"Qağayı ilə göndərilən məktub"a 9 il sonrakı "sözardı" ("Rumın yazıları" kitabından) - Səlim BABULLAOĞLU

Arkadi Suçevyanu (1952; rum.: Arcadie Suceveanu) - müasir Moldova ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, esseistdir. "Literatura Artistica" (Hyperion) nəşriyyatının (1979-1990) redaktoru və baş redaktoru olub; 1990, 2010-cu illərdə Moldova Yazıçılar İttifaqının sədrinin müavini - icraçı direktoru vəzifəsində işləyib, 2010-2021-ci illərdə Moldova Yazıçılar İttifaqının sədri olub. 2005-2013-cü illərdə Rumıniya Yazıçılar Birliyi Kişinyov filialına rəhbərlik edib, Moldova Pen Təşkilatının yaradıcısı və üzvüdür. "Mənim adım sözdür" (1979) kitabı ilə poetik debüt edib; "Tarazlıq sahili" (1982), "Minilliyin sonundakı müraciət" (1987), "Qolqof arxivləri" (1990), "Əbədi Danimarka" (1995), "Varlıqlar, kölgələr, epifaniyalar" (2011), "Erazmın surətləri" (2016) və başqa şeir kitablarının, "Maqdeburq yarımkürəsi" (2005), "Öldürücü gözəllik" (2012) və başqa esse kitablarının müəllifidir. Əsərləri dünyanın bir çox dillərinə çevrilib. Şeirləri "Ədəbiyyat qəzeti", "Dünya ədəbiyyatı" dərgisində nəşr edilib. 2017-ci ildə "Qağayı ilə göndərilən məktub" şeirlər kitabı (bilinqva nəşr) Bakıda işıq üzü görüb. Moldova Milli Mükafatına (1998), Rumıniya Akademiyasının Mükafatına (1997), dəfələrlə Moldova (1987, 1995, 1999, 2000, 2002) və Rumıniya Yazıçılar Birliyinin (2015) ödüllərinə layiq görülüb. Bu saydan etibarən Səlim Babullaoğlunun "Rumın yazıları" kitabından ilk yazını - Arkadi Suçevyanu barədə məqaləsini təqdim edirik.

Səlim BABULLAOĞLU

Həmişə yenilik axtarışında olan insan ədəbiyyatdan, amma xüsusən, hisslərin və düşüncələrin sıxılmış, qatı təzahürü olan poeziyadan yenilik gözləyirsə də, oxu, mütaliə prosesində daha çox ona tanış olan məqamlara, yaşantılara, "mən də bu cür fikirləşmişdim", "mən də bunu və bu cür hiss etmişəm" pıçıltısıyla sevinir. Litva şairi Antanas Yoninasın təxminən, sitat etdiyim, çoxları kimi, mənim də bölüşdüyüm bu fikrinin çoxlu səbəbləri var, biri, bəlkə də ən əsası budur ki, insan həmişə özünü başqa biri ilə tutuşdurmaq, öz nüsxəsini tapmaq, görmək istəyir; bu, tənhalıqdan, yadlaşmaqdan özünü qorumaq instinktidir.

Postmodernizmin çoxlu xüsusiyyətləri və alətləri var: fraqmentarlıq, müəllifsizlik, ironiya, sitatlılıq və sair və ilaxır. Amma postmodernizmin fəlsəfəsinin əsas tezisi, yaxud bu cərəyanın hərəkətverici qüvvəsi, ideyası yalnız birdir: o inkişafa şübhəylə yanaşır, özünəqədərki bütün nəzəriyyələri və irsi, o cümlədən, ədəbi nümunələri, fikir tarixinin "yazılı nailiyyətləri"ni böyük sual işarəsi ilə sorğulayır; çünki bütün cərəyanlar, "izm"lər dalana dirənib, bəşər isə xilas olmayıb.

Rumın şair, moldovalı ədib Arkadi Suçevyanu eyni qədər güclü lirik və intellektual, "nihilizm"dən uzaq postmodern poeziya nümunələri yaradan, görkəmli şairdir. Və bütün yaxşı şairlər kimi, o eyni zamanda həm əvvəlki irsə, xüsusən, milli və dünya ədəbiyyatının şah nümunələrinə "münasibət bildirərək" yazır; özünü də, sakini olduğu, aid olduğu çağdaş dünyanı da həmin dünyanın əski, ölməz bədii inikası olan əsərlərin qəhrəmanları ilə tutuşdurur. "Hamlet bizə Danimarkada da çürümə var demək üçün yenidən qayıdır..." epiqrafı ilə qələmə aldığı "Yeni Danimarka" şeiri şairin ana dilimizdə, Bakıda nəşr olunan "Qağayı ilə göndərilən məktub" (əslində kitab Azərbaycan və rumın dilindəki bilinqva topludur) kitabında xüsusi yer tutur, yuxarıda söylədiyim məziyyətlərilə ən parlaq nümunədir.  

 

Klavdinin hökmranlığı altındakı Danimarka çürüyür ( "Something is rotten in the state of Denmark"), siyasi və mənəvi-əxlaqi çöküş hökm sürür ki, bunu bizə Marsel (Marcellus) deyir, Şekspir deyir. Suçevyanu isə ironiya ilə "burda hər şey əladır, hətta bəlkə də alidir" söyləyir, yəni çürümənin normaya çevrildiyindən bəhs edir, bunun yüksək bir dəyər kimi qəbul edilməsindən söz açır.

Şekspirin Hamleti tərəddüd edir, təşviş içindədir, özünü "olum, ya ölüm" deyə sorğu-suala çəkir, ruhani-mənəvi saflıq, haqq-ədalət axtarırsa, Suçevyanunun şeirində "Şahzadə daha öz-özünü sorğu-suala çəkməyə aludə deyil - bütün hallarda bunun bir mənası qalmayıb", - deyir və mənəvi narahatlığın, çək-çevirin, ciddi sualların çağdaş dünyada faydasız, mənasız hesab edildiyini göstərir. Hətta o həddə ki, "Poloni "Ofeliyanın göz yaşları" MMC-nin direktorudur, Yorikin kəlləsi məktəbdə əyani vəsaitdir"; dünyada ironiya, Orxan Vəlinin diliylə desək, "nüks edir".

İngilis yazıçısı Culian Barns Şekspirə də tez-tez müraciət etdiyi "Zamanın uğultusu" romanında (Şostakoviçin həyatından bəhs edən növbəti şedevrində) "Sarkazm - qəlbini itirmiş ironiyadır" yazır.

Suçevyanunun şeirində bütün bu dərin (!) ironiyaya rəğmən qəribə bir sızıltı hiss edirsən; fikrimcə, bu sızıltı həm də Arkadie Suçevyanunun "ağıllı qəlbi"nin sızıltısıdır, sarkazma çevrilməyib, çevrilməyəcək.

Xatırlayıram, tərcüməyə başlayar-başlamaz (biz "Qağayı ilə göndərilən məktub" toplusunu Qismət Rüstəmovla bərabər çevirmişdik) və həmin şeiri ilk dəfə oxuyanda məhz yuxarıda söylədiyim bir əsas (özünü aid olduğu dünyanın əski, ölməz əsərlərinin qəhrəmanları ilə tutuşdurmaq kimi ) keyfiyyətinə görə Boris Pasternakın "Hamlet", Kamal Abdullanın "Beyrəyin kafir qızı ilə vidalaşıb əsirlikdən qaçması", Zbiqnev Herbertin "Qoca Prometey" şeirlərini xatırlamışdım.

Pasternakın "özü ilə arasında bərabərlik işarəsi qoyduğu" Hamleti (o Hamlet ki, şeir onun dilindən "nəql olunur") , daha çox öz faciəsini (yəni fərdin, şəxsin faciəsini), sistem və cəmiyyət içində fərdi təklənmişliyi ifadə edirdisə, Suçevyanunun şeirində bilinməz, məchul, üçüncü şəxsin dilindən "danışılır" şeir. Özü də fərdin yox, cəmiyyətin faciəsi "nəql edilir". Bu üçüncü şəxs müəllifdirmi, onun alter-eqosudurmu, Horatsi, yaxud yeni Şekspirdimi, bunu yalnız güman etmək qalır bizə.

Arkadi Suçevyanunun başlığında kitab üçün ad seçdiyimiz "Qağayı ilə göndərilən məktub" şeiri çağdaş lirik poeziyanın şah nümunələrindən hesab oluna bilər. Düz yadımda qalıbsa, mən bu şeiri öz tərcüməmdə və kitabın təqdimatında qiraət edəndə müəllif mətnin minor ovqatını artırdığımı söyləmiş, mən də zarafatla "görünür, bir bənd artırmışam, həmin bəndin hesabınadır" (şeirin orijinalı 20 misraydı, tərcümə isə 24 misrayla başa gəlmişdi) söyləmişdim.

 

Diqqətli oxucu ilk informasiyanı şeirin adından alır. Məktub həm dənizin, həm də azadlığın simvolu olan qağayı ilə göndərilib. Demək ki, dəniz var. Sevgililər, çox ola bilsin, hər ikisi sahildə yaşayır.  Qağayı ilə göndərilibsə, deməli, uzaqlıq və ünsiyyətin çətinliyi (və yaxud yoxluğu) var; başqa tərəfdən, məktubun çatacağına xəfif ümid də hələ var.

Daha sonra şeirə "daxil olan" "Tramvayın səsinin batırdığı / Əski payız romansı tək qəmliyəm" şeirin dominant, kədərli ovqatını müəyyən etməklə yanaşı informativ yükünü də boşaldır. Tramvay varsa, şəhər var. Şəhər varsa, çağdaş həyatın səs-küyü var, bu həyat isə romantik, mübhəm duyğuları eynən tramvayın səsi kimi boğur. "Əski payız romansı" öləziməkdə olan, ya da itirilmiş sevginin nişanıdır; üstəgəl, "payız" sözünün "dövriyyəyə girməsi" həmin öləziməkliyi də artırır; hərçənd payızdırmı, deyilmi, bu, dəqiq bilinmir.

"Ovuclarım dopdolu qəm bardağı, / Kənarından aşıb-daşır, birdənəm" deyişi ovucları ilə üzünü qapayan adamı, o ovuclara, qəm bardağına dolub-daşan göz yaşlarını nişan verir.

Şam, sükut rəngindəki qarağaclar təkliyi, itirilmiş sevgi hissinin çatdırılmasını gücləndirir.

"Burda sükut rəngində qarağaclar,/ Kürü tökər suya ulduz sürüsü" kimi bənddəki/şeirdəki ən gözəl cümlələrdən ikisi həm ağacların, təbiətin sükuta daldığını, həm gecəni, həm məcazın ecazını, unikal vizual səhnəni faş edir. "Burda məni yalnız təklik qucaqlar, / Arzular ki, mən olum sevgilisi" misraları isə artıq kulminasiyadır. Təkliklə qucaqlaşmaq...bundan o yana yoxdur. Və nəhayət, itirilmiş dünya - Atlantida ilə eyniləşən sevgi.

Bir də son:

 

"Məni yorub dalğaların ağlığı,

Sən də ki, heç dillənmirsən, birdənəm.

Tramvayın səsinin batırdığı

Əski payız romansıtək qəmliyəm".

 

Bütün uğurlu, böyük şeirlərdə olduğu kimi çevrə qapanır. Adı, başlığı ilə dənizi nişan verən, sonda isə yenə dənizlə bitən şeir. Dalğaların ağlığı, ömrün yeknəsəkliyi, yenə də urbanizasiyanın boğduğu eşq.

"Sən də ki heç dillənmirsən" - əvvəldə söylənən xəfif ümid də çəkilir, qeyb olur.

29 şeirin toplandığı "Qağayı ilə göndərilən məktub" kitabını keçmiş tarixlə vərəqləyir, öz tərcümələrimə oxucu gözü ilə və təkrar baxa bilməmək vərdişimə görə, xüsusən, Qismət bəyin çevirilərini diqqətlə oxuyuram. Təkrar özüm üçün təsdiq edirəm ki, "Heraklitlə savaş", "Sebastyanın gəmisi", "Əbədi Danimarka", "Qolqof tarixi", "Dəyirmançı Don Kixot" (son üç şeir Qismət Rüstəmovun çevirdiyi 21 şeirin arasındadır) şeirləri də xaraktercə "Yeni Danimarka" şeirilə qohumdur. İkinci şeir Sebastyan Bran(d)tın "Axmaqlar gəmisi", satirik-didaktik əsəri, poeması ilə səsləşmədir (bu şeir haqqındakı 8 il əvvəlki qeydlərimi xatırlasam da, köhnə əlyazmalarımın arasında tapa bilmirəm), yeni yozumdur. Və onun poeziyasının intellektual-postmodern xislətinin gücündən, dominantlığından xəbər verir.

"Xoşbəxtlik nədir? Xoşbəxtsinizmi?" suallarına cavab verən yetərincə ağıllı bir adam: - Mən idiot deyiləm ki, xoşbəxtlik haqqında düşünüm. Xoşbəxtlikdən daha vacib şeylər var, - demişdi.

Başqa bir adam isə "xoşbəxtlik haqqında düşünürsünüzmü?" sualına cavabında demişdi ki, niyə də yox, bu axı təbiidir, insan xoşbəxtlik üçün doğulub.

Yaşlandıqca ikinci ağıllı adamın cavabı mənə daha inandırıcı görünür.

Məsələn, bir çoxları kimi, mən də elə kitablar, əsərlər, romanlar var ki, o əsərlərin mütaliəsi zamanı (nə qədər ağır mövzulardan bəhs etsə belə) xoşbəxt oluram, oxu prosesinin bitməməsini, sonsuzadək uzanmasını arzu edirəm, hətta 20-30 səhifədən bir kitabı qorxa-qorxa bağlayır, gerisini tutya kimi sabaha, sabahlar üçün saxlayıram. İndi bunları niyə yazıram? Yəqin ona görə ki, ədəbiyyat, yaradıcılıq həm də insanı, oxucunu xoşbəxt eləmək üçündür, ən azı bir xoşbəxt anı yaşatmaq üçündür; heç şübhəsiz, düşüncələrə və hisslərə xitab edərək.

Hər halda "Cogito ergo sum" elə belə, göydəndüşmə doğulmayıb. Yəqin, "Sentio, ergo existo" də deyib, sonra isə hər iki fikri bu cürə ümumiləşdirmək olar: "Düşünürəm, hiss edirəm, deməli, varam".

Arkadi Suçevyanu bir müsahibəsində deyir ki, mənim xoşbəxtliyim, şübhəsiz, yazı və xəyallar dünyası ilə bağlıdır: "Bu zaman ruhum özünü azad və sərbəst hiss edir, mən görünür, yalnız "iş başında" olanda "xoşbəxtlik" adlandırıla bilən nadir ekstatik sevinc, xoşbəxtlik anlarını yaşayıram. Başqa sözlə, yalnız qeyri-adi bir fikir kəşf etdiyim zaman, orijinal bir şeir və ya hekayə oxuduğum zaman və təbii ki, günlər və gecələr, aylar və ya hətta illərlə davam edən zəhmət nəticəsində ruhumun dərinliklərinə baş vuranda, xəyal edərək yazmalı olduğum şeirləri, esseləri faş edəndə xoşbəxt oluram".

Düşüncə, yazı prosesi müəllifi xoşbəxt edirsə, deməli, o mütləq ən azı bir oxucunu xoşbəxt edəcək. Bu isə artıq böyük nəticədir, dünya bir adam qədər dəyişib, başqalaşıb və bəlkə bir az da xoşbəxt olub: mən bu sözləri Arkadi Suçevyanunun şeir kitabını nəzərdə tutaraq deyirəm indi.

 

12 noyabr 2025-ci il

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!