Görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyli 1907-ci ildə 22 yaşında bütün Şərqdə, Türk dünyasında islam aləmində ilk opera olan "Leyli və Məcnun" operasını yazdı. Bununla da təkcə Azərbaycanda deyil, bütün Qafqazda, Mərkəzi Asiyada, İranda, Türkiyədə musiqili teatrın yaranmasına təkan verdi. "Leyli və Məcnun" operasının premyerası 1908-ci ildə Bakıda baş tutsa da, sorağı çox geniş yayıldı. Bu günə qədər "Leyli və Məcnun" operası bir çox teatrların səhnəsində uğurla nümayiş olunmaqdadır. Bundan başqa, Üzeyir bəy 1909-cu ildə "Şeyx Sənan", 1910-cu ildə "Rüstəm və Zöhrab", 1912-ci ildə "Şah Abbas və Xurşud Banu", "Əsli və Kərəm", 1915-ci ildə "Harun və Leyla", 1936-cı ildə "Koroğlu", 1945-ci ildə "Firuzə" (opera tamamlanmamışdır) operalarını yazmış və musiqi teatrının yaranmasına və inkişafına misilsiz xidmət göstərmişdir.
Məşhur operaları ilə yanaşı, Üzeyir bəy Hacıbəyli musiqili komediya (operetta-kiçik opera) janrında da əsərlər yazaraq Şərqdə, Türk və İslam dünyasında, Rusiya imperiyasında bu janrın əsasını qoyur. 1909-cu ildə "Ər və arvad", 1910-cu ildə ən məşhur əsərlərindən biri olan "O olmasın, bu olsun" musiqili komediyaları uğurla səhnələşdirilir. 1913-cü ildə ölməz bəstəkar nəinki Azərbaycan mədəniyyətinin, o cümlədən, dünya teatr səhnəsinin nadir incilərindən olan "Arşın mal alan" əsərini yazır. 25 oktyabr 1913-cü ildə Bakıda Tağıyev teatrında premyerası baş tutan "Arşın mal alan" ilk tamaşadan tamaşaçıların qəlbini fəth etdi. Dünyada populyarlığına, sevilməsinə və saysız-hesabsız teatrların səhnələrində müxtəlif dillərdə tamaşaya qoyulmasına görə çox az əsər tapmaq olar ki, "Arşın mal alan"la müqayisə olunsun. Bu operetta 75-dən artıq dilə (rus, gürcü, erməni, türk, özbək, tacik, fars, ərəb, ingilis, fransız, alman, ispan, yunan, hindi, tamilli, çin, polyak, bolqar, ukrayna, belarus, moldav, qazax, avar, kumık, ləzgi, çeçen, aysor, udin, ivrit, rumın, macar, eston, latış və b.) tərcümə olunub. Bütün dünyada 300-dən artıq teatrda səhnələşdirilib. Rusiyanın 28 şəhərində, Amerika Birləşmiş Ştatlarının 13 ştatında, Çinin 8 şəhərində, Polşanın 17 şəhərində, Gürcüstanın 16 şəhərində, Bolqarıstanın 17 şəhərində və s. teatrlarlarda uğurla tamaşaya qoyulub və bu gün də dünyanın müxtəlif teatrlarında səhnələşdirilməkdədir.
Məlumdur ki, Üzeyir bəy "Arşın mal alan" əsərini 1913-cü ildə Sankt-Peterburq şəhərində Konservatoriyada oxuduğu zaman qələmə almışdı. Ordan əsəri Bakıya sənət dostları, silahdaşları Müslüm Maqomayevə və Hüseynqulu Sarabskiyə göndərir. 1913-cü il oktyabrın 25-də Bakıda Tağıyev teatrında "Arşın mal alan" musiqili komediyasının premyerası baş tutur və dərhal da əsərin şöhrəti hər tərəfə yayılır.
"Arşın mal alan" musiqili komediyası Qafqazda və Türküstanda Üzeyir bəy Hacıbəylinin digər əsərləri ilə yanaşı, musiqili teatrların yaranmasına və inkişafına təkan verdi. Əsər tamaşaçıların qəlbini fəth etməklə yanaşı teatr xadimlərinin diqqətini də cəlb edirdi. Hər tamaşa anşlaqla keçirdi. Ona görə də "Arşın mal alan"ı oynamaq üçün bir-birinin ardınca erməni, gürcü, rus truppaları yaranırdı. Tarixdə ikinci bir əsərlə bağlı belə bir fakt yoxdur ki, eyni gündə, eyni şəhərdə müxtəlif teatrlarda eyni tamaşa müxtəlif dillərdə oynanılsın.
1915-1916-cı illərdə Bakıda eyni gündə başqa-başqa teatrlarda üç dildə - Azərbaycan türkcəsində, erməni və rus dillərində "Arşın mal alan" göstərilib. Tiflisdə isə eyni gündə dörd dildə - Azərbaycan türkcəsində, gürcü, erməni, rus dillərində "Arşın mal alan" oynanılıb. Bütün tamaşalar da anşlaqla keçib. Hətta həmin illərdə əsər Amerika Birləşmiş Ştatlarında da uğurla səhnələşdirilirdi.
16 fevral 1917-ci il nömrəsində "Molla Nəsrəddin" jurnalında yazılmışdır:
"...Nyu-York qəzetlərinin birində xəbər verilir ki, Amerikada "Arşın mal alan səhnələşdirilib. Həmyerlim Üzeyir bəy Hacıbəylinin bu ecazkar operettası Amerika tamaşaçılarının da rəğbətini qazandı..."
15 sentyabr 1918-ci ildə "Millət" qəzetində Yusif Vəzir Çəmənzəminli yazırdı:
"..."Arşın mal alan" Amerika səhnəsində belə uğur qazanmışdır... Bütün İslam dünyasında ilk opera və operettanın müəllifi olduğumuzu qürurla elan edə bilərik..."
Yazının əsas mövzusuna keçməzdən əvvəl "Arşın mal alan"la bağlı bir neçə önəmli faktı da diqqətinizə çatdırmaq istəyirəm. Bu faktlar Üzeyir bəy Hacıbəyli yaradıcılığının ümumdünya musiqili teatr janrının inkişafında xidmətləri kontekstində yeni səhifələr açmış olur. Qeyd olunduğu kimi, Üzeyir bəy "Arşın mal alan"ı 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında oxuduğu zaman qələmə almışdı. İlk olaraq o əsəri polifoniyadan dərs deyən müəllimi, professor Vasili Kalafatiyə göstərir. Dövrünün ən tanınmış professorlarından olan Kalafati, öz növbəsində, Sankt-Peterburq Konservatoriyasının rektoru, məşhur bəstəkar Aleksandr Qlazunovdan əsərlə bağlı fikir bildirməyi xahiş edir. Tanınmış bəstəkar "Arşın mal alan"la tanış olduqdan sonra əsəri çox bəyəndiyini və onun Rusiyada ilk operetta olduğunu qeyd edir.
Vaxtı ilə bunu mənə Üzeyir Hacıbəyli ev muzeyinin direktoru Ramazan Xəlilov danışmışdı. Daha sonra mən dövlət televiziyasında çalışdığım zaman Üzeyir bəyə aid veriliş hazırlamışdım və Ramazan Xəlilovdan da həmin verilişdə müsahibə almışdım. O mənim xahişimlə həmin verilişdə bu faktı bir daha təsdiqlədi və bu haqda ətraflı danışdı. Əfsuslar olsun ki, mənim hazırladığım bir çox verilişlər kimi, bu veriliş də efirə gedəndən sonra silinmişdi.
Bu tarixi faktı təsdiqləyəcək mənbə axtarışım illərdir davam edir. Çünki, XX əsrin əvvəllərində, yəni "Arşın mal alan" yazılan dövrdə Rusiyada böyük bəstəkarlıq məktəbi formalaşmışdı. Qlinla, Musorqski, Çaykovski, Borodin, Rimski-Korsakov, Skryabin, Qlazunov, Raxmaninov və b. görkəmli bəstəkarlar yetişmişdi. Bu bəstəkarların operaları, baletləri, simfoniyaları, kamera musiqisi əsərləri hər yerdə ifa olunurdu. Lakin operetta janrında əsər yazılmamışdı. Rusiyada vodevil janrında tamaşalar səhnələşdirilsə də, bu əsərlər operetta janrına aid deyildi. Onların müəllifləri bəstəkarlar deyil, dramaturqlar idi. Tamaşadakı musiqi nömrələri isə (rəqslər, kupletlər və s.) illüstrasiya xarakteri daşıyırdı. Bu musiqi nömrələri hadisələrin, süjet xəttinin inkişafına xidmət etmirdi, musiqi tərtibatı rolunu oynayırdı. Baxmayaraq ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində Rusiyada operetta janrı çox populyar idi, amma bu janr rus bəstəkarlarının diqqətini özünə cəlb edə bilməmişdi.
Bu fikri əsaslandırmaq üçün tanınmış rus alimi M.O.Yankovskinin "Operetta" kitabının üçüncü hissəsi olan "Rusiyada operettanın yaranması və inkişafı" bölümündə qeyd olunmuş məqamlara diqqət edək:
"...Rusiyada operettanın nüfuz etməsinin tarixi, onun buna az layiq olan rus reallığına akklimitasiyası və bu janrın burada sonrakı inkişafı özünəməxsusluğu ilə seçilir.
Rusiyada operettanın tarixi Peterburqun Mixaylovski teatrında Fransız saray truppasının səhnələşdirdiyi "Orfey cəhənnəmdə" (1859) tamaşası ilə hesablanır. Bu səksən illik tarixin yetmiş ilini aktiv dövr hesab etmək olar. Xaricdən alınma (import) özünəməxsus attraksion janr kimi heç də təsadüfi deyil ki, ilk dəfə Peterburq aristokrat salonlarının məişət dilində ifa olunmuş operetta müxtəlif etaplardan keçmiş və Qərbdə bu janrın keçdiyi yolları təkrarlayaraq, tezliklə özünün səhnə ənənələrini yaratmağı bacarmış, operetta aktyorlarının nəslini yetişdirməyə müyəssər olsa da, bütün bunlara baxmayaraq, mahiyyət etibarı ilə bu janr xaricdən alınma (import) hesab olunur.
Rusiya xaricdən alınmış janrı qəbul edib onu bədii praktikasında tipik rus təsiretmə üsuluna çevirməyə cəhd edərək dəyişikliyə məruz qoymuş, lakin öz yaradıcı məktəbini, hansı ki, rus operettasını həyata gətirəcəkdi, yarada biımədi..." (M.O.Yankovski. Operetta. Leninqrad, İskusstvo, 1937.)
Rusiyada teatrlar, əsasən, Avropa bəstəkarlarının operettalarını səhnələşdirir və ya vodevil göstərirdilər. Sovet hakimiyyəti qurulandan sonra hökumət janrın populyarlığını nəzərə alaraq, ideologiyasının təbliği üçün operettanın imkanlarından istifadə etmək qərarına gəlir. Yalnız XX əsrin 20-ci illərində rus-sovet operettaları yaranmağa başladı.
Rusiyada ilk operettanın müəllifi İsaak Dunayevski hesab olunur. Dunayevski 1924-cü ildə "Həm bizimkilərə, həm sizinkilərə" operettasını yazır. Buna qədər uzun illər göstərilən tamaşalar operetta adlansa da, bu janrın xüsusiyyətlərini özündə əks etdirmirdi. Quruluş etibarı ilə operetta deyildi.
Beləliklə, nəinki Qafqazda, türk dünyasında, islam aləmində, o cümlədən də Rusiya imperiyasında ilk operettanın (musiqili komediyanın) müəllifi Üzeyir bəy Hacıbəyli olmuşdur.
Bütün Qafqazın, Güney Rusiyanın, Türküstanın teatrlarında ən məşhur və ən çox oynanılan "Arşın mal alan" operettası yenicə inkişafa başlayan kino xadimlərinin də diqqətini cəlb etməkdə idi. 1916-cı ildə Rusiyada "Piron qardaşları Filmi" Səhmdar Cəmiyyəti "Arşın mal alan" operettasının müqayisəolunmaz dərəcədə populyarlığını nəzərə alaraq, Üzeyir bəy Hacıbəyliyə müraciət edərək musiqili komediyanın motivləri əsasında eyniadlı film çəkmək istədiklərini bildirirlər. Bəstəkarın razılığını aldıqdan sonra "Piron Qardaşları" Cəmiyyəti tanınmış rejissor Boris Svetlova "Arşın mal alan" filmini çəkməyi tapşırır.
Boris Svetlov Rusiyanın ilk və məşhur kino xadimlərindən biri idi. O, 1911-ci ildən kino sahəsində çalışırdı. 1915-ci ildə B.Svetlov operator Q.Lemberq ilə Bakıya gəlir və burada bir neçə film çəkir. Svetlov və Lemberqin çəkdiyi filmlər günümüzə gəlib çatmasa da, onlardan bəzilərinin adları tarixdə qalmışdır. "Arvad", "Kişilər arvadları hesabına məqsədə necə çatırlar", "Knyaz Temir Bulat", "Ayaqyalın eşq", " Ölümə bir saat qalmış", "Neft və milyonlar səltənəti" və başqa filmlərin adlarını göstərə bilərik.
B.Svetlov dərhal hazırlıqlara başlayır və Azərbaycan teatrları səhnəsində bu əsərdə oynamış peşəkar aktyorları çəkilişlərə dəvət edir.
Elə həmin ildə, yəni 1916-cı ildə Rusiyanın Sankt-Peterburq şəhərindən Bakıya gəlmiş işbaz A.Belyakov bütün Qafqazda məşhur olan "Arşın mal alan" filminin çəkilişlərindən xəbər tutur. O başa düşür ki, bu böyük qazanc gətirəcək bir işdir. Ona görə də qərara gəlir ki, B.Svetlovu qabaqlayaraq, daha az vəsaitlə və həvəskar erməni aktyorları ilə "Arşın mal alan" filmini çəkib nümayişə çıxarsın. Beləliklə, A.Belyakov cüzi vəsaitlə, qeyri-peşəkar erməni aktyorları ilə çəkilişlərə başlayır. İşbaz Belyakov yaxşı başa düşürdü ki, "Arşın mal alan" adı ilə ən zəif filmlə də böyük qazanc əldə edə biləcək.
Həqiqətən də, A.Belyakov 1916-cı ilin sonunda film üzərində işini tələm-tələsik yekunlaşdırır. 1917-ci ilin ilk günlərindən bütün qəzetlərdə yanvar ayının 3-dən Bakıda Böyük Dəniz küçəsində yerləşən "Forum" kinoteatrında "Arşın mal alan" filminin nümayiş olunacağı haqqında elanlar çap olunur. İlk nümayiş baş tutsa da, Üzeyir bəy Hacıbəyli bundan xəbər tutur və vəkili Əlimərdan bəy Topçubaşovla (görkəmli dövlət xadimi, Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cümhuriyyəti Fətəli xan Xoyskinin rəhbərlik etdiyi ikinci kabinetdə xarici işlər naziri, 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-nə - Rusiyanın bolşevik işğalına qədər AXC Parlamentinin sədri) Bakı şəhər rəhbəri Kovalyovun qəbuluna gələrək, film onun icazəsi alınmadan çəkildiyi və əsərinin təhrif olunduğu səbəbindən filmin nümayişinin dayandırılmasını tələb edir. Şəhər rəhbəri Kovalyov "Forum" kinoteatrının direktoru Andreyevin adına əmr imzalayaraq "Arşın mal alan" filminin nümayişinə son qoyur. Bütün biletlərin satılmasına baxmayaraq, yanvarın 4-dən filmin nümayişi dayandırılır.
Bir neçə aydan sonra Boris Svetlov film üzərində işini yekunlaşdırır və 1917-ci il aprelin 20-dən başlayaraq "Arşın mal alan" filmi Bakıda və başqa şəhərlərdə uğurla nümayiş etdirilir. Belyakov isə Bakıdan uzaqlarda, Şimali Qafqazda və Türküstanda qadağan olunmuş "Arşın mal alan" filmini nümayiş etdirir və böyük qazanc əldə edir.
1918-ci ildə Rusiyanın məşhur "Xonjankov və Ko" Kinofirması da "Arşın mal alan" filmini çəkməyi qərara alır. Kinofirmanın nümayəndələri film üçün maraqlı Şərq mövzusu tapmaq məqsədi ilə Qafqaz və Türküstan şəhərlərinə səfər edirlər. Bütün şəhərlərdə insanların ən sevdiyi mövzunun "Arşın mal alan" olduğunu görürlər. Ona görə əsərin müəllifi Üzeyir bəy Hacıbəyli ilə görüşüb onun razılığını almağa cəhd göstərsələr də, bu mümkün olmur. Çünki Üzeyir bəy "Hacıbəyov qardaşları truppası" ilə İrana qastrol səfərinə getmişdi. Bu səfər 1918-ci ilin mart ayından oktyabr ayına qədər davam edir. Oktyabrın 24-də Üzeyir bəy truppası ilə Bakıya qayıdır. Bu səbəbdən də "Xonjankov və Ko" Kinofirmasının nümayəndələri Bakıda onunla görüşə bilmirlər. Kinofirmanın nümayəndələri geri qayıdır və Yaltadakı kino fabrikində filmin çəkilişlərinə başlayırlar. Oktyabr ayında Üzeyir bəy Hacıbəylinin Bakıya qayıtdığından xəbər tutan "Xonjankov və Ko" şirkətinin nümayəndələri yenidən onunla görüşməyə gəlirlər. Kinofirmanın nümayəndələri Üzeyir bəyə çəkilişləri haqqında məlumat verir və çəkilişləri davam etdirmək üçün ondan razılıq istəyirlər. Üzeyir bəy bir qədər düşündükdən sonra onunla görüşə gəlmiş "Xonjankov və Ko" kinofirmasının nümayəndələrinə etiraz edir. "Arşın mal alan" əvəzinə onlara başqa əsərini, "O olmasın, bu olsun" musiqili komediyasını təklif edir. Kinofirmanın nümayəndələri bu əsərlə də yaxşı tanış idilər. Dəfələrlə teatrda tamaşasını izləmişdilər. Ona görə də onlar bəstəkarın təklifini qəbul edir və Yalta kinofabrikində "O olmasın, bu olsun" filminin çəkilişlərinə başlayırlar.
1920-ci il 26, 27, 28 mart tarixlərində "Azərbaycan" və "Teleqraf" qəzetlərində Bakıda "Edison" kinoteatrında üç gün ardıcıl yeni beşhissəli "O olmasın, bu olsun" filmi nümayiş olunacağı haqda elanlar dərc olunur.
1918-ci ilin payızında Azərbaycan teatr truppası Türkiyəyə, İstanbula qastrol səfərinə çıxırlar. Bu səfər haqqında Türkiyə mətbuatında geniş məlumat verilir və maraqlı resenziyalar dərc olunur. Azərbaycan teatr truppası İstanbul tamaşaçılarının rəğbətini qazanır və qastrol səfəri bir neçə ay davam edir. Bu ərəfədə Fransanın "Pate" kino şirkətinin nümayəndələri Şərq mövzusunda çəkmək istədikləri film üçün süjet axtarışı üçün İstanbula gəlirlər. İstanbulda uğurla keçən Azərbaycan teatr truppasının tamaşaları da "Pate" şirkətinin diqqətini cəlb edir. Fransalı kino xadimləri Azərbaycan artistlərinin bütün tamaşalarını seyr edir və sonda "Arşın mal alan" əsərinin film üçün ən uğurlu olacağı qənaətinə gəlirlər. Bu hadisəni həmin səfərdə truppanın üzvü kimi İstanbulda olan Mustafa Mərdanov belə təsvir edir:
"Bu vaxtlar Fransanın "Pate" kinofilm şirkəti bizim "Arşın mal alan" tamaşamızı görüb onu ekranlaşdırmaq qərarına gəlmişdi. Bu münasibətlə "Pate"nin sədr müavini yanımıza gəlib bizi Parisə dəvət etdi. O, təklif edirdi ki, Parisdə "Arşın mal alan"ı on dəfə oynayaq, sonra da üç ayın müddətində operetta ekranlaşdırılsın.
Fransaya gedib-getməmək üstündə bir neçə gün çəkən böyük mübahisədən sonra biz Parisə yox, tezliklə Qafqaza, vətənimizə qayıtmaq qərarına gəldik..." (Mustafa Mərdanov. 50 il Azərbaycan səhnəsində. Bakı, 1959. səh. 52.)
Azərbaycan artistləri Bakıya gələn kimi "Pate" şirkətinin təklifi haqqında Üzeyir bəyə məlumat verirlər. Üzeyir bəy bu məlumatı hökumət nümayəndələrinə çatdırır. Müstəqilliyini yeni qazanmış Azərbaycan Xalq Cümhuriyyəti dövlət tərəfindən xüsusi bir komissiyanın yaradılması haqqında qərar qəbul edir.
"...Azərbaycan türkləri Paris və London kimi mədəniyyət mərkəzlərində öz mədəniyyətlərinin xüsusiyyatının dərəceyi-tərəqqisini nümayiş və təşviq etməyə təşəbbüs etməlidirlər...
Bu barədə lazımi hazırlıqlar görülməsi Üzeyirbəy Hacıbəyli cənablarına tapşırılmışdır. O da bunun icrası ilə məşğuldur. Buradakı teatr işlərinə xələl vurmamaq şərtilə xüsusi bir kiçik dəstə düzəltmək və onu hazırlamaq, nə qədər çətin olsa da, bu işi tezliklə düzəldəcəyi mühərrərdir."
(5 dekabr 1919 "Məşəl" №2)
1919-cu il dekabrın 30-da rəsmi dövlət qəzeti "Azərbaycan"da (rus dilində çıxan nömrəsində) qeyd olunur:
"Qərbi Avropa xalqlarını Azərbaycanın mənəvi mədəniyyəti ilə tanış etmək üçün Azərbaycan teatr qüvvələrinin Parisə göndərilməsi məsləhət görülmüş və bu işin təşkili bəstəkar Üzeyir Hacıbəyliyə tapşırılmışdır."
Göründüyü kimi, gənc Azərbaycan dövləti milli mədəniyyətin Avropada təbliğ olunmasına önəm verərək, bütün çətinliklərə baxmayaraq bu işi həyata keçirməyə qərarlı idi. Musiqimizin, ədəbiyyatımızın, teatrımızın ən yaxşı nümunələri ilə Avropa xalqlarını tanış etməklə yanaşı, eyni zamanda bütün Şərqdə ilk Xalq Cümhuriyyətini quran Azərbaycan dövlətinin də tanınması üçün yaranmış imkandan yararlanmaq vacib hesab olunurdu.
Əfsuslar olsun ki, İstanbulda Fransanın "Pate" şirkətinin diqqətini cəlb edən, Parisdə on gün "Arşın mal alan" tamaşasını göstərmək və sonra film çəkmək təklifinin reallaşması qismət deyilmiş...
1920-ci il 27 aprel gecəsi qırmızı rus ordusu gənc Azərbaycan dövlətinin sərhədlərini keçərək ölkəni işğal etdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
