcümə və təbdil komediyalarında məharətlə oynadığı Şveytser ("Qaçaqlar", Fridrix Şiller), Potap ("Əvvəlinci şərabçı", Lev Tolstoy), Cənnətəli ("Zorən təbib", Jan Batist Molyer), Dobçinski ("Müfəttiş", Nikolay Qoqol), Məşədi Kərim ("Pulsuzluq", İvan Turgenev. Ceyhun Hacıbəylinin təbdili), Tağı ("Aktyorun həyatı", İ.Lentovski. Pyesin adı "Artistlərin məişətləri", "Aktyorun məişəti" kimi də yazılıb) rollarına yüksək qiymət verib. Həmin tamaşalarda aktyorun təbii oyunu, səhnə ciddiliyi və sözləri aydın tələffüzlə çatdırmaq bacarığı qeyd olunub.

Rejissor kimi də ciddi fəaliyyət göstərən Əbülfət Vəli dramaturqlardan Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Nəriman Nərimanovun "Nadir şah Əfşar", Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər", "Müsibəti-Fəxrəddin", "Hacı Qəmbər", Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", "Dağılan tifaq", Qulamrza Şərifzadənin "Molla Nəsrəddin", Rza Zaki Lətifbəyovun "Köhnə Türkiyə", Sultanməcid Qənizadənin "Dursunəli və ballıbadı", Üzeyir bəy Hacıbəylinin "Məşədi İbad" əsərlərinə səhnə quruluşu verib.

1911-ci ildə müvəqqəti olaraq "Nicat" cəmiyyətinin teatr truppasından ayrılmış Əbülfət Vəli "Mirat" (Güzgü) dram dərnəyi yaradıb. O, burada da müxtəlif əsərləri, əsasən kiçikhəcmli pyesləri tamaşaya hazırlayıb. Həmin il Əbülfət Vəli güzəranının çətinliyindən səhnəni atıb Daşkəndə getmək istəyib. Ancaq bu cəhdi alınmadığına görə həvəskar aktyorlardan ibarət dəstə bağlayıb və Qafqazın müsəlmanlar yaşayan bölgələrinə qastrola çıxıb.

Əbülfət Vəli, çağdaş dillə desəm, ayrı-ayrı dəstələrdə truppa müdirliyi vəzifəsini bacarıqla icra edib. Bütün aktyorlar onun hörmət və ehtiramını uca tutublar.

Həm mətbuat, həm də təcrübəli sənətkarlar Əbülfət Vəlinin səhnə səmimiyyətini, cəfakeşliyini, istedadı üzərində yaradıcılıqla işləməsini başqalarına nümunə və örnək göstəriblər.

Əbülfət Vəli 1918-ci ildə daşnak ermənilərin və rus bolşeviklərinin Bakını talan edib viran qoyduğu günlərdə şəhəri tərk etməyib. Bir müddət sonra ciddi maddi çətinliklərlə üzləşdiyinə görə Göyçay rayonuna gedib. 1918-ci il noyabr ayının 29-da miskin şəkildə dünyasını dəyişib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!