Nikolae Spetaru (1961; rum.: Nicolae Spetaru) - çağdaş rumın ədəbiyyatının tanınmış nümayəndəsi, görkəmli moldav nasir, şair, tərcüməçi və publisist. 13 yanvar 1961-ci ildə Çernovtsı vilayətinin (Ukrayna) Herta bölgəsinin Horbova kəndində anadan olub. Rumıniya və Moldova Yazıçılar Birliyinin, Pen Klubun üzvüdür. "Quadrat" ədəbiyyat dərgisinin təsisçisi və baş redaktoru, eyniadlı nəsr festivalının direktorudur. "Tanrıların dönüşü" (1992), "İon və başqa inqilablar" (1996), "Kürsülərin yeniləri tovladığı gecə" (1998), "Rilkeni oxuyan kədər"(2000), "Rəqəmlərin tamaşası" (2005), "Gözlənilməzlik dolu gün" (2006 ), "Rəngli reportajlar" (2008), "Divarı oxuyarkən" (2012), "Kiçik və yuxusuz Avropa" (2013), "Klonların üsyanı" (2013), "Kiçik mələk ətəkdə" (2015), "Bir pəncərəli ağılsız" (2017), "Saatların qovduğu adam" (2019), "Brejnevin maskaları" (2020), "Bir velosipedin qürubu" (2020) kimi şeir və nəsr kitabları çap edilib. Əsərləri ingilis, fransız, holland, çex, macar, alman, ispan, tatar, Ukrayna və rus dillərinə çevrilib. Barəsində dünyanın nüfuzlu dərgilərində rəylər yazılıb. Nikolae Spetarunun əsərləri Azərbaycan dilində "Ədəbiyyat qəzeti", "Ulduz" jurnalı və "Dünya ədəbiyyatı" dərgisində dəfələrlə nəşr edilib, "Qiyamət təxirə salınır" şeirlər kitabı ("Mücrü" nəşriyyatı, 2021) və "Brejnevin maskaları" romanı ("Zərdabi" nəşriyyatı, 2025) işıq üzü görüb. O, 2020-ci ildə pandemiyanın ilk dövründə Bakıda keçirilən "Evdə qal!" onlayn poetik festivala, eləcə də 2022-ci ildə "Şuşaya salam" beynəlxalq virtual poeziya marafonuna da qatılıb. Spetaru, həmçinin "Nizami" mükafatı (Moldova Azərbaycanlıları Konqresi, 2019), "Nurəngiz Gün" Beynəlxalq Poeziya Mükafatı (2020) ilə təltif edilib, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. "Brejnevin maskaları" romanı Avropa İttifaqı Roman Müsabiqəsinin (2021) qısa siyahısına düşüb, Rumıniyada, Macarıstan və Rusiyada, Fransada nəşr olunub, Fransanın Şamberi-İlk roman müsabiqəsinin (2025) baş mükafatına təqdim edilib. Səlim Babullaoğlunun "Rumın yazıları" kitabından növbəti yazını - Nikolae Spetaru barədə məqaləsini təqdim edirik.
Səlim BABULLAOĞLU
Nikolae Spetarunu şair kimi, şeirləri ilə tanımışam. Şəxsi ünsiyyətimiz bir xeyli yazışmalardan sonra baş tutub. Sonralar Kişineuda, Bakıda, Yaşda, İstanbulda xeyli söhbətlər eləmişik. Məktublarımızdan, yəqin 150-160 səhifəlik bir kitab "düzəltmək" olar. Telefon-whatsap danışıqlarımızı da üstünə gəlsən, daha bir cild mümkündür.
Şeirlərinə oxşayan az-az şair görmüşəm. Nikolae azlardandır.
İlk görüşümüzdən, ta bu günə qədər davranışında, görkəmində ustalıqla gizlətdiyi (yaxud ustalıqla gizlənən) kədər hiss eləmişəm. Anlamışam: bütün həyatını ədəbiyyata, yazı-pozuya, sonradan isə öz ölkəsində ədəbi işin təşkilinə yönəltmiş (bu isə həm Moldova ədəbiyyatının dünya xalqlarının dillərinə çevrilməsi işi, həm təsisçisi və baş redaktoru olduğu "Quadrat" jurnalında yeni Moldova və dünya ədəbiyyatı nümunələrinin təqdimatı, nəşri kimi yorucu, ardıcıl proses deməkdir) bu adamın kədəri bir az "akmeistik xiffətdirsə", bir az da "cari fanilik duyğusu"dur. Məsələ budur ki, hər nə qədər sezsəm də, Nikolae bu kədəri hər daim büruzə verməməyə çalışıb, bəlkə də anlayıb: kədər - müqəddəs bir şeydir və onu adi, gündəlik və mütəmadi lüğətimizin ümidinə buraxmaq olmaz.
Müxtəlif vaxtlarda, xüsusən, telefonla danışanda, ilk sual kimi "Nikolae, necəsən, kefin-əhvalın necədir?" deyə soruşanda, həmişə "Hamıdan yaxşı..." deyib, bəzən də əlavə edib ki, bəs, sən bilmirsən, bizim, rumınların, moldavanların kefi həmişə hamıdan yaxşı olub...
Azərbaycan oxucusu çağdaş Moldova, rumın ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı, tərcüməçi Nikolae Spetarunu ilk olaraq şair kimi tanıyıb: əvvəl "Ədəbiyyat qəzeti", "Ulduz" jurnalı və "Dünya ədəbiyyatı" dərgisi Moldova ədəbiyyatı xüsusi sayındakı publikasiyalarla, 2021-ci ildə "Mücrü" nəşriyyatında nəşr olunan "Qiyamət təxirə salınır" seçmə şeirlər toplusuyla, 2025-ci ildə isə "Zərdabi" nəşriyyatında işıq üzü görən "Brejnevin maskaları" romanıyla.
"Rumın yazıları" kitabına yalnız özümün tərcümə etdiyim (yaxud tərcüməçilərindən biri olduğum) kitablar, müəlliflər barədə yazdığım məqalələr toplansa da Nikolae üçün istisna etmək fikrindəyəm; sondan başlayıb, Nikolaenin, həmkarımız istedadlı nasir, şair, tərcüməçi Həmid Piriyevin çevirdiyi (mənim isə yalnız redaktoru və naşiri olduğum) "Brejnevin maskaları" romanı barədə də danışmaq fikrindəyəm.
Roman, mütaliəyə başlayar-başlamaz, dərhal oxucunu qrotesk-absurd atmosferə, həm də hadisələrin içinə (bu keyfiyyətilə Luici Pirandellonu xatırladır) dəvət edir, lap düzü, salır; İroniya və uydurma, banallıq və mistika sıx şəkildə bir-birinə sarılıb. Burda kənar, mistik qüvvələrin varlığına inam, xalq inancları qəribə gerçəklik yaradır: oxucu üçün çox cəlbedici, bir az da fantastik; bir az da Bulqakov vurğuları sezilir. Post-Brejnev dövründən danışılır, amma yaxşı anlayırsan ki, müəllifin ustalıqla danışdığı, nəql etdiyi "hadisə" bütün dövrlər üçün aktualdır. Yaşadığımız çağdaş zaman kəsiyindəki istənilən siyasi sistem üçün; ən inkişaf etmiş (etmişmi?) dövlətlərdən, cəmiyyətlərdən tutmuş, ən geridə qalmış topluluqlara qədər.
Şəxsən mən xeyli mütəəssir oldum. Bu hüznü doğuran bir tərəfdən, nələrisə anlamağımdırsa, başqa tərəfdən, müəllifin ironiyasının arxasından yelçəkəndən üflənən soyuq hava şırnağı kimi iliyimə işləyən kədərdi.
Fikrimcə, bu kədər və hüzn Nikolaenin insan kimi xasiyyətidir.
Bəlkə də Nikolae bizə demək istəyir (di) ki, maska təkcə Brejnevin (Brejnev epoxasının) deyil ki, hamımızındır.
Nikolaenin cümlələri lakonikdir, doludur, o sanki fikirləri demir, yazmır, mis təbəqə üzərinə misgər kimi döyəcləyərək həkk edir. Ekspressivdir, dinamikdir, yüksək üslubla bilərəkdən vulqarlaşdırılmış dilin sərhədindəki bir dildir.
Riyakarlıq, bürokratiya (olsun ki, daha çox kommunist aparatının bürokratiyası (hərçənd nə fərqi var!), idarəetmənin rəsmi ritorikası... insan axmaqlığının fərqli səviyyələri... qadın-kişi münasibətlərinin girintili-çıxıntılı, banal eniş-yoxuşları...
Nikolaenin uydurduğu (bəlkə də uydurmadığı), romandakı hadisələrin cərəyan etdiyi kəndi (Snixeu), fikrimcə, miniatürdə elə bizim bu dünyamızdır.
Romana Ön söz yazmış filologiya üzrə fəlsəfə doktoru Ülvi Babasoyun bu fikirlərini bölüşməmək olmur: " Dünya ədəbiyyatı mütəxəssisi kimi deyə bilərəm ki, hələ bu qədər dinamik tezliyi olan roman oxumamışdım. Yaşadığımız zəmanə də dinamikdir. Hətta işlərimizi günlərə və aylara sığışdıra bilmirik. "Brejnevin maskaları"nda kadrlar o qədər tez-tez dəyişir ki, oxucunun sıxılma ehtimalı belə yaranmır. (...) "Brejnevin maskaları" romanı "Çala" hekayəsi ilə eyni estetik ərazini bölüşür. "Çala"dan (A.Platonov) daha qatı və qara yumorla dərinliklərə varır Spetarunun oxucuları.(...)
Romanda maskalar metaforu dünya ədəbiyyatında bir çox mətnlə əlaqə yaradır. Corc Oruelin "Heyvanıstan" əsərinin finalında donuzların sifəti insan simasına çevrilir. Donuzlar çevrilməyə ən çox qorxduqları varlığa - insana transformasiya olunurlar. Brejnevin maskaları da sovet rejiminə alternativ bir hökumət yaratdıqlarını düşünürlər. Lakin öz ideallarının əksinə hərəkət edirlər. Spetarunun yumor mühərriki məhz bu zaman işləməyə başlayır. "Brejnevin maskaları" həm məzmunca, həm də formaca "kokteyl romandır". (...) Romanı şair, tərcüməçi Həmid Piriyev Azərbaycan dilində səsləndirə bilib. Məsələn: "İstənilən təsdiq şüurun bəhəridir, ya da altşüurun: axı, o da haçansa, lap çoxdan şüur olub". "Şüurun bəhəri" ifadəsi olduqca uğurlu və bərəkətlidir. Və ya: "Ümumiyyətlə, Sinixeu kəndində xüsusi nəsə var. Sözlə ifadə oluna bilməyəcək nəsə. Onu Mioritsin balladasının birinci misrasına calaq etməyə çalışsan: "Bir balaca guşədə, cənnətin bir bucağında...", onda hər şeyi korlayacaqsan. Ya da az qala hər şeyi". Burada təkcə "calaq" sözü kontekstində semiotik təhlillər və mənalandırmalar aparmaq mümkündür. Deməli, "Brejnevin maskaları" hazırlıqlı oxucuya sonsuz sayda mütaliə versiyaları bəxş edir və edəcək..."
Fikrimcə, Azərbaycan ədəbi tənqidi "Avropa roman yarışması"nın qısa siyahısına düşmüş bu gözəl əsər barədə yazılı fikrini ifadə eləməkdə bir az tənbəldir, hərçənd akademik Nizami Cəfərov da, istedadlı şair, esseist Fərid Hüseyn də roman haqqında olduqca maraqlı fikirlərini şəxsi söhbətlərdə dəfələrlə ifadə eləyiblər.
Azərbaycan ədəbiyyatının dostu və yorulmaz təbliğçisi olan Nikolae Spetaru, ilk növbədə, olduqca maraqlı, istedadlı, özünəməxsus, ciddi şairdir. Əxlaqca modernist, bədii fəndgirliyinə görə postmodernistdir.

İxtisarla başlığından kitabın adını götürdüyümüz "Qiyamət yenə təxirə salınır" şeirini təkrar oxuyuram, həm də ona görə ki, fikrimcə, bütün həqiqi mətnlər, ya sona hesablanıb, ya son aqibət haqqındadır həm də.
Ekzistensial ironiyası var şeirin: qiyamət sanki ciddiyyətini itirib, sıradan bir görüş kimi təxirə salınıb - bunu elə şeirin adı pıçıldayır oxucuya. Bəlkə biz gündəlik cılız işlərimizin girdabında əsas günü və aqibətimizi unutmuşuq?!
"Bir fincan kofedən o birinə, / bir az idman və meditasiya. // Siqaret tüstüsü / barın bir küncündən o birinə yayılır, // sanki sensasiya." Bu hərəkətlər müasir, urbanizasiyaya uğramış insanın özünü sakitləşdirmə, həyatı nizamda saxlama cəhdləridir. Onlar adi bir ritualdır və Qiyamət kimi böyük bir hadisənin yoxluğunda (yaxud heç olmayacaqmış kimi unutduğumuzda) ən adi işlərlə həyata məna, məzmun verməyə çalışırıq. Sonra da "motivasiya" kitabları yazır və yəqin motivasiya ədəbiyyatının banisi "dostları qazanmaq və qazandırmaq ustası" Karnegi kimi ömrümüzü yalqızlıqla bitiririk.
Kitabı açan "Yol üstəyəm" şeiri ilk əvvəl ritminə görə maraqlıdır, fikrimcə, nəfəs dərmədən oxunmalıdır, dua və ayin kimi. Təkrarlar, fani, keçici, gündəlik anlar, işlər, sadalamalar, yuxu və gerçəklik arasındakı "əraf", sirli ovqat.
Bir tərəfdən, fiziki yol, başqa tərəfdən, dəyişkən həyatın rəmzi olan "yol" kateqoriyası. Daşlar, durğunluq, yol. Statika və hərəkət. Statikada hərəkət, hərəkətdə statika. Tələsiklik, ötərilik, ədəbilik, qalıcılıq. Qəribə iç-içəlik.
Görkəmli rumın şairi və nasiri Daniel Korbu Nikolae barədə yazır: "Neoekspressionist şair düşkünləşmə səhnələri, dünya gündəmində tez-tez təxirə salınan, gülüş və təhqir hədəfinə çevrilən apokalipsis, dekadansla dərindən maraqlanır. O hər gün öz banallığında daha da dərinə batan gündəlik həyatdan dəhşətə gəlir, yuxular görür..."
Çox doğrudur.
Rezvan Vonku isə: "Spetaru həyat qarşısında faciəvi qorxu ilə tarazlığını qoruyan stixiya arasında, ironiya ilə melanxoliya arasında daimi gərginliyi saxlayır, bu nöqtədən qidalanaraq oxucuların hisslərini də gücləndirir" - deyir.
Vonkunun yazdığı bu fikirlər Nikolaenin həm poeziyası, həm də nəsri barədə indiyədək söylədiklərimin ən yaxşı rezümesidir.
"Necə zəng etməli?" çağdaş dövrün sıxıntısını, çağdaş insanın ümidsizliyini və dəyişiklik sarıdan gizli həsrətini özünəməxsus şəkildə ifadə edir. Şeir adıyla, sual qoymaqla başlayır. Amma dərhal sanki başqa bir mətləb faş olur: "Yağış haqqında bütün şeirlərdə/ olduğu kimi yağış yağır/ və neçə gündür darıxmağın/ bir özgə açmasını tapmaq istəyirsən, / təəccüblənirsən ki, saitlər samitlərlə/ mübahisə etmirlər / (hətta sözlərdə belə nifrət və düşmənçilik yoxdu indi)".
Zahiri təbiət hadisəsi - yağış (Allah bilir, bir insan ömründə neçənci dəfə) , daxili təbiət hadisəsi (hadisəsizliyi) - sıxıntı (o da saysız-sonsuz), bütün bunların vərəqdə neçənci dəfə inikasına cəhd ki, burda da yenə yeknəsəklik; hətta o qədər ki, saitlərlə samitlər mübahisə etmirlər (guya etməliydilər!). Axı nəsə dəyişməlidir. Sıxılan adam (kimsə; x; y; z) çıxış yolunu telefonun dəstəyini qaldırıb və məchul bir operatordan "inqilaba necə zəng etmək olar?" sualını verməkdə görür.
Gücsüzlük, əlacsızlıq, monotonluq...absurd qərar...
İnqilaba, dəyişikliyə necə nail olmalı?
Yadıma böyük yunan şairi Ritsosun poemasından ("Xristotemida"dan) bir parça düşür:
"Ətrafda nə baş verdiyini,
kimin hücum çəkdiyini,
kimin geriyə çəkildiyini
anlamaq olmurdu.
Kimisi qaçırdı, kimisi gizlənirdi,
kimisi dizi üstdə məktub yazırdı;
kimisi intihara tələsirdi;
kimini sübh vaxtı yalın fabrik
divarları yanında edam edirdilər,
kimisi gödəkçəsinin düymələrini
bağlamağa imkan tapmır,
gecikməkdən qorxur -
edama kömək üçün tələsirdi..."
Bu dəhşətli passaj inqilab/üsyan vaxtının bir səhnəsidir.
Sıxıntıdan, ətalətdən inqilaba düşmüş, dünyanı dəyişəcəyinə elə indi nail olmaq istəyən vəhşiləşmiş insanın təsviri.
Nikolae Spetaru isə dünyanın dəyişməsi arzusu ilə yanıb-yaxılan adamın özünü dəyişməli olduğunu xəfifcə nişan verir. Əlbəttə, hüznün sarmaşıq kimi dolandığı ironiyası ilə. Burda Nikolae üslubuna, ampluasına yenə sadiqdir.
Spetarunun bütün şeirləri ciddi, vacib suallar qoyur, düşündürür. 42 şeirin hər biri haqqında ayrıca danışılmağa layiqdir. Əslində 5 il əvvəl kitab çap olunanda, filologiya elmləri doktoru, tanınmış ədəbiyyatşünas-alim Elnarə Akimova kitaba yazdığı geniş Ön sözdə şairin bir çox şeirləri haqda "danışmışdı da", indi o yazının bir fraqmentini xatırlayıram: "Spetaru keçmişlə olduqca sərbəst davranır, bu sərbəst gedişdə tarixi-mədəni hadisələr yenidən şərhini tapır, arxetiplər deformasiyaya uğrayır, qədim abidələrin mətnləri təkrar yazılır. Ümumiyyətlə, arxetip zənginliyi ilə seçilən bu şeirlərdə ilkin strukturlara qədər göndərmələrlə rastlaşırıq. Müəllif buna tarixi təfəkkürlə oynayaraq nail olur. Şeirlərin çoxqatlı, iyerarxik olması da burdan irəli gəlir, onların bir-birinə keçidi həmin bu arxetiplərlə reallaşır.
Spetarunun şeirlərində keçmiş, bu gün və gələcək arasında gəzişmələr insanın zamanla daim kontaktda olmasını müəyyənləşdirən neyrofizioloji bazanın sayəsində mümkünləşir. Bu mətnlərin metaforik çoxqatlılığında hər hansı deyim artıq bu üçlü zaman amilinin çərçivələnmiş nəql strukturunda təqdim olunur..."
İoan Holban "Nikolae Spetaru öz poeziya "teatrı"nı yaradan müasir rumındilli ədəbiyyatın görkəmli nümayəndələrindən biridir" yazır. Məhz "poeziya teatrı" ifadəsi çox sərrastdır, çünki Spetarunun şeirləri teatraldır, bir çox hallarda "monotamaşalar"dır.
Rumın şairəsi, Spetarunun müasiri Mariya Pilkinin Nikolae Spetaru barədə bir fikri ilə 5 il sonra yazdığım bu yazıya nöqtə qoymaq istəyirəm: "Ədəbiyyat üçün ilk tələb olunan şey istedaddır və Nikolay da çox istedadlı şair və nasirdir. Onun imzası ilə işıq üzü görən hər bir şeir və nəsr kitabı saysız-sonsuz mətnlərdən fərqli olaraq rumın ədəbiyyatında olduqca dəyərli yerə sahibdir..."
Və təkcə rumın ədəbiyyatında yox.
22 noyabr 2025-ci il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
