ANAR
Universitetdə oxuduğum illərdə Mirzə Fətəli Axundzadə haqqında kurs işi yazmışdım. Universitet müəllimim, görkəmli tənqidçi, teatrşünas Cəfər Cəfərov yazımı oxuyub əsasən bəyənmişdi, amma bir fikrimə ciddi etirazını bildirmişdi. Hissə qapılaraq Mirzə Fətəlini bütün Avropa dramaturqlarından - Molyerdən, Şillerdən üstün qoymuşdum.
"Heç vaxt belə populist yanaşmalara uyma, - dedi mənə Cəfər müəllim, - belə iddialardan, hətta yalançı millətçilik də yox, sırf əyalətçilik qoxusu gəlir".
Bu sözlər mənim üçün əbədi dərs oldu.
Bəzən mətbuatda, ya ayrı-ayrı çıxışlarda "Bizim poeziyamız dünyada bütün poeziyalardan üstündür" iddiasıyla rastlaşanda soruşmaq istəyirəm: - Bəyəm, sən dünyanın bütün dillərində yaranmış şeirlərlə tanışsan?"
Bizim klassik ədəbiyyatımız, o cümlədən, şeirimiz, həqiqətən, o qədər zəngindir ki, onu başqa xalqların bədii ədəbiyyatlarıyla qarşı-qarşıya qoymağa ehtiyac yoxdur. Hər xalqın ədəbiyyatı, hər şeydən əvvəl, o xalqın özü üçün əzizdən əzizdir.
Amma bu danılmaz həqiqətə uyğun olmayan iki misal çəksəm, inanıram ki, Cəfər müəllimin ruhunu incitmərəm. Həm də mənə elə gəlir ki, Cəfər Cəfərovun özü də mənim bu iki qənaətimlə razılaşardı.
Bir. Türk xalqlarının Servantes, Balzak, Tolstoy, Dostoyevski miqyasında romançısı yoxdur. İstəsək də, istəməsək də, bu belədir. Amma...
Amma nə rusların, nə fransızların, nə ispanların, nə almanların "Kitabi-Dədəm Qorqud" səviyyəsində dastanları da yoxdur.
- Bəyəm, sən bu dilləri bilirsən ki, belə hökm verirsən? - deyə bilərlər. Cavab verirəm: rus dilini bilirəm, fransızların "Roland haqqında nəğmə", ispanların "Sid", almanların "Nibelunq" dastanlarını isə tərcümədə oxumuşam. Nə rusların "İqor alayı haqqında söz" dastanı, nə ispanların, fransızların, almanların (ingilislərin ümumiyyətlə, dastanları olmasını eşitməmişəm) obraz zənginliyi, süjet parlayışı, lirik təsvirlərinin canlılığı baxımından "Kitabi-Dədəm Qorqud"la yanaşı dura bilməz.
İki. Yenə də tərcümələrə əsaslanaraq deyə bilərəm ki, XVI əsrin ən böyük dramaturqu Şekspir, ən böyük romançısı Servantes, ən böyük şairi Füzulidir. Təkrar edirəm: XVI əsrin! Dünya ədəbiyyatında məhz XVI yüz ildə Füzulidən böyük şairin adını çəkə bilirsinizsə, buyurun, deyin. O başqa məsələ ki, dünya ("dünya" deyəndə, ənənəvi olaraq Qərb dünyası nəzərdə tutulur) Füzulini Şekspir və ya Servantes qədər tanımır. Bu, Füzulinin günahı deyil. Bir az da bizim suçumuzdur. Bu mövzuda dərinə getmək istəmirəm.
Söhbət Füzulidən gedirsə, bu yazımın başlığına çıxardığım sözlər - "Çoxluq içində təklik" - ilk növbədə, Füzuli qəhrəmanı Məcnuna aiddir.
Nə idi Məcnunun günahı ki, ÇOXLUQ onu cünun, dəli saydı? Sevgisi? Bəyəm, sevmək dəlilikdir, qoy lap çılğın eşq, qeyri-adi məhəbbət olsun?
Bəzən "Leyli-Məcnun"u Şekspirin "Romeo və Cülyetta"sıyla tutuşdururlar. Bu iki əsərin oxşarlığı ancaq zahiri bənzəyişdir. Faciəylə bitən hər iki süjetin tragik səbəbləri tamamilə fərqlidir. Romeo ilə Cülyettanın sevgisi iki ailənin rəqabətiylə, qatı düşmənçiliyi ilə qarşılaşır. Məcnunla Leylinin ailələri arasında heç bir ədavət yoxdur, əksinə, onlar hər iki tərəfdən ÇOXLUĞUN nümayəndələridir, hər iki tərəf Qeysi Məcnun sayır. Əgər belə olmasaydı, Qeysin atası oğlunu Məkkəyə aparıb Kəbədə məhəbbət mərəzindən sağaltmaq istəməzdi. Romeo Cülyettaya qovuşmaq istəyir. Məcnun Leyliyə olan eşqinin bəlasına düşməyi arzulayır. Alicənab cəngavər Nofəl Qeysi sevgilisinə qovuşdurmaq üçün cəngə başlayır. Məcnun isə bu döyüşdə Nofəlin məğlub olmasını istəyir. ÇOXLUQ bunu başa düşə bilərmi? Əlbəttə, yox. Odur ki, Məcnun obrazı ədəbiyyatımızda ÇOXLUQ içində qəribliyin, tənhalığın ilk parlaq örnəyidir.
Sonralar bu "tənhalıq tilsimi" XIX və XX əsr ədəbiyyatımızda meydana çıxır.
Mirzə Fətəlinin Hacı Nurisində və Şahbazında, Nəcəf bəy Vəzirovun müsibətli Fəxrəddinində, Əbdürrəhim bəy Haqverdiyevin bəxtsiz cavanı Fərhad surətində Məcnundan gələn metafizik tənhalıq, mühit içində nakamlıq var. Hamısı çoxluq içində darıxan, karıxan, çırpınan, özünə yer tapa bilməyən tənha insanlardır.
XIX əsrin ikinci yarısında Mirzə Fətəlinin altı komediyası meydana çıxandan, XX əsrin otuzuncu illərinə - Cəfər Cabbarlının "Dönüş"ünə qədər ədəbiyyatımız - nəsrimiz, şeirimiz, dramaturgiyamız, təsviri sənətimiz, musiqimiz çoxluq içində Təkin qiymətini anladıb.
Ümumiyyətlə, bu dövrdə yaranan ədəbiyyat, sənət örnəklərimiz zənnimcə, əsasən, altı böyük şəxsin M.F.Axundzadənin, Mirzə Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Cəfər Cabbarlının, Əzim Əzimzadənin (rəssamlıqda), Üzeyir bəy Hacıbəylinin (musiqidə) adlarıyla bağlıdır. "Nədən bu parlaq yaradıcıların sırasında böyük Hüseyn Cavidin adı çəkilmir?" Haqlı suala cavab belədir ki, bu müqtədir sənətkarın çoxusunu nəzmlə yazdığı və əsasən Şərq tarixini canlandıran ölməz əsərlərində sırf Azəri türk xarakteri - Mirzə Fətəlidə, Mirzə Cəlildə, Sabirdə olduğu kimi əks edilməyib. Şübhəsiz, bu, ədəbiyyat tariximizdə Cavid yaradıcılığının önəmini azaltmır, bu, klassikin özəlliyinin, fərqliliyinin göstəricisidir.
Zaman etibarıyla böyük bir bədii prosesin başlanğıcında Mirzə Fətəli irsi durur. Məncə, M.F.Axundzadə yalnız dramaturgiyamızın, ədəbi tənqidimizin deyil, çağdaş nəsrimizin də əsasını qoyub. Tək bir "Aldanmış kəvakib" hekayəsiylə deyil, ilk növbədə səhnə əsərləriylə. Ədəbiyyat tariximizdə təxminən, elə bu dövrdə yaranmış üç hekayəni müasir nəsrimizin başlanğıcı sayırlar. Onlardan biri Abbasqulu ağa Bakıxanovun "Kitabi-Əsgəriyyə" hekayəsi ərəb-fars kəlmələri, izafətləriylə dolu, elə qəliz bir dildə yazılıb ki, öz-özlüyündə maarifçilik dəyəri olan bu əsəri çağdaş nəsrimizin, ən azı dil baxımından başlanğıcı saymaq çətindir. Eləcə də İsmayıl bəy Qutqaşınlının fransızca yazdığı "Rəşid bəy və Səadət xanım" hekayəsini yeni nəsrimizin başlanğıcı kimi qəbul etsək, yenə də şeir tariximizdə olduğu kimi, nəsrimizdə də ədəbi örnəklərimizin ibtidaisini yad dilə bağlamış oluruq. Əlbəttə, həmin əsərlər ədəbiyyat tariximizdə qalır və qalmalıdır. Amma XIX əsrdə bir azərbaycanlı qələm sahibinin fransızca bədii əsər yazması nə qədər fərəhli faktdırsa və bu fakt, hətta Mirzə Fətəlinin özünü heyran qoyubsa, bu gün bizimlə bizim dildə danışan nəsrimiz (təkrar edirəm, həm dramaturgiyamız, həm də nəsrimiz) Axundzadənin komediyalarından başlanır.
Dil bədii ədəbiyyatın ən vacib və əsas ünsürüdürsə, "Aldanmış kəvakib" çağdaş dilimiz baxımından bizdən çox-çox uzaqdır. Amma eyni müəllifin, eyni zaman kəsiyində yaratdığı komediyaları, bugünkü səhnəmizdən də yazıldığı kimi, hamının anladığı bir şəkildə səslənir. Səhnədə oynanılan əsəri kitabda oxuyarkən, bu mətnlərin nəsr və komediya kimi janr fərqlərinin yalnız forma etibarıyla ayrıldığını görürük. Bu əsərlərin klassika sayılmağının bir səbəbi də odur ki, o dövrün libaslarında çağdaşımız insanların xarakterləri canlanır. O cümlədən, əsrlərdən-əsrlərə keçən ÇOXLUQ içində darıxan TƏKLƏRİN faciəsi.
Molla İbrahim Xəlilin fırıldaqlarına sidq-ürəklə inanan avamların içində Hacı Nuri sözü eşidilməyən qəribdir. Maarifə, təhsilə, dünyanı görməyə can atan Şahbaz bəy də dərviş Məstəli şahlar çoxluğunda və caduya inanan sadəlövh qadınlar qarşısında təkdir. Qaragüruh içində işıqlı fərdin təkliyi və fəaliyyəti əvvəllərdə qeyd etdiyim kimi, N.Vəzirovun, Ə.Haqverdiyevin əsərlərindən keçir və M.C.Məmmədquluzadənin ölməz "Ölülər"ində ən yüksək zirvəsinə ucalır. Hacı Nurinin ayıq sözlərinə yox, Molla İbrahim Xəlillərin qızıl sövdəsinə inananların varisləri Şeyx Nəsrullahın ölüləri dirildəcəyinə etiqad edirlər və bu ÇOXLUĞUN içində İsgəndər içməsin, neyləsin?
İsgəndər içərdi,
Ləqəbi də Kefli İsgəndərdi.
Gecə-gündüz düşündürdü onu
diri ölülərin dərdi.
Yoxsa o da,
bir poçt məmuru olar,
Nə dərdlənər, nə içərdi,
Ömrü ölülər içində
Sakit, səssiz keçərdi.
Qınamayın İsgəndəri,
yaman olur anlamaq dərdi.
Dərd tək onda deyil ki, İsgəndər ölülərin dirildiyinə inanan Hacı Həsənlərin çoxluğunda təkdir. Dərd həm də ondadır ki, ölülərin dirildiyinə əlbəttə ki, inanmayan "poçt məmurları" da çoxluğun rəyiylə razılaşmalıdırlar, avamlığa qarşı durmaqdan qorxub çəkinirlər. Konformist cəmiyyətdə düşünən, anlayan, anladığını deyə bilməyən və deyərsə belə, ÇOXLUĞUN eşitməyəcəyi bir şəraitdə TƏKLİK TİLSİMİNİ qırmaq asan deyil. Cəfər Cabbarlının Oqtayı da həyatından artıq sevdiyi teatr aləmində təkdir, pulun, var-dövlətin hər şeydən üstün çıxdığı, hər şeyə qadir olduğu, sevdiyinin belə, satın alındığı mühitdə Aydın da təkdir.
Əgər ədəbiyyatda bu zəngin personajlar silsiləsini böyük nasir və dramaturqlar yaradıbsa, şeirdə bunu Sabir edib və bu insan mənzərələrinin içində şair özü təpə-tənhadır:
Derlər usan, hərvəzü hədyan demə,
Güc gətirir dərd, usana bilmirəm.
Yaxud:
Surtuqlu müsəlmanları təkfirə qoyan bu
Döşdüklü müsəlmanları neylərdin, ilahi?!
Yaxud buların bunca nüfuzu olacaqmış, -
Beş-üç bu süxəndanları neylərdin, ilahi?!
Qeyrətli donosbazlarımız iş bacarırkən, -
Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!
Yaxud:
Eylə bilirdim ki, dəxi sübh olub,
Mürği-səhər tək bir ağız banladım.
Səng şikəst eylədi balü pərim,
Banlamağın hasilini anladım.
Bir də məni vurma, aman, səngdil,
Rəhm elə, nıqqıldayıram indi mən.
Ağlamayın, ağlamayın, cücələr,
Banlamaram, banlamaram bir daha.
Banlamamaqdır sizə əhdim mənim,
Söyləmirəm: anlamaram bir daha!
Örnək gətirdikcə gətirmək istəyirsən, adam Sabir dərdinə, Sabir nisgilinə, Sabir tənhalığına acımaqdan qurtula bilmir.
Anlamaq dərdindən, tənhalıq əzabından qurtulmağın bir xilas yolu gülüşdür.
Sabirin şeirlə yazdıqlarını, Əzim Əzimzadə rəsmdə canlandırdıqlarını böyük Üzeyir Hacıbəyli həyat eşqiylə dolu musiqli komediyalarında səhnəyə çıxarır.
"Arşın mal alan" xalqımızın ən nisgilli dövrlərində ona sevinc, şadyanalıq ovqatı bəxş edən, yaralarına məlhəm qoyan təsəlli olub. Keçən əsrin əvvəllərində Azərbaycan sənətinin heç bir əsərində "Arşın mal alan"da olduğu qədər nikbinlik ruhu, yaşamaq həvəsi, sevib-sevilmək istəyi yoxdur. Üzeyir Hacıbəyli öz musiqili komediyalarının həm də libretto müəllifi kimi klassik dramaturqlarımızın sırasındadır. Amma digər böyük dramaturqlarımızdan fərqli olaraq Üzeyir bəy personajlarını yalnız söz vasitəsiylə deyil, həm də musiqi diliylə yaradır. "Arşın mal alan"da hər personajın musiqi obrazı var - Əsgərlə Gülçöhrənin lirik obrazları, Vəliylə Tellinin komik obrazları, Xalayla Soltan bəyin qocafəndi yumoristik obrazları, azacıq da nostalji hisslərlə ifadə olunmuş nisgilli ovqatları.
Obraz, xarakter rəngarəngliyi baxımından "O olmasın, bu olsun" da belədir. Bu əsərdə də hər personajın öz musiqi səciyyəsi var. Amma "O olmasın, bu olsun"un bütün məzəli ünsürləriylə yanaşı, süjetinin dərinliyinə varanda görürsən ki, burada da üst qatın altında həzin bir təklik motivi var. Məşədi İbad, nə qədər gülməli görünsə də - təkdir, tənhadır. Pulagir "obrazavonskilər", muzdla yazı çap edən qəzetçilər, sözdə basıb-kəsən, mahiyyətcə qorxaq qoçular, insanın meymuna bənzəməsindən dəm vuran əyalət "darvini", ala-yarımçıq osmanlı dilində konuşan zat, borca düşüb borclarını ödəməkçün qızını bədbəxt etməyə hazır olan ata, Məşədi İbadı əvvəl çirkin sayıb, sonra ona ərə getməyə razılıq verən (razısan? hə, hə) qulluqçu və nəhayət, qanqster üsuluyla Məşədini aldadıb nişanlısını əlindən alan sinik Sərvər... Karikatura üslubunda təqdim olunan personajlar içində Məşədi İbad ən sadəlövh insan, hər yalana sidq-ürəklə inanan, asan aldanan, səxavətli (hətta fırıldaqçı "dostlarının" hamam pulunu da ödəyən), gücü bircə biçarə hambala çatan Məşədi İbad eybəcər çoxluq içində yeganə günahsız şəxsdir. Tənqid hədəfinə məruz qalan Məşədi İbadın yeganə günahı gənc qıza tamah salmasıdır.
Məcnundan Məşədi İbada uzanan yol, əlbəttə şərtidir, yəqin ki, məsələnin belə qoyuluşu mübahisə və etiraz doğura bilər. Amma bu mövzunu ifrat həddə çatdırmaqla bir vacib məsələyə diqqəti çəkmək istədim: ÇOXLUQ içində TƏKLİK yalnız ayrı-ayrı fərdlərin bəlası deyil, ümumən cəmiyyətin dərdi, mühitin böyük faciəsidir.
25-26 noyabr 2025
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
