Ağdam Dövlət Dram Teatrının səhnəsi mənim üçün tanış bir yerdir. Ona görə də, bu səhnədə ortaya qoyulan hər bir əsərə xüsusi marağım olub. Azərbaycan Teatr mədəniyyətinə kifayət qədər ustad sənətkarlar yetişdirib Ağdam teatrı. Bu teatrın tarixi və nailiyyətlərini nəzərə alsaq, teatrsevər hər kəsin bu səhnədə yalnız samballı əsər görmək istədiyinə tam əminəm. Üç gün geniş tamaşaçı kütləsi qarşısında sərgilənən tamaşa barədə zaldan çıxanların təəssüratlarını eşitdikdən sonra, mən də öz gördüklərimi yazmağı qərara aldım. Bu təkcə bir qərar deyil, həm də mənim üçün bir borcdur. Bu teatrı dərindən tanıyan biri kimi, deyə bilərəm ki, uzun müddətdir dodaqlarımızı çatladan yaxşı tamaşa "susuzluğu" Ağdam teatrında səhnələşdirilən bu əsərin təsirilə yox olmuşdu. Nəhayət ki, bu teatrın səhnəsində güldürərkən düşündürən, düşündürərkən güldürən bir samballı əsər təqdim olunurdu.
Bu gün də Ağdam teatrına gəlmişdim. Amma, əvvəlkilərdən fərqli olaraq fəxri qonaq kimi dəvət almışdım. Teatrın foyesinə daxil olandan əvvəlki mövsümlərdə nümayiş olunan tamaşalarda şahidi olduğum mənzərə yox idi. Bu dəfə hər şey tamamilə fərqli idi. Binaya daxil olandan tam bir yenilik hiss olunurdu. Əgər əvvəllər tamaşa öncəsi tamaşaçı foyedə qrimlənmiş və səhnəyə çıxmağa hazırlaşan aktyorlarla rastlaşırdısa, bu dəfə ortada tam bir fərqli mənzərə varıydı. Daha doğrusu, çöldəki afişada yazılan tarixi və vaxtı, zala axışan tamaşaçı axınını və öncədən məlumatlı olmağını nəzərə almasaq, bu gün teatrda tamaşa oynanılacağını bildirən heç bir əlamət yox idi. Elə ilk anlardan səhnədə fərqli bir performans olacağı ab-havadan bəlliydi. Yanılmamışdım, doğrudan da, tamaşaçıya təqdim olunan əsər fərqli bir formada çatdırıldı. Bu barədə bir az sonra, daha ətraflı qeyd edəcəm. Öncə, əsərin məndə yaratdığı təəssüratla bağlı fikirlərimi bildirmk istərdim.
Niyə "Şuşanı al bizimçün?!"
Diqqətinizə çatdırım ki, əsərin müəllifi yazıçı-dramaturq İlqar Fəhmi, quruluşçu rejissoru Racu Şıxlı, təsvir rejissoru Anar Əhməddir. Bəli, təsvir rejissoru. Çünki rejissor Şıxlı bu dəfə Ağdam Dövlət Dram Teatrının səhnəsində bir yenilik etmişdi, ilk dəfə multimedial tamaşa qurmuşdu. Maraqlı məqam o idi ki, tamaşada iştirak edən yaradıcı heyət iki cəbhədə - vizual və canlı səhnədə oyun sərgiləyirdilər. Tamaşanın müəllifi Racu Şıxlı vizuallaşdırılmış aktyor oyunu ilə canlı aktyor oyununu sintez etmişdir. İ.Fəhminin sözügedən pyesinin motivləri əsasında ekranlaşdırılan "Qarabağ Azərbaycandır!" adlı kollaj - sənədli film ekran işində maraqlı nəticə vermişdir ki, bu məsuliyyəti təsvir rejissoru A.Əhməd öz üzərinə götürmüşdü. Kadrlarda məkanların seçimində, hər epizodun simvolik açarında, aktyor oyununun kamera qarşısındakı peşəkarlığında Racu Şıxlı və Anar Əhməd imzası açıq-aydın hiss olunurdu. Belə də ki, "Görünən dağa nə bələdçilik?!" Qayıdıram bədii sualıma: "Niyə Şuşanı al bizimçün?!"
Əsərin vətənpərvərlik mövzusunda olması öncədən elan edilmişdi. Buna görə də, hər kəsin gözlədiyi tanış bir mənzərənin olacağı düşünülürdü. Yəni, atəş səsləri, həyəcanlı musiqi, əlində silah "səngərdən" düşmənə tərəf atəş açmaq, hərbçilərin döyüş meydanında yüksək səslə bir-birlərini ruhlandıracağı sözlər və s. Əsərin adından göründüyü kimi, cərəyan edəcək bütün motivlər Qarabağın işğalına yönəlib. Bəs o zaman niyə "Qarabağı al bizimçün" yox?..
Hamımız yaxşı bilirik ki, Şuşa yerləşdiyi coğrafi mövqeyi, strateji əhəmiyyətilə hər zaman seçilib. 90-cı illərdə cərəyan edən proseslərdə "Şuşa kimdədirsə, Qarabağın sahibi odur" şüarını çox eşitmişdik. 44 günlük Vətən müharibəsi də bunu əyani sübut etdi ki, doğrudan da, Şuşaya hakimlik nə dərəcədə böyük üstünlük deməkdir. Heç şübhəsiz, dramaturq İlqar Fəhminin də əsərinin adını Şuşayla əlaqələndirməsi, işağldan azad edilən ərazilərimizin azadlığına işarədir. Düşünürəm ki, bu ad təkcə Qarabağa deyil, əsrlərdir işğal edilən torpaqlarımızın hər bir qarışının düşmən tapdağında olmasına sətiraltı bir eyhamdır. Əsərin dərin mövzunu əhatə etməsi isə tamaşa boyu daha çox açılacaq. Burada ailə dəyərləri, milli kökə bağlılıq, vətənə olan sevgi, milli qürur hissləri müəllifin özünəməxsus yanaşmasıyla, günümüzün reallığını əks etdirir.
Teatrda vətənpərvərlik mövzusunda səhnələşdirilən tamaşalarda hər zaman gördüyümüz bir mənzərə var: zalın diqqətini çəkmək üçün, yüksək səs tonu və musiqi sədaları ilə birbaşa mövzuya giriş. Amma, gözlənilənlərin heç biri olmadı.Yox, bu dəfə nə həyəcanlı musiqi, nə cəbhəni andıran silah səsləri, nə aktyorun pərdə arxasında asta və ya rejissorun təklif olunmuş vəziyyətinə uyğun olaraq, yüksək tonla danışaraq səhnəyə çıxması oldu. Deyə bilərəm ki, ilk anlardan tamaşaçını psixoloji cəlbetmə metodu çox ustalıqla hazırlanmışdı. Bu, tamaşanın illərdir görmədiyi və görməyi arzu etdiyi bir mənzərəydi. Deyərdim ki, bu yanaşma teatrın quruluşçu rejissoru Racu Şıxlının tamaşaçını özünəməxsus cəlbetmə taktikasıdır. Axı, rejissor sənətinin əsas prinsiplərindən biri də tamaşaçı mövqeyidir. Hiss olunurdu ki, Şıxlı bu prinsipi unutmayıb.
İlk baxışda səhnənin uzaq yerində təkərli oturacaqda oturan ata obrazı zalda oturanların diqqətini özünə çəkmişdi. Bizə yaxın olan sıralarda oturan bəzi tamaşaçılar əsər barədə müəyyən öngörənlik etməyə başlamışdılar. "O kişi nə deyəcək?", "Orda nə üçün oturub?", "Gözlə, bu saat durub ayağını yerə vura-vura səhnədən çıxacaq" və s. Bu kimi fikirlərlə hər kəs səhnədə cərəyan edəcək hadisələri proqnozlaşdırmağa çalışırdı. Yox. Zalın diqqətini təkərli oturacaqda oturan obraz çəksə də, tamaşaçı bu dəfə fərqli bir təqdimat izlədi.
Giriş, proyektorla divara verilən videorolikin təqdim edilməsilə start götürdü. Geniş ekranda verilən kadrlarda məchul bir istiqamətə hərəkət edən ayaqlar, bütün diqqətləri səhnədə oturan obrazdan bir anlıq özünə çəkir. Kadrlar, beyinlərdə cavabsız suallar yaradır. Arxa fonda müharibənin görünən izləri, bu addımların dərin bir məna daşıdığının göstəricisidir. Videorolik müxtəlif yerlərdə çəkilib. Hər mənzərəyə uyğun aktyorların bədən jestləri, üzlərində olan mimikalar, ekrandan tamaşaçı beyninə sözsüz, amma mənası dərin mesajlar ötürür. Bayaqdan zalda müşahidə edilən pıçıltılar da kəsilib. Hiss edirsən ki, səhnəyə tamaşaçının fokuslanması artıq tam ələ alınıb. Kadrlarda böyük bir əsərin motivləri artıq verilib. Burada təqdim olunan üzüntü, soyuqluq, əzab, həsrət, sevinc və sevgi hissləri mükəmməl bir səviyyədə təqdim edilirdi.
Yuxarıda da qeyd etdiyimiz kimi, tamaşa vətənpərvərlik mövzusunda yazılıb. Lakin, yaradıcı heyət bu dəfə birbaşa müharibə səhnəsinə fokuslanmır. Əksinə, iki sevən gəncin görüşü, hərbçinin sevdiyi qızın ad gününə hədiyyə gətirdiyi zaman gələn qəfil zəngin müharibə başlaması xəbəri onları sarsıdır. Ancaq burada nə qızın ağlayıb göz yaşı tökməsi, nə də hərbçinin sevdiyi qıza "sonuncu görüş ola bilər" bəhanəsi altında sarılması səhnəsi verilir. Tam əksi - hər iki obrazın milli mentalitetimizə uyğun bir şəkildə davranışları sərgilənir. Qızla oğlan sadəcə aralarında olan bir məsafə saxlayaraq bir-birlərinin əllərindən tutur, hər ikisi sevdiyinə uğurlar arzulayaraq vidalaşırlar. Biri vətəni qorumağa, biri isə sevdiyi bir igidin həsrətilə onun yolunu gözləməyə gedir. Bu epizod əslində əsl Azərbaycan qadını və kişisinin safniyyətli, təmizqəlbli, sevdiyinə olan ülvi hisslərindən xəbər verir. Bu yerdə onu deyə bilərəm ki, müəllif İlqar Fəhmi müasirləşən və yeniliklərin burulğanında tez təsir altına düşən cəmiyyətimizə, özünə, soyuna və soykökünə bağlılığı xüsusi formada çatdırmağa çalışıb.
Əsərdə cərəyan edən proseslər yalnız arxa cəbhədə baş verən, əslində hamımıza tanış olan olaylarla başlayır. Yox, elə bilməyin ki, əsər tamamilə arxa cəbhədə yalnız öz biznes imperiyasını genişləndirməyə çalışanlardan gedir. Əksinə, sonunda onların da var, pul, dəbdəbəli həyat tərzlərinə olan bağlılıqları, hər şeyi ancaq pulla ölçmə düşüncələri vətən sevgisinə çevrilir. Müəllif İlqar Fəhmi, əsərdə hər şeyi pulla satın alma düşüncəsində olanlara, əslində pulun çox şey olduğunu, lakin hər şey olmadığını çox incəliklə yazır, quruluşçu rejissor da öz səhnə yozumunda bu incəlikləri özünəməxsus həssaslıq çalarları ilə tamaşaçıya təqdim edir. Hiss olunurdu ki, dramaturq-rejissor münasibəti əla səviyyədə, bir-birlərini tam başa düşən ikilidilər. Bəzən bu xoşbəxtçilik hər dramaturqla rejissora qismət olmur, haaa. Əsərin sonunda təkərli oturacaqda əyləşən şəhid atasına zəfər müjdəsi verilərək, "Nə durmusan, şəhid atası, qalx ayağa, qalx, deyirəm! Yeri!" sözlərindən sonra, atanın qalxaraq asta addımlarla yeriməsi, özlüyündə çox dərin bir mesajdır. Bu, kənardan sadəcə bir səhnə obrazı kimi görünə bilər. Müəllifin personaja yanaşmasını, rejissorun səhnə yozumunu, aktyorun isə həqiqi yaşantılara oxşar obrazı yaşaması, deyərdim ki, bir xalqın ayağa qalxaraq, ya azad olması, ya da tamamilə yox olması yolunda zəfərə doğru addımlamasının rəmzi kimi göstəricisi olmaqla yanaşı, İlqar Fəhmi və Racu Şıxlının dərin düşüncəsinin sintez olunmuş məhsuludur.
Məqsədim uzun-uzadı tamaşanı izah etmək deyil. Sadəcə və sadəcə tamaşa başlayandan sona kimi, səhnədə şahidi olduqlarımız, ortada ciddi bir əməyin olmasını və bu əməyə layiqli dəyərin verilməsinə toxunmaqdır. Ara-sıra gurultulu alqışları əməyə verilən dəyərlə yanaşı, həm də səhnədən tamaşaçı ruhuna "hopma" kimi qiymətləndirmək olar. Səhnədə, sözün əsl mənasında, ciddi bir əməyin bəhrəsi varıydı. Bugünkü tamaşada bir daha əmin olursan ki, əsər hər nə qədər ciddi olursa-olsun, onu tamaşaçıya çatdıran heyətdən çox şey asılıdır. Səhnəyə çıxan hər bir aktyor oynadığı rolu mənəvi övladı hesab edir. Rejissor, assistent, ən əsası, aktyorların rola can yandırmaları da bu əsasdan qaynaqlanır ki, bu gün bunun bir daha şahidi olduq.
Əsərdə rolların yaşa uyğun bir şəkildə bölünməsi xüsusi diqqət çəkirdi. Bəli, səhnəyə çıxan aktyorların əksəriyyətinin gənc olmasına baxmayaraq, ortada peşəkar bir təqdimat var idi. Bu, həm də quruluşçu rejissor Racu Şıxlının əsərdə cərəyan edən hadisələrin cəmiyyətə çatdırılması yolunda heç kimi təqlid etməyərək, özünəməxsus bir yanaşmasının olmasıydı. Bu dəfə tamaşaçı da səhnədə fərqli bir yanaşmanın fərqindəydi. Bunu tamaşa boyu, arxa sıralardan açıq eşidilən pıçıltılardan, tamaşadan sonra, foyedə ayaqüstü müzakirə edən tamaşaçıların fikirləri də təsdiq edir. Bir daha vurğulamaq istəyirəm ki, əsərin motivi nə olursa-olsun, onun təqdimatından çox şey asılıdır. Əmin olursan ki, tamaşaçını teatr səhnəsinə cəlb etmək üçün, heç də mavi obrazına girib, qadın donu geyinməyə ehtiyac yoxdur. Sadəcə səhnəyə çıxan hər bir kəsə bacarığını ortaya qoyması üçün şəffaf şərait yaratmaq lazımdır. Ortaya qoyulan əsəri də elə təqdim etməlisən ki, tamaşaçı zala məcburi deyil, sevərək gəlsin.
Unutmaq lazım deyil ki, mədəniyyətin məbədi sayılan teatr, sözün əsl mənasında mədəniyyət beşiyidir.
Bu gün təqdim edilən tamaşaya baxanda bir daha əmin olursan ki, bu səhnədə rol alan gənclərin ortaya qoyduqları əmək teatr sahəsinə bəslənilən böyük sevginin bəhrəsidir. Deməli, Ağdam Dövlət Dram Teatrının səhnəsində "cücərən" bu "fidan"lar sayəsində daha neçə-neçə sanballı əsərlər ortaya qoyulacaq, daha neçə tanınan simalar yetişəcək. Bir sözlə, teatr paxıllıq, xainlik, istedadların qarşısında qaratikan olmağı sevmir.
Bu əsərdə aktyorların seçimi, heyətin düzgün dəyərləndirilməsi, hər rola uyğun yaş həddinin müəyyən edilməsi, mən deyərdim ki, əsl sənətkar və peşəkarlıq nümunəsidir. Doğru seçim və dəqiq yanaşma, gərgin əmək sərf etmək, ortaya uzun illər yaddaşlardan çıxmayacaq, tamaşaçı ruhuna hopan sanballı sənət əsəri qoyur.
Mən bugünkü fərqli təqdimata və tamaşaçı rəğbətinə görə başda Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov olmaqla, bütün yaradıcı və texniki heyəti ürəkdən təbrik edir, sənət fədailərinə uğurlar arzulayıram. Əmin olun ki, bu gün ortaya qoyduğunuz zəhmət, çiyinlərinizə böyük bir məsuliyyət yükü qoyur. Bundan zəif olmağa heç bir haqqınız yoxdur!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
