Nəsr... Nəzm... - Yaradıcılıq və insanlıq... - İFTİXAR

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi Hidayət çoxşaxəli, özünəməxsus yaradıcılıq üslubu olan sənətkar, parlaq həyat yolu yaşayan və insanlıq meyarları ilə seçilən şəxsiyyətdir.

Hələ gənclik illərindən başlayaraq, ədəbiyyatın səhifələrinə peşəkar qələm sahibi kimi qədəm qoyan Hidayət dünyaya göz açdığı və böyüyüb boya-başa çatdığı mühitin onun ruhuna ötürdüyü mübarizə əzmi ilə formalaşdı, yetişdi, püxtələşdi və bütün yaradıcılığı boyu həmin mühitin əzmkar ovqatı ilə də yazıb yaratdı. Hidayət müəllimin düşüncə çəmbərində vətənpərvərlik, milli ruhun daim dirçəlişi, dövlətçilik sevgisi, valideyn, ailə, övlad və ətraf mühitə qarşı məhəbbət ehtirası, dostlara ülvi münasibət, sədaqət, insanlara və ümumən insanlığa böyük diqqət, rəğbət həmişə aktiv şəkildə cərəyan edir.

Bu cür qrammatik bütövlüklə həyata baxan gənc Hidayət elə həmin hisslərlə də ədəbiyyata gəlib. Onun nəsri üslub, dil, poetik ruh baxımından orijinaldır. Hansı əsərini oxusan, səni birbaşa Hidayət ruhuna bağlayır. Və ayrıca, mövzu etibarı ilə Hidayətin əsərlərində milli mövqe, yüksək vətənpərvərlik eşqi, mübarizə əzmi ön plandadır; bir növ, yaradıcılıq konsepsiyasının leytmotivini təşkil edir və son dərəcə güclüdür. Dramaturgiyası isə, ümumən milli mübarizəyə həsr olunub - Qərbi Azərbaycan, İrəvan problemi dramaturgiyasının ana xəttidir. Vaxtilə rastlaşdığı və özünün bilavasitə canlı mübarizə apardığı real hadisələr pyeslərinə can verir. Nə yaxşı ki, biz məhz həmin milli ruhu dirçəldən əsərlərin hamısına İrəvan Dövlət Azərbaycan Dram Teatrında səhnə həyatı vermişik, tamaşaçılara təsir effektini görmüşük və tamaşaların görüntülərini gələcək nəslə ötürmək üçün arxivdə qorunmasına nail olmuşuq.

Hidayət müəllimin məziyyətlərini artıq illərdir ki, müşahidələrim və münasibətimiz arealından aldığım təəssüratlarım əsasında, vaxtaşırı, hisslərimin, duyğularımın, ələlxüsus da, öz dilindən eşitdiyim, eyni zamanda görkəmli şəxsiyyətlərin fikirlərindən aldığım və şəxsən gördüyüm, şahidi olduğum hadisələrin qaynağından boy verən faktlara söykənərək qələmə aldığım müxtəlif məzmunlu yazılarımla, ümumən isə, "Hidayət və teatr" adlı elmi-publisistik monoqrafiyamda qələmin göz bəbəyindən vərəqlər üzərinə damla-damla hopdurmuş, bir neçə rakursdan geniş şərh verməyə çalışmışam.

 

İstər İrəvandakı fəaliyyəti dövründə, istərsə də Azərbaycanda və Qırğızıstan Respublikasında görəvlərini yerinə yetirən zaman Hidayət müəllimin bir mövqeyi, bir amalı olub - İnsanlıq! İnsanlığa dəyər! Vicdan və vicdanın səsinə diqqət! Həqiqət və haqqın müdafiəsi!.. Və bütün ömrü boyu əks qüvvələrlə məhz bir İnsan kimi mücadilə aparıb. Mən Tiflisdə çalışarkən, oradakı soydaşlarımızın mövqeyi barədə nələr etdiyinin şahidiyəm. Bu barədə az da olsa, yazmışam. Ancaq yazılmayan həm İrəvandakı dövrü, həm Azərbaycan və Qırğızıstandakı dövrləri, şübhəsiz ki, geniş əhatədə yazılması üçün zəngin materiallarla öz növbəsini gözləyir. Fikrimcə, Hidayət yaradıcılığı, Hidayətin bir şəxsiyyət kimi apardığı milli mücadilə elmi işlərin əl-əl gəzilən mövzularındandır. Çünki Hidayət yaradıcılığındakı qan yaddaşına ehtiram, özünüdərk, özünədönüş məfkurəsi yeni nəslin yetişməsi üçün əsl dərs vəsaitidir:

 

Təzədən köhnəylə yarışmalıyıq,

Təzədən təzəylə barışmalıyıq.

Yenə özümüzlə vuruşmalıyıq,

Yenə özümüzə qovuşmalıyıq...

 

Yurd sevgisi, el-oba məhəbbəti, vətən eşqi, doğma torpaqların həsrəti Hidayət müəllimi bir an belə tərk etmir, rahat buraxmır; narahat duyğularla onu daim dindirir, özünə çəkir:

 

Bir səhər əyləşib yol maşınına

Qəlbimdə həsrətin,

ümidin

şübhən...

Kəndimiz görünən gədik başına,

O nəğməli yurda uçacağam mən!

 

Hidayət bir şair kimi həmişə özünün-özünə tələbləri ilə yaradıcılığına nəzarət missiyasını da etiraf edir:

 

Poeziya, mənim sənə imtahanım var,

"Üç" alsam da,

            "dörd" alsam da, kəsilən mənəm...

 

Ancaq Hidayətin poeziya dünyası heç vaxt səngimir, kəsirdə qalmır, daim hərəkətdə və inkişafdadır, çünki poeziya onun həyat ritmidir:

 

Sevinclə kədərin qarışığında,

Umu-küsülərin barışığında,

Qövsü-quzehlərin yaraşığında

Zirvəyə qalxıram, dağ aşıram mən -

"Bir nəğmə yazıram...

Yaşayıram mən.

 

Ta gəncliyindən belə ruhla çalışan şair, sözün həqiqi mənasında, zirvəyə qalxdı, dağ aşdı, həmişə də o cür ruhla yaşadı və bu gün də həmin ruhla yaşamaqda, yazıb-yaratmaqdadır. Düşüncəsi, fikri ümummilli ideyaların yaşaması, millətimizin, tarixin səhifəsində öz milli kimliyinə layiq yerini həmişə yüksək meyarlarla qoruyub saxlaması üçün çalışır. Şairin məfkurəsi budur:

 

Tarixin qoynunda min cür səs-səmir -

Hərə yaranıbdır bir niyyət üçün:

Adam var -

            Evinin dərdini çəkmir,

Adam var -

            Doğulub bəşəriyyətçün.

 

Hidayət müəllim belə məntiqlə həyatını quran, daim belə düşüncələrlə yaşayan və ətrafındakılara da həmişə belə fikirlər aşılayan müdrikdir. Hidayət müəllimin heç vaxt unutmadığım bir tövsiyəsini həmişə, yeri gəldikcə, hər kəsə nümunə olacaq həzzlə, ləzzətlə söyləyirəm: "Uca ol!"... Ucalıq Hidayət müəllimin həyat kredosudur:

 

Harda çinarlar var - ucadan uca,

Harda qayalar var - dağlardan qoca,

Harda yolçu istər təzə yol aça -

Ürəyim ordadır, özüm ordayam.

 

Ucalıq fenomeni Hidayət müəllim bir an belə idrakından kənara ayrılmır və onu həmişə, hər kəsə qarşı humanist, xeyirxah mövqedə dayanmağa kökləyir.

Bir insan olaraq, Hidayət müəllimin varlığı şair ruhuna həmişə məzluma nifrət, madura hörmət işığı yandırıb:

 

Sərin şərbət əvəzinə

kəkotulu çay içənlər,

kövrək qayğı şələlilər,

daşqın çaylar keçənlər...

Uşaq ikən

Atalılar qarşısında sıxılanlar, çəkilənlər,

Nəzərləri

gələcəyin ümidinə dikilənlər!

ayaqları çarıqlılar,

şalvarları yamaqlılar,

Ataları - qırx bir-qırx beş davasında soraqlılar...

Arxasızlar, köməksizlər, mərd yalqızlar -

Atasızlar... atasızlar...

 

Arzularla, ümidlərlə yaşayanlar,

Zəhmətdən bərk yapışanlar!..

 

Düzünü deyim ki, bu şeiri oxuduqca, gözlərim önündə yaranan tablo nəhəng bir rəssamın kövrək duyğularının alaqarışıq rənglərini gətirdi gözlərim önünə...

Böyük sənətkar həyatın ağrısını da, acısını da, həzzini, ləzzətini də bir insan kimi görüb, yaşayıb, amma onun uca qamətinə sanki Qərbi Azərbaycan, Dərbənd, Borçalı, Təbriz kimi nəhəng milli yük sarılıb. Sanki Hidayət müəllim gəncliyindən həmin yükü daşıyaraq, məhz o yükün dərdləri, ağrıları, acıları, qəmi-qəhəri ilə yol gəlib, məğrur dayanıb və həmişə də özü-özünə təsəlli verərək:

 

...Bərk ayaqda,

bəd günlərdə karıxmayın,

Uşaqlıqda, ilk gənclikdə addımbaşı

pisliklərlə üzləşsəniz, darıxmayın!

 

- deyə, özünə də, ətrafındakılara da təsəlli olmağa çalışıb; həmişə önə baxıb; ruh yüksəkliyi ilə aparıb bütün ağır yükləri.

Hidayətin yaradıcılığı onun insanlıq meyarlarından süzülür... ona görə də yaradıcılığının əksər çoxluğu həyatdan götürülmüş - sarvanı olduğu həyat karvanında özünün bilavasitə başına gəlmiş, şahidi olduğu, mübarizə apardığı, insan olaraq, Allah lütfünün ədaləti ilə münasibət göstərdiyi və qılıncla gələnlərin qarşısına kəskin qələmi ilə çıxaraq nailiyyətlər əldə etdiyi hadisələrdir:

 

Hər insanın öz karvanı,

Hər karvanın öz sarvanı...

Qələm ilə yazılanı

Balta ilə pozmaq olmaz.

 

İnsanı insan edən vicdan meyarı insan üçün ən ali amildir - Hidayət insanlığa vicdan kriteriyası kapsamında yanaşır və ömrünü məhz bu ideal kateqoriyada yaşayır. Və Hidayət müəllim belə yaşam uğrunda - zirvə olmaq uğrunda daim:

 

Ümmanların fırtınası,

Zirvələrin öz qaşıyam.

Bu günümün dünənimlə,

Sabahımın bu günümlə

Savaşıyam!

 

- deyə fırtına kimi savaşmışdır...

Böyük sənətkar çoxlarının heç yaxınına buraxmadığı etiraf deyilən həqiqəti, ülviyyəti də dilə gətirməyi ucalıq hesab edir:

 

Belə işlər olur dünyada, belə;

məni çox sevəni az sevmişəm mən -

Vurulub, o, bütün varlığı ilə,

Mən soyuq baxışla baxmışam gendən...

 

Hidayət müəllim Zəngəzur kimi gözəl bir mahalın Maralzəmi kimi poetik adı və təbiəti olan yurdunda, ehtişamlı dağ saflığında, orman laləzarlığında, bulaq zümzüməsinin şirin laylaları ilə uyuyan təbiətinin ilahi gözəlliyində dünyaya göz açıb. Coşqun şair doğulduğu yurdun ilahi yaraşığını həmişə məhəbbətlə tərənnüm edib:

 

Harda qarşına çıxsa

Təmənnasız yaşıllıq,

Harda üzünə gülsə

Mehribanlıq, xoş qılıq,

Sevgin qanad açaraq

Zirvələrdə dolansa,

Harda yaran sağalsa,

Harda ömrün uzansa,

Harda qəlbinə dolsa

İnam, əzəmət qürur -

O yerin əzəl adı

Zəngəzurdur,

Zəngəzur!

 

Ancaq təbiət vurğunu şair, şeirlərində təbiətin daha çılğın coşqu ilə dalğalanaraq nəğmələr bəsləyən dəniz sevgisini də eyni ehtirasla vəsf edir:

 

Kövrək ləpələrdə şərqilər, sözlər -

Nəğmələr suların ilkin yarıdır.

Mənə elə gəlir, coşqun dənizlər

Bütün nəğmələrin bəstəkarıdır... 

 

İlhamı güclü ədib bir insan kimi də, bir şair kimi də həmişə sabahın al Günəşinə inanır!.. Ümidləri hər zaman onu yüksək motivasiyada saxlayır, ən qayğılı hissləri, ən ağır yükləri sona qədər aparmağa səsləyir, könlü heç vaxt arzularını tərk etmir və həmişə ruhu göylərdə qanad açır, ənginliklərdə süzür:

 

Bəşərin mənzili bir al səhərdir,

Dost-dostu axtarar, yar da yarını.

Ulduzlar insanın sayı qədərdir,

Qoy sayım göylərin ulduzlarını!

 

- məhz belə həyat eşqi, insana məhəbbət, gələcəyə, milli səadətə inamla baxan böyük şairimiz Hidayət:

 

Seyr et zirvələri, dağı-dərəni,

Allah, dağları da insansız qoyma.

Könül, gəz çiçəkli çölü-çəməni,

Ömürdən ötüşən günləri sayma

 

- tövsiyəsi ilə cəmiyyətimizi ötən günlərin həsrətini çəkməyə deyil, daim irəliyə baxmağa çağırır.

Ancaq şair heç vaxt ümidsiz deyildir. O, əmindir ki, bu yolu yenidən biz geri dönəcəyik və bəlkə, nə qədər qaysaq bağlaya bilməsə də, onda o ağrılar dinəcək:

 

Hara üz tutsa da ayaqlar, əllər...

Ürəklər nisgillə, həsrətlə dolu.

Qayıdar ildırım sürəti ilə

Vətənə qayıdan qorxulu yolu.

 

Hidayətin ruhu ulu tarixin qədim səhifələrindən yola çıxmışdır. Ona görə də Hidayətin yaşını müəyyən etmək çox çətindir. İnamı, imanı ana torpaq, gen dünyadır! Özü nə gözəl demişdir:

 

Mən əlçatmaz planetəm,

üfüqlərim görünməzdir.

Harda?

Haçan göz açmışam?

Doğuş günüm,

İlk məkanım bilinməzdir.

Hər zamanın öz övladı,

hər bir əsrin öz oğluyam,

Yerin yeddi qatından da

çox qədiməm,

çox uluyam!

Dünən üçün tarixəmsə,

sabah üçün əbədiyəm,

Gur işıqlı beyinlərin,

Qasırğalı ürəklərin

axırıncı məbədiyəm!

Məbədiyəm!

Allahımdır ana torpaq,

yanar günəş,

mavi səma.

Allahımdır bu gen dünya!..

 

...Gen dünyanız həmişə geniş olsun, milli şair... böyük sənətkar... əzmli, mübariz insan!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!