Səlim Babullaoğlunun İstanbulda çap edilən “Maskalı adamların himni. İlyas Göçmənin şəkil dəftəri” kitabının redaktoru Ali Oturaklının yazısı
Səlim Babullaoğlunun şeiri, sözün fotoşəkillə yarışıb onu üstələdiyi deyil, onunla danışdığı bir nöqtədə doğulur. Kadra işıqdan sızan zamanı bir yaddaşın, ya da baxışın içində yenidən cəm edir. Fotoşəklin dilsizliyinə qarşı, şeirin titrəyən, amma danışan səsini qoyur. "Maskalı adamların himni", ya da alt başlığı ilə "İlyas Göçmənin şəkil dəftəri", bir şairlə bir fotoqrafın zamanlar, məkanlar və obrazlar arasında qurduqları ortaq səsin kitabıdır. Şair burada yalnız görüntünü nəql etmir; görüntünün arxasındakı sükutu da eşidir, görünməyən qələbəlikləri, deyilməyən cümlələri, susdurulmuş əşyaları da dilə gətirir.
Kitabda yer alan qırx şeir, İlyas Göçmənin qırx fotoşəklindən ilhamlanaraq yazılmışdır. Hər biri ayrı bir baxış bucağıyla, ayrı bir məsafədən, ayrı bir şeir diliylə o ağ-qara obrazlara toxunur. Babullaoğlunun ifadəsiylə, bu şeirlər yalnız fotoşəklin qarşısına keçib baxan deyil, bəzən fotoşəklin içinə girən, bəzən onun keçmişinə, ya da gələcəyinə səyahət edən bir ifadə tərzinin məhsuludur. Bəzən şeir, fotoşəklin çəkildiyi andakı külək olur, bəzən o çərçivənin xaricində qalan səs, bəzən də görünməyən bir fiqurun zəif izidir. Fotoşəklin təqdim etdiyi sabitliyə qarşı şeir daim hərəkətdədir.
Babullaoğlunun şeirində, həyatın adi halı sehrli bir şey olaraq ortaya çıxır. Bir simitçinin xəyalları, bir qazinin müharibədən sonrakı səssizliyi, "arxa küçə uşaqları"nın əzbəri pozan coşqusu, bir alma satıcısının torpağa olan sadiqliyi, hamısı bu şeirlərin qəhrəmanlarıdır. Şair o insanların zehninə girir, lakin onların içinə sızmaq üçün didaktik bir yol seçmir. Sadəcə, zamanın kənarına ilişir, sadəcə o kadrdakı sükunətin nəbzini tutur. Buna görə bu kitabdakı hər fiqur, hər danışıq, hər daxili monoloq, eyni zamanda şeirin bir forma sınağıdır da. Sərbəst vəzn, qafiyəli misralar, vizual şeir, uşaq nağılının tərzi, ya da epik dillə hörülmüş marşlar... Bu müxtəliflik sadəcə formal deyil, hər fotoşəklin ruhuna görə ərsəyə gələn bir şeirsəl sədaqətin izidir.
Bəzi şeirlərdə sadə bir uşağın gözüylə nəql edilənlər, başqa şeirlərdə tarixi yaddaşın, kollektiv hüznün daşıyıcısına çevrilir. "Ayasofya qazisi"nin sözlərində, müharibənin vizual sənədinə qarşı şeirin əxlaqi əks-sədası duyulur. "Simit satan uşağ"ın daxili səsi, kapitalist şəhərdə ruzinin və şərəfin tragik ritmini pıçıldayır. "Adana məscidindəki daş ustası" şeiri bir sevgi heykəlinə çevirərkən, "Qalayçıyla söhbət" bir qazanda bişən insanlıq hallarını xatırladır. Hər şeir bir həyatdan doğan həm konkret, həm də mücərrəd bir sənəddir artıq.
"İlyas Göçmənin şəkil dəftəri", sadəcə bir vizual-şeir çalışması deyil; eyni zamanda görmə biçimlərinə, yaddaşa, etik və estetik məsələyə dair əhatəli bir poetik təcrübədir. Şairin öz ifadəsiylə, bu 40 fotoşəkil ən az 40 imkandır; məkansal, duyğusal, zamansal, dil və metafizik müstəvilərdə açılan 40 ayrı şeir qapısı... Hər biri oxucunu həm xarici dünyaya, həm də öz daxili mənzərəsinə çağırır.
Bu kitabda fotoşəkillər danışmaz, amma şeir onları dilə gətirir. Şeirlər, nə sadəcə izah, nə də sadəcə müşayiətdir; hər biri özbaşına, müstəqil nəfəs alan, amma fotoşəkildən də ayrılmayan canlı orqanizmlərdir. Babullaoğlunun fotoşəkillərə yazdığı şeirlər sözün səsini vizualın susqunluğuna tərcümə edir. Oxucu, hər bir şeirdə bir obrazla üzləşir; ya keçmişə doğru bir yürüyüşə çıxır, ya da bu günü bir yaddaş çöküntüsü kimi beyninə qazıyır.
Bu kitab, bir fotoşəkil dəftərinin ötəsinə keçərək, modern şəhər insanının vizual yaddaşına, duyğusal qırılmalarına, etik sorğulamalarına şeirlə cavab verir. Şairin, zamanın içində unutduğumuz əşyaları, üzləri, jestləri, uşaqlıqları, müharibələri, sülhləri birər şeir süzgəcindən keçirərək yenidən qurması, kitabı sadəcə vizual bir arxiv deyil, poetik bir dirəniş mətninə çevirir.
Tərcümə müddətində və redaktə prosesində bu əsərin tərcüməçisi Ömər Küçükmehmetoğlu, hər zaman bizə dəstək oldu. Səlim Babullaoğlu, məhsuldar zəka və müdrik nəzakətiylə əlinizdəki kitabın son halına gəlməsində əhəmiyyətli töhfələr verdi. İlyas Göçmən isə 40 fotoşəkliylə, necə ki şairimizə və tərcüməçimizə 40-dan çox perspektiv təqdim etmişsə, mənim də həyata qarşı olan perspektivimə 40-dan çox dərinlik əlavə etdi. Həmçinin bu şeirlərlə, türkcəmizdəki ortaq incəlikləri təkrar görmək, 40-dan çox qatın perspektivimə əlavə edilməsini nağılvari bir hala gətirdi. Çünki bu ortaq incəlikləri meydana gətirən bütün kəlmələr, rəhmətlik nənəmin mənə nağıl danışarkən istifadə etdiyi sözlər idi. İndi bu kitabın səhifələrini çevirməyə başladığınızda, yalnız şeirləri deyil, o fotoşəkillərin içindəki kadrxarici gerçəkliyi, hər sətrin arxasındakı etik sualı və hər şeirin içindəki görünməyəni də oxumağa hazır olun.
Çünki bu kitab, sadəcə baxmaqla qalmayanlar üçün yazıldı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
