Maqsud İbrahimbəyov imzası nəsr, teatr və kino dramaturgiyası tarixində özünəməxsus yer tutur. Keçən əsrin 60-cı illərinin ədəbiyyat, teatr və kino mənzərəsini bu imzasız, imzaya baxmadan belə, dərhal tanınan xəfif yumorlu, incə istehzalı, lirik-psixoloji realizm qatlı dəsti-xətti olmadan təsəvvür etmək çətindir.
Bəhram Osmanov Akademik Milli Dram Teatrının səhnəsində "Bayquş gəldi, yaxud bir az məhəbbətdən danışaq" tamaşasına quruluş verib. Tamaşa "Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2025-ci il tarixli sərəncamının icrası ilə bağlı Mədəniyyət Nazirliyinin Tədbirlər planı çərçivəsində, dövlət sifarişi ilə hazırlanıb.
Quruluşçu rejissor və səhnələşdirmə müəllifi ədibin bir neçə əsərinin süjetini bir-birilə əlaqələndirərək (zatən, hər bir yaradıcı insan ömrü boyu eyni bir əsərin "əsirliyində", eyni bir mövzunun "girovunda" olur) vahid bir fabula canlandırmağa çalışıb. Kamera tamaşası tərzində təqdim edilən səhnə işini seyr etmək üçün teatrsevərlərə elə səhnədə şərait yaradılmışdı. Səhnənin dekorasiyası isə (quruluşçu rəssam Sahib Əhmədov) personajlarının sayı çox olan və eyni zamanda əsl kamera tamaşasının oynanılacağını vəd edirdi. Səhnədə isə nələr yox idi?! Divarboyu ekranda dəniz video-audio instalyasiyası, sahildə balıqçı guşəsi, keçən əsrin ortalarına aid masa, miz, yazı makinası, birinin başına quru budaq bərkidilmiş (tamaşa boyunca bayquşun nə səsi, nə də fiquru yoxdur, onun personajların həyatına bədlik gətirməsi bu quru budaqla rəmzləşdirilib - bayquş, ya xarabalıqda məskən salır, ya da tez-tez uçub gəldiyi yer bu və ya digər mənada xaraba qalır), digəri isə yazı makinası olan masanın yanında quraşdırılmış dar ağacını andıran iki dirək, 1970-ci illərə aid avtobus, kinokamera və bir də sahilboyu düzülmüş mizlər... Aktyorlar bu mizlərdə oturub personajının səhnəyə çıxmaq vaxtını gözləyirlər. Əsas hadisələr Maqsud İbrahimbəyovun 1975-ci ildə qələmə aldığı "Bayquş gələndə" və son əsəri olan "Qara paltarlı qadın" romanına köklənib, bir-birindən tamamilə fərqlənən bu iki dövrün insanları, onların dünyaya baxışı, həyatı qavraması, yaşadıqları ictimai ab-hava, düşdükləri tarixi dönəmin əlaqələndirilməsinə cəhd edilib. Daha doğrusu, "Bayquş gələndə" povestinin bayquş və onun özü ilə gətirdiyi bədbəxtlik əhvalı qabardılıb. Bu bədbəxtlik xəstəlik də ola bilər, ölüm də ola bilər, xəyanət, xainlik də ola bilər. Məsələn, bütün günü makinada nəsə yazan, mehriban, dürüst, bir qədər adamayovuşmaz Kamilin (Ayşad Məmmədov) həyatının son sevgisi, ikinci evlilik obyekti kimi qəbul etdiyi Nailə (Nigar Güləhmədova) ilə münasibətinin puçluğu kimi. Burada bir haşiyə çıxmağa ehtiyac var: tamaşa kino çəkilişi meydançasında növbəti epizodun lentə alınmasına hazırlıqla başlayır. Valideyn himayəsindən məhrum, uşaq evində böyümüş, bununla belə, özünə kifayət qədər ad-san qazanmağı bacarmış kinorejissor Əkrəm (Sabir Məmmədov) sevgi haqqında film çəkir. Gənc oğlanla qıza kinokamera qarşısında öpüşmək tapşırığı verilir. Amma onlar bu tapşırığın öhdəsindən gələ bilmirlər, deyirlər ki, biz başa düşmürük nəyə görə öpüşməliyik?! Bu "başa düşməmək", "anlamamaq", "anlaşılmamaq" xətti sonrakı səhnələrdə çəkiliş meydançasına gəlib-çıxan Nailənin Əkrəmlə öpüşməsi, daha əvvəl isə çox gənc Vasifə (Elnur Qədirov) qoşulub qaçmağı təklif etməsi kimi, yumşaq desək, qəribə davranışına aid olur: tamaşaçı Nailəni anlamır, özündən 30 yaş böyük Kamillə həyatını bağlamaq üçün çamadanını yığıb Abşeronun kəndlərindən birinə gəldiyi halda, əks cinsin digər nümayəndələri ilə bu dərəcədə qeyri-adekvat davranışı ikrah hissindən savayı heç nə doğurmur, çünki tamaşaçı Nailənin belə davranışları niyə tamamilə mümkün saymasının nədən qaynaqlandığından, başqa sözlə, Nailənin kim olduğundan, həyat hekayəsindən xəbərsiz qalır, bizə yalnız indiki haldakı Nailə təqdim edilir. Halbuki bayquşun hər gecə məhz Kamilin bağındakı əncir ağacına qonduğunu, özü ilə Nailə adlı rüsvayçı bədbəxtlik gətirdiyini, bayquşun bədlik rəmzi olmaqdan başqa, həm də müdriklik, dərrakə simvolu olduğunu nəzərə alsaq, tamaşada iştirakına geniş yer ayrılmış Nailə obrazı tam açılmalı idi.
Bəhram Osmanov "Bayquş gəldi, yaxud bir az məhəbbətdən danışaq" tamaşasında iki müxtəlif zaman kəsiklərini çulğaşdırmaqla çətin bir vəzifəni öhdəsinə götürüb. "Bayquş gələndə" povestindən tamaşada yalnız Kamillə Nailə və Kamilin hər yayı bağda, nənəsi ilə keçirən gənc dostu iştirak edir - əsərdə hadisələr bu personajın dilindən, onun prizmasından təqdim edilir, tamaşada isə bu obraz bütün yayı balıq ovlayıb kənd içində satmağı digər iki dostundan daha yaxşı bacaran Vasifin adı ilə adlandırılıb. Tamaşanın süjetini formalaşdıran digər böyük nəsr əsərinin, "Qara paltarlı qadın" romanının hadisələri səhnədə daha böyük üstünlük təşkil edir. Bu roman keçən əsrin 80-90-cı illərinin özü ilə anlaşılmazlıqlar və buna görə də narahatlıqlar gətirmiş ab-havasından bəhs edir. Abşeronun balıq vətəgələrinin üstündə gedən qarşıdurmalar fonunda bacarıqlı balıqçılıqdan rəsmi vəzifəli şəxsə, qəsəbə idarəedicisinə kimi yüksəlmiş Cavanşirlə (Nurəddin Mehdixanlı) seçib-sevib evləndiyi ömür-gün yoldaşı Zəhranın (Mehriban Zəki) məhəbbəti tamaşanın da əsas mənzərəsini cizgiləyir. Bəllidir ki, Maqsud İbrahimbəyov əsərlərinin süjetlərinin xeyli hissəsini qəzet materiallarından götürürdü və bu, tamaşada əks edilib - tamaşaçı sanki qəzetin səhifələrini nəzərdən keçirdikcə müxtəlif hadisələrdən xəbər tutur, səhnədə baş verənləri izlədikcə tamaşaçını, yaxud qəzet mütaliəçisini ən çox tutan Cavanşir-Zəhra əhvalatı olur. Nurəddin Mehdixanlı ilə Mehriban Zəkinin yaradıcılıq yollarında bu ilk tərəf-müqabili təcrübəsidir. Lakin tamaşa boyunca müşahidə edilən iki təcrübəli, bacarıqlı, fərqli aktyor üslubunun təmsilçilərinin tandeminin sanki uzun illərin daha bir mükəmməl tərəfdaşlığıdır - teatr və kino dramaturqları, rejissorlar Nurəddin Mehdixanlı-Mehriban Zəki tandeminin səhnəmiz və yəqin ki, ekranımız üçün yeni bir tapıntı olduğunun fərqində olmalıdırlar. Bu tapıntını kəşf etmiş Bəhram Osmanovun haqqında bəhs etdiyimuz tamaşasına gəldikdə isə, Cavanşir-Zəhra xətti, başqa sözlə, Maqsud İbrahimbəyovun nəsr əsərlərinin səhnə versiyasının "...bir az məhəbbətdən danışaq" hissəsi Mehriban Zəkinin ilanı yuvasından çıxaran Zəhra, qara paltarlı qadın obrazına yanaşmasında mistik qatın qədərində qabardılması, iki aktyorun bir-birini son dərəcə üzvi şəkildə tamamlaması, müxtəlif məzmunlu dialoqlarından tutmuş, Cavanşirin Xəzər dənizində həlak olmasına kimi bütün mizanlarda, bütün səhnələrdə məzmunlu, inandırıcı, təbii aktyor oyunu, canlandırdıqları obrazları anlayıb sevmək bacarığı, kişi və qadın başlanğıclarının, bir-birinin həyatındakı əhəmiyyətin və hər birinin müstəqil təfəkkürlü şəxsiyyət olmasının fərqinə varmaq kimi daxili mədəniyyəti çox gözəl ifadə olundu. Razılaşın ki, sadalanan keyfiyyətlər müasir dövrün insanları arasında təbii gedişat, özü-özünə mümkün olan səciyyə dərəcəsindən təəssüf ki, xeyli aşağı düşüb. Bu mənada "Bayquş gəldi, yaxud bir az məhəbbətdən danışaq" tamaşasının "...bir az məhəbbətdən danışaq" hissəsi ayrıca diqqətəlayiq səhnə əsəri kimi dəyərləndirilməyə layiq rejissor və aktyor işidir.
.jpg)




© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
