Cəfakeş teatr fədailəri (I yazı) - Həsən Əliyev - İlham RƏHİMLİ

Hörmətli oxucular! Milli teatrımızın təşəkkülündə və müxtəlif inkişaf mərhələlərində yüzlərlə sənət fədaisinin böyük xidmətləri olub. Çox-çox təəssüflər ki, teatr icmasının gəncləri, eləcə də səhnə sənətində çalışan xeyli ortayaşlı səhnəsevər həmin fədailərin böyük əksəriyyətini tanımırlar. Tanıyanların da çoxu illər uzunu televiziyadan, radiodan adlarını eşitmədikləri, haqlarında mətbuatda oxumadıqları fədailəri unudublar... Fikrimcə, həmin səhnə fədailərimizi az qism tanıyanlara xatırlatmaq, tanımayanlara tanıtmaq teatr tədqiqatçılarımızın müqəddəs mənəvi və peşə borcudur. Mən öz yazılarımda əsasən yaradıcılıq faktlarını təqdim edəcəm.

 

I yazı

 

Həsən Əliyev

(08.03.1910-22.12.1970)

 

Rejissor, teatr təşkilatçısı və pedaqoq idi.

Şəki teatrının (1936-1938) repertuarının formalaşmasında, aktyor truppasının peşəkarlıq inkişafında xüsusi xidmətləri olub.

Yaradıcılığı, əsasən, realist teatr prinsipləri ilə xarakterizə olunur.

Həsən Əbdülkərim oğlu Əliyev 8 mart 1910-cu ildə Nuxada (indiki Şəkidə) doğulub. Burada 7 illik məktəbi bitirib. 1925-1928-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində aktyorluq, 1928-1933-cü illərdə Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Teatr İnstitutunda rejissorluq təhsili alıb. Qısa fasilələrlə 1933-1946-cı illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində, 1946 -1968-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. 1938-1942-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər, 1947-1951-ci illərdə Gənc Tamaşaçılar Teatrında baş rejissor işləyib. Ömrünün son iki ilində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dublyaj rejissoru kimi çalışıb.

1933-cü ildə Nuxada (Şəkidə) dövlət teatrı açılıb. Bakıda Milli Dram Teatrında işləyən və burada bir neçə tamaşaya quruluş verən Əlihüseyn Rzayev (1891-1936) yeni yaranan kollektivə baş rejissor göndərilib. O, təxminən, bir ilə yaxın işləyəndən sonra ağır xəstələnib və Bakıya qayıdıb. Az sonra teatr bağlanıb. 1936-cı ildə Nuxa (Şəki) Dövlət Dram Teatrının fəaliyyəti bərpa olunub və sənət ocağına Mirzə Ələkbər Sabirin adı verilib. Həsən Əliyev Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində rəhbərlik etdiyi aktyor kursunun tələbələri ilə birlikdə bura göndərilib. Cəfakeş pedaqoq teatrın direktoru və baş rejissoru kimi fəaliyyətə başlayıb. Qeyd edim ki, Həsən Əliyevin sənət müəllimi olduğu həmin tələbələr arasında gələcəyin şöhrətli, tanınmış aktyorları, sonradan Gənc Tamaşaçılar Teatrında çalışmış Yusif Vəliyev, Məmməd Xalıqov, Akademik Milli Dram Teatrının truppasında (eləcə də İrəvan teatrında) fəaliyyət göstərmiş Kamil Qubuşov, Böyükxanım Axundova (Qubuşova), Gəncə teatrında işləmiş Sərxan Mustafayev, Rza Sarabski (sonralar Azərbaycan Dövlət Teatr İnstitutunda pedaqoq kimi çalışıb), Azərbaycan Dövlət Filarmoniyasında konfransyelik edən Xalidə Məmmədova-Hüseynova, Abbas Hüseynov olublar. Qısa fasilələrlə üç dəfə bu kollektivin baş rejissoru olub. O, vaxtilə "Nicat", "Səfa" truppalarında, Milli Dram Teatrında fədakarlıqla çalışmış Cəlil Bağdadbəyovu, İbrahim Azərini ötən əsrin 20-ci illərində Şəkidə teatr sənətinin inkişafında müstəsna xidmətləri olan Baxşəli Axundovu, Məmmədkəbir Hacıoğlunu, Bilqeyis Ələsgərovanı, Yunis Qarabağlını və daha bir neçə ümidverən gənci də kollektivə cəlb etmişdi. Teatr Məktəbinin növbəti buraxılışlarında vaxtilə dərs dediyi Rzabala Rzayevi, Sima Hidayətzadəni, Hökümə İsamyılova-Qasımovanı truppaya götürmüşdü.

Teatr öz pərdələrini 15 fevral 1937-ci ildə Həsən Əliyevin hazırladığı "Hacı Qəmbər" (Nəcəf bəy Vəzirov) komediyası ilə açıb. Coşqun ehtirasla işləyən rejissor qısa fasilələrlə üç dəfə bu kollektivin baş rejissoru olub. Şəki Dövlət Dram Teatrında Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", Cəfər Cabbarlının "Sevil", "1905-ci ildə", Mirzə İbrahimovun "Həyat", Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan", Maksim Qorkinin "Həyatin dibində", Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər" əsərlərinə maraqlı səhnə quruluşu verib; qısa müddətdə kamil truppa formalaşdıra bilib.

1938-ci il may ayının 30-da Bakıda Musiqili Komediya Teatrı yaradılıb və Opera və Balet Teatrının rejissoru Soltan Dadaşovun quruluşunda Zülfüqar Hacıbəylinin "Evliykən subay" operettası göstərilib. Bu, müəyyən mənada, Musiqili Komediya Teatrına dövlət statusu verilməsinə hazırlıq prosesi idi. Həsən Əliyev Şəkidən çağırılaraq bu kollektivə bədii rəhbər təyin olunub və 1942-ci ilin sonlarına kimi sənət ocağına rəhbərlik edib. O, qısa müddətdə truppanı, orkestri, xor və balet truppalarını formalaşdırıb. Dirijorlar - Çingiz Hacıbəylini, Şəmsəddin Fətullayevi, Aleksandr Lixovitskini; rəssamlar - Rüstəm Mustafayevi, İsmayıl Axundovu, Həsənağa Mustafayevi, Fyodor Qusakı, xoreoqraf Ələsgər Hənəfizadəni teatra dəvət edib. Rəsmi və təntənəli açılış 1939-cu il yanvarın 7-də Həsən Əliyevin hazırladığı "Məşədi İbad" (Üzeyir bəy Hacıbəyli) tamaşası ilə olub. Rejissor bu kollektivdə bir-birinin ardınca "Ər və arvad" (Üzeyir bəy Hacıbəyli. 8 mart 1939-cu il), "Lənkəran xanının vəziri" (dramaturq Mirzə Fətəli Axundzadə və bəstəkar Niyazi), "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə və bəstəkar Ağası Məşədibəyov. 22 may 1940-cı il), "Qızılgül" (dramaturq Məhərrəm Əlizadə və bəstəkar Soltan Hacıbəyov. 9 yanvar 1941-ci il), "Məşədi İbad" (17 yanvar 1941-ci il), "Evliykən subay" (Zülfüqar bəy Hacıbəyli. 30 aprel 1941-ci il), "Arşın mal alan" (Üzeyir bəy Hacıbəyli. 19 fevral 1942-ci il) əsərlərini tamaşaya hazırlayıb.

1947-1951-ci illərdə Gənc Tamaşaçılar Teatrında baş rejissor işləyib. Bu sənət ocağında "Ana" (Abdulla Şaiq. 6 may 1945), "Qaraca çoban" (Əbdüləzəl Dəmirçizadə. "Dədə Qorqud" dastanı əsasında. 27 aprel 1945-ci il), "Bahar nəğməsi" (Əyyub Abbasov. 10 oktyabr 1948-ci il), öz tərcüməsində və səhnələşdirməsində "Polad necə bərkidi" (Nikolay Ostrovski. 1 may 1949-cu il), "Tom dayının koması" (Biçer Stou. 27 noyabr 1949-cu il), "Dərsdən sonra" (Mirzə Müştaq. 14 may 1950-ci il), "Sevinc" (Əyyub Abbasov. 16 fevral 1951-ci il) tamaşalarının quruluşçu rejissoru olub.

Bakı Teatr Məktəbindəki pedaqoji fəaliyyətinə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adı ilə təltif olunub.

Həsən Əliyevin oğlu Eldar Əliyev (14.1.1936 - 24.2.1984) Azərbaycan Dövlət Rus Dram Teatrında rejissor işləyib. "Dəli Kür" (Rus Əhməd), "Mən ki gözəl deyildim" (Çingiz), "Sən niyə susursan?" (Yol müfəttişi), "Yenilməz batalyon" (Əlimərdanın silahdaşı), "Gümüş furqon" (Ağadadaş), "Mezazoy əhvalatı" (Arif) filmlərinə çəkilib. Nəvəsi Dinarə Əliyeva Moskva Akademik Böyük Teatrının solistidir.

Fədakar rejissor, səriştəli pedaqoq Həsən Əliyev 22 dekabr 1970-ci ildə Bakıda vəfat edib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!