Aydın TALIBZADƏ
Musiqi sükutun dekorudur.
Sənət boşluğun dekorudur.
Söz ünsiyyətin dekorudur.
Jurnalistika hər hansı bir lokal hadisəni, faktı, ünsiyyəti ictimailəşdirmək, onu müasirlərilə bölüşmək, produktiv fikirləri zamanında aktivcəsinə paylaşmaq vasitəsidir. Jurnalist həmişə gündəmi hədəfləyir. O, müasirlərinin sükutunu pozub diqqəti problemin aktuallığına yönəldən adamdır.
83 yaşlı Fazil Rəhmanzadə jurnalistikasının mayası fakt deyil, hadisə deyil, ünsiyyətdir, dialoqdur, ülfətdir. Sadəcə, o dialoqu, ülfəti, adi dostluq münasibətlərini fakta, hadisəyə çevirə bilən, ünsiyyət zamanı məsələləri spektral görükdürməyi bacaran, peşəkar qələm sahibidir.
Dünyanı görə-görə gəlmək, düşünə-düşünə yaşamaq, ömürboyu hər gün müxtəlif insanlarla tanış olmaq, kimlərləsə ülfət bağlamaq, dost qazanmaq, kimlərdənsə ayrılmaq, ancaq unutmamaq, daim var olduğun mühit içrə qəhrəman axtarmaq, onlardan ürəkdolusu yazılar yazmaq, gündə-gündə toplumun problemlərini gündəmə gətirmək və bundan usanmamaq, yazmaq, yazmaq, bir daha yazmaq - bu, jurnalist görəvidir, jurnalistin missiyasıdır, onun yaradıcılığının əzəl mübtədasıdır.
Jurnalistin sözü jurnalistin yandırdığı məşəldir. Məqsəd insanlar və mədəniyyətlər arasında körpüləri sözlə işıqlandırmaqdır. Bu məşəllər cəmiyyəti qaranlıqdan aydınlığa çıxaracaq yolun siqnallarıdır.
Azərbaycan mətbuatı səhifələrində öz imzası ilə artıq jurnalistikamızın tarixi bir hücrəsini bulmuş Fazil Rəhmanzadə də bütün yaradıcılığı boyu xalqın, toplumun siyasi və mədəni həyatını işıqlandırmağı, bu həyatı təmin edən personaların dühasını fərqli-fərqli müsahibə və təsvirlərin, vətənpərvərlik ruhuna köklənmiş mülahizələrin köməyilə millətin hafizəsinə hopdurmağı özünə hədəf seçib. Onun yenicə çapdan çıxmış "Duyğuların gözü ilə" məqalələr toplusu da söylədiklərimə bir nümunə...
Fazil Rəhmanzadə Azərbaycan jurnalistikasının zirvə qartalıdır.

Nədən ki, o, həmişə Azərbaycanın siyasət və mədəniyyət tarixində zirvəyə dönmüş şəxsiyyətlərin, yəni millətin fəxr və qürur zirvələrinin ətrafında dövrə vura-vura, onların niyyət, amal, eyləm və əməllərindən aləmə car çəkə-çəkə hər zaman milli ideologiyaya xidmət edib, milli ideologiyanın gündəliyini emosional bir ruhda, ünsiyyət kompozisiyasında qələmə alıb.
Siyasətdə bu zirvə Heydər Əliyevdir: Fazil Rəhmanzadə "Duyğuların gözü ilə" kitabını ulu öndərin şəxsiyyətinin, onun ideyalarının, dövlətçilik, müstəqillik konsepsiyasının, sənətə, sənətkarlara münasibətinin işığına tutaraq yazıb və hətta mən deyərdim ki, o özünün bütün jurnalist fəaliyyətini məhz bunun üzərində qurub. Maraqlıdır, sən bu kitabı oxuyarkən, jurnalistin hər məqaləsinə Heydər Əliyevin sanki qiyabi şəkildə hüzur gətirdiyinə, onun məqalələrini izlədiyinə şahid olursan və haradasa qəlbinin dərinliklərində inanırsan ki, bu məqalələrin hamısı ilk növbədə ulu öndərə ünvanlanıb. Çünki Fazil Rəhmanzadənin yazılarının hamısında bir raport, bir hesabat ruhu aydın duyulur.
Diplomatiyada bu zirvə müxtəlif dövlət vəzifələrində çalışmış Həsən Həsənovdur: 1992-93-cü illərdə BMT-nin Nyu-Yorkda yerləşən baş qərargahında Azərbaycan Respublikasının Daimi nümayəndəsi, Fövqəladə və Səlahiyyətli səfiri Həsən Həsənov ABŞ-da Fazil Rəhmanzadə üçün azərbaycanlı mühacirlərin həyatına qapılar açır və Fazil müəllim bu "qapı"lardan istifadə edib, əsas etibarı ilə Cənubi Azərbaycandan olan mühacirlərlə bir ünsiyyət şəbəkəsi yaradır, onların psixologiyasını, məişət qayğılarını öyrənməyə çalışır. Jurnalistin mühacirlərlə irihəcmli səmimi müsahibələri bir tərəfdən, bu insanların vətən həsrətinin sona yetdiyinə bir işarə olur, digər tərəfdən də, müstəqil Azərbaycan Respublikası ilə təmasın mümkünlüyünü bildirir. Ona görə də Fazil müəllimin jurnalist məqalələri hər zaman "Azərbaycan evi"ni yansıdır. Əslində, Azərbaycan evi Fazil Rəhmanzadənin ürəyidir: sanki bu şəxs Yer üzünün bütün azərbaycanlılarını öz ürəyinə sığışdırmağa çalışır. Onun Həsən Həsənovla bir dost ünsiyyəti təkcə azərbaycanlı mühacirlərlə yaxınlaşmaq ehtiyacından irəli gəlmir. Bu, eyni zamanda azərbaycanlıların soykökü barədə düşünmək, qədim Aramey mənbələrində və Fəzlullah Rəşid əd-Dinin salnamələrində adıçəkilən Aqus/Ağuz ölkəsilə bağlı məlumatları gündəmə gətirmək, bir daha xalqın diqqətinə çatdırmaq fürsətidir.
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Komitəsində bu zirvə Fazil Rəhmanzadə üçün general-mayor Cəbrayıl Usubovdur: o adam ki, jurnalistin məqalələrində təmənnasız xeyirxahlığın ismi kimi təzahür eləyir, Fazil müəllimin görkəmli Azərbaycan sənətçilərindən kitablar yazmaq arzusunun gerçəkləşməsinə mütəmadi yardımçı olur. Əbəs deyil ki, "Duyğuların gözü ilə" kitabında general-mayor "Sözün qeyrətini çəkən kişi" epitetilə səciyyələndirilib jurnalistin qəhrəmanları sırasında mövqelənir.
Azərbaycan klassik musiqisində bu zirvələr Qara Qarayevdir, Fikrət Əmirovdur, Niyazidir, Arif Məlikovdur. Mən Fazil müəllimin "Qara Qarayev dühası" məqaləsindən çox etkiləndim. Bu məqalədə mənə ləzzət eləyən bir neçə məqam oldu. Mən gördüm ki, Fazil Rəhmanzadə hər bir situasiyada təkcə jurnalist kimi qalmaqla, hadisəni kənardan təsvir edib ona münasibət bildirməklə kifayətlənmir: o, hadisənin episentrinə doğru gedir, birbaşa hadisənin iştirakçısına çevrilir, öz qəhrəmanı uğrunda mübarizə aparır. SSRİ dönəminin ən yüksək ödüllərindən biri sayılan Lenin mükafatına dahi Qaranın iki dəfə təqdim edilərək bu mükafatı almamasını Fazil Rəhmanzadə həm öz şəxsi problemi, həm Azərbaycanın problemi, həm də Azərbaycana, dünyamiqyaslı bəstəkara qarşı sovet mədəniyyət qurumlarının ədalətsizliyinin həyasız təzahürü kimi qavrayır.
Nəhayət ki, 1967-ci il aprelin 22-də Qara Əbülfəz oğlu Azərbaycanın çox dəyərli dövlət xadimlərinin səyləri nəticəsində Lenin mükafatı ilə təltif edilir. Lakin bu tarixdən öncə F.Rəhmanzadənin məsələdən artıq müfəssəl xəbəri vardı. İş bu ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid İliç Brejnevin qəbulundan Qara Qarayevin təltifilə bağlı əminlik əldə edib çıxan Azərbaycan dövlətinin görəvlisi, xalqın sevilən ziyalısı Şıxəli Qurbanov bu müjdəni birinci elə Moskvada ikən "Bakı" və "Baku" axşam qəzetlərinin şöbə müdiri Fazil müəllimlə bölüşür. Mən əminəm ki, bu faktdan və Fazil Rəhmanzadənin operativ şəkildə hadisənin mərkəzi iştirakçılarının arasında olmasından geniş oxucu auditoriyasının xəbəri yoxdur.
Ondan da xəbəri yoxdur ki, bir-birilə uzun müddət küsülü qalan dahi Qara Qarayevlə dahi Fikrət Əmirovu barışdıran şəxs məhz ulu öndərin özü olur. Lakin buna rəğmən, Fikrət Azərbaycan KP MK-nın 1971-ci il plenumunda nəhənglər nəhəngi Qara Qarayevi öz məruzəsində yenidən sərt tənqid edir. Və bu tənqiddən sonra Qara hamıdan inciyib həmişəlik Moskvaya köçür.
Yenə də Heydər Əliyev fenomeni!!!
Ulu öndər Qara Qarayevə Sosialist Əməyi Qəhrəmanı adının verilməsində mühüm rol oynayır, sonra isə Moskvada çalışarkən, bəstəkarın xəstə günlərində diqqətini, qayğısını ondan əsirgəmir və dahi Qaranın Fəxri Xiyabandakı dəfn mərasimində tribunaya vida sözü söyləmək üçün Fikrət Əmirovun dəvət edilməsində israrlı olur. Yalnız müdrik adamlar belə dəqiq qərar verib tarixçəni idealcasına yekunlaşdıra bilirlər. Sonucda Fikrət Əmirov tribunaya qalxıb Qara Qaryevin son mənzilinin astanasında çox ləyaqətli bir nitq söyləyir, onun musiqi dühasından major tonlarda danışır. F.Rəhmanzadənin topluya yığılmış məqalələri, bax, bu cür gözlənilməz təsirləndirici faktların dramatik təqdimilə zəngindir.
Sovet estradasında bu zirvələr Müslüm Maqomayev və Vaxtanq Kikabidzedir. Onların hər ikisi məşhur estrada ulduzları olmalarına rəğmən, Fazil Rəhmanzadə ilə yaxından dostluq eləyib, bu jurnalisti öz əziz sirdaşı bilib. Mən "Duyğuların gözü ilə" məqalələr toplusunun mahiyyətinə, cövhərinə vararkən, birdən-birə aydınlaşdırdım ki, sən demə, bu kitab öz xarakteri, poetikası etibarı ilə dostlar məclisinin emosional, eyforik stenoqrammasıdır, dostlarla görüşlərdən reportajdır, dostlar adına yazılan şərəfnamədir: həqiqətən, bu kitaba bir məclis ruhu hakim; hamı bir-birinin tanışıdır, hamı bir-birinə şaddır. Fazil Rəhmanzadənin jurnalist üslubunda bu özəl, dominant bir əlamət: o nə vaxt kimdən nə yazıbsa, kiminlə müsahibə aparıbsa, hər zaman həmin şəxslə dostlaşmağı bacarıb; istər Nəsibə Zeynalova olsun, istər Zeynəb Xanlarova, istərsə də hər hansı başqa birisi... Hətta bu kitabı vərəqləyə-vərəqləyə mənə elə gəldi ki, bütün azərbaycanlıların adı onun dostluğunda var.
Fazil Rəhmanzadə Azərbaycan teatr mədəniyyətinin zirvələri ətrafında dönüb-dönüb onlardan bol-bol yazmağı da sevən bir jurnalist olub, bütövlükdə, Azərbaycan teatrına aşiq birisi olub. Milli teatr üfüqlərində Fazil müəllimin tərcih etdiyi zirvələr Nəsibə Zeynalovadan savayı, Ədil İskəndərovdur, Şəmsi Bədəlbəylidir, Ələskər Ələkbərovdur. Əlbəttə, Azərbaycan səhnəsinin korifeyi statusunda Hacıməmməd Qafqazlını da bura qatmaq mümkün. Belə ki, H.Qafqazlının 83 yaşı olarkən Fazil Rəhmanzadə onu əla və müfəssəl danışdırıb, teatr tariximizin canlı şahidinin özünəməxsus müşahidə və düşüncələrini teatrşünaslıq elmindən ötrü fiksə eləyib.
Hərçənd mənim üçün, ilk növbədə, onun Ələskər Ələkbərovla bağlı yazdıqları maraqlı idi. Çünki müəllimim, professor Mahmud Allahverdiyev Azərbaycan teatrının Ələskər Ələkbərov möcüzəsini genişhəcmli monoqrafiyasında mükəmməl tədqiq etmişdi və mən elə sanırdım ki, bu sənətçi ilə bağlı daha heç kim yeni heç nə deyə bilməz. Çünki Mahmud müəllim bir aktyor kimi də Ədil İskəndərovun teatrında Ələskər Ələkbərovla çiyin-çiyinə çalışmışdı, hətta bir sıra tamaşalarda onunla tərəf-müqabil də olmuşdu.
Lakin Fazil Rəhmanzadənin jurnalist tədqiqatı əsasında mən Ələskər Ələkbərov barədə daha bir maraqlı, bəlkə də həmin dövr üçün olağanüstü bir faktı öyrəndim. Jurnalist bu informasiyanı aktyorun gündəlik qeydlərindən əldə eləyib: 1956-cı ildə Ə.Ələkbərov SSRİ-nin teatr xadimlərinin tərkibində Şekspir faciələrinin səhnə təcəssümü ilə bağlı Budapeştdə keçiriləcək beynəlxalq konfransa qatılmaq niyyətilə Macarıstana gəlir. Lakin Macarıstanda oktyabrın 21-də qəfil başlanan, haradasa, 200 min nəfəri əhatələyən, "Azadlıq və islahatlar" məfkurəsinə köklənmiş iğtişaşlar ucbatından onları Varşava Dram Teatrının aktyoru Vladimir Zaniyeviçin müşayiətilə Polşaya göndərirlər. Zaniyeviç biləndə ki, Ə.Ələkbərov Otello rolunun ifaçısıdır, aktyora fürsətdən yararlanmağı təklif edir: deyir ki, bizim də teatrın repertuarında "Otello" tamaşası var; bir-iki günlük məşqdən sonra Otello rolunda siz də bizim aktyorlarla birgə səhnəyə çıxa bilərsiniz. Beləliklə, Varşava Dram Teatrının səhnəsində Ə.Ələkbərov azərbaycanca danışa-danışa Otellonu oynayır və onu, qulaqcıqlarda eşidilmək şərtilə, seyrçilər üçün sinxron tərcümə edirlər. Unikal bir hadisədir: Azərbaycan aktyoru ilk dəfə xarici bir ölkənin səhnəsində tək qastrolçu aktyor kimi tamaşa oynayıb.
Onu da söyləyim ki, bu faktı mədəniyyətimizin gündəminə gətirmiş F.Rəhmanzadənin atdığı addım da unikal olub. O, Ələskər Ələkbərovun gündəlik qeydinin həqiqətini öyrənmək, bunu sənət faktı kimi təsdiqləməkdən ötrü bayaq adını çəkdiyim general C.Usubovun dəstəyilə birbaşa uçub Varşavaya, həmin tamaşa haqqında məlumat toplayıb və bunu Azərbaycan teatr tarixinin mühüm bir səhifəsi kimi təqdim etməklə bir fəxr yaşayıb.
Mən hələ Rober Osseyni demirəm ki, Fazil müəllim onu Parisdən Nyu-Yorka uçarkən, təyyarədə "yaxalayır", bu məşhur fransız aktyorunu yenidən Rüstəm Hüseynzadə soyadı ilə Azərbaycan üçün kəşf edir, onun ruhuna, varlığına Azərbaycanı nəhayət ki, bir vətən kimi qondurmağa çalışır və hətta bunu bacarır da...
Fazil Rəhmanzadə jurnalistikasından daha hansı "zirvə"lərin adı keçmir ki... Onun məqalələri çox tanınmış azərbaycanlının görüşüb söhbətləşdiyi, sevindiyi və dərdləşdiyi bir hücrə rolunu oynayıb həmişə...
Amma bütün bunlarla yanaşı, Rəhmanzadə yaradıcılığında bir guşə var ki, yeri çox xüsusidir. Məsələ ondan ibarət ki, Fazil müəllim yeniyetməlik çağlarında, gənclik illərində futbolun böyük aşiqi olub və qəribəsi də budur ki, o futbolu sevib, futbol da onu...
Elə bu üzdən də Azərbaycan futbolunun tarixində Fazil Rəhmanzadə üçün zirvələr Tofiq Bəhramovdur, Ələkbər Məmmədovdur, Anatoli Banişevskidir. Fazil müəllim onların hamısının haqqında yazıb; onlardan öz doğmaları, öz komanda yoldaşları kimi yazıb. Və sən taleyə bax ki, Böyük Britaniya kraliçasının fərqləndirdiyi, "qızıl fit"ə sahib Tofiq Bəhramov həm də gənc Fazilin idman müəllimi olub, onu istedadlı futbolçu qismində fərqləndirirb, uşaq və yeniyetmə furbolçular bölməsində görməyi arzulayıb. Amma dünya elə dönüb, elə fırlanıb ki, Fazil Rəhmanzadə aktiv futboldan uzaqlaşıb, jurnalistikada sözlərlə, fikirlərlə bir hücumçu mövqeyində "futbol oynayıb", vaxtaşırı futbol aləmindən yazmağı da unutmayıb və özünün duyğusal, nostalji dolu bir məqaləsini 60-70-ci illərdə az qala, Milli Qəhrəman kimi qavranılan Tofiq Bəhramova həsr edib. Bu məqalənin maraqlı cəhəti ondadır ki, Tofiq Bəhramovun fiquru jurnalist tərəfindən müxtəlif baxışların kəsişməsində işıqlandırılır.
Bir yandan, UEFA-nın keçmiş prezidenti və məşhur fransız futbolçusu Mişel Platini, bir yandan, Ukrayna "Dinamo"sunun bombardiri Oleq Bloxin, bir yandan da, sovet estradasının ulduzu İosif Kobzonun fikirləri Tofiq Bəhramovun portretini dünyanın idman tarixi üçün monumentallaşdırır. Yəni futbol arenalarında belə bir hakim olmayıb, yoxdur və olmayacaq da...
Hələ mən bu məqaləyə F.Rəhmanzadənin dünya elminin Lütfi Zadə, Kərim Kərimov kimi elm zirvələri, Azərbaycanın kino mogikanı Əjdər İbrahimov barədə yazdıqlarından söz açmıram. Nədən ki, Fazil müəllimin jurnalist fəaliyyətini, Xəzərin suları kimi ləpələnən yazılarını bir məqalə çərçivəsində əhatə etmək mümkünsüzdür. Hərçənd "Duyğuların gözü ilə" toplusu Fazil müəllimin öz yaradıcılığından seçdiyi yalnız bir sıra məqalələrinin məcmuyudur; elə məqalələrin ki, müəllifinin dünyasını, xarakterini, məfkurəsini, tərcihlərini yüzdə yüz yansıdır.
Amma bilirəm, məndən mütləq soruşacaqlar, soruşmasalar da, öz içlərində fikirləşəcəklər ki, niyə Aydın Talıbzadə götürüb də birdən-birə Fazil Rəhmanzadənin kitabından bir məqalə yazsın? Səbəbi nə? Sualı cavablamaq isə hər zaman mərdanə sadəlik...
Əvvəlcə, onu söyləyəcəyəm ki, "Bakı" və "Baku" axşam qəzetlərinin yeri mənim üçün çox önəmli: hər iki qəzet Azərbaycan mətbuatında mənim yolumun başlanğıcı. Hələ tələbə ikən mənə qəzet səhifələrində dərc olunmağa imkan yaratmış Fazil Rəhmanzadə, Ağəddin Mansurzadə, Aqil Dadaşovun və təbii ki, qısa tanışlıqdan sonra məqalələrimin çapına şəxsən icazə vermiş qəzetin baş redaktoru Nəsir İmanquliyevin xatirələri məndən ötrü çox əziz. Odur ki, Fazil müəllimin öz kitabını mənə lütfkarcasına hədiyyə etməsindən xeyli mütəəssir oldum. İkinci: bu yazılar mənə 60-80-ci illərlə bağlı xəfif bir nostalji yaşatdı: sanki valideynlərimin dünyasına, 190 nömrəli məktəbin futbol meydançasına bir anlığa gedib-qayıtdım. Üçüncü: məqalələr toplusunu oxuduqca mən Fazil Rəhmanzadə yazılarının jurnalistin Azərbaycana, azərbaycanlılara olan sonsuz, aşıb-daşan sevgisindən pöhrələndiyinə şahidlik etdim və belə bir insanla tanışlığımdan qürurlandım. "Bu isim bir can": QARABAĞ AZƏRBAYCAN - Fazil Rəhmanzadə məfkurəsinin koordinatları...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
