Antanasın hüznü və sualları - Səlim BABULLAOĞLU

Görkəmli Litva şairi Antanas A.Yoninasın "Tənhaların şərabı" adlı seçmə şeirlər toplusu "BeytPoetry" seriyasından işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyində nəşrə hazırlanan ,"Zərdabi" nəşriyyatında işıq üzü görən kitabın tərcüməçiləri Səlim Babullaoğlu və Mahir Həmzəyev, naşiri Elman Qasımovdur. Kitab üzərində Emil Camalov, Dirk Skriba (üz qabığındakı fotonun müəllifi), Məlahət Qənbərova və Lətafət Səmədova çalışıblar. Kitab iş adamı Məhəmməd Məhəmmədovun dəstəyi ilə işıq üzü görüb. Kitaba Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkelyaviçüs və Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev qısa giriş məqaləsi yazıblar. Seriyaya informasiya dəstəyini "Ədəbiyyat qəzeti", "Ulduz" jurnalı, "525-ci qəzet" www.mustaqil.az, www.yazarlar.az saytları verib. Antanas A.Yoninas /Antanas A. Jonynas (1953) - görkəmli Litva şairi və tərcüməçisidir. 26 noyabr 1953-cü Vilnüsdə anadan olub. Böyük Litva ədibi və ictimai xadim Antanas Yoninasın oğludur. Vilnüs Universitetinin filologiya fakültəsində Litva dili və ədəbiyyatı ixtisası üzrə (1971-1976) təhsil alıb. Uzun müddət "Vaga" nəşriyyatında çalışıb (1976-1993), Baltijos TV-də ədəbi proqramların aparıcısı olub. Litva Yazıçılar Birliyinin və Litva PEN Mərkəzinin üzvüdür, bir müddət Birliyin sədri (2011-2018) vəzifəsində çalışıb. 1977-ci ildə "Qaratoyuq kimi bir il" toplusuyla poetik debüt edib, toplu 1978-ci ildə "İlin ən yaxşı debütü" kimi "Ziqmas Gele" mükafatına layiq görülüb. "Yaddaş gəmisi" şeir kitabı (1980) gənc müəlliflər arasında "İlin ən yaxşı kitabı" seçilib. "Gecə qatarı" (1990) 1991-ci ilin uğurlu kitabı kimi Litva Yazıçılar Birliyinin mükafatına, "Buz altında şəlalə" (1997) kitabı isə "Yatvyaq" mükafatına (1997) layiq görülüb. Antanas A.Yoninas "Poeziya bulağı" (2002), Mədəniyyət və incəsənət üzrə Milli Dövlət (2003), Ədəbiyyat üzrə Baltik Assambleyası (2023) mükafatlarının laureatıdır. İngilis, alman, italyan, fransız, eston, latış, polyak və rus dillərində şeir kitabı işıq üzü görüb. Şeirləri Belarus, Ukrayna, bolqar, xorvat, gürcü, macar, Koreya, Norveç, polyak, rumın, sloven, ispan, isveç və b. dillərə çevrilib. Antanas A.Yoninas Hötenin "Faust", Lessinqin "Müdrik Natan" əsərlərini Litva dilinə tərcümə edib. O, eyni zamanda latış, rus, Belarus, Ukrayna, polyak və xorvat ədəbiyyatının Litva dilinə ən yaxşı tərcüməçisi hesab edilir, iki Ukrayna poeziyası antologiyasının tərtibçisi və tərcüməçisidir. Vilnüsdə yaşayır. Səfir Kestutis Vaşkelyaviçüs yazır: "Yoninasın poeziyası hisslərin dərinliyi, fərqliliyi, bəzən hermetikliyi, özünəməxsus metaforalarla zəngindir. O, təkcə öz şeirləri ilə deyil, həm də tərcüməçi kimi Litva poeziyasında xüsusi yeri olan şairdir, poeziyası ilə yeni meyillərin dərk edilməsində mühüm rol oynayıb. Kitabın Azərbaycan dilində nəşri azərbaycanlı oxucular üçün yeni Litva şeiri ilə tanış olmaq üçün əla fürsətdir. Nəzərə alınsa ki, çağımızda, ümumiyyətlə şeir az tərcümə edilir və şeir kitabları az nəşr olunur. Qoy bu kitabın nəşri xalqlarımızın mədəni yaxınlaşmasına öz dəyərli töhfəsini versin..." Səfir Tamerlan Qarayev yazır: "Azərbaycan peşəkar ədəbi mühitinə dəyərli Litva şairinin təqdim olunması təkcə ədəbi əlaqələr üçün deyil, bütövlükdə ölkələrimiz arasındakı münasibətlər üçün əhəmiyyətlidir, mövcud olan mədəni əməkdaşlığımızın yeni, vacib təzahürüdür. Həm Azərbaycan, həm Litva ədəbi-mədəni mühiti üçün əhəmiyyətli olan bu toplunun, Antanas A.Yoninasın "Tənhaların şərabı" seçmə şeirlər kitabının nəşri münasibətilə ölkələrimizin ədəbi ictimaiyyətini təbrik edirəm, Azərbaycan Yazıçılar Birliyinə, kitabın ərsəyə gəlməsində zəhməti olan hər bir kəsə minnətdarlıq edirəm. Necə deyərlər, oxucusunu tez tapsın!" Qəzetimizin oxucuları üçün maraqlı olacaq deyə, Səlim Babullaoğlunun kitab üçün yazdığı Ön sözü təqdim edirik.

Səlim BABULLAOĞLU

 

Doğulduğu torpaqda ölmək qismətidirsə, hər bir böyük şair öz vətənini bütün digər insanlar kimi, yalnız öz bədəni qədər deyil, həm də öz şeirləri qədər böyüdür; bu, şairin doğma coğrafiyaya (dilin sərhədləri isə torpaqdan böyükdür), yaddaşa və tarixə son töhfəsi olur. Bu töhfənin qiymətini dürüstlük müəyyən edir: Yaradana və Sözə, yaradılmışa, insana və sözə, sənətə, peşəyə münasibətdə dürüst yaşamaq və bu yaşamda qazandığın iztirab və təcrübəni düzgün "danışmaq". Məhz həmin fərdi təcrübə(lər) müxtəlif xalqların uzun dövrlər ərzində yaranan ədəbiyyatının həqiqi əyarını müəyyənləşdirir, bir növ kamerton rolunu oynayır.

Sovet Azərbaycanında yüzlərlə, minlərlə şeir yazan vardı (elə bu gün də var), amma biz bir gün o dövrdə, deyək ki, 1950-ci illərdən sonra yaşamış azərbaycanlını, insanı axtarsaq, onun nə düşündüyünü, necə düşündüyünü, həqiqi dərdlərini, saxta olmayan sevincini görmək, anlamaq istəsək, fikrimcə, Vaqif Səmədoğlunun şeirlərini mütləq oxumalıyıq. Yanina Rişkute Antanas A.Yoninas haqda haqlı olaraq yazır: "Şairin dəyərlər sistemində şəxsi həyat və daxili azadlıq xüsusi yer tutur. Lakin Yoninas, məsələn, "bitniklər"dən fərqli olaraq, insan varlığının çətinliklərinə daha həssaslıqla yanaşır. Onun poeziyası ötən əsrin 70-80-ci illərində sosialist Litvada özünü kənar, yad hiss edən gənc bir insanın psixoloji reallıqlarını əks etdirir..."

Rişkutenin sitat etdiyim fikrində, məncə, sonuncu cümlə ilə daha əvvəlki "həssaslıq" kəlməsi çox yüklüdür. Həm ayrılıqda Antanasın poeziyasına münasibətdə, həm də bütövlükdə poeziya, şair kimliyi məsələsinə münasibətdə. Poeziya həssaslıqdır, həssas yanaşmadır həm də: ən əvvəl özünə, qəlbinin səsinə, sonra isə ətrafına (bunlar, bəlkə də, eyni şeydir). Yalnız belə olan halda sən anlaya bilərsən, necə ki, Antanas anlamışdı, bütün, yaxud əksər "ideoloji bayramlar", 1 may və 9 maydakı nümayiş və paradların həqiqi sevinc və bayramla, sosialist respublikanın isə həqiqi vətən anlayışı ilə xüsusi əlaqəsi yoxmuş. Vətən, eyni zamanda və əvvəlcə, bəlkə də, daha çox sən özünsən, sənin otağındır, o otaqda yaşadığındır. Vətən təkcə coğrafi məkan deyil, həm də mənəvi sığınacaq, aidiyyət və təhlükəsizlik, asudəlik hissidir. "Otaq" şeirində olduğu kimi.

 

***

Qarşısıalınmaz ölümün qəfil gəlişi və faniliyin himni kimi səslənir "Tənhaların şərabı" şeiri. Amma çoxlu maraqlı düşüncə perspektivi yaradır. Vadiyə çəkilənlər, o axşamüstünün yolçuları kim idi? Sevgililərmi? Dostlarmı? Biz hamımızmı? Sayları nə qədərdi? Ayrıldılarmı (axı birinin arxasınca itin kölgəsi, birinin arxasınca külək düşmüşdü?) Bəs o köpək nəydi? Bəlkə, Quranın XVIII "Mağara" surəsindəki adamlardı? Bəlkə, imperator Desi Trayanın təqibindən qaçan xristian gənclərdi? Bu nədi, allüziyadır? Şimal haradır? Cənub haradır? Siyasi kontekst varmı? Axı o gənclər həm Quran versiyasına, həm xristian apokriflərinə (hədislərinə) görə ölməyəcək, uzun mürgüyə dalacaq, yalnız 300 ildən (bir az artıq) sonra ayılacaqdılar; eləysə müəllif (müəllifmi, alter-eqomu?) niyə "bir də dirilmədilər, bir dirilmədilər" söyləyir? Bəlkə, o dirilişi görməyə, o qaçışa və təqibə şahidlik edənlərin - yəni başqa ömürlərin yetərli olmadığına görəydi? Şərab nə şərabdı? Günümüzün vərdiş edilən şərabımı? Yaxud Şərq şairlərinin əsərlərində rast gəlinən rəmzi şərab, meydi? Bəlkə, bütün suallar yersizdi və şairin faniliyə köklənməkdə adətkar olan ovqatı eləcə danışır, növbəti minor bir hadisə, bir nəğmə uydururdu. Suallar, suallar, suallar. Elegik ahəngi ilə də adam üşüdən, "soyuq" ritmli bu şeir görürsüz, nə qədər suallar yaradır?! Hə, yaxşı şeirlər həm də çoxlu və doğru suallar yaradandır; birmənalı cavab tapmasan belə. "Tənhaların şərabı" şeirində olduğu kimi.

 

***

Xatırlayıram, müasir şeirimizin, müstəqillik illəri ədəbiyyatımızın görkəmli nümayəndəsi, şair və rəssam Adil Mirseyidin bir şeirini oxumuşdum. Təxminən, 26 il əvvəldi. Doğrusunu deyim, onda həmin şeir mənə "çatmamışdı". Üstündən bir neçə ay keçmişdi. Görüşlərimizin birində Adil Mirseyid necəsə oldu, həmin şeiri qiraət elədi. Çaşdım, heyrətləndim. O sanki şeiri oxumurdu, mənə izah edirdi, bu, ustad dərsi idi. Mən onda həmin vaxta qədər yalnız bir söz kimi eşitdiyim, qavradığım və bəzən də istifadə etdiyim, bizim peşəkar çevrələrdə dillər əzbəri olan "hal şeiri" anlayışını çox aydınca hiss etmişdim. Antanasın əksər şeirlərinə "hal örpəyi" atılıb, o örpəyi qaldırmaq olmaz, çünki bu vəziyyətdə yalnız rasional ağıl və məntiqlə çox uzağa gedə bilməzsən.

 

***

Antanasın şeirləri öz halı-havasıyla caz improvizəni xatırladır, bəzən də Blue Devils olur, bu duyğunu poeziya bir yana, Dovlatovun nəsrində bir başqa cür sezmişdim. Yeri gəlmişkən, mənim bu hissim Viktoriya Şeynanın şair haqqında yazdıqlarıyla da üst-üstə düşür: "A.Yoninas qəsdən ritmi və heca sayını pozur, cümlələri təkrarlayaraq "qeyri-reallıq" yaradır, melodiyaları improvizə edir. Təkrarlar, paralellik və tematik variasiyalar vasitəsilə caz musiqisinin elementlərini nitqin ritmlərinə çevirir. Onun yaradıcılığında caz və poeziya ənənələri yaradıcı şəkildə görüşür, (...) yad bir həyata canatımı, nüfuzlu nitq tonunu, melanxolik münasibəti və danışıq dilinə meyilli sintaksisi uğurla özündə birləşdirir".

***

Antanas Yoninasın "Haradasa başqa yerdə" şeiri böyük türk şairi Orxan Vəlinin "Anlada bilmirəm", məşhur danimarkalı şair Tomas Böberqin "Su" şeirilə qan qohumudur, bütün yaxşı şeirlər belədir. Bəlkə də, bütün oxşar və yaxşı şeirlər bir mətləbin, bir halın qəlpələridir - parçalanıb dünyanın dörd bir səmtinə, şairlər isə öz dillərində həmin qəlpələri bir şeirə toplayır, səhnəni bütövləşdirmək, dünyamızı birləşdirmək istəyir. Haradasa başqa yerdə maşın qapısının səsi, sübh vaxtı otlağın nəmi, təkərləriylə sikkələri yastıladan elektrik qatarları, qapıları açıq eyvanlar, təmiz teleqram blankları (sms, whatsapp yazışmaları dövrünün sakinləri bunu bilməzlər) var... Şair bunları qəribə ovqatda, bir az da melanxoliya (əsla ümidlə deyil!) ilə sadalayır. Niyə? Və niyə sonda "öz bayquşunla nə gərək gedəsən Afinaya?!" deyir? Müdriklik rəmzi, gecələr belə, gündüzlərdə olduğu kimi aydın görən bayquş nəyə işarədir? Qədim yunan əsatirlərində bayquş həm də ənənəvi olaraq müdriklik ilahəsi bakirə Afinanın rəmzi sayılırdı; yunanların gümüşü sikkələrində tetradrahmalarında da (bu həm də qədim Romada da işləyən sikkəydi) həkk olunmuşdu. Bayquş eyni vaxtda həm müdrikliyi, həm də pulu anladırsa, bütün bunları bilən müəllif son cümləsi ilə nə demək istəyir? Haradasa, yəni başqa yerlərdə mövcud olanlar elə burda da mövcud olanlardır (sadalama göydən düşə bilməz ki!), eləysə, başqa yerlərə niyə gedəsən ki?! Gedib həmin yerlərdə tapacağın, görəcəyin, müdrikliyinlə anlayacağın, hətta deyək ki, bəzən pulla ala biləcəyin yenə də burada gördüyün və görüb sadaladığın maşın qapısının səsi, sübh vaxtı otlağın nəmi, təkərləriylə sikkələri yastılayan elektrik qatarları, qapıları açıq eyvanlar, təmiz teleqram blankları, mebelli otaqlar, tünd konyak olmayacaqmı? Bəlkə, elə müəllif bunu demək istəyir?! Hər necəsə, Antanas yenə suallar qoyur, düşündürür, hüznləndirir - bütün yaxşı şairlər kimi.

 

***

Azərbaycan ədəbiyyatının Litva, Litva ədəbiyyatının Azərbaycan dilinə yorulmaz və istedadlı tərcümə-çisi Mahir Həmzəyevlə birgə tərcümələrə başlayanda (təklif də Mahir Həmzəyevdən gəlmişdi) yadıma düşdü ki, Antanasla görüşmüşük: ya Yassıda, ya Kişineuda, ya Moskvada (ola bilsin, eyni antologiyalarda şeirlərimiz də yer alıb). Soyuq replikalarla və dumanlı yadımda qalıb o görüş. Sevinirəm ki, belə olub. Daha isti şəxsi münasibətlərin olan şairlərin, yaxud dostların şeirlərini çevirəndə hökmən "önyarğılı" davranırsan; istənilən halda mətndən münasibətə gələn yol daha dürüstdür.

İndi budur, Litva şairi Antanas A.Yoninasın Azərbaycan dilində ilk şeirlər toplusunu oxucuların ixtiyarına buraxırıq. Və əminəm, diqqətli oxucuların bir çoxu, görkəmli Litva şairinin elə özünün yazdığı bir fikri təsdiqləyəcəklər ki, istədiyimiz də, bəlkə, elə budur: "Paradoksaldır ki, biz ədəbiyyatdan orijinallıq və yenilik tələb edirik, amma oxuyarkən, əslində, tanışlığın sevincini axtarırıq. Bax, bu mənim sevimli şairimdir - mən bunu görmüşdüm, amma o, fərqinə vardı. Mən bu haqda düşünmüşdüm, amma o, bunu sözlərlə ifadə edə bildi. Təsəvvürün bu cürə zərifliyi, çox güman, yalnız sadə və iddialı dünyada özünü göstərir..."

Azərbaycan ədəbiyyatına və dilinə xoş gəldiniz, əziz Antanas!

 

15 noyabr, 2025-ci il

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!