Tofiq Mütəllibovun xatirəsinə
"Tofiq lap uşaq yaşlarından ədəbiyyatın və incəsənətin vurğunu idi. Poeziya onun həyatının əsas məzmunu və idealı idi. O, bütün ömrünü də sədaqətlə, dəyanətlə şeirə, sənətə həsr etdi. Yəqin ki, əsərləri də onun ömrünün daha uzunmüddətli davamı olacaqdır. Axı həqiqi sənətə zaman məhdudiyyəti yoxdur. Həqiqi poeziya daima müəllifin mənəvi dünyasını, tale yolunu bütün orijinallığı ilə özündə yaşadır və xatirələrdə yadigarlaşdırmış olur".
Təhsin Mütəllibov
qardaşı

Əslində bu yazını çoxdan yazmaq istəyirdim...
Dünyanın pozulmuş nizamı, ədalətli və ədalətsiz müharibələr, qırğınlar, faciələr, dağıntılar, yaxşının, pisin qarışması, get-gedə insanların laqeydliyinin, biganəliyinin artması, dəyərlərin kölgədə qalması və bir çox amillər, şübhəsiz ki, az-çox kitab oxuyan, yazı yazan adam kimi, mənim də fikrimə, düşüncəmə, ovqatıma təsirsiz ötüşmür. Düzdür, dünya elə qədimdən çalxalanmaqda, arınıb-durulmaqda, öz yoluna davam etməkdədir. Ancaq çox təəssüf ki, hər çalxalanmada yaxşılar azala-azala gedir. Və bu azalma dünyanın nizamına, axar-baxarına, idarə edilməsinə əngəl olur, insanların fiziki və ruhi rahatlığında çatlar, sürüşmələr yaradır. Hələ ki dünyanın gərdişi belədir... Bu gərdişlə müharibə xarabalıqlarının, güllədən-mərmidən param-parça olmuş uşaq cəsədlərinin üzərindən gözləri belə yaşarmadan, dolmadan keçib gedən dünya özü də dünya dərdi çəkir... Sözün bütün mənalarında yaxşı adamların azalması ürəklərin ağrı yükünü artırır. Nə fikirləşsək, hara yozsaq, yenə də dünyanı yaxşılar və yaxşılıqlar xilas edəcək... Təkcə dünyanımı?!
Belə məqamlarda ötən illəri, keçmişi tez-tez xatırlamalı oluruq... Arzulanmalı yaxşı şeylər çox olduğu kimi, xatırlanmalı yaxşılıqlar, yaxşı adamlar da çox olub... İndi kiməsə üz tut, zəng elə, bir söz de, bir xahişini dilə gətir və nəticəsini bilmək üçün ikinci dəfə zəng elə, heç "yox" demək üçün də sənə cavab verməyəcək. Allah dünyamıza insaf versin!.. Dünyamızın insanlıq yükünün altına daha çox yaxşı adamlar çiyin verir...
Mənim həyatımda da yaxşı adamlar çox olub. O yaxşıları həmişə böyük ehtiram və şükranlıqla xatırlayıram. O yaxşıların sırasında görkəmli şairimiz Tofiq Mütəllibovu xüsusi qeyd etmək istəyirəm. Dünyasını dəyişdiyi gün ərəfəsində bu yazını da onun xatirəsinə həsr edirəm.
Hələ illər öncə Tofiq Mütəllibov da yaxşıların azalmağından satirik mövzuda yazdığı bir şeirində bəhs etmişdi:
Dünya həm müdrikdir, həm də ki, qoca,
Bizi kölgə kimi izləyir hər an.
Keyfiyyət nişanlı şeylər artdıqca,
Azalır keyfiyyət nişanlı insan!
Bəli, görünür, "keyfiyyət nişanlı insan"ların azalması bütün dövrlərdə qələm adamlarını narahat edib. Əlbəttə, yaxşıların, keyfiyyətlilərin azalması təkcə "dost" itkisi, tanış itkisi ilə səciyyələnmir, ədəbiyyatdan, sənətdən, istehsaldan, səhiyyədən, maarifdən tutmuş, bütün sahələrə öz narahatedici təsirini göstərir. Şübhəsiz, yaxşı adam dedikdə, bir fərd olaraq deyil, bütöv və kamil bir vətəndaş, xeyirxah işlərə can atan, "gözü ayağının altını görən" insan düşünülür... Mən Tofiq Mütəllibovu belə tanımışdım... Tofiq Mütəllibov neçə-neçə mənim kimi gəncin (o vaxtkı) qayğıkeşi, uğur diləyəni olub...
Ötən əsrin yetmişinci illərinin əvvəli idi. Gürcüstanda orta məktəbin 9-cu sinfində oxuyurdum. Bir il əvvəl "Azərbaycan pioneri" qəzetində üç şeirim çap edilmişdi. Qəzetin baş redaktoru Əmrah Əmrahovun mənə məktub göndərməsi, şeirlərimdən bir neçə misranı misal çəkməklə tərifləməyi, redaksiya ilə əlaqəmi kəsməməyi tövsiyə etməsi, uğurlar arzulaması məni xeyli ruhlandırmışdı. Müəllimlər və şagirdlər arasında əldən-ələ gəzən həmin məktuba görə, mənə elə gəlirdi ki, mən çox "tanınmış" və "şöhrətli" adamam. Elə bu təkəbbür və özündənrazılıq hissi ilə (məncə, elə bu cür adlandırsam düzdür), həm də ədəbiyyat müəllimim Adil müəllimin təkidilə "Azərbaycan gəncləri" qəzetinə də iki şeir göndərdim. Düşündüm ki, çox göndərsəm təvazökarlıqdan uzaq olar (Bəyənilər, bəyənilməz? - Bu sual ağlıma gəlmirdi. Çünki az qala, gündüz buludların, gecə ulduzların yanında "yaşayırdım").
Gözüm qəzetin səhifələrində şeirlərimi axtardığım günlərin birində poçtalyon Abdulla mənə üzərində "Azərbaycan gəncləri" yazılmış bir fərqli məktub gətirdi. Ürəyim döyünə-döyünə zərfi açıb oxudum: "Salam, hörmətli Telman! Şeirlərin ümidvericidir. Ancaq bədii cəhətdən zəif olduğuna görə, dərc edə bilmədik. Çalış, çoxlu şeir oxu, bədii mütaliəni artır. Sənə uğurlar arzu edirəm. Yeni şeirlərini gözləyirik. Hörmətlə: Tofiq Mütəllibov, ədəbiyyat və incəsənət şöbəsinin müdiri".
Qəribə hisslər keçirdim. "Zəif" məsələsi qanımı qaraltsa da, məktub özü, elə Tofiq müəllimin imzası mənə böyük təsəlli oldu. Müəllimlər arasında söhbət gəzdi ki, gör Telmana kim məktub yazıb - birbaşa Tofiq Mütəllibov özü!!!
Bundan sonra "Azərbaycan gəncləri" qəzetinə ayrı-ayrı vaxtlarda 4-5 dəfə şeir göndərdim. Və hamısına Tofiq müəllimdən təxminən, eyni məzmunlu, ancaq gələcəyə inam dolu məktublar aldım. Hətta bir dəfə müharibə mövzusunda hekayə də göndərmişdim. Cavab aldım ki, "müharibə vaxtı belə hadisələr çox olur". Onu da yazmışdı ki, get-gedə daha yaxşı yazırsan, inamım çoxdur sənə!.. Yeni yazılarını gözləyirik...
Artıq orta məktəbi bitirmək üzrəydim. "Sovet Gürcüstanı" "Samqori" (rayon) qəzetlərində şeirlərim dərc edilsə də, "Azərbaycan gəncləri" arzumu gözümdə qoymuşdu. Bir müddət sonra Tofiq müəllimin qəzetinə (belə demək mənə rahat gəlirdi) yenə şeir göndərdim və elə bəri başdan çapdan əlimi üzdüm. Düşündüm ki, uzağı, yenə məktub gələcək. Xeyli keçdi, heç məktub da gəlmədi...
Rayonda "Samqori" qəzetinə məqalə aparmışdım. İçəri girən kimi, şöbə müdiri Ələsgər Xudayev qarşısındakı qəzetlərdən başını qaldıraraq, hay-küylə durub məni qucaqladı... "Azərbaycan gəncləri" qəzetinin "Ədəbiyyat səhifəsi"ndə "Yaradıcı gənclik" rubrikası ilə mənim də şeirim çap olunmuşdu...
Bu dəfə Tofiq Mütəllibova ürəkdolusu bir məktub yazdım.
O illər, o hadisə çoxdan - təxminən, 50 il əvvəl olsa da, tez-tez xatırlayıram. O məktublarla Tofiq müəllim mənə dərs dedi, yol göstərdi, ümid verdi, ədəbiyyatı, poeziyanı sevdirdi, ruhdan düşməyə qoymadı. O məktublarla başa saldı ki, şeir yazmağa, şair olmağa əyləncə, həvəs kimi baxma! Əslində Tofiq müəllim mənə cavab yazmaya da bilərdi və ya elə cavab yazardı ki, (uzağı bir dəfə) bir də şeir sözünü dilimə gətirməzdim. Amma Tofiq müəllim təxminən, iki il ərzində mənə o qədər qayğı ilə yanaşdı ki... Həm də onda bildim ki, Tofiq Mütəllibov sənətdə, ədəbiyyatda nə qədər güzəştsiz, tələbkardır. Ancaq bu tələbkarlığı adamı ruhdan salmır, çalışmağa, yazmağa, yaratmağa həvəsləndirir.
Mən Bakıda tələbə olandan sonra redaksiyadakı otağında (şöbədə) ilk görüşümüzü də heç vaxt unutmuram. Yaraşıqlı, səliqəli geyimi, arxaya daranmış dalğalı saçları, işıqlı-nurlu baxışları, bir az iti və səmimi danışığı qarşısındakına xoş duyğular bəxş edirdi. Tofiq müəllimə diqqətinə, qayğısına görə, necə təşəkkür edəcəyim, hansı ifadələrlə minnətdarlığımı bildirəcəyim barədə az düşünməmişdim. Ancaq dilimə ilk gələn bu sözlər oldu: "Siz çox yaxşı adamsız, Tofiq müəllim!.." - dedim və susdum. Gülümsədi, özü də gözlərindən gülümsədi...
İşinin çoxluğuna baxmayaraq, söhbətimiz xeyli çəkdi. Sözarası xüsusi vurğuladı ki, şeir yazmaq da olar, yazmamaq da. Şair də olmaq, olmamaq... Ən başlıcası, yaxşı insan, layiqli vətəndaş, xalqına, vətəninə gərəkli olmağa çalışmaqdır, - dedi. Gürcüstanda yaşayan soydaşlarımızdan, onların gün-güzəranından, arzularından, çətinliklərindən, yerli ziyalılardan, şair və yazıçılardan da danışdıq. Tiflisə bir neçə şeir həsr elədiyini bildirdi. Sağollaşıb ayrılanda "yeni şeirlərlə gələrsən", - dedi...
Redaksiyadan çıxanda qeyri-ixtiyari ürəyimdə yenə pıçıldadımı: "Yaxşı adamdı..."
O görüşdən sonra "bu yaxşı adam"ın yaradıcılığını daha çox izləməyə başladım.
Tofiq Mütəllibovu ədəbiyyatşünas alimlər təbiət şairi, vətən şairi, insanlıq şairi kimi səciyyələndirirlər. Sözün düzü, başqa kiminsə haqqında "insanlıq şairi" kimi təqdimat eşitməmişəm. Şübhəsiz, bu qənaət insanın yaradıcılığı ilə şəxsiyyəti bir-birinə yad olmayanda yaranır. Tofiq Mütəllibovun poetik insan obrazı vətən sevdalı, bütöv xarakterli, mərd və işıqlıdır. Şeirlərində insanla təbiət həmişə baş-başa, göz-gözədir. Təbiətdən yazanda da insanın nəfəsini hiss edirsən.
...Bu yerin qəribə təbiəti var,
Oxuyur meşə də, çəmən də, dağ da.
Gözəllik eşqiylə coşan nəğmələr
Gəzir min ürəkdə, milyon dodaqda.
Təbiət - insan vəhdəti "O gün olsun ki..." şeirində poetik dəyərlə yanaşı, milli kimliyin alt-üst qatları ilə də üzə çıxır:
Beşiyin başında dayanmış ana,
Yenə layla çalır öz körpəsinə.
Körpə bülbüllər də qonub budağa
Qulaq asmaq üçün onun səsinə.
Göründüyü kimi, ana təkcə öz körpəsinə layla çalıb əzizləmir, təbiətə, təbiətin körpə balaları olan körpə bülbüllərə də layla çalır. Ananın qəlbindən qopan layla o qədər şirin, ecazkardır ki, bu səsə bülbüllər də biganə qala bilmir və öz "təbiət ev"lərində xoşbəxt böyüyürlər. Əlbəttə, təkcə ananın, onun övladının evi, həyatı deyil, bülbüllərin də "evi", həyatı abad, firavan olmalıdır. Şairin, şeirin məqsədi də elə budur.
Təbiət-insan bağlılığı T.Mütəllibovun başqa bir şeirində fərqli məkandan boy atsa da, mahiyyət eynidir: insan təbiətə, təbiət insana dayaqdır.
...Qalxır məğrur bir qoca
At üstündə dağları.
De, o, dağlardan alır,
Ya dağlar ondan alır
Əzəməti, vüqarı?
***
Dağların zirvəsi ağ,
Qocanın saçları ağ.
Elə bil ki, üz-üzə
Dayanıb iki zirvə,
Dayanıbdır iki dağ.
Tofiq Mütəllibov nəyi vəsf eləyir-eləsin, təkcə zahiri gözəlliyi göstərməklə kifayətlənmir, canlı-cansız, hər şeyin "mənəvi" dünyasının, daşın-qayanın da "ürəyinin" qapılarını oxucu üçün açmağa çalışır və buna nail olur. Düşünürsən ki, maral elə təkcə maral deyil, onun da qəlbi, onun da həsrəti, sevgisi və onun da heyranlığı var. "Maral baxır marala" şeirindən:
Xumar gözlü bir gözəl
Seyr eləyir maralı.
Başı qarlı dağlara
Qanadlanır xəyalı.
***
Maral da bu gözələ
Baxır, baxır dərindən.
Bir heyranlıq oxunur
Qapqara gözlərindən.
***
Nə deyim bu lövhəyə,
Nə ad verim bu hala?
Mənə elə gəlir ki,
Maral baxır marala.
Bəli, biri təbiətin, biri cəmiyyətin maralıdır. Hər iki tərəf gözəl olanda, bir-birinin "qədrini biləndə", bir-birinə sevgi ilə baxanda düşünürsən ki, ümumilikdə həyat da gözəl və rahat olur.
Tofiq Mütəllibovun şeirlərində obrazlaşan mövzulardan biri də bəyaz qardır, qışın gözəlliyidir. Bu mövzuda şairin sevgi şeirləri də var, təbiət şeirləri də. Bu şeirlərdə qar təmizlik, saflıq rəmzi kimi təqdim olunur - yəni öz mənasına uyğun. Qarın yağması təmizliklə yanaşı, xeyir-bərəkət, ümid, xoş arzular da gətirir. Öz yaradıcılıq prinsiplərinə uyğun olaraq, qarın rəmzləşdiyi şeirlərdə də təbiət-insan vəhdəti poetik ustalıqla önə çıxır. Təbiətin qarı insanın gün-güzəranına yağır, onu ümidlərinə doğru uğurlayır. İnsan da bunun müqabilində öz sevgisini, diqqətini təbiətdən əsirgəmir.
...Biz gəzirik, təslim olur boran, qar,
Günəş çıxır, qaçıb gedir buludlar.
Biz gəzirik, torpaq gülür, yer gülür,
Quşlar bizə səs verirlər yuvadan.
Elə bil ki qar yerinə havadan
Qucaq-qucaq ağ çiçəklər tökülür.
"Qucaq-qucaq ağ çiçəklər"in qanad açdığı sevgi şeirlərində görüş yeri kimi seçilən qarlı bağlar - parklar, yollar, qarlı dəniz sahili də rəmzləşir. Şair qar üzərindəki görüş yerlərini təsadüfən seçmir, bu yerlərin də, bu yerlərdəki görüşlərin, münasibətlərin də qar kimi təmiz, saf, halal olmağının gərəkliliyini diqqətə çatdırır.
Qar yağır...
İlk görüş yadıma düşür,
Boylanır yenə o baxışlar mənə.
Günlər nə tez gəlir, nə tez ötüşür,
Hər biri xatirə bağışlar mənə.
...Qarı uşaq kimi sevərdik biz də,
Nağıla bənzərdi qış axşamları.
Elə bil yanardı ürəyimizdə
Göyün ulduzları, göyün şamları.
Şair "nağıla bənzəyən qış axşamları"nda rahat, isti otaqda çay içib dincələnlərə xatırlatmağı da özünə borc bilir ki:
Fəqət, istiyə həsrət
Gecənin bu çağında
Sərhədçilər yatmayıb,
Ayıq-sayıq dayanıb
Şaxtanın qucağında.
***
...Tufanlar dolaşdıqca
Kimsəsiz küçələrdə,
Onları unutmayaq
Şaxtalı gecələrdə...
Sərhədçidən söz düşmüşkən, Tofiq Mütəllibovun Vətən, Qarabağ mövzulu şeirləri də yüksək poeziya nümunələri ünvanındadır. Bu şeirlər poetik siqləti, obrazlılıq yükü ilə yanaşı, dilinin sadəliyi, axıcılığı, yaddaqalanlığı ilə də diqqəti çəkir.
...Qarabağ torpağı, qızıl şəfəqlər
Yanır baxışında, yanır üzündə.
Təzə dastan qoşur Vaqif hər səhər
Qəlbin kimi geniş Cıdır düzündə.
***
...Ey Vətən, ey torpaq, qəlbimi dinlə!
Sıxır əlimizi dost əlləri də.
Zəfər yürüşünə çıxsın bizimlə
Ölməz igidlərin heykəlləri də...
***
...Zəfərə dönübdür mənim hər anım
Torpağının üstə, daşının üstə.
Hər vaxt qəhrəmandır Azərbaycanım,
Bayraqlar parlayır başının üstə.
"Bura məskənidir gözəlliklərin" deyən şair həm də xüsusi vurğulayır ki, "İgidlər ucaldıb ana torpağı".
Tofiq Mütəllibovun bədii yaradıcılığı çox geniş və çoxşaxəlidir. Kitablarını oxuduqca düşünürsən ki, onun müraciət etmədiyi, yazmadığı mövzu yoxdur: şeirlər, poemalar, pyeslər, satirik şeirlər, publisistik yazılar, məqalələr, düşüncə qeydləri və sair... Düşünürəm ki, Azərbaycana yeni gələn bir əcnəbiyə Tofiq Mütəllibovun əsərlərini ölkəmizlə tanışlıq üçün versən, həmin qonaq rahatlıqla Azərbaycanın təbiəti, şəhər və kəndləri, adət-ənənələri, ağsaqqalı - qarasaqqalı, cavanları, oğul-qızları, uşaqları, sənəti, sənətkarlığı, sevgi və həyata baxışları barədə yetərincə məlumatlanar. Özü də bədii sənət dili ilə... Hələ övladlarının cəsurluğu, qəhrəmanlığı bir ayrıca tanışlıq mövzusudur.
Əlbəttə, mən nə ədəbiyyatşünasam, nə də tənqidçi. Məqsədim də Tofiq Mütəllibovun əsərlərini təhlil etmək deyil. Bu, bir xatirə yazısıdır. Yaxşılardan, yaxşılıqlardan, xeyirxahlardan, xeyirxahlıqlardan çox danışaq və onları heç vaxt unutmayaq - istər şair olsun, istər yazıçı, alim, musiqiçi, idmançı və ya istər vəzifə adamı, məmur olsun - fərqi yoxdur. Təki əməlləri işıqlı, yolları düz, sözləri bütöv olsun!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
