Mətbuatımızın "Füyuzat" zirvəsi - Turan UĞUR

Şair, publisist, mütəfəkkir, ideoloq, rəssam, təbabət alimi, türkçülüyün atası Əli bəy Hüseynzadə ulusumuza, məmləkətimizə bir çox xidmətdə və hizmətdə bulunur. Ondan nəsillərə böyük bir miras qalıb. Sovet ədəbiyyatşünaslığında Əli bəy Hüseynzadənin ünvanına böhtanlar, hədyanlar yağdırılsa da, müstəqilliyimizi bərpa etdikdən sonra bu nadidə ziyalımızın irsi öyrənilməyə başladı və onun mübarək şəxsiyyətinə çoxlu sayda məqalələr, yazılar həsr olundu. Rəfiq Zəkanın, Azər Turanın, Şamil Vəliyevin monoqrafiyaları, elmi-kütləvi məqalələri böyük Turan yolçusunun həyat və yaradıcılığına işıq tutdu. Fikrimcə, Əli bəydən bizə ərməğan qalan "Füyuzat" ədəbi məktəbi ən böyük dəyərlərimizdəndir. Bu dəyərlərimizin anlamını, müstəsnalığını bütün vücudumla dərk edir, Əli bəyin "Füyuzat"ına sonsuz rəğbətimi izhar edərək, "Mətbuatımızın "Füyuzat" zirvəsi" adlı məqaləmi "Ədəbiyyat qəzeti"nə təqdim edirəm.

Turan Uğur

 

 

 

"Həyat Füyuzatdır" demirik, "Həyat Füyuzata meyildir" deyirdi Əli bəy Hüseynzadə. Mən də həyata meyil edib, bu sitatın müəllifi Əli bəyin timsalında XX əsrin əvvəllərində  yaranmış "Füyuzat" jurnalının tarixçəsini səhifələmək niyyətindəyəm. "Niyyətin hara - mənzilin ora" demiş atalarımız. Nə yaxşı ki, hürriyyət mənzilinə, səadət ünvanına bizi yönləndirən münəvvərlərdən biri məhz Əli bəy Hüseynzadə, yəni Əli Hüseyn Turandır. Ömrü boyu millət uğrunda yazmaqdan, şanlı ulusumuz üçün çaba göstərməkdən feyz alan Əli bəy Hüseynzadə və onun ən böyük mirası olan "Füyuzat" jurnalı bugünkü yazımın baş qəhrəmanıdır. Gəlin, lap başdan başlayaq, yəni Bakıdan vur-tut, 129 km aralı Salyandan:

Turan yolçusu Əli bəyin ilk addımları Salyandan keçməli, keçib də onun həyat çeşməsindən dönə-dönə içməliyik. Şairin yaşam illərinə varıb nələr görəcəyik, mən deyim sizə:

- Atası Hüseyn Hüseynzadə Kazım bəy Hüseynzadənin dörd oğlunun sonbeşiyi, anası Xədicə xanım isə Qafqaz şeyxülislamı Şeyx Əhmədin qızı idi. Həyat yoldaşını erkən itirmək vardı Hüseyn Hüseynzadənin taleyində. Əlinin atası təhsil almaq üçün oğlanlarını özü ilə götürüb Salyandan gedəcəkdi . "Elm Çində də olsa, onun ardınca gedin" - deyən peyğəmbər əfəndimiz

Hz.Məhəmmədin (ə.s.) tövsiyəsinə  əməl edəcəkdi Hüseyn kişi,  amma onları Çin yox, Tiflis həyatı gözləyirdi.

Tiflisdə rus gimnaziyası, sonra Peterburqda təhsil həyatı, ardınca Osmanlı Türkiyəsində hərbi-tibb məktəbində oxumaq;

"Turan" imzası ilə əsərlər yazmaq;

İstanbulda "Haydarpaşa" hərbi xəstəxanasında dəri-zöhrəvi xəstəlikləri kafedrasına assistent təyin olunmaq;

XX əsrin əvvəllərində ölkəmizə qayıdıb "Həyat" qəzetinin redaktoru kimi fəaliyyət göstərmək;

- ehhhh feilin məsdər formasında daha neçə-neçə "maq"lar və "mək"lər. Əli bəy Hüseynzadə hələ çocuq yaşlarından millət sevdalısı kimi böyüyür, babasından eşitdiyi söhbətlər onun dünyagörüşünü formalaşdırırdı. Hilmi Ziyanın da dediyi kimi:

"Əli bəy Hüseynzadə doğma vətənində türkçülük və hürriyyət mücadiləsinə çarələr arayırdı". Türkləşmək, islamlaşmaq və avropalaşmaq devizi dərdlərimizə əsl ilac idi.

...Və nəhayət...

Nəhayət, öyünməyə dəyər: 1906-cı il noyabr ayının 1-də "Füyuzat" jurnalı təsis olunur. Feyz, bolluq, rifah, bərəkət mənasını verən "füyuzat" sözü Əli bəyin təsisçisi və baş redaktoru olduğu jurnalın adına ad edilir. Bir də başqa cür feyz almaq var bu həyatda, ona da məfkurə adamı Əli bəy Hüseynzadənin təbiri ilə desək, "səadəti-mənəviyyə" deyilir. "Mənəvi səadətə elmlə çatmaq olar" düşüncəsinə sahib olanların ən böyük amacı özünü, özünün timsalında millətini tanımaq, haradan gəlib hara gedəcəyini anlamaq dururdu. Ünvan birdir, o ünvana yetməyin yolları bir olmasa belə. Tərəzinin bir gözü "Molla Nəsrəddin", "Kəlniyyət", "Bəhlul" idisə, digər gözü "Ziya" idi,  "Kəşkül" idi, "Füyuzat" idi. Fədailərin yaratdığı bu qəzet və jurnallar düşmənlə öcəşirdi. Daha doğrusu, düşmənlərlə, yəni cəhalətlə, elmsizliklə, irtica ilə, müstəmləkəçiliklə. Göründüyü kimi, yağı çox, fədai az.

Əli bəyə həmin o "az"dan lazım idi, yəni fədaidən; əlbəttə, türk hissiyyatlı, islam etiqadlı və Avropa qiyafəli. Təkcə Əli bəyə deyil, onun ətrafında birləşən "Füyuzat"çılara belə əqidəli, tərəqqiyə meyil edən yurddaşlar göydəndüşmə olardı. Lakin belə ideyalar göydən düşmürdü axı. Elmi əsaslarla işlənilir, təkmilləşir, düstur halına gətirilirdi. Nəticəsi isə belə oldu: türkləşmək, islamlaşmaq və müasirləşmək, qısa desək, azərbaycanlı olmaq.

Həqiqəti bilmək nə qədər böyük işdirsə, onu ifadə eləmək də bir o qədər zəruridir. Nə yazıq ki, haqqı dilə gətirmək bəzən insanın dili, bəzən də həyatı bahasına  başa gəlir. Əli bəyin indi söyləyəcəyim misraları necə də dövlət, xalq naminə kəfən geyənlərin marşına bənzəyir.

Ucundadır dilimin həqiqətin böyüyü,

Nə qoydular deyəyim, nə kəsdilər dilimi.

"Təzə həyat", "İrşad", "Yeni Füyuzat", "Tərəqqi", "Şəlalə" və s. mətbuat orqanlarında da Əli bəy Hüseynzadə və onun qələmdaşlarının fikirləri inkişaf etdirilirdi. Onun məfkurəsi məmləkətimizin sınırlarını, hüdudlarını tədricən aşır, Türkiyə, İran kimi ölkələrə də sirayət edirdi.

Əli bəy Hüseynzadənin ətrafında kimlər cəm olmuşdu? Maarifpərvər, millət fədailəri: Hüseyn Cavid, Abdulla Şaiq, Abdulla Sur, Məhəmməd Hadi, Səid Səlmasi və başqaları. Bu səbəbdən "Füyuzat"ın dili sanballı, xarakteri isə elmi-fəlsəfi idi.

Cəmi bir il fəaliyyətdə olan jurnal həm publisistikamızda, həm ədəbiyyatımızda, həm də milli məfkurəmizdə böyük iz qoydu. "Fələk birini dağıdanda birini də qurar" - deyiblər. "Füyuzat" nəşr olunduğu birillik dönəmdə yeni dərgilər, qəzetlər üçün nəfəslik rolunu oynadı. 70 illik sovet dövründən sonra yenə fikir babalarımızın ideyaları bir yerdə dayanmadı, daim intiqalda bulundu. Günlər yerini aylara verdi, aylar isə illərə. Yenə "Füyuzat" jurnalı işıq üzü gördü. Həm də qaldığı yerdən davam eləmək şərti ilə. 100 ildən sonra 2007-ci ildə 33-cü nömrəsi ilə, dübarə, oxucularına qovuşdu.

18 ildir ki, "Füyuzat" jurnalı  yenidən nəşr olunur, yenidən oxucularına feyz və nailiyyət diləyir. Yarımçıq qalan işləri davam etdirir bu dərgi. Bu jurnal həyata 2-ci dəfə vəsiqə alanda ünlü şairimiz  Bəxtiyar Vahabzadə də sevincini gizlətməmiş, qürur hissindən qəlbi uçunmuş və gözlərində bir-iki damla yaş gilələnmişdi. Bu ondan xəbər verir ki, Füyuzat irsi işıqlı yarınlara ötürülmək üçündür. Bu ondan xəbər verir ki, Əli bəy Hüseynzadə bu gün də yazır-yaradır, ulusuna əvəzsiz hizmətdə və misilsiz xidmətdə bulunur. Bu həm də ona nişanədir  ki, Turan yolçuluğuna gedən yolun ən böyük bəşarətçisi "Füyuzat"dır.

Bu jurnalı vərəqləyən yurddaşlarımızın könüllərində Vətən sevdası yenidən körüklənir, - desək, yanılmarıq. "Füyuzat" və "Füyuzatçı"ların  sayəsində düşmənə nifrət, dosta məhəbbət kükrəyirik. Qarabağ, Təbriz eşqi güneyli-quzeyli vətəndaşlarımızın əbədi muradı olduğu müddətcə "Füyuzat" da lüzumlu və gərəkli olacaq. O zaman bu jurnalı ərsəyə gətirənlərin - Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun bu yöndə olan zəhmətini qeyd etməyə dəyər!

Atalarımız necə də yerində deyib: "Ad adamı bəzəməz, adam adı bəzəyər". Bu atalar sözünü lap bugünkü yazımın qəhrəmanı "Füyuzat"a yaraşdırdım. Bəndənizə isə adı və adamlığı ilə ucalarda dayanan Əli Hüseyn Turana və onun "Füyuzat" ədəbi məktəbinə bu sözləri demək düşər:

Məqamın və məramın mübarək!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!