Fərid HÜSEYN
Aqibət əkizləri
(Rast Rövşənin ölümü)
Bəhram şah günlərin bir günü şəhərdən kənara ov etməyə çıxanda görür ki, uzaqdan qara tüstü qalxır, sanki nəsə böyük bir şey yanmaqdadır. Yaxınlaşıb görür ki, bir çoban ocaq çatıb, həm də iri bir çoban itini ayaqlarından asıb.
Qoca, Bəhram şahı - qonağı tanımasa da, onu mehribanlıqla qarşılayıb qarşısına yemək qoyur, lakin Allah qonağı yeməyə əl uzatmır. Bəhram şah deyir ki, əgər iti niyə ayaqlarından asdığını deməsən, səninlə bir süfrədə çörək kəsməyəcəm. Çoban başından keçənləri bircə-bircə ona nağıl eləyir. Deyir: "O it mənim sürümün keşikçisi idi, hətta deyərdim, sürüyə mən yox, o, çobanlıq edirdi. Ona etibarım sonsuz idi. Hətta sürünü ona tapşırıb bazarlığa, işlərimin dalınca gedirdim. Günlərin bir günü qoyunları sayanda gördüm ki, onlardan biri çatmır, sonrakı günlər yenə sürüdəki heyvanları hesablayanda azalmanı anladım və başladım iti güdməyə. Bir gün gördüm, dişi qurd gəlib itimin altına yatır, it ondan kamını alandan sonra xoşhallanıb mürgüləyir, dişi qurd da bunun əvəzində qoyunların ən seçməsini parçalayıb yeyir. Nəhayət, bu minvalla qoyunlarım tamam azaldı, daha sürü sahibi deyildim. Ona görə də bu iti xəyanətinə cavab kimi ayaqlarından asmışam ki, digər xəyanətkarlara da dərs olsun".
Bəhram şah bu əhvalatın nəticəsini özünə aid edir, anlayır ki, çoban sürünü itə tapşıran kimi, bu da şahı olduğu ölkənin idarəçiliyini vəzirə həvalə edib və heç də onun vilayətinin halı çobanın sürüsünün vəziyyətindən ürəkaçan deyil. Məsələləri dərindən araşdırandan sonra məlum olur ki, vəzir Bəhram şahı gözdən salmaq üçün camaata belə bir fikir çatdırıb: "Şahın işi cəzalandırmaq, vəzirinki isə bağışlamaqdır". Beləcə, o, xalq arasında şahı əzazil, özünü mərhəmətli kimi qələmə verərək insanları öz ətrafına yığır, camaatı həqiqətdən uzaq salır.
Xalqın say-seçmə övladlarını pis günə qoyan, zindanlara dolduran vəzir günlər keçdikcə tamamilə həddini aşır. Bəhram onu dərhal zindana atdırır və hamıya da bu barədə xəbər çatdırır. Şahın öz vəzirinin həbsi barədəki xəbərin hamıya çatmasını istəməsi heç də səbəbsiz deyildi. Vəzirin işinin başında, vəzifədə olduğunu düşünsələr, heç kəs onun barəsində həqiqətləri deyə bilməyəcək. Ancaq vəzifədən getdiyini bilsələr, o saat onun əməllərindən zəlil günə qalmışlar axışıb şikayətə gələcəklər və nəticədə indiyə qədər ört-basdır olunan, yaxud bilərəkdən üzə çıxarılmayan, həmçinin çoxlarının qorxudan, çəkingənlikdən demədikləri həqiqətlər də üzə çıxacaq. Bəhram, bəlkə də, bütün xəzinəsini xərcləsəydi, hər ziyan çəkənə min qızıl versəydi belə, heç kəs vəzir vəzifədə ola-ola həqiqəti tam mənada dilə gətirməzdi. Amma sadəcə, vəziri vəzifədən uzaqlaşdıraraq bir qızıl belə xərcləmədən həm vəzirin iç üzünü açır, həm də zərər görənlərin dilinin qıfılını açıb həqiqətləri öyrənir. Müdrik Bəhram məhək daşı effektli bu qərarını belə izah edir:
Əgər onu öz mənsəbində qoysam,
Heç kəs onun əleyhinə qabağa qələm çıxarmaz.
Onu əzəmətdən uzaqlaşdırsam,
Qaranlıq gecədə işıq yaxşı görünər.
Bəhram vəziri Rast Rövşənə deyir ki, mən sənə nemət verdim, sənsə onu tapdaladın. Ona verilən nemətin haqqını itirmək dinsiz olmaqdan daha pisdir. Şah onu zindana atdırır və camaata da bildirir ki, hər kim Rast Rövşən tərəfindən zülm görübsə, gəlib müşkülünü çəkinmədən danışsın və onun haqqını bərpa edək, ona dəyən ziyanı ödəyək. Çünki Rast Rövşən zülmü dövlətin onun əlindəki imkanları vasitəsilə həyata keçirib, ona görə də o cəzalansa da, dövlət insanların tapdanan haqlarını bərpa etməyə, onlara dəyən ziyanı ödəməyə borcludur. Nizami Gəncəvi bununla da hüquqi dövlət anlayışını diqqətə çatdırır.
Bəs nə üçün itini ayaqlarından asan çoban Bəhrama nümunə, örnək olur? Nizami göstərmək istəyir ki, bu dünyada Allahın nemət verdiyi Adəm oğlu insan kimi yaşaya bilməyəndə sonda it kimi ölür. Heyvanlar aləmi ilə insanlar aləmi sanki bir-birinin güzgüsüdür.
Şikayətçilər şahın hüzuruna gəlib başlarına gələnləri danışırlar və yeddi məzlum öz çəkdiyi zillətdən yeddi hekayət söyləyir:
- Birinci məzlumun var-dövləti əlindən alınıb, haqqını tələb edən qardaşı zindana atılıb.
- İkinci məzlumun gözəl bağı varmış, vəzirin həmin bağa gözü düşüb, oranı ucuz qiymətə satın almaq istəyib, bağ yiyəsi gülzarını satmayanda vəzir onun əlindən bağı zorla alıb, özünü də zindana salıb.
- Üçüncü məzlum şikayətlənir ki, mən tacir idim, gözəl bir dürrüm vardı, vəzir onu məndən satın almaq adı ilə aldı, sonra pulunu ödəmədi, özümü də qazamata göndərdi.
- Dördüncü məzlum ahu-zar edir ki, dünyalar gözəli bir xanımla sevgili idim, vəzir onu özününkü elədi.
- Beşinci məzlum nalə edir ki, rəsədxana rəisi idim, yaxşı sərvətim vardı, vəzir topladığım nə vardısa, yağı kimi yağmaladı.
- Altıncı məzlum - döyüşçü göz yaşı axıdır ki, vəzir əkin sahəmi əlimdən aldı, şahın yanındakı qulluğumdan, işimdən məni məhrum elədi.
- Yeddinci məzlum gileylənir ki, mən zahid adamam, heç nəyim yoxdur, sadəcə, vəzir məni ona görə zindana atdırıb ki, birdən xalqa elədiyi zülmə görə ona bəddua edərəm, Allah da onu cəzalandırar.
Bir sözlə, vəzir sərvətli insanlardan tutmuş, heç nəyi olmayan zahidə qədər hər kəsə zülm edib. Bəhram şah zalım vəzirin vurduğu bütün ziyanları ödəyir, onun özünüsə xalqın gözü qarşısında dara çəkir. Vəzirin cəzalanmasını Nizami belə mənalandırır:
Heç kəs deməsin ki, ədalət acizdir,
Yer və göy ədalətin
bərqərar olunmasına xidmət edir.
Yəni insanlar ədalətsizliklərlə üzləşəndə elə hesab eləməsinlər ki, Allah ətalətə qapılıb, dünya fırlanırsa, deməli, yer də, göy də hərəkətdədir və o hər kəsi bu hərəkətliliklə öz aqibətinə çatdıracaq. Zülmkarların istəyi xalqa ədalətin acizliyini isbat eləməkdir.
Sonra Bəhram həmin çobanı saraya dəvət edib ona vəzifə verir. Ədalət bərpa olunduğuna görə Bəhramın ölkəsi durmadan zənginləşir, firavanlaşır.
Nizami göstərir ki, insan əgər hansısa xoşagəlməz bir hadisədən ibrət alırsa, o bütün itirdiklərini bərpa edə, yenidən qazana bilər. Yəni Bəhram vəziri vasitəsilə şahlıq etibarını itirir, ancaq ədaləti bərpa edərək yenidən nüfuz qazanır. Ədaləti bərpa etmək - Allah qarşısında borcunu ödəmək deməkdir. Çünki Allahın qaydalarına tabe olsaq, ədalətsizlik etmərik. Ədalətsizlik etmişiksə, deməli, Allah qarşısında, vicdanımız önündə borcluyuq. İnsan Allaha olan borcunu ödəyə bilsə, heç kəsə də borclanmağa razı olmaz.
Nizami göstərir ki, həqiqətin ayağına gedənin sonda başı ucalır. Bəhram çobanın ayağına getməklə ucalığa yüksəlir. Çobanın qaladığı ocaq, Bəhramın o tüstünü görüb ora getməsi də rəmzidir. Əslində, o yanan yer Bəhramın şahlıq etdiyi ölkənin simvoludur. Yanan ocaq Bəhramın hakimiyyətidir. Yanan yerdə tüstü içəridən görünmür, Bəhram saraydan kənarlaşaraq o ocağı görür.
Nizami gizlətmir ki, baş verən hadisələrdə vəzir qədər cəmiyyət də günahkardır. Çünki heç kəs səlahiyyət sahibi ilə bağlı qüsurları zamanında demir, əksəri onun vəzifəsini itirəcəyi günü gözləyir. Bəhram məzlumları danışdırmaqla həqiqətin özünü də sanki zindandan azad edir. Bir ölkədə ki həqiqətin özü həbsdədir, orada nəinki insan insana, hətta heyvanlar da insana xəyanət edəcək. Çobanın əhvalatı, əslində bunu göstərir.
Nizami deyir ki, əgər bir vəzirin həbsi dünyadakı bu qədər zülmün səbəbini bizə göstərirsə, onda məhşər günü bütün hökmdarların haqq-hesab vaxtı bu cahanın bir "zülm mədəni" olduğunu görəcəyik.
Nizami göstərir ki, hər kəsin acı aqibəti onun öz riyasına bənzəyir: əgər etibarını ehtirasına qurban verən it xislətlisənsə, gec-tez ayağından asılacaqsan...
Nizami yadımıza salır ki, bu hadisədə Bəhram şah sadəcə şah statusunda deyil, həm də sanki Allahı simvolizə edir. İnsanlar ona sonsuz səlahiyyət verilmiş vəzirlərdir. Allah insana onun öz iradəsi sayəsində sonsuz səlahiyyətlər verib, insansa çox zaman o səlahiyyətləri sonsuz ehtiraslarını yemləməyə sərf edir.
Nizami söyləyir ki, vəziri ilə iti eyni ağılda olan ölkədə zülm hər yerdə çilçıraqtək parlayır, ədalət isə qaranlığa məhkum olur.
Nizami qəsdən yeddi məhbusu birdən danışdırır: Bununla göstərir ki, hamı qəlbinin dərinliyində hər şeydən agahdır. Zülmə isə o zaman son qoyulur ki, hər kəs hər şeyin fərqinə birdən varır, yəni eyni zamanda. Şah çobanla eyni anda həqiqətə çatır, məzlumlar eyni anda dilə gəlirlər, itlə vəzir də oxşar aqibəti eyni zamanda bölüşürlər.
Qiyamət də elə budur - hər kəs öz qiymətini birdən və küllən alır...
Qorxunun əcələ nə faydası?
(Yəzdigirdin ölümü)
Nizami Gəncəvi əsərlərində qələmə aldığı əksər ölüm hadisəsini obrazını canlandırdığı qəhrəmanların xarakterinə uyğun şəkildə əks etdirir. Sanki əksər qəhrəman öz həyatına, davranışına, dünyaya münasibətinə uyğun da öz əcəlini tapır.
"Yeddi gözəl" əsərinin baş qəhrəmanı Bəhramın atası Yəzdigirdə xəbər verirlər ki, oğlun Bəhram hər yanda döyüşərək ad çıxarır, o, aslandan daha cürətlidir, qurddan daha qüvvətlidir, igidlikdə, şücaətdə şöhrəti gün-gündən hər yana yayılmaqdadır. Oğlunun qüdrətini, gücünü, zəkasını hakimiyyətinə təhlükə hesab edən ata onu özündən uzaq saxlamağa çalışır ki, Bəhram haçansa şahlıq sevdasına düşüb onun səltənətini devirə bilməsin. Bəhramsa gününü ovda, eyş-işrətdə keçirir, onun hakimiyyət hərisliyi yoxdur, atasını taxtdan salmaq heç onun ağlının ucundan belə keçmir.
Günlərin bir günü Yəzdigirdi taxtdan salırlar, həmin məqamda onu heç kəs müdafiə etmir, xalq ona arxa durmur. Bir müddət atasının ölümü ilə bağlı xəbəri Bəhramdan gizlədirlər ki, o, geri qayıdıb atasının taxtına sahib çıxa bilməsin, ona qədər də başqa bir şahın dövlət üzərindəki qüdrəti tam bərqərar olunsun. Bəhrama cürətinə, qorxmazlığına görə Yəmən padşahı böyük bir vilayət bağışlamışdı. İnsanlar atasının ölümündən Bəhramı xəbərdar etməyə həm də ona görə qorxurlar ki, birdən yeni şah ona vilayət bağışlamış Yəmən padşahına - ərəblərə xərac verər, dövlət idarəçiliyində böyük tarixləri olan farsları əsl iqtidar saymaz. Fəqət bu qorxuların heç bir real əsası yox idi. Bəhram heç də ona vilayət bağışlayan ərəblərə tabe olmaq fikrində deyildi.
Bəhram hakimiyyətini itirən, ölən atası barədə xəbər tutan kimi dərhal hərəkətə keçir, vuruşaraq, igidlik, şücaət göstərərək, nəhayət, atasından qalma taxt-taca sahib çıxır.
Nizami Gəncəvinin "Xəmsə"sində ən ucuz, bivec ölümlərdən biri də Yəzdigirdin aqibətidir. Dahi qələm ustasının bu ölümü bu qədər üzdən əks etdirməsinin səbəblərindən biri Bəhramın atasına, atasının da ona olan qarşılıqlı biganəlikləri hesab edilə bilər. İnsanın öz əzizlərinin həyatına münasibəti ölənin, vəfat edənin urvatla dünyadan köçməsinin əsas göstəricilərindəndir. Əgər ən doğmaları tərəfindən kiminsə həyatı dəyərsizdirsə, ölümü onun üçün o qədər də yandırıcı, ağrılı olmayacaq.
Eyni zamanda bu ölümdə böyük bir ibrət dərsi var. Belə ki, Yəzdigird hakimiyyətinə təhlükə saydığı oğlunu özündən uzaqlaşdırmaqla düşmənlərinə meydan açmış olur. Oğlunu tanımayan şah ətrafını, əhatəsindəki adamları necə dəqiq qiymətləndirə bilər? Ona görə də yan-yörəsindəki insanlar onu taxtdan salaraq axırına çıxırlar.
Nizami bu ölüm vasitəsilə göstərir ki, insan ölümdən qaçdıqca ona daha da yaxınlaşır. Uzun yaşamaq planları insanların əcəlini onlara doğru yaxınlaşdırır.
Eyni zamanda məsələyə əks rakursdan baxanda belə də düşünmək olar ki, əgər Yəzdigirdin yaşaması Bəhramı taxtdan uzaq saxlayırdısa, ölümü Bəhramın taxta sahiblənməsinə gətirib çıxarır. Axı atasının səltənətinin devrildiyini eşidən Bəhram onu taxtdan salanlara qarşı vuruşaraq hakimiyyətə yiyələnir. Yəni bu ölüm hadisəsi Bəhramı ayaqlanmağa, qəti qərarını həyata keçirməyə sövq edir. Beləliklə, həyatın (eyş-işrət, gündəlik kef-damaq, ucuz yaşam həvəsi və s.) onun əlindən aldığı qüdrəti (taxta yiyələnmək hünərini) ölüm (atasının ölümü) sanki ona geri qaytarır. Nizami Gəncəvi bununla da göstərir ki, ölüm əgər birini aramızdan aparırsa, yerdə qalanları yenidən yerbəyer edir - biri ölərək dünyadan köçür, başqa insansa yaşayaraq öz yerini, həyati təyinatını tapır.
Qayibanə son
(Bəhramın "ölümü")
Əslində, Nizami Gəncəvinin "Yeddi gözəl" məsnəvisinin baş qəhrəmanı Bəhram obrazının ölümü ilə bəzi tədqiqatçılar razılaşmır, bu qənaətdə olanlar qeyd edirlər ki, Bəhram şah yoxa çıxıb, qeybə çəkilir və bunu ölüm faktı kimi qəbullanmaq yanlış nəticədir. Lakin Nizami Bəhramın aqibəti ilə bağlı elə detalları diqqətə çatdırır ki, onların izinə düşüb irəlilədikcə Bəhramın ruzigarının sonuna çatması ilə barışmaya bilmirsən. İndi isə gəlin, hadisələrin axarına nəzər salaq:
Göylərdən Bəhrama səda gəlir ki, yeddi gözəlin toplandığı yeddigünbəzli qəsri - sənəmxanaları tərk edərək dünyadan uzaqlaş ki, ölüm də səndən uzaqlaşsın. Bəhram həmin yeddigünbəzli qəsri günaha batdığı - eyş-işrət çəkdiyi yer kimi tərk etmir, həmin yer yenə də müqəddəslik statusunu qoruyur, çünki o yeddi günbəzi yeddi möbidə - zərdüşt kahininə tapşırıb gedir. Bundan sonra o, müştəbehlikdən, şahlıq iddiasından ayrılmağa, dünyadan uzaqlaşmağa qərar verir və bu qərarından sonra ən yaxın adamlarını götürüb ova gedir. Şikar edən zaman yan-yörəsindəkilərin "hərəsi bir guru ovlamaq istəyərkən Bəhram istəyir ki, onu da tənhalıq goru ovlasın". Ov zamanı bir gur gəlib Bəhramın önündə dayanır və şah dərhal başa düşür ki, onun aqibətinin sonudur və bu, adi bir heyvan deyil, onun cənnət mələyidir və onun dalınca düşərək durmadan atını çapır. Uzun yolları, xarabalıqları keçə-keçə gur gəlib bir mağaraya yetişir, heyvan (cənnət mələyi) mağaraya girir, Bəhram da ardınca. Nizami Bəhramın artıq kamilləşərək xəzinəyə çevrildiyini söyləyir. Əlbəttə, xəzinənin yeri harada olur? Mağarada.
Bəhramın adamları da çapa-çapa gəlib mağaraya girirlər, günlərlə şahı axtarırlar, amma tapa bilmirlər. Gedib Bəhramın anasına xəbər verirlər ki, oğlu mağaraya girib, ancaq onu nə illah etsələr də, tapmırlar. Anası da həmin mağaraya gəlib şahı axtaranlara qoşularaq oğlunu arayır. Nizami bu məqamda çox maraqlı bir düşüncəsini bölüşür, ananın övladını axtarmasını belə mənalandırır. Yazır: "Ana da şahı axtarır, amma başqaları kimi yox, o, canı ilə axtarırdı, başqaları isə gözləri ilə". Qırx gün mağaranı axtarırlar, mağaranın divarlarını göz yaşları ilə yuyurlar. Nizami bu bihudə zəhməti belə qiymətləndirir: "Özünə göylərdə yer salmış adamı yerdə axtarıb tapmaq çətindir". Artıq Bəhram ölüm mələyinin ardınca qaçıb ona təslim olub.
Qayıdaq Bəhramın ölməsi, yoxsa qeyb olması sualının cavabı məsələsinə. Gurun "cənnət mələyi" adlandırılmasının özü də artıq Bəhramın ölümünə ciddi bir işarə sayılır. Axı ölməyən adamın cənnətdə nə işi var?!
Bu ölüm hadisəsi ilə bağlı başqa bir misala da diqqət çəkək. Nizami yazır: "İnsanın iki anası var, biri torpaqdır, o biri isə qan. Qan anası insanı bəsləyib böyüdür, torpaq anası isə öz qoynuna alır. Bəhramın torpaq anası daha mehriban çıxdı, onu elə geri aldı ki, bir də vermədi". Bu bənzətmə də Bəhramın ölümünə işarə sayıla bilər, çünki bu fikirlərin məntiqi ona gətirib çıxarır ki, Bəhram şah daha torpağa qarışıb.
Şahın ölümünə başqa bir dəlil də budur ki, oğlunu axtarmaqdan bezməyən qadına - Bəhramın anasına qeybdən səs gəlir ki: "Allah sənə bir əmanət tapşırmışdı, vaxtı çatanda da onu səndən geri aldı". Bu sədadan sonra ana oğlunu axtarmaqdan əl götürür, belə demək mümkünsə, o da oğlunun ölümü ilə dolayısıyla barışır.
Sonra Nizami bu axtarış işinə belə yekun vurur: "Ey Bəhram Gurdan xəbər verən (Nizami), Bəhramın gorunu axtarmaq işindən vaz keç, nəinki Bəhram Gur bizimlə bir yerdə deyil, heç Bəhramın gorunun yeri də məlum deyil". Bu fakt - Bəhramın goru olması da onun ölümünə əlavə bir dəlildir.
Nizami Bəhramın bu cür aqibətinə dünyanın hesablaşması kimi anlam qazandırır: Bəhram bu dünyadan neçə-neçə Guru vuraraq, sonra da özüylə aparır, Gur da axırda Bəhramı aparır. "Əvvəllər onun Gur dağlamasına baxma, gör Gur - gor onu necə dağladı". Bəhram gurbaz idi, ancaq dörd yaşına qədər olan gurları tutanda adını onların üstünə damğalayaraq buraxırdı ki, onlar böyüsünlər, körpəykən öldürülməsinlər. Bəhramın gurları damğalaması onları başqa təhlükələrdən də qoruyurdu. Çünki həmin nişanı onların bədənində görən digər ovçular onları vurmağa cürət etmirdilər. Şahın gurları damğalaması onlara həyat verir, ancaq gurun Bəhramı "damğalaması" - insanlar arasından seçib aparması şahın ölümünə səbəb olur: "Bəhram guru ovlayırdı, amma gün gəldi ki, gor da Bəhramı ovladı", - deyir Nizami.
Mədəmizdə müxtəlif rəngli xılt olur, biz nə rəngdə qida yesək də, o, içimizdəki - mədəmizdəki həmin xıltın içində onun rənginə boyanır. İnsan bu dünyanı öz daxilində necə duyursa, ətrafdakı şeylər də onun qiyafəsinə uyğunlaşır. Bizim ətrafımızdakı gözəlliklər içimizdəki gözəlliklərdən asılıdır. Ona görə də insanın daxili dünyasını Nizami boyaqçı küpünə bənzədir. Dahi şair bunu nə üçün deyir? Dünyadan getmişlər üçün göz yaşı tökmək onları geri qaytarmaq üçün canfəşanlıqdan başqa bir şey deyil. Nizami isə "üzləri örtülüb qeyb olanlar bu rəng və qorxulardan xilas olublar" yazır. Bu "üz örtülmək" məsələsi də öz-özlüyündə Bəhramın ölümünə işarədir.
Bu məsnəvidə Nemanın qeyb olması ilə bağlı da ayrıca bir hissə var. Amma həmin hissədə Nemanın ölümü təsvir edilmir, onun yox olması dünya ilə dinin bir araya sığmamasının nəticəsi kimi əks etdirilir. Müəllif göstərir ki, Nemana bir nəfər dedi ki, Allahı dərk eləyəndən sonra dünya insanın gözündən düşür və cahanın nemətləri onu daha özünə çəkmir. Beləcə, dinin tərəfini tutan Neman dünyadan uzaqlaşmağa qərar verir. Fəqət Bəhramın qeyb olması bir qədər fərqli mənada canlandırılır, belə ki, Nizami Bəhramın qeybə çəkilməsini onun aqibətinə yürüməsi kimi göstərir, Neman isə, sadəcə, hər şeydən əl üzmək yolunu seçir.
Məsnəvidə Bəhramın uzun-uzadı axtarılmasının canlandırılması heç də təsadüfi deyil, Nizami bununla göstərir ki, ölənlərə ağlamaqla, yanıb-yaxılmaqla insanlar dünyadan köçənlərin Allaha qovuşması ilə qəlblərinin dərinliklərində barışa bilmirlər, ona görə də gecə-gündüz aralarından ayrılan üçün göz yaşı axıdırlar. Hər axan göz yaşı itirilmiş adamı axtarmaq deməkdir. Ancaq insan yoxa çıxanın Allaha qovuşduğuna sidq-ürəkdən inansa, onda həmin ölümlə rahatca barışar və itirdiklərini "taparlar". İnsanlar itirdiklərini ona görə tapmırlar ki, bu dünyadan gedənləri Allahın olduğu yerdə yox, bədənlərin çürüyəcəyi yerdə - fani dünyada arayırlar.
Nizami Bəhramın son andakı halını, əcəli ilə barışmağını bu dua qarışıq öyüdlərlə diqqətə çatdırır: "Canın nədən ibarət olduğunu bilən adamın canı bədənsiz də yaşaya bilər". Yəni insan ruhun ölməzliyini anlayandan sonra, əlbəttə ki, o, Bəhram kimi yoxluq aləminə meyil edər və bu qərar onun üçün qətiyyən çətin addım olmaz. İkinci öyüdü isə bu olur ki, dünyada insanın ağlını sınaqdan keçirən çox şeylər var, amma onlar arasında Adəm övladının çatdığı ən ali qənaət budur: "Az yemək və çox bağışlamaq". Əgər insan aza qane olub, olanını da bol-bol bağışlaya bilirsə, deməli, onun ağlı, zəkası və qəlbinin qüdrəti ən uca həddə yüksəlib. Aliliyin bundan üstün məqamı yoxdur. Və Nizami nemətlər barədə bir dua edir ki, bu alqış öz-özlüyündə insanın əzəli xislətinə aid edilə bilər: "Ey Allah, bizə elə şey ver ki, asanlıq gətirsin, peşmanlıq yox". Dünya sərvəti çox zaman insanın axirətdəki halını çətinləşdirir, nəinki ona rahatlıq bəxş edir. Bu dünyada asan nemət əldə edənlər o dünyada çətin cavablar qarşısında qalacaqlar. Necə ki Bəhram şah gecələr sevinc və nazla yeddi günbəzdə büsat qurardı və günbəzdə bənzər gözəllər onun üzünə yeddi günbəzin sirr qapısını açardı. Şahın bəsirət gözü açılmış və həqiqət sirrindən bidar olmuşdu. Həqiqət yoluna düşən aşiqin oyaq (bidar) olması sufizmdə mühüm şərtdir. Nizami öz qəhrəmanını hekayələrdə qoyulan ideyalar vasitəsilə mərhələlərlə (pillələrlə) ucaldır. Şah yeddi gözəlin söylədiyi hekayələr vasitəsilə yeddi həqiqətə asanca çatır, ancaq çatdığı həqiqətin cavabını Bəhram şah canı ilə ödəməli olur, yəni özünün yoxluğu ilə İlahi həqiqətə qarışır.
Nizami bu cür ölümlərdən - baş qəhrəmanlarının - həm Xosrovun, həm Məcnunun, həm də İskəndərin vəfatından sonra dünyanın mahiyyətini təsvir edir. Dünyanın gözlənilməz, zalım, aldadıcı olduğunu diqqətə çatdırır. Sanki insanlığa xəbərdarlıq edir ki, ən müdrik hökmdar olan Xosrov dünyaya aldandı, ən çox sevən Məcnun cahanda səadət üzü görmədi, ən cəsur sərkərdə Bəhram yoxluq mülkünə əsir oldu, dünyanın sahibi İskəndər boş əlini tabutdan çölə çıxarıb bu aləmdən heç nəsiz getdiyini hamıya nümayiş etdirdi. Dünya onların - ən güclülərin hərəsinə bir şey vəd etdi, ancaq heç birinə də sonda heç nə vermədi. Xosrova sonsuz iqtidarla ailə səadəti vəd etdi, amma sonda o, oğlu tərəfindən öldürüldü, Məcnun ən ali eşqə sahib oldu, amma dünyadan bircə an da kam ala bilmədi, Bəhram yeddi gözəl vasitəsilə dünyanın bütün aqibətinə bələd oldu, lakin öz aqibətindən üz çevirə bilmədi, fənaya uğradı. İskəndər əbədi həyat arzulayırdı, qızdırma xəstəliyi qarşısında aciz qaldı. Ən qüdrətlilər arasında belə incidilməyən, qara günə yoldaş olmayan, qəflətə düşməyən kimsə olmayıb. Əgər dünya bu qədər fitnəkar, oyunbaz, gözlənilməzdirsə, niyə peşman olanların aqibətindən dərs almır, müvəqqəti qələbələrindən həvəslənirik?
Həqiqətin məntiqi ilə insanın məntiqi bir-birinə ziddir? Həqiqətin məntiqi odur ki, əslinə qalanda, Adəm övladı ondan güclülərin məğlubiyyətindən həvəssizləşməliykən, sanki özündən əvvəlkilərin məğlubiyyətindən, acı aqibətindən şövqə gəlib dünyadan beşəlli yapışır. Kim bilir, bəlkə də, dünyanı daimi qılan elə bu ziddiyyətin əbədiyyətidir?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!