Görkəmli şərqşünas Qəzənfər Əliyev - Abuzər BAĞIROV

 

Keçən əsrin ortalarından başlayaraq, artıq Moskvada nəhəng yaradıcı ziyalılarımız yaşayırdılar: ədəbiyyatşünas professorlar - Əziz Şərif, Qəzənfər Əliyev, Xalıq Koroğlu, ədiblər - Çingiz Hüseynov, Alla Axundova, Rüstəm İbrahimbəyov, kino korifeyi Əjdər İbrahimov.

Bu yığcam yazıda Azərbaycan və Moskva şərqşünaslıq məktəblərinin məşhur yetirməsi, filologiya elmləri doktoru (1974), SSRİ Yazıçılar İttifaqının üzvü (1978), professor Qəzənfər Əliyevin ədəbi portretini yaratmağa cəhd göstərmişəm. Məqsədimə nail olub-olmadığımı isə sevimli "Ədəbiyyat qəzeti"mizin dəyərli oxucuları söyləyə bilər.

Qəzənfər Əliyev dünya nizamişünaslığında Nizami Gəncəvi yaradıcılığının Şərq xalqları ədəbiyyatlarına təsirini son dərəcə diqqətlə tədqiq etmiş və onun poetik nüfuzunun  heyrətamiz  genişliyə malik coğrafiyasını faktoloji materiallarla müəyyənləşdirmiş ilk şərqşünasdır. Azərbaycanlı alim öz elmi araşdırmaları ilə Hindistanda mövcud olan, lakin 1960-cı illərə qədər lazımınca öyrənilməmiş zəngin farsdilli ədəbiyyata bütövlükdə sovet şərqşünaslarının diqqətini cəlb etməklə, SSRİ-də hindologiyanın təməlini qoyanlardan biri olmuşdur. Onun yorulmaz tərcüməçilik, tərtibçilik əməyi və fədakar təşkilatçılıq fəaliyyəti sayəsində Azərbaycan, İran, Əfqanıstan, Pakistan, Hindistan, Özbəkistan, Türkmənistan və Tacikistanın farsdilli poetik nümunələri 50-yə yaxın kitabda Sovet İttifaqının ayrı-ayrı şəhərlərində rus dilində çapdan çıxmışdır. Bütün bu nəşrlər Qəzənfər Əliyevin, ya müfəssəl ön sözləri, ya qeydləri, ya izahları, ya şərhləri və ya tərtib etdiyi lüğətlərlə təchiz olunmuşdur. Şöhrətli şərqşünasın daha bir unudulmaz xidməti Hindistan arxivlərindən türkmən şairi Bayram xan Baharlının (1501-1561) bədii irsini tapması, müfəssəl tədqiqi və elm aləminə təqdim etməsidir. Bu tapıntı qardaş türkmən xalqının yazılı ədəbiyyat tarixini ən azından iki əsr önə çəkməyə imkan vermişdir.

Həyatı. Qəzənfər Yusif oğlu Əliyev 15 may 1930-cu ildə Gəncə şəhərində sənətkar-fəhlə ailəsində anadan olmuşdur.  Atası Ziyadxanovlar nəslindən idi, fars və ərəb dillərinə yaxından bələdliyi varmış. Quranı sərbəst oxuyar və başa düşərmiş. Ailənin beş övladı olub: Leyla, Qəzənfər, Sabir, Almaz və Ənvər. Yusif kişi tez-tez Nizami Gəncəvinin əsərlərindən hikmətli nümunələri fars dilində təkrarlamağı sevərmiş və zehndən iti olan böyük oğlu  Qəzənfərə fars və ərəb dillərini öyrədərmiş.

Qəzənfər Gəncə şəhər 5 saylı məktəbdə orta təhsil almış (1937-1947),  1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində fars və ərəb filologiyası ixtisasına yiyələnmişdir. Ali təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra tanınmış şərqşünas, SSRİ Elmlər Akademiyasının müxbir üzvü Yevgeni Eduardoviç Bertelsin (1890-1957) xüsusi seçimi və dəvətilə SSRİ EA Şərqşünaslıq İnstitutuna təcrübəçi-tədqiqatçı kimi qəbul edilmiş, 1953-cü ildə isə əyani aspiranturaya daxil olmuşdur. Qəzənfər doğma Azərbaycan dilini, fars, ərəb, rus və alman dillərini mükəmməl bilirdi. Lakin Bertels ona təkidlə ingilis dililə ciddi məşğul olmağı tövsiyə etmişdir. Bertels yüksək səviyyəli, peşəkar şərqşünas olmaq üçün ingilis dilini Şərq dilləri qədər gərəkli sayırdı, çünki bu dildə əsl şərqşünas üçün birinci dərəcəli əhəmiyyət kəsb edən çoxlu elmi material vardı. Gənc aspirant müəlliminin tapşırığını cidd-cəhdlə yerinə yetirmiş, beş ilə ingilis dilini mükəmməl öyrənmişdi. Əfsanəvi şərqşünas Bertelsin özü bütün aparıcı türk dillərini, qədim sanskriti, latın, fars, ərəb, alman, fransız və ingilis dillərini mükəmməl bilirdi.

Y.E.Bertelsin elmi rəhbərliyi ilə gənc tədqiqatçı üç il ərzində "Nizami Gəncəvinin "Xosrov və Şirin" və Əmir Xosrov Dəhləvinin eyniadlı poemalarının müqayisəli təhlili" mövzusunda namizədlik dissertasiyası hazırlamış, 28 yanvar 1958-ci ildə uğurla müdafiə etmişdir. Gənc alimin bu əsəri bir qədər yenidən işlənmiş və genişləndirilmiş variantda "Xosrov və Şirin əfsanəsi Şərq xalqları ədəbiyyatında" adlı 170 səhifəlik monoqrafiya şəklində 1960-cı ildə "Vostoçnaya literatura" nəşriyyatında rus dilində Moskvada nəşr edilmişdir.

Yevgeni Eduardoviç Bertels sevimli tələbəsinin dissertasiya işinin müdafiəsini görə bilməmişdi, 7 oktyabr 1957-ci ildə onun geniş, işıqlı və xeyirxah ürəyi həmişəlik dayanmışdır. Lakin ustad uzaqgörənliklə tərpənmiş, elmi rəhbər kimi Qəzənfərin işi haqqında geniş rəy yazmış və əvvəlcədən İnstitutun dissertasiya şurasına təqdim etmişdi. Müdafiə günü elmi rəhbərin rəyi oxunub qurtaranda şura üzvləri və bütün iştirakçılar böyük alim, dünya şöhrətli şərqşünas, türkoloq Bertelsin ata qayğıkeşliyilə yazdığı xeyir-duanı ayaqüstə hərarətlə alqışlamışdılar.

Qədirbilən tələbə bütün ömrü boyu Bertelsin elmi irsinə diqqətlə, xüsusi bir həssaslıqla yanaşmış, unudulmaz müəlliminin işıqlı xatirəsi qarşısında mənəvi borcunu səylə yerinə yetirməyə çalışmışdır. Böyük şərqşünasın dəfnindən dərhal sonra Qəzənfər Əliyev onun elmi əsərlərinin tərtibinə və sistemləşdirilməsinə başlamış və 1958-ci ildə Moskvada "Sovet şərqşünaslığı" ("Sovetskoe vostokovedenie") elmi jurnalının 1-ci sayında "SSRİ EA-nın müxbir üzvü Y.E.Bertelsin elmi əsərlərinin biblioqrafiyası"nı (s.115-124) dərc etdirmişdir. Rus şərqşünası S.D.Miliband 2008-ci ildə Moskvanın "Vostoçnaya literatura" nəşriyyatında çapdan çıxan 970 səhifəlik - "Rusiyanın şərqşünasları. Biblioqrafik lüğət" - ikicildlik kitabının birinci cildinin 147-ci səhifəsində həmin iş haqqında yazmışdır: "Bu biblioqrafiyada alimin 1918-1957-ci illərdə qələmə aldığı 295 kitab, məqalə, tərcümə, rəy və redaktə işlərinin xronoloji siyahısı verilmişdir". Azərbaycanlı alim həmişə məsuliyyətlə və böyük minnətdarlıq hissilə müəlliminin zəngin elmi irsinin öyrənilməsi və populyarlaşdırılması ilə məşğul olmuşdur. Onun bir neçə dəyərli tədqiqatının adını çəkmək kifayətdir: "Y.E.Bertels və Nizami yaradıcılığının öyrənilməsi" (Moskva, "Vostoçnaya literatura", 1962. 19 s.); "Y.E.Bertels - türkmən ədəbiyyatının tədqiqatçısıdır" (Aşgabat, ("Edebiyat we sungat", 09.05.1965); "Şərq xalqları ədəbiyyatlarının öyrənilməsində Y.E.Bertelsin xidmətləri" (Moskva, SSRİ EA-nın Şərqşünaslıq İnstitutu, 4-6 fevral 1975. s.3-12. 43 s.) və s.

Qəzənfər Əliyev Y.E.Bertelsin 1960-cı ildə Moskvada altı cilddə nəşr olunmuş "Seçilmiş əsərləri"nin əsas tərtibçisi, redaktoru və elmi məsləhətçisi olmuşdur. Y.E.Bertelsin "Nizami və Füzuli" (Moskva, "Vostoçnaya literatura", 1962. 554 s.) fundamental monoqrafiyasının tərtibi, şərhləri və elmi redaktəsi akademik Həmid Araslı ilə birlikdə Qəzənfər Əliyevə məxsusdur. Y.E.Bertelsin 1988-ci ildə Moskvada çapdan çıxmış "İran ədəbiyyatı və mədəniyyəti tarixi" (Moskva, "Vostoçnaya literatura", 1988. 544 s.) fundamental seçilmiş əsərinə yazılmış Ön sözün müəllifi və elmi redaktoru da Qəzənfər Əliyev olmuşdur, təəssüf ki, bu dəfə mərhum müəllimin mərhum tələbəsi kimi... Y.E.Bertelsin daha bir irihəcmli, əhəmiyyətli, fundamental əsəri olan "Türkologiya" alimin sadiq tələbəsi Q.Y.Əliyev tərəfindən son dərəcə diqqətlə redaktə edilmiş, kitaba ətraflı və geniş Ön söz yazılmış, nəşrə tam hazır vəziyyətdə, təəssüflər ki, indiyədək öz naşirini gözləyir.

Nizami Gəncəvinin 1983-cü idə Bakıda "Elm" nəşriyyatı tərəfindən buraxılmış "İsgəndərnamə" ("Şərəfnamə" - tərcüməsi Y.E.Bertelsin, "İqbalnamə" - tərcüməsi A.K.Arendsindir, 590 s.) poemasının rus dilində filoloji tərcüməsinin təkrar nəşrinin elmi redaktoru da Qəzənfər Əliyev olub. O, Ön sözündə 1939-1940-cı illərdə tanınmış şərqşünas alimlər tərəfindən həyata keçirilmiş tərcümə mətnlərinə ətraflı və dolğun açıqlamalarla yüksək qiymət verib. Doğru olaraq qeyd edib ki, bu tərcümələr təkcə filoloji adekvatlığa cəhdlə deyil, həm də tərcüməçilərin daima orijinalın dəqiq mətninə  sadiq qalmaq arzusu ilə fərqlənir. Bununla belə, alim, birmənalı olaraq, dahi Azərbaycan şairinin sonuncu şah əsəri olan "İsgəndərnamə"nin gələcəkdə rus dilinə yeni, daha mükəmməl tərcümə edilməsinin vacibliyini də əsaslı elmi dəlillərlə göstərmişdir.

Hələ sağlığında Qəzənfər Əliyev bütün Sovet İttifaqında Yevgeni Eduardoviç Bertelsin zəngin elmi irsinin aparıcı tədqiqatçısı və təbliğatçısı hesab olunurdu. O, Moskva, Bakı, Aşqabad, Düşənbə və Daşkənddəki nüfuzlu həmkarlarını da, gənc tədqiqatçıları da böyük alimin şərqşünaslıq və türkologiya sahəsində elmə verdiyi töhfələri öyrənməyə ilhamlandırırdı. Bu barədə tanınmış yazıçı, professor Çingiz Hüseynov 2009-cu ildə Moskvanın "Flinta" nəşriyyatında çap olunmuş 712 səhifəlik "Keçmişi xatırlarkən" adlı xatirələr kitabının 306-cı səhifəsində yazır: "Qəzənfər, bizim şöbə müdirimiz Y.E.Bertelsin tələbəsi, böyük nizamişünas oldu; onun redaktorluğu ilə Bertelsin seçilmiş əsərləri nəşr olundu; bundan başqa, o, müəlliminin xatirəsinə sədaqətlə öz tələbəsi Abuzər Bağırovu da Bertels haqqında dissertasiya yazmağa yönləndirdi - bu da belə bir estafetdir."

Bəndəniz də məhz professor Qəzənfər Əliyevin təklifi və təkidilə 1980-ci illərdən Y.E.Bertelsin yaradıcılığı ilə ciddi məşğul olmağa başlamış, yeddi elmi məqalə, "Y.E.Bertels və Azərbaycan ədəbiyyatı" (Baki, "Elm", 2007. 132 s.),  "Y.E.Bertels və Şərq ədəbiyyatı" (əlyazma, 450 s.) adlı monoqrafiyalar yazmış, "Y.E.Bertels Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi" namizədlik dissertasiyası müdafiə etmişdir. "Moskvalı azərbaycanlılar" (Bakı, "Yazıçı", 1989, 196 s.) portret-oçerklər kitabımın 7-22-ci səhifələrində "Baharda  gəldi, baharda getdi..." adlı kədərli, səmimi, elmi-populyar məqalədə Qəzənfər Əliyevin ömür və yaradıcılıq yolu yığcam təsvir edilmiş, həmçinin onun öz müəllimi Yevgeni Bertelsin elmi irsinin öyrənilməsi sahəsindəki geniş fəaliyyəti də qısa şəkildə səciyyələndirilmişdir.

Qəzənfər Əliyev Moskvada yaşadığı 32 ildə ancaq SSRİ EA-nın Şərqşünaslıq İnstitutunda işləyib, 1956-1964-ci illərdə kiçik elmi işçi, 1965-1984-cü illərdə baş elmi işçi vəzifələrində çalışıb. Müəyyən vaxtlarda İnstitutun bölmə və şöbələrində ilk partiya təşkilatının ideoloji işlər üzrə katibi seçilmişdir. Əfqanıstan, İran, İraq, Suriya və Hindistanda (1959-1965) sovet idarələrində fars, ərəb dillərindən tərcüməçi işləmiş, ADR və Çexoslovakiyada uzunmüddətli elmi ezamiyyətlərdə olmuşdur. Asudə vaxtlarında bu ölkələrin kitabxana, arxiv və elmi mərkəzlərində məşğul olur, gələcək elmi işləri üçün faktoloji materiallar toplayırdı. O, 1968-ci ildə Moskvada "Hindistanın farsdilli ədəbiyyatı. Yığcam oçerk" adlı 248 səhifəlik monoqrafiyasını çap etdirmiş, sonra həmin tədqiqatın əsasında hazırladığı və 1973-cü ildə SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun dissertasiya şurasında müdafiə etdiyi "Hindistanın farsdilli ədəbiyyatının yaranması və inkişafı problemləri (XI-XIV əsrlər)" doktorluq dissertasiyası çoxillik elmi axtarışların, səbirli zəhmət tələb edən mətnşünaslıq işinin layiqli nəticəsi idi. SSRİ-də bu sahə çox az tədqiq olunduğundan Qəzənfər Əliyevin elmi işi hindşünaslıqda tamam yeni söz idi.

Qardaş türkmən xalqının ədəbiyyatşünaslığının inkişafındakı dəyərli xidmətləri Qəzənfər Əliyevə hələ sağlığında Türkmənistan alimləri arasında böyük şöhrət və ehtiram qazandırmışdı. Alim 1960-cı illərdə Hindistan arxivlərində işləyərkən, Moğollar dövrünün görkəmli dövlət xadimi və sərkərdəsi Bayram xan Baharlının bədii irsini üzə çıxarıb tədqiq etmişdir. Qəzənfər Əliyev ilk dəfə orta əsrin sərkərdə şairi haqqında çox qiymətli materialı Aşqabadda dərc etdirdiyi "Şair - sərkərdə Bayram xan" ("Edebiyat we sungat", 20.05.1964) məqaləsində  elmi ictimaiyyətin diqqətinə təqdim etmişdir. Sonrakı illərdə alim inadlı axtarışlarını davam etdirərək, "Bayram xan - türkmən şairidir" (Aşxabad, "Sovetskiy Turkmenistan", 1969. 95 s.) adlı rus dilində yazılmış lakonik monoqrafiyası üçün Bayram xanın həyat və yaradıcılığı haqqında arxiv materialları ilə təsdiq olunmuş, kifayət qədər etibarlı faktlar toplamışdı. Azərbaycanlı alim, həmçinin 4 cildlik "Türkmən ədəbiyyatı tarixi"nin (Aşqabad, 1975-1979, "Sovetskiy Türkmenistan") müəlliflərindən biridir. Bu akademik nəşrdə məhz qədim və orta əsrlər Türkmən ədəbiyyatı dövrləri Qəzənfər Əliyevin qələminə məxsusdur. Türkmənistan hökuməti professor Qəzənfər Əliyevin Türkmən ədəbiyyatının inkişafındakı əvəzsiz töhfələrini yüksək qiymətləndirərək, 1979-cu ildə onu Türkmənistan SSR-in elm sahəsində Dövlət Mükafatı Laureatı fəxri adı ilə təltif etmişdir.

SSRİ məkanında ən nüfuzlu şərqşünaslardan biri kimi, uzun müddət (1975-1984) SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyası kollegiyasının üzvü olan Qəzənfər Əliyev bu elm sahəsinin inkişafında sanballı xidmətlərini bir ekspert kimi də parlaq surətdə nümayiş etdirmiş, elmin inkişafı yolunda zəhmətini əsirgəməmişdir. Həmçinin bir çox azərbaycanlı alimin dissertasiyasının AAK-da əngəlsiz təsdiqinə təmənnasız yardım göstərmişdir. Dönə-dönə ustadın belə xeyirxahlığının canlı şahidi olmuşam.

Qəzənfər müəllim istər Azərbaycanda, istər Rusiyada respublikamız üçün milli elmi kadrların  hazırlanmasına xüsusi səylə yanaşırdı. Uzun illər ADU-nun Şərqşünaslıq fakültəsində nizamişünaslığın və şərqşünaslığın vacib problemlərinə həsr olunmuş xüsusi kurslar təşkil edir, mühazirələr oxuyur, seminarlar aparırdı. Bu minvalla istedadlı tələbələrlə yaxından tanış olur, onların inkişafına əlindən gələn köməkliyi göstərirdi. Məşhur akademiklər Rafael Hüseynov və Teymur Kərimli, həmçinin bu sətirlərin müəllifi məhz Qəzənfər Əliyevin yetirmələridir.

Tanınmış nizamişünas, geniş diapozonlu şərqşünas, nüfuzlu hindoloq, mahir elm təşkilatçısı Qəzənfər Yusif oğlu Əliyev 23 aprel 1984-cü ildə, Bakı şəhərində, ömrünün və yaradıcılığının çiçəkləndiyi bir vaxtda qəfil baş verən daxili mədə qanaxmasından ölümə tuş gəldi. Görkəmli alimin nəşi doğma Gəncə şəhərinin Şəmkirə yönümlü qəbiristanlığında torpağa tapşırıldı.

Yaradıcılığı. Professor Qəzənfər Əliyev zəngin yaradıcılıq irsi qoyub getmişdir. O, beş fundamental monoqrafiyanın müəllifidir: "Xosrov və Şirin əfsanəsi Şərq xalqları ədəbiyyatında", "Hindistanın farsdilli ədəbiyyatı. Yığcam oçerk",  "Bayram xan - türkmən şairidir", "Əmir Xosrov Dəhləvinin "Şirin və Xosrov" poeması" (Moskva, "Vostoçnaya literatura", 1979, 375 s.), "Nizami mövzu və süjetləri Şərq xalqları ədəbiyyatlarında" (Moskva, "Vostoçnaya literatura", 1985, 332 s.). Şərqşünaslığın və hindşünaslığın müxtəlif problemlərinə dair 160-dan artıq sanballı elmi məqalə də zəhmətkeş alimin yaradıcılıq məhsuludur. Q.Y.Əliyev şərqşünaslığa dair ondan artıq ciddi və sanballı əsərin elmi redaktoru olmuşdur. SSRİ EA-nın akademiki Aqafangel Yefimoviç Krımskinin (1871-1942) "Nizami və müasirləri" ("Elm", 1981, 488 s.) adlı qiymətli fundamental monoqrafiyası ilk dəfə onun fəal təşəbbüsü və bilavasitə iştirakı ilə rus dilində Bakıda işıq üzü görmüşdür. Bu kitabda yer alan "Akademik A.Y.Krımski və onun "Nizami və müasirləri" əsəri" adlı geniş Ön sözün, həmçinin irihəcmli biblioqrafiyanın, adlar göstəricisinin müəllifi Qəzənfər Əliyevdir, nəşrin elmi redaktorluğu isə  tanınmış tarixçi, ərəbşünas, akademik Ziya Musa oğlu Bünyadovla (1921-1997) birgə yerinə yetirilmişdir.

Nizami Gəncəvinin ikinci poeması "Xosrov və Şirin"in alimin ölümündən sonra, 1985-ci ildə, Bakıda, "Elm" nəşriyyatında geniş elmi şərhlərlə işıq üzü görən fars dilindən rus dilinə filoloji tərcüməsi də yaxın dostu və həmkarı Məhəmmədnuri Osmanoviç Osmanovla (1924-2015) birlikdə Qəzənfər Əliyevə məxsusdur. Bu nəşrdə Ön sözün müəllifi, professor Qəzənfər Əliyev "Xosrov və Şirin" poemasını təkcə Azərbaycan deyil, bütün Yaxın Şərq ədəbiyyatında yeni hadisə hesab edir. Alimin elmi qənaəti özünün dəqiqliyi və poemanın əsas mahiyyətinin dərindən dərk edilməsi baxımından heyranlıq doğurur: "Xosrov və Şirin" poemasında Şərq xalqları ədəbiyyatlarında ilk dəfə olaraq insanın daxili dünyası hərtərəfli açılmışdır. Dahi mütəfəkkir və Şərqdə Renessans dövrünün ən parlaq nümayəndələrindən biri Nizami özünün insan konsepsiyasını dərinləşdirmişdir. O, ardıcıl olaraq orta əsr despotizmindən qoruduğu insanı yorulmadan özünü dərk etməyə çağırır. Nizaminin "Xosrov və Şirin" poeması Hindistandan tutmuş, Aralıq dənizi sahillərinədək Şərq xalqları ədəbiyyatlarının inkişafına güclü təsir göstərmişdir. Və bu faydalı təsiri biz, hər şeydən əvvəl, həmin ədəbiyyatlarda romantik istiqamətin yaranmasında və genişlənməsində hiss edirik" (s.18).

Alim Şərqin Əmir Xosrov Dəhləvi (1253-1325) və Əbül Feyz Feyzi (1547-1596) kimi məşhur farsdilli klassiklərinin öyrənilməsinə də xeyli diqqət ayırmışdır. Moskvada Ə.X.Dəhləvinin "Şirin və Xosrov" (Moskva, "Vostoçnaya literatura", 1961. 338 s.) poemasının gənc alim Qəzənfər Əliyev tərəfindən hazırlanmış elmi-tənqidi mətni onun geniş Ön sözü ilə nəşr olunmuşdur. Sonralar alim Dəhləvinin yaradıcılığına dəfələrlə qayıtmışdır: "Əmir Xosrov Dəhləvi. Seçilmiş qəzəlləri" (tərtib, fars dilindən sətri tərcümə və qeydlər Q.Y.Əliyevindir. Moskva, "Vostoçnaya literatura", 1975. 272 s.), "Əmir Xosrov Dəhləvi. Həşt behişt" - "Səkkiz cənnət bağı" (fars dilindən sətri tərcümə, qeydlər və sözardı Q.Y.Əliyevindir. Moskva, "Xudojestvennaya literatura", 1979. 252 s.), "Əmir Xosrov Dəhləvi. Xəmsə. 2-ci poema: "Şirin və Xosrov" (mətnin tərtibi və Ön söz Q.Y.Əliyevindir. Moskva, "Vostoçnaya literatura", 1979. 361 s.).

Hindistanın farsdilli ədəbiyyatının incisi "Nal və Daman" ("Xudojestvennaya literatura", 1982. 199 s.) poeması - bu ədəbiyyatın böyük nümayəndəsi Ə.F.Feyzinin ülvi məhəbbət və sevgililər haqqında təsirli balladası professor Qəzənfər Əliyevin fars dilindən ruscaya etdiyi sətri tərcümə sayəsində rus dilində Moskvada German Plisetskinin (1931-1992) bədii tərcüməsində eyniadlı kitabda yeni həyat tapmışdır. Alim bu kitaba qısa qeydlər də yazmış və geniş Ön sözündə poema müəllifinin yaradıcılıq yolunu, onun Hindistanın orta əsrlər farsdilli ədəbiyyatının inkişafındakı aparıcı rolunu peşəkar səviyyədə təhlil etmiş və əsərin dünya ədəbiyyatı kontekstində məhəbbət poemaları arasındakı yerini dəqiq müəyyənləşdirmişdir: "Nal və Daman" poemasının müəllifi özünün ölməz faciəsini "Dünyada Romeo və Cülyetta hekayəti qədər qəmli hekayət yoxdur" sözlərilə bitirən böyük Şekspirin (1564-1616) müasiri olmuşdur. Dahi ingilis şairinin bu mənzum sətirləri başqa bir sevgili cütlüyün kədərli hekayətini - Şərqdən olan racə Nal və onun sevgilisi Daman haqqındakı əhvalatın sonluğunu qələmə ala bilərdi..." (s.5.)

İranın Həmədan şəhərindən olan görkəmli sufi şair Baba Tahirin (983-1059) "Yerə də, göyə də..." (Moskva, "Vostoçnaya literatura", 1971. 96 s.) rübailər kitabı ilk dəfə 1971-ci ildə Moskvada Dmitri Sedıxın (1910-1981) bədii tərcüməsində işıq üzü görmüşdür. Bu kitabda da Qəzənfər Əliyevin iştirakı olmuşdur: o, kitabın tərtibçisi, mətnin fars dilindən sətri tərcüməçisi, şairin həyat və yaradıcılıq yolu haqqındakı Ön sözün, həmçinin qeydlərin müəllifi idi. Kitabın təkrar nəşri heç bir dəyişiklik edilmədən 1977-ci ildə "Xudojestvennaya literatura" nəşriyyatında kütləvi tirajla həyata keçirilmişdir.

Farsdilli hind şairəsi Zebunniso Məxfi (1638-1702) əsasən qəzəllər yazmışdır. Bu qəzəllərdə şairənin şəxsi həyatlnda yaşadığı faciələr, onu əhatə edən mühitin əzici ab-havası, dini xurafatın və feodal istibdadının qanunları qarşısında qadın hüquqsuzluğunun ağırlığı bədii ifadəsini tapmışdır. Onun tənhalığa məhkum edilmiş qadınların əzabları və göz yaşları ilə dolub-daşan şeirlərində çox vaxt ümid qığılcımları da işarır, şəxsiyyət azadlığı haqqında düşüncələr də hiss olunur. Zebunnisonun bütün bu fikir və ümidləri rusdilli oxuculara yalnız 1977-ci ildə Moskvada "Alov və göz yaşları" (Moskva, "Xudojestvennaya literatura", 1977. 158 s.) poetik toplusu işıq üzü gördükdən sonra məlum olmuşdur. Yenə də fars dilindən sətri tərcümə, tərtib və məzmunlu giriş məqaləsi professor Qəzənfər Əliyevə məxsus idi, bədii tərcümə isə tanınmış şairə-tərcüməçi Tatyana Streşnyeva (1913-1991) tərəfindən gerçəkləşdirilmişdi.

Mirzə Əsədulla xan Qalib (1797-1869) Hindistanın XIX əsr farsdilli ədəbiyyatının parlaq nümayəndəsidir. O, Quran və sufizmin nüfuzlu bilicisi olmuşdur, bununla belə, Mirzə Qalibin şeirləri klassik ənənələr və müasir humanist poeziyanın uğurlu simbiozu, həmçinin hind və fars ümumbəşəri bədii ideallarının üzvi vəhdətinin ifadəsidir. Şairin hindistanlı ədəbiyyatşünas və publisist Zoy Ənsərinin (1924-2008) tərtibində nəşr olunan irihəcmli "Seçilmiş əsərləri"nə (Moskva, "Nauka", 1980. 790 s.) məsnəvi, qitə, qəzəl və rübailər daxil idi. Bu bədii nümunələri fars dilindən ruscaya Q.Y.Əliyev və N.İ.Priqarina (1934), urdu dilindən isə N.V.Qlebov (1934-2018) tərcümə etmişdilər.

1956-1977-ci illərdə Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində işləmiş SSRİ EA-nın akademiki B.Q.Qafurovun (1908-1977) ümumi redaktəsi ilə çap olunmuş "Mirzə Qalib - Şərqin böyük şairidir" (Moskva, "Nauka", 1972. 288 s.) adlı kollektiv elmi topluda Qəzənfər Əliyevin üç məqaləsi dərc edilmişdir: "Mirzə Əsədulla xan Qalib və Hindistanın farsdilli ədəbiyyat ənənələri" (s.48-62); "Qalibin SSRİ-də öyrənilməsi" (s.262-270); "Qalibin sağlığında nəşr olunmuş fars dilindəki əsərləri" (s.271-276).

Gözəllik nümunəsi sayılan Yusif və onun qardaşları haqqındakı rəvayətlər, Yusif və Züleyxa əfsanəsi bütün sivil dünyaya məlumdur. Bu rəvayətlər artıq uzun əsrlərdir ki, yaşayır və  həm Şərq, həm də Avropa ədəbiyyatında geniş yayılmış dünya süjetləri silsiləsinə daxildir. Əfsanənin geniş populyarlığı yalnız onun əvvəlcə Əhdi-Əqiqdə, daha sonra isə Yusif əhvalatının "rəvayətlərin ən gözəli" adlandırılan Quranda yer alması ilə bağlı deyildir. Əfsanənin bir çox xalqların folklorunda və yazılı ədəbiyyatında geniş yayılması onun dramatik və təsirli fabulasında humanist ideyaların ümumbəşəri əsaslarının, xeyirin hər cür bədxahlığa qalib gələ biləcək gücünə, şərin labüd olaraq məğlub olacağı və cəzalandırılacağına, həmçinin yüksək əxlaqın sosial anlamına dair nəcib ideyanın əks olunması ilə əsaslandırılır. Xeyir şərə qalib gəlməsə, dünya məhvərindən çıxar, hər şey alt-üst olar, kainat xaotik bir hala gələ bilər. Xeyirin şər üzərində qələbəsi dünya binnət olandan, bəşər övladı şüurlu həyat tərzinə qədəm qoyandan bəri mövcuddur. Məhz bu səbəblərə görə müxtəlif dövrlərdə həmin rəvayətə müraciət olunmuş və dünyanın bir çox xalqlarının şairləri bu gün də Yusif və Züleyxa mövzusuna müraciət edirlər. Orta əsrlər özbək şairi Durbekin (1395-1457) "Yusif və Züleyxa" (Tərcümə Sergey Severtsevin, Ön söz Rəmz Babacanındır. Daşkənd, Qafur Qulam adına "Ədəbiyyat və İncəsənət" nəşriyyatı, 1980. 272 s.) kitabında professor Qəzənfər Əliyev "Durbek və onun "Yusif və Züleyxa" poeması" adlı son sözdə bu süjetin Şərqdə yayılma arealını dəqiq müəyyənləşdirmişdir: "Yusif və Züleyxa əfsanəsi ədəbi-bədii süjet kimi Şərqdə xüsusi məşhurluq qazanmışdır. Təkcə onu demək kifayətdir ki, Şərq xalqları ədəbiyyatlarında bu mövzuda yüz əllidən çox məşhur əsər vardır; bu süjetin bədii interpretasiyaları Orta Asiya və Zaqafqaziya, Volqaboyu və Qazaxıstan, İran və Əfqanıstan, Hindistan və Pakistan, Türkiyə və Ərəb Şərqi xalqlarının ədəbiyyatlarında rast gəlinir" (s.264).

Moskvada, 1970-ci ildə "Sovet ensiklopediyası" nəşriyyatında çap olunan ikicildlik böyük "Farsca-rusca lüğət"in (Moskva, 1970. I-II cild. 783 s.) müəlliflərindən biri Qəzənfər Əliyevdir (təkrar nəşr 1983-cü il). Alimin bu leksikoqrafik işi də Şərq frazeoloji leksemlərinin ətraflı izahına görə elmi dairələrdə yüksək qiymətləndirilmişdir.

Yuxarıda gətirdiyimiz nümunələrdən bir daha aydın görünür ki, ensiklopedist alim bu nəşrlərdə olduqca müxtəlif amplualarda çıxış etmişdir: tərtibçi, sətri və bədii tərcüməçi, ön söz, qeyd, izah, lüğət və şərhlərin müəllifi, elmi-tənqidi mətnlərlə işləyən son dərəcə dəqiq mətnşünas, həmçinin elmi və məsul redaktor, ideya müəllifi, təşkilatçı və s.

Professor Qəzənfər Əliyev, professor Rüstəm Əliyev (1929-1994) və AMEA-nın müxbir üzvü Azadə Rüstəmova (1932-2006) ilə birlikdə keçən əsrin 50-ci illərindən başlayaraq nizamişünaslığı müasir dövrdə yüksək inkişaf səviyyəsinə qaldırmış üç məşhur Azərbaycan şərqşünasından biridir. Adlarını çəkdiyimiz alimlər də böyük şərqşünas və türkoloq, Azərbaycan xalqının yaxın dostu, bütövlükdə Şərq xalqları mədəniyyətinin mahir bilicisi, SSRİ EA-nın müxbir üzvü Yevgeni Eduardoviç Bertelsin bilavasitə sevimli tələbələri olmuşlar. Artıq yuxarıda ətraflı bəhs etdiyimiz kimi, gənc şərqşünas Qəzənfər Əliyevin ilk ciddi elmi tədqiqatı məhz Nizami Gəncəvinin məhəbbət haqqındakı "Xosrov və Şirin" poemasının ümumşərq kontekstində öyrənilməsinə həsr olunmuşdur. Qəzənfər Əliyev illərlə özünün elmi axtarışlarının əhatə dairəsini genişləndirməsinə, farsdilli hind ədəbiyyatının zəngin irsini, Orta Asiya xalqlarının klassik ədəbiyyatını araşdırmasına, həmçinin Şərq xalqlarının farsdilli ədəbiyyatının çoxsaylı bədii abidələri üzərindəki elmi-mətnşünaslıq işi ilə məşğul olmasına baxmayaraq, ona doğma olan nizamişünaslıq bütün otuz illik yaradıcılıq fəaliyyəti boyunca onun elmi maraqlarının mərkəzi mövzusu olaraq qalmışdır.

Filologiya elmləri doktoru, C.Nehru adına Beynəlxalq Mükafat laureatı, tanınmış hindşünas İ.D.Serebryakov (1917-1998) Qəzənfər Əliyevin "Nizami mövzu və süjetləri Şərq xalqları ədəbiyyatlarında" monoqrafiyasının sonunda "Dostumun xatirəsinə" sərlövhəli vida sözündə alimin Nizami yaradıcılığının tədqiqinə bağlılığını dəqiq qeyd etmişdir: "Böyük Nizami, xüsusilə, şairin orta əsrlər Şərqində bu qədər aktual olan ənənələri həmişə Q.Y.Əliyevin bir tədqiqatçı kimi marağını xüsusi cəlb etmişdir" (s.301).

Sonuncu və ən böyük əsəri olan "Nizami mövzu və süjetləri Şərq xalqları ədəbiyyatlarında" fundamental monoqrafiyası alimin nizamişünaslıq sahəsindəki bütün yaradıcılıq fəaliyyətinin yekunu oldu. Əsər bu gün də Nizami ədəbi məktəbi problemilə məşğul olan tədqiqatçıların stolüstü kitabıdır. Müəllif özü monoqrafiyaya nizamişünaslığın bəzi problemlərinin sonrakı fundamental tədqiqləri üçün bir meydan kimi baxır və proqram xarakterli geniş giriş sözündə yazırdı: "Böyük Azərbaycan şairi Nizami Gəncəvinin öz poetik məktəbinin hərtərəfli səciyyəsi isə ayrıca tədqiqatın predmetidir və gələcəyin işidir. Burada, girişdə isə Şərqdə həm ayrı-ayrı ədəbiyyatlar arasında, həm də ayrıca götürülmüş bir ədəbiyyat daxilində uzunmüddətli qarşılıqlı ədəbi əlaqələrin yaranmasında və inkişafında Nizami yaradıcılığının rolunu müəyyənləşdirməyə cəhd edilir. Həmin ədəbi əlaqələr də, öz növbəsində, müsəlman şərqindəki tarixi-ədəbi əlaqələrin özündə müəyyən rol oynamışdır" (s.3).

Belə bir irimiqyaslı mənbəşünaslıq işinin ərsəyə gəlməsi üçün müəllif  uzun illər ərzində titanik zəhmət sərf edib. Mərhum alimin yaxın dostu və həmkarı, filologiya elmləri doktoru, professor Tahir Məhərrəmov (1917-2013) Qəzənfər Əliyevin sonuncu kitabı haqqında "Ədəbiyyat və incəsənət" (03.07.1987) qəzetində dərc etdirdiyi məqaləsində onun elmi fəaliyyətini dəqiq və yüksək qiymətləndirərək qeyd etmişdir: "Qəzənfər Əliyevin müxtəlif dillərdə nə qədər elmi məqaləsi, monoqrafiyaları, Nizamiyə həsr edilmiş qiymətli əsərləri vardır. Lakin o, ölümündən sonra çapdan çıxan tək bir "Nizami mövzu və süjetləri Şərq xalqları ədəbiyyatlarında" adlı dəyərli əsərin müəllifi olsaydı belə, adını əbədiləşdirməyə haqqı vardı. Ona görə ki, özü də Gəncədə dünyaya gəlmiş bu alim dahi həmyerlisi Nizami haqqında həmin əsəri yazmaq üçün yüzlərlə ilk mənbəni, əlyazmanı, təzkirəni, tədqiqat əsərini, arxiv və kitabxana materiallarını diqqətlə araşdırmış və ilk dəfə müəyyənləşdirmişdir ki, Tibetdən Kiçik Asiyaya qədər geniş ərazidə yaşayan müxtəlif xalq və millətlərin içərisindən çıxmış 409 ədib, şair, dramaturq Nizami irsinə müraciət etmiş, onun poemalarının mövzu və süjetlərindən bəhrələnərək əsərlər yazmışlar".

Monoqrafiyada 700 ildən artıq bir dövrün materialları tədqiqata cəlb edilmişdir. Müəllif bu zəngin xəzinəni səbirlə araşdırmalı, öyrənməli və sistemləşdirməli olmuşdur. Monoqrafiyanın biblioqrafik arayışından aydın olur ki, Nizami Gəncəvinin ilk poeması olan "Məxzənül-əsrar"ın ("Sirlər xəzinəsi") mövzu və süjetindən 99; "Xosrov və Şirin"dən 98; "Leyli və Məcnun"dan 123; "Həft peykər"dən ("Yeddi gözəl") 55; "İsgəndərnamə"dən 34 müəllif istifadə etmişdir.

Professor Qəzənfər Əliyev klassik Şərq şeir sənətinin nəzəri problemləri sahəsində Sovet İttifaqının ən nüfuzlu şərqşünaslarından biri olmuşdur. Alim bu monoqrafiyasında poetik nəzirənin klassik poeziyada geniş yayılmış müraciət, cavab, məktub, qiyabi dialoq, sual-cavab və s. kimi müxtəlif formalarının fərqli və ümumi cəhətlərini faktoloji materiallarla şərh  etmişdir. Həmçinin o, "Nizami ədəbi məktəbi" anlayışının bədii-mədəni köklərini əsaslandıraraq, Şərq xalqları poeziyasında bir şox Şərq ədəbiyyatlarının yaradıcılıq istiqamətini müəyyənləşdirən ümumi humanizm ideyaları və ümumbəşəri ədalət idealları ilə birləşən bütöv bədii yaradıcılıq prosesinin mövcudluğuna dair yeni ideya irəli sürmüşdür. Alimin fikrincə, Nizaminin poetik kodunun başlıca tezisi ondan ibarətdir ki, dünyanın bütün insanları ruhən, yaradılış baxımından güclüdür, bizim hamımızın başımızın üzərində vahid səma, vahid Günəş durur, vahid Yer kürəsi və vahid dünyamız var, yalnız bütün xalqların birliyi şəraitində bizim mənəvi yolumuz işığa, gələcəyə doğrudur. Qəzənfər Əliyev böyük Nizami yaradıcılığını məhz belə bir ümumdünya kontekstində araşdırır və doğru olaraq müəyyənləşdirir ki, dahi söz ustasının bədii irsi parlaq və qüdrətli ədəbi hadisə kimi əsrlərdir ki, bütün Yaxın və Orta Şərqin bədii yaradıcılıq prosesinə zəifləmək bilməyən təsir göstərir.

Qəzənfər Əliyev elmi əsərlərini üç dildə sərbəst yazırdı: Azərbaycan, rus və fars dillərində. Onun elmi əsərləri hələ sağlığında müxtəlif dillərə tərcümə olunaraq  İran, Hindistan, Almaniya, Fransa, İngiltərə, Ukrayna, Belarusiya, Gürcüstan, Ermənistan, Moldova, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Tacikistanda elmi nəşrlərdə, kütləvi mətbuat orqanlarında işıq üzü görmüş, müəllifinə şöhrət qazandırmış, həmkarlarının diqqətini cəlb etmişdir.

Professor Qəzənfər Əliyevin ən böyük uğurları nizamişünaslıq sahəsinə aiddir və bu baxımdan onun öz elmi məktəbinin formalaşdığını tam qətiyyətlə demək mümkündür. Böyük alimin elmi irsinin öyrənilməsi, doğma dilimizə tərcüməsi müstəqillik dövründə humanitar elmimiz qarşısında duran aktual vəzifələrdəndir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!