Sumqayıt Dövlət Dram Teatrının "Qaravəlli" tamaşası Rus Dram Teatrının səhnəsində...
Saat 19:00.
Axşamın üzü xeyli vaxtdır ki, qaralıb...
Teatrın foyesində sakitlik gözünü dörd eləyib bir insanlara baxır, bir də divarlardan asılı fotoşəkillərə...
Seyrçi sayı bir o qədər də çox deyil: teatr cameəsinin bəzi tanış simaları da burada...
Heç kim foyedə məxsusi ləngimir, birbaşa tamaşaçı salonuna tələsir. Bu "yarımcan" atmosferdə ən fəal adam tamaşanın quruluşçu rejissoru Abdulla Elşadlıdır: çöhrəsində bir premyera təbəssümü işıqlanır: öz həyəcanını gizlədib, tam sıfırlaya bilib; çalışır ki, premyeraya dəvətlilərin hər birilə səmimicəsinə görüşüb danışsın.
Hərçənd seyrçilər artıq tamaşaçı salonuna keçiblər, öz yerlərini tutublar. Mətnin müəllifi qocaman Anar ən sonda səssizcə gəlib sol lojada küncə qısılaraq əyləşir: elə əyləşir ki, onun üzünü görmək mümkün olmasın. Bu, haradasa məxfi bir işarədir ki, tez olun, yubanmayın, tamaşanı başlayın.
Elə bu ara diktorun xahiş formasında xəbərdarlığı seyrçi salonuna yayılır: "Rica edirik, telefonları söndürün, saqqızları salona atıb getməyin: bizə sizin alqışlarınız da kifayətdir".
İşıqlar sönür.
Quruluşçu rejissor tamaşanın aktyor heyətini Tənqid-təbliğ teatrının estetikasına uyğun bir formatda gətirir pərdə önünə və onlar üçün pozitiv təbəssüm doğuracaq bir təqdimat mərasimi düzənləyir. Mən Abdulla Elşadlıya həməncə haqq qazandırıram: məsələ bu ki, paytaxtdan kənarda olan teatr aktyorlarının görünməyə, tanınmağa, alqışlanmağa, bir gecəlik seyrçilər qarşısında ulduz olmağa, özünü respublikada teatr prosesinin tamhüquqlu iştirakçısı kimi hiss etməyə ehtiyacı var.
Sonra isə...
...Pərdə məxməri əsilzadə ətəklərini sürükləyə-sürükləyə səhnə güzgüsünün önündən çəkilib gedir. Elə həməncə kasıb teatrın dərdlərini "tanıyıram:" səhnə tərtibatından bir kasıblıq üfürür tamaşaçılara doğru...
Az qala, bütün bölgə teatrları kasıb teatr parametrlərində işləməyə məhkumdurlar. Minimal büdcə ilə tamaşa hazırlamaq nümunəsi nədirsə, elə budur, yəni hər yerdə "Qaravəlli", yəni hər yerdə meydan teatrı variantı...
Amma bir dəqiqə... Bəlkə mən yanılıram?! Bəlkə bu, bədii priyomdur?! Bəlkə teatr "Qaravəlli"ni bəhanə gətirib öz problemlərini oynayır? Bəlkə də keçmiş sovet dönəminin ictimai-sosial mənzərəsini obrazlaşdırmağa çalışır?! Əbəs deyil ki, bu dekorlar ilk baxışda bizim doğma kinostudiyanın uçulub-dağılan həyətinin solğun, qopuq divarlarını, "Mozalan"ın kadrlarından görünən köhnə evlərin fakturasını xatırladır mənə...
Elə dövr demişkən... Azərbaycan teatrları üçün meydan teatrı variantı kimi, qaravəlli kimi, Molla Nəsrəddin lətifələrinin versiyası kimi çox cəlbedici sayılan "Zəncir" hekayəsini Anar 1965-ci ildə yazıb, insanlar arasında alicənablıq defisitini, ictimai proseslərin dinamikasında şəxsi ambisiyaların üstün mövqe tutmasını, hər bir işin "əl əli yuyar, əl də üzü", "sən mənə, mən də sənə" prinsipindən asılılığını absurd parametrlərində zarafata, şəbədəyə, kinayəyə söykənərək görükdürüb, rüşvətin anatomiyasını obrazlaşdırıb, sadə, primitiv bir diskursla sosial tənqidi major tonlarda səsləndirib. Elə buna görə də zaman-zaman teatr rejissorları hekayənin səhnə versiyasını aktual sayaraq onun təcəssümünə böyük həvəslə girişiblər: təbii ki, hərə öz gördüyü, duyduğu, bildiyi, anladığı kimi refleksiya eləyib bu əsəri...
"Zəncir" hekayəsinin bu il 60 yaşı tamam oldu: lakin Sumqayıt Dövlət Dram Teatrı onu 2025-ci ildə də aktual saydı, repertuarına saldı və bölgə teatrlarının "zəvvar" rejissoruna çevrilmiş Abdulla Elşadlını dəvət elədi ki, Azərbaycan səhnəsində artıq müəyyən təcəssüm ənənəsinə malik bir əsərə yeni quruluş versin.
Tamaşanın premyerası göstərdi ki, Sumqayıt Teatrı öz seçimində heç də yanılmayıb. Nədən ki, rejissor pyesin orijinal səhnə həllini tapıb, aktyorlarla produktiv şəkildə işləyərək tamaşada müəyyən atmosfer yarada bilib və bir çox məqamlarda bu əsərə daha öncələr müraciət etmiş rejissor sələflərindən xeyli fərqlənib, amma onların təcrübəsindən, xüsusilə də, Rövşən Almuradlının Bakı Bələdiyyə Teatrında qurduğu "Qaravəlli" tamaşasından bəhrələnib: məhz onun ardınca gedərək, "Zəncir" hekayəsini milli folklorun qaravəlli ənənələrinin, Mirzə Cəlilin "Ölülər" komediyasının davamı hesab edib və öz tamaşasını elə R.Almuradlı kimi "Qaravəlli" adlandırıb.
Bizim gələnəksəl mədəniyyət çərçivəsində komediya janrının təzahür formalarından, Azərbaycan milli zarafatının zirvələrindən biri qaravəllidir. Hərçənd Anar "Zəncir"i və ya onun səhnələşdirilmiş variantı - "Zəncirbənd"i qara yumor estetikasında düşünməklə öz qaravəllisini absurd dramaturgiyası nümunələrilə tənləşdirmişdi.
Abdulla Elşadlı isə tamaşanın janrını sosial şarj kimi konkretləşdirib: bu janrın poetikası aktual sosial mövzuların tənqidini ehtiva etsə də, dostyana zarafatı, mövzu ilə, mövzunun subyektlərilə yüngülcə məzələnməyi də unutmur, karikaturanın sərtliyini, amansızlığını, obyektə qarşı ironik münasibətini yetərincə yumşaldır.
Haradasa, keçən əsrin 60-cı illərinin ortalarında yazılmış və vaxtilə dillər əzbəri olmuş "Ey həyat, sən nə qəribəsən" mahnısının o dönəmlərdən sanki paraşütlə "uçub" bu günün "Qaravəlli" tamaşasına "qonması" da, görünür, absurdun acı təəssüratından, personajların niyyət qaranlığından birtəhər qurtulmaq, onun tünd rənglərini bir azca duruldub açmaq, ora əlvan tonlar qatmaq, musiqi vasitəsilə pozitivə doğru lağım atmaq ehtiyacının əlamətidir.
Düzdür, mən rejissorun "mahnı desantı"nı bir elə də uğurlu saymadım. Nə üçün? Birincisi, ona görə ki, mahnının ritmi, həyatsevər ovqatı, gurşadlığı səhnələşdirmənin motivlərilə, personajların xəbis, eqoist niyyətlərilə əlaqələnmir; ikincisi də, ona görə ki, A.Elşadlının özünün qurduğu tamaşa kompozisiyası bu cür şaqraq mahnı ilə aşkar dissonans əmələ gətirir.
Fikrimi izah edirəm: bu mahnı öz xarakteri etibarı ilə genişliyə, pozitiv təəccübün sevincinə, ailə dəyərlərinin təntənəsindən rəqs meydançasına açılır. Rejissor isə səhnə məkanını daraldıb, tamaşasını bir bütövcə kimi tamamilə orta plana yığıb, mizanları yumaq kimi bir-birinə dolayıb və praktiki olaraq digər planlardan yararlanmayıb: ön səhnədən isə yalnız ekspozisiya və finalda istifadə edib. Öz mizan rəsminə görə "Qaravəlli" uzaqdan-uzağa Akademik Milli Dram Teatrının "Dantenin yubileyi" tamaşası ilə baxışırdı: burada mizanlar divarın, orada isə avtobusun ətrafında hərlənib-fırlanıb şəkillənirdi: hər iki tamaşada ailə planı səhnə kompozisiyasının mərkəzi seçilmişdi.
Sumqayıt Teatrının "Qaravəlli"sində səhnənin tən ortasında söküntü işlərinin aparıldığı ərazidə "yaralı" divar fraqmenti görünür: bu fraqmenti kukla teatrının şirması kimi də yozmaq mümkündür; çünki personajların hamısını sanki divar arxasından gözəgörünməz kuklaçı çıxarıb bir qədər oynadır və yenidən aparıb həmin yerdə də gizlədir, ta finala qədər...
Dediyim bu ki, tərtibat (quruluşçu rəssam Nizami Dadaşov) birbaşa rejissorun konsepsiyası ilə diktə edilib və tamaşanın fikir partiturasının mühüm kodu kimi qəbul oluna bilər. Lakin tamaşanın məkan həlli, tərtibat fakturası birmənalı şəkildə oyun müddəti ərzində iki dəfə müraciət edilən "Ey həyat, sən nə qəribəsən" mahnısı ilə heç cür uyuşmur, hətta sözlər dəyişdirilsə belə: mahnıda həyatın qəribəliyi təəccübləndirir, sevindirir, yaşamağa ruhlandırır, pyesdə isə insan xislətinin qəribəliyi təəccübləndirir, tükənməz istəklərdən hörgülənmiş yaşayışın absurdluğu kədərləndirir, qəhr edir və öldürür. Odur ki, tamaşa kompozisiyasının ritmilə mahnının ritmi bir-birini "vurur" və "həftəbecər"ə qapı açır: aktyorların bu mahnının təranələri altında rəqsi də təsirsiz ötüşür.
Halbuki quruluşçu rejissor A.Elşadlının həm tamaşa konsepsiyası maraqlıdır, həm də plastika frazaları öz mahiyyətinə, mənalar sayrışmasına görə yetərincə effektlidir: fikir və assosiasiyalar zənciri yarada bilir. Başlayaq elə Əvəz Əvəzovun səhnəyə gəlişindən. Bir məqamı istərdim diqqətinizə öncədən çatdırım: "Zəncir" hekayəsi əsasında meydana gəlmiş pyes-səhnələşdirmə o nadir əsərlərdəndir ki, qəhrəmanın ad və soyadı mətnin ideyasını da, insanların genetik xislətini də, münasibətlər sisteminin, birgəyaşayış qanunlarının rəsmiləşdirilməmiş neqativ prinsipini də, əsərin arxitektonik quruluşunu, hətta Azərbaycan folklorunu da özündə yüzdə yüz güzgüləyir. Məgər azərbaycanlı atalar öz ötən ömürlərinə fəlsəfi yanaşaraq deməyiblər ki, "dünya əvəz-əvəzdir?" Mentallığımızı görükdürən ifadələr sırasındadır bu.
Bəs "Cik-cik xanım" nağılına, yəni "dınqıl sazım, dınqıl" ifadəsilə məşhurlaşmış əhvalata nə deyirsiniz? "Zəncir" hekayəsində milli folklor çox "diridir": onu, həqiqətən, "Cik-cik xanım"ın əla müasir reversi kimi təsnif etmək mümkündür.
Lakin A.Elşadlı səhnələşdirmənin protoqonisti Əvəz Əvəzovu sosial funksiya dışına çıxarıb onun ekzistensiyasına enməyə çalışır. Təsadüfi deyil ki, "Qaravəlli" tamaşasının arıq, hündürboylu Əvəz Əvəzovu əməkdar artist İzaməddin Bağırovun ifasında karikatura və ya şarj təəssüratı oyatmır, daha çox qaşları düyünlənmiş şlyapalı qəmgin Pyeroya bənzəyir. Aktyorun üz cizgilərindən Əvəz Əvəzovun əmin, ürəyiyuxa, üzüyola, hər şeyə əlüstü inanan bir kimsə olduğu həməncə oxunur.
Nəyin əsasında mən gəldim bu qənaətə? Əvəz Əvəzov - İ.Bağırov dördkünc "yaralı" divarın arxasından gəlib səhnənin ikinci planı ilə addımlamaq istəyərkən, qəfil yadına düşür ki, saatın neçə olduğunu bilmir. Dönüb baxır ki, qonşusu Kazım Kazımov (Anarın mətnində o, Əli Əliyev kimi verilir) küçə ilə addımlayır. Əlüstü ondan soruşur ki, saat neçədir? Qonşusu da cavab verir ki, əgər ona diş qurdalamaq üçün bir kibrit çöpü gətirsə, saatın neçə olduğunu deyər.
Elə bu nöqtədən də Əvəz Əvəzovun cəfəng, məntiqsiz, absurd macərası start götürür. O, sosial münasibətlərin karuselinə düşür: kimdən nə istəyirsə, ondan həməncə əvəz tələb eləyirlər: saata görə kibrit, kibritə görə papiros, papirosdan ötrü iki qəpik, iki qəpik əvəzinə kinoteatra bilet, kinoteatra bilet əvəzinə əmioğlunun şoferliyə düzəldilməsini, əmioğlunu şoferliyə düzəltmək əvəzinə şairə poema yazdırmasını, poema yazmaq əvəzinə balıq gətirməsini, balıq əldə etmək əvəzinə ATS-dən telefon çəkdirməsini istəyirlər. Adam çaş-baş olub yollarda, mərtəbələrdə, divarlar arasında qalır. İş o yerə gəlib çatır ki, kimisi Əvəz Əvəzovdan onu evləndirməsini, kimisi də ev məsələsini həll etməsini arzulayır.
Nəhayət, məsələ onunla tamamlanır ki, zəncirin sonuncu həlqəsi Kamal Kamalov da imzaladığı sənədin əvəzinə çönüb Əvəz Əvəzovdan saatı soruşur. Vəssalam, dairə qapandı. Süjet bitdi: həyat absurdu isə yox. Həqiqətən, bu cür absurd münasibətlər içrə yaşamaq son dərəcə üzücüdür, qapalı orbitdə dələ kimi dəlicəsinə qaçmaqdır, ölənəcən qaçmaqdır.
Absurd mənaların itirildiyi nöqtədir.
Ona görə də absurddan qurtulmağın iki yolu var: ya ölmək, ya gülmək; özünə, ətrafına, dünyaya gülə-gülə absurddan xilas olmaq.
Sumqayıtlıların "Qaravəlli"sində ölüm tərcih edilir: Əvəz Əvəzovun ürəyi partlamır, göydən başına daş düşmür; yox, o, sadəcə, qafasını çiyninə endirib susur, bitməz-tükənməz istəklər yarışında növbədən çıxır.
Abdulla Elşadlı öz tamaşasında bu "əvəz-əvəz" zəncirinin həlqələrini rekvizit burunlarla bir-birinə vizual şəkildə düyünləyir. Rejissor əsərin semantikasına yeni mənalar gətirməyə çalışır. Öz sorğusuna cavab almayan və kibrit dalınca göndərilən Əvəz Əvəzovun üzünə həməncə bir rekvizit burun taxırlar. Beləliklə, nəsə əldə etmək çabasında bulunan bütün personajlar bir-bir, növbə ilə müxtəlif rekvizit burunlarla "ödülləndirilirlər". N.V.Qoqolun "Burun" satirik povestində qəhrəman burnunu itirir, Abdullanın tamaşasında isə personajlar əlavə burun qazanırlar. Bunu necə yozmaq, anlamaq olar, yahu?
Rejissor personajları "burunlaşdırmağı" bir tərəfdən, milli folklorun, digər tərəfdən isə, məşhur rus deyiminin refleksiyası kimi gerçəkləşdirir. Azərbaycanlılar əhvalı pozulmuş kimsədən bir az ciddi, bir az zarafatyana xəbər alarlar: "nə var, yenə burnunu niyə sallamısan?" Burun sallamaq həyatdan küsmək, rəncidə olmaq kimi mənalandırılır. Əksərən insanlar nədənsə məhrum olanda burun sallayırlar. Anarın "Zəncir" əsəri cəmiyyətə, eqoist insan xislətinə bir satira, karikatura olmaqla yanaşı, unutmayaq ki, həm də müxtəlif problemləri olan insanların ünsiyyət zonasıdır. İnsan nəsə istəyirsə, demək, möhtacdır.
Fikir verin, "Qaravəlli"nin personajları Əvəz Əvəzovdan tutmuş, Kamal Kamalova, Gülabə Gülabovaya qədər, hamı permanent nədənsə məhrumdur: kibritdən, papirosdan, peşədən, kinoteatr biletindən və digər çoxsaylı nəsnələrdən... Məhz məhrumiyyət acısı onları bu cür xəbis, hər şeyə qənimət kimi yanaşan mənəviyyatsız, insafsız fərdiyyətçilərə çevirib: hamı başqasına köməyi unudub birinci özünü düşünür. Əslində, Anarın "Zəncir"i rüşvətxorluğun ictimai modelini, psixoloji strukturunu görükdürür. Nəyinsə əvəzinə nəsə istəmək rüşvətin barter formasıdır. Rüşvət eqoizmin patalogiyasıdır. İnsanları rüşvətxor edən acgözlük deyil, məhrumiyyət qorxusudur. Bu kontekstdə burun rüşvət verən və rüşvət alan adamın işarəsi kimi də çözülə bilər.
Digər tərəfdən isə, bu burun məsələsi rusların "ostatsya s nosom" (hərfi tərcümədə "burunla qalmaq" deməkdir) frazeologizmilə baxışır. Ruslar bu ifadəni o zaman işlədirlər ki, birisi nəyisə bərk arzulayır, bunun üçün əldən-ayaqdan gedir, səhər-axşam fasiləsiz çalışır, axırda isə aldadılır, uğursuzluğa düçar olur, ümidləri puça çıxır: bir özü qalır, bir də burnu. Sumqayıt "Qaravəlli"sinin personajları da öz adi məişət istəklərini belə gerçəkləşdirə bilməyən kompleksli insanlardır.
Odur ki, rejissor bu sosial tiplərə də bir mərhəmət duyğusu ilə yanaşır: düzdür, əvvəlcə onları rekvizit burunlarla ödülləndirib kukla-təlxəklərə oxşadır, məsxərəyə qoyur, amma sonra isə bu adamların halına acıyır. Elə ona görə də tamaşa sosial şarjdır: biz də bu tiplər kimi, nəsə istəyirik, çox zaman istəyimizin ardınca gedə-gedə rüşvət, süründürməçilik, biganəlik karuselinə düşürük və bir də görürük ki, ömür qurtarıb.
"Qaravəlli" tamaşasında ara-sıra mistikanın, fantasmaqoriyanın da əsintilərini duymaq mümkündür. Bir də görürsən ki, divar-şirmanın üstündə şeytanabənzər bir məxluq göründü. Başqa bir məqamda isə sarı kombinezonlu, şəlpəqulaq, buynuzlu digər məxluq adlayır səhnə məkanına və personajlarla birbaşa dialoqa girir. Rejissor "Qaravəlli"ni sosial şarj kontekstindən qoparıb kukla tamaşasına, maska teatrına doğru aparır: hüquqsuz, təşəbbüssüz, asılı insanları kuklalar qismində görür, insan münasibətlərinin "əvəz-əvəz" absurdunu şeytan əməli bilir.
Bütün bunlara rəğmən, Əvəz Əvəzovun absurd karuselindən bezikib ölməsinə rəğmən, tamaşaya müəyyən optimist ruh da hakimdir. Bu optimist ruh daha çox tamaşanın haşiyəsidir, nəinki mahiyyəti. Sadəcə, oyunun lap əvvəlində Abdulla Elşadlı aktyorları tamaşanı keflə, ləzzətlə oynamağa, oyundan həzz almağa kökləyir: rejissor Yaxşı kişi (Kamran Muradlı) və Pis kişini (Şəmistan Süleymanlı) Tənqid-təbliğ teatrında olduğu kimi, iki kloun kimi, Qaragöz və Həcivət kimi, qafalarına şux sarı rəngli kaskalar geyinmiş inşaatçılar kimi, oyun babaları kimi səhnənin sağ və sol künclərində tribunada yerləşdirir və onlar başlayırlar gurultulu tərifləri zarafata qarışdıraraq, səhnə önündə sıra ilə düzülmüş aktyorları öyə-öyə seyrçilərə tanıtmağa. Sumqayıtlı aktyorların sevinci, fərəhi, səmimiyyəti həməncə seyrçi salonuna ötürülür. Rejissor aktyorlar üçün tamaşa kontekstində balaca bir bayram düzəldir, onları oyuna həvəsləndirir.
Aktyorlar da bu etibarı yüzdə yüz rejissora qaytarırlar: tamaşa oynanılmır, su kimi axıb tez qurtarır; ayrı-ayrı oyun fraqmentlərisə yaddaşda fiksə edilir. Xüsusilə, nağaraya dəyən ritmik çırtmalar altında Əvəz Əvəzovun - İzaməddin Bağırovun öz tarixçəsini hər dəfə eyni tərzdə him-cim üsulu ilə hüznə bələnmiş bir susqunluqda təkrarlaması yetərincə ifadəli və məzəli alınır, vizual meyxanaya dönür.
Bu arada onu da qeyd edim ki, səhnədə görünən hər bir personaj - tip üçün dəqiq koloritli cizgilər tapılıb. Məsələn, 60-70-ci illərdə Bakının Papanin məhəlləsində gizli şəkildə, hətta bölgələrdə belə, küncdə-bucaqda xarici siqaret, digər xırdavat satanlar məhz Kamran Məmmədlinin Məmməd Məmmədovu kimi idilər, kriminal dünyası ilə nəfəs alan, lotuluq eləyən gözü eynəkli, lopabığ tüfeylilər idilər. Bütövlükdə bütün aktyorlar personajın peşəsinə uyğun müəyyən bir əlaməti əsas götürüb onu qabardırlar, qroteskə meyillənirlər, diri adamı yox, onun şişirtmə yolu ilə alınmış şarjını oynayırlar.
Mən sumqayıtlıların "Qaravəlli"sini Tənqid-təbliğ teatrı ilə kukla teatrı estetikalarının qarışdığı bir sərhədin tamaşası kimi qavradım. Çox xoş oldu ki, rejissorla truppa bir-birlərini bu qədər adekvat anlaya biliblər. Bəlkə bu ondan irəli gəlir ki, Abdulla Elşadlının özü ixtisasca peşəkar aktyordur. Bütün hallarda "Qaravəlli" tamaşası Sumqayıt Dövlət Dram Teatrının balaca və qiymətli bir uğurudur.
Amma və lakin... bunu da deməsəm, heç olmaz. Fikrimcə, tamaşanın cilalanmasına, "daranmasına", obrazların və mizanların plastikasının daha dəqiq konturlarla işlənilməsinə ehtiyac var. Nədən ki, tamaşanın kompozisiyası təkrarlardan ibarət olduğundan, burada hər bir mizan, jest, mimika, davranış saat mexanizmi kimi dəqiq yerinə yetirilməlidir: kompozisiyada azacıq yayqınlıq, ifa təqribiliyi olmamalıdır ki, kustarlıq, əyalət sindromu həməncə nəzərə çarpmasın, həvəskar teatrsevərlər klubu təəssüratı oyatmasın... Ki, teatrın qafasına rekvizit burun taxmasınlar.
Hərçənd hər necə olursa-olsun, bu tamaşa müsbət energetika saçırdı ətrafa. Quruluşçu rejissor A.Elşadlının buffonada səciyyəli "Qaravəlli" tamaşası müasir teatr dəbindən daha çox, keçmiş sovet dönəminin müəyyən teatr tendensiyaları ilə səsləşsə belə, yenə öz primitiv səmimiliyi, dinamikası, ritmik dəyişkənliyi, metaforik obrazları ilə seyrçinin düşüncə və hissiyyatına toxuna bilirdi.
Sonucda bir məqamı da nəzərinizə çatdırım ki, burun Fransada parfümerlərin, yəni əttarların, yəni ətir düzəldənlərin və onu satanların ləqəbidir: peşəkarlıq səviyyəsini eyhamlaşdırır. Bu isə Abdullanın tamaşasının semantikasına "peşəkar rüşvətxorlar" anlamında başqa bir çalar da gətirmək iqtidarındadır. Gəlin, bir az da gülümsəyək, cənablar, axı, qaravəlli hər zaman bizim genetik yaddaşımızdadır!!!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
