Can Azərbaycanın dost səsi. Abbas Zamanov - Süphi SAATÇI

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana Hörmətli Azər müəllim, Sevindirici haldır ki, son vaxtlar İraqda yaşayan soydaşlarımızla ədəbi-mədəni, elmi əlaqələrimiz yeni vüsət alır. Bunu Prof.Dr. Süphi Saatçının əziyyət çəkib göndərdiyi "Füzuli" dərgisinin sentyabr-oktyabr sayından da görmək olur. İstanbulda çap olunan dərginin sonuncu sayında gözəl şair və görkəmli alim, akademik Aslan Aslanovun "Lalələr" şeiri verilmiş və şeirə Telman Hacıyevin musiqi bəstələdiyi göstərilir (Rəşid Behbudovun ifasında səslənən "Lalələr" mahnısını bütün iraqlı dost və tanışlara göndərdim - Q.P.). Dərgidə Prof.Dr.Süphi Saatçının görkəmli ədəbiyyatşünas alimimiz Abbas Zamanov haqqında "Can Azərbaycanın dost səsi Abbas Zamanov" məqaləsi (s.10-11) çap olunmuşdur. Burada Abbas müəllimin Sinan Səidlə və ayrıca şəkli, Səməd Vurğun və heykəlinin şəkli verilmişdir. Dərginin 12 və 13-cü səhifələrində isə Abbas müəllimin Süphi Saatçıya ünvanladığı iki məktubu və bir neçə açıqcası verilmişdir. Abbas müəllim məktubları və açıqcaları ərəb əlifbasında göndərmişdi. Süphi Saatçı məktubları ərəb əlifbasında olduğu kimi verib və latın əlifbasına çevirib. Ədəbi əlaqələrin bariz nümunəsi olan, Abbas müəllim haqqında Süphi bəyin yazısını (müəllif məqaləni yazarkən Yavuz Akpınarın, Elçinin, İsa Həbibbəylinin, Fatma Özkanın əsərlərindən bəhrələndiyini xüsusi qeyd edir) oxuculara təqdim edirəm. Qəzənfər Paşayev

 

Kəndisini heç vaxt görmədiyim halda candan bir sevgi ilə bağlandığım gözəl bir insan və böyük bir Kərkük sevdalısı, rəhmətlik professor Abbas Zamanovdan söz etmək istəyirəm.

Qiymətli ədəbiyyatşünas alim Abbas Zamanovdan mənə ilk kəz söz edən rəhmətlik xocamız Əta Tərzibaşı idi. Əta Tərzibaşı mənə "Azərbaycanda yayımlanan hər kitabı ondan istəyə bilərsən. Çox səmimi və çalışqan,  Azərbaycan kültürünü və ədəbiyyatını dış dünyaya tanıdan Zamanovun adresini al və hər istədiyini ona yaz, o sənə hər türlü kitab və məqalələr göndərər. Kəndisilə əski hərflərlə yazışa bilərsən" - demişdi.

Mən də ona İstanbuldan məktublar və açıqcalar göndərməyə başladım. Türkiyədəki çağdaş ədəbiyyat adamlarını, yazar və romançılarını çox iyi təqib edən birisi olduğunu, məndən istədiyi kitablardan anladım. Məndən ardıcıl olaraq Türk ədəbiyyatının təməl kültür və ədəbiyyat kitablarını istəyir və onlar haqqında çalışmalar yapdığı anlaşılırdı. Daha sonralar anladım ki, o, sadəcə bir yazar deyil, eyni zamanda qəzetəçi, tədqiqatçı, ədəbiyyatçıdır. Filologiya üzrə elmlər doktoru, professordur. O, elm dəryası imiş.

 

Abbas Zamanovun həyatı və fəaliyyəti barədə qısa da olsa, oxuculara söz açmaq istəyirəm.

Zamanov kimdir?

Abbas Zamanov 1911-ci ilin oktyabr ayının 10-da Naxçıvanın Maxta kəndində anadan olmuşdur. 1939-cu ildə Bakı Ədəbiyyat İnstitutunun ədəbiyyat bölümünü bitirmişdir. Çeşidli qəzetələrdə çalışmış və müxtəlif yerlərdə müəllimlik etmişdir. Xalq Təhsil Komissiyasında baş mütəxəssis (1937-1938) və "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri (1939-1940), Opera və Balet Teatrının və Filarmoniyanın müdiri (1940-1941) olmuşdur. Azərbaycan Dövlət Universitetində (1948-1960) müəllim, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Muzeyinin direktoru (1968-1971), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1982) seçilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1983) seçilmişdir. Daha sonra Azərbaycan Dövlət Universitetinin ədəbiyyat fakültəsində professor və kafedra müdiri (1979-1993) işləmişdir. Türk Dil Qurumunun fəxri üzvü (1971) və Səlcuq Universitetinin fəxri doktoru (1989) seçilən Abbas Zamanov 1993-cü il aprel ayının 1-də Bakıda vəfat etmiş və İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ədəbi və elmi fəaliyyətinə 1930-cu illərdə ədəbi tənqid, məqalə və araşdırmalarla başlayan Zamanovun bir çox çap olunmuş əsərləri vardır.

Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir (1862-1911) haqqında doktora yazan Abbas Zamanovun əsərləri Bolqarıstan, İran, Türkiyə, İraq və Azərbaycan kimi ölkələrdə yayımlanmışdır.

Kəndisinə yazdığım məktublarıma hər zaman cavab verər, qısa və mənalı cümlələrlə düşüncələrini ifadə edərdi. Pınar (bulaq) kimi qaynayaraq axan, bilgilərini hər kəslə paylaşan bir ürək sahibi idi.

Kərkük deyincə, sevgi və həyəcan dolu sözlərlə şaqraq səslə oxuyan bir bülbülə dönürdü.

İraqda siyasi rejimin təzyiqi altında olan türkman aydınlarının yurt dışına çıxmaları bir yana, ölkə dışından dostlarına belə məktub yazmaları böyük bir suç sayılırdı. Zamanovun can dostu olan Tərzibaşıdan xəbər və məktub ala bilməməsi onu çox kədərləndirirdi.

Buna görə də hər məktubunda və açıqcasında "Əta bəydən mənə bir xəbər ver" - deyə sorurdu. Mən də Əta bəyin xəbərlərini və salamlarını ona çatdırırdım.

Kərkükdən Azərbaycana gedən və orada İraq türkman mətbuatına dair dissertasiya yazan Sinan Səidlə dostluq etmiş və hətta ona dəstək və yardımçı olmuşdur.

Abbas Xocadan istədiyim kitablar müntəzəm olaraq gəlməyə başlamışdı. Mənə Azərbaycanda yayımlanmış, bilmədiyim gözəl kitablar da göndərirdi. Kərkükün uşaq folkloru üzərində çalışdığım zaman mənə Azərbaycanda yayımlanan, Türkiyədə bilinməyən laylalar, tapmacalar, oxşamalar, çocuqlar haqqında şeirləri və çox qiymətli kitablar da göndərirdi.

Abbas Zamanovda Azərbaycan sevgisi hədsiz idi. Onun gözündə Azərbaycanın yetişdirdiyi sənətçi, şair, yazar, siyasətçi, kültür və dövlət adamı kimi dəyərlər vətənin bir simvolu idi. Mənə göndərdiyi açıqcaların birində böyük şair Səməd Vurğunun (1906-1956) heykəlinin şəkli vardı. Açıqcanın arxasında isə Abbas Xocamız yazmışdı: "Səməd Vurğunun vətənindən salamlar olsun!"

Qısaca, Abbas Zamanov kültür və ədəbiyyat vurğunu, ziyalı bir dəyərdir.

Aşağıda Abbas Xocamızın mənə ünvanlanan açıqca və məktublarını oxuculara təqdim edir, xatirəsi önündə sayğıyla baş əyir, rəhmətlər diləyirəm.

 

İlk açıqca

18.11.1978

Bakı

Süphi bəy,

Məktubunuzu aldım. Təşəkkür edirəm. Kitablar çoxdan çatmışdır. Bu həftə sizə göndərmiş olduğum məktub geri gəldi. Görünür, o zaman Kərkükdə olubsunuz. Kitabların o biri cildlərini gözləyirəm. Əta bəy necədir? Sizə yeni kitablar göndərəcəyəm. Alanda xəbər versəniz, şad olaram.

Hörmətlə, A.Zamanov

 

İkinci açıqca

9.12.1978

Bakı

Dostum Süphi bəy,

Yeni iliniz mübarək olsun!

Salam və ehtiramla, A.Zamanov

 

Üçüncü açıqca

13.01.1980

Bakı

Səməd Vurğunun vətənindən salamlar olsun!

A.Zamanov

 

Dördüncü açıqca

5.12.1980

Bakı

Dostum Süphi bəy,

Yeni iliniz mübarək! Yeni ildə sizə yeni uğurlar diləyirəm.

Hörmətlə, A.Zamanov

Qeyd: 17.11.1980 tarixli məktubunu bu gün aldım.

İkinci bağlama çatdı. Rəsimli Ədəbiyyat Tarixinin 14-cü cildi paketdən çıxmadı. Əta bəydən mənə bir xəbər.

A.Z.

 

Birinci məktub

25.01.1985

Canım, gözüm Süphi,

Sənə atəşin dostluq salamları göndərir, Yeni ilini təbrik edirəm. Yeni ildə sənə yeni uğurlar diləyirəm. Niyə gərəksiz acığım tutsun? Mümkün deyil. Mən sizi görməsəm də, sizə dərin hörmət bəsləyirəm. Siz mənə yazmışdınız ki, daimi ünvanınızı bildirəcəksiniz. Mən ona görə məktub yazmırdım. İşləriniz, səhhətiniz necədir? Sizə yeni kitablar göndərəcəyəm. Göndərdiyiniz kitablar hələ çatmayıb. Alan kimi sahiblərinə çatdıraram. Orada çıxan kitablardan mənə göndərsəniz, sizə minnətdar olar, mən də borclu qalmaram. İmkan olsa, məndən Əta bəyə salam yazın. Əgər ona kitab göndərsəm necə olar? Zərər-didə olmaz ki?

Ən dərin, xoş diləklərimlə əllərinizi sıxıram.

Salam və ehtiramla, A.Zamanov

 

İkinci məktub

20.IV.1985

Bakı

Süphi, salam!

Kərkük Çocuq Folkloru kitabınızdan göndərdiyiniz nüsxələri alıb sahiblərinə çatdırdım. Məktubunuzun cavabı ona görə gecikdi ki, kitabınız haqqında dostunuz Qəzənfərin məqaləsinin çıxmasını gözləyirdim. Əhvalınız necədir? Əta bəydən bir xəbər varmı? Rica edirəm, bu barədə (xüsusda) mənə bir şey yazasınız. Biz Əta bəydən nigaranıq. Qəzənfər sənə bol salam göndərir.

Qəzənfərin adresi belədir:

Bakı - 3700037

Süren Osepyan küçəsi, №60, mənzil 4

Q.Paşayev

 

Qəzənfər sənə iki kitab göndərmişdir. "İraq Kərkük Bayatıları" və "Kərkük tapmacaları". Bu kitablardan həmkarların Əta bəy, Sinan Səid və İbrahim Daquqlu üçün də göndərilmişdir. Görəsən çatdımı?  Qəzənfərin məqaləsini göndərirəm.

Hörmətlə, Abbas Zamanov

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!