Teatr elə bir möcüzəli məkandır ki, burda hər bir mövzu, hər cür mətləb estetik aynaya, obyektiv güzgüyə çevrilə bilər. Yetər ki, zövqlü, dünyagörüşlü, fəhmli olasan. Və ən əsası, işinə sevgi ilə yanaşasan.
Tarixi müharibə fabulası, real qəhrəman hərbçi obrazı və kukla teatrı. Kukla teatrı sənəti üçün insan xarakterlərinin parlaq, qabarıq məziyyətlərini əks etdirmək, rəvayətə özünəxas inandırıcılıq hopdurmaq və obrazlı etalonluq kimi xassələr səciyyəvidir. Bu xassələr Kukla teatrlarının repertuarına satirik, bir sıra Cənub-Şərqi Asiya ölkələrində isə qəhrəmanlıq və vətənpərvərlik mövzusunda qurulmuş tamaşaların daxil edilməsinə imkan verir. Abdulla Şaiq adına Dövlət Kukla Teatrının növbəti yeni tamaşasında bu imkanlardan maksimum istifadə edilib, ərsəyə "İnnab ağacı" adlı baxımlı, eşidimli bir tamaşa gəlib. Teatrın rəhbərliyinin sifarişi ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərindəki qələbənin 80 və iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun (1910-1945) anadan olmasının 115 illiyinə töhfə, Prezident İlham Əliyevin Həzi Aslanovun yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamın daha bir realizəsi olaraq Sevinc Nuruqızının "Salam, innab ağacı" əsərinə quruluş verdi. Həm də tamaşanın uşaqlar və böyüklər üçün eyni dərəcədə maraqlı, ibrətamiz və yaddaqalan olmasını təmin edərək. Teatrın baş rejissoru Anar Məmmədovun səhnələşdirib quruluş verdiyi "İnnab ağacı" səhnə əsəri kukla teatr sənətinin "qara kabinet" tərzində hazırlanıb. Musiqi tərtibatı bütünlüklə rus-sovet bəstəkarlarının məxsusi olaraq həmin müharibə mövzusunda bəstələdikləri təkrarsız təsir gücünə malik mahnılardan ibarətdir.
Tamaşa balaca Həzinin atası Əhəd kişinin innab ağacı tingini gətirib oğluna hər bir kişinin bu dünyada ağac əkmək kimi missiyası olmasını ciddi və eyni zamanda uşağın anlaya biləcəyi formada izah etməsi ilə başlayır. Səkkiz yaşlı Həzi innab ağacı tingini torpağa əkir, sulayır və həmin ağac bu gün də Lənkəranda görkəmli sərkərdə, sovet hərb sistemi tarixinə bacarıqlı hərbçi imzasını həkk etmiş tank qoşunları general-mayoru Həzi Aslanovun ev-muzeyinin həyətində göz oxşamaqdadır.
Həzinin ailəyə, ata yurduna bağlılığı, ana Vətənə sevgisi, valideyn nüfuzunu dərk etməsi, millətinin genofondunun yaşarılığına cavabdehlik hissi (bütün analar kimi Nüşü ananın da toy edib, gəlin gətirib nəvə sahibi olmaq arzsunu qulaqardına vurmayaraq və ayrıca təqdirəlayiq cəhət kimi şəxsən özünün seçib-sevdiyi həmkəndlisi Xavərlə evlənib, iki oğul atası olub), gələcəyin hərb mütəxəssisi kimi məqsədyönlülüyü, cəsarəti, qorxmazlığı, qətiyyəti, silah yoldaşlarına sadiqliyi (son döyüş ərəfəsində Azərbaycan Sovet Sosialist Respublikasının müdafiə naziri təyin edilməsi və Bakıya gəlib vəzifəsinin icrasına başlamaq haqqında əmrin teleqram mətnini alıb oxusa da, çətin döyüşqabağı cəbhə yoldaşlarını qoyub-gedib nazir kabinetində oturmağı ağlına sığışdırmır, müdadiə naziri vəzifəsinin icrasına həlledici döyüşdən sonra başlamaq qərarını verir...lakin...əfsuslar ki, həmin döyüşdə qəhrəmancasına həlak olur), insanpərvərliyi (gərgin döyüş zamanı valideynləri həlak olmuş balaca Mityanı xilas edir) - bütün bu keyfiyyətlər bir kukla tamaşasının daxilindən, bir kuklanın ifasından çıxıb təsəvvürlərə sirayət edə bildi; hər hansı sünilik, pafos, şüarçılıq, deklamasiya olmadan. Kukla teatrında personajların səhnə görünüşü, dekorasiya və obrazların səsləndirilməsi daha böyük əhəmiyyət kəsb edir. Çünki səhnədəkilər aktyorlar deyil, qara fonda siyah libaslı, qaramtıl rübəndli kuklaçı-aktyorların əllərinə keçirib idarə etdikləri kuklalardır. Burada vacibdir ki, kuklalar və dekorasiya həm gerçək görünüşə uyğun şəkildə və həm də kukla teatrı qaydaları çərçivəsində hazırlansın, personajların səs tembri son dərəcə təbii intonasiyada olsun. "İnnab ağacı"nda bütün bu cəhətlər sadəcə gözlənilməyib, bədii həllini tapıb. Tamaşanın dekorasiyası ilə (quruluşçu rəssam, teatrın baş rəssamı İqbal Əliyev) yerli-yerində istifadə edilən sənədli hərbi xronika kadrları ayrı-ayrı qütblərdə qalmayaraq ardıcıllıq və tamlıq yaradırlar. Sentyabrın 27-si Anım Gününə həsr edilən və rus dilindəki versiyasının (tərcümə - Elşadə Əzizova) Bakı premyerası baş tutan (daha əvvəlki premyera tamaşası bu ilin iyununda Sankt-Peterburqda keçirilən II Beynəlxalq "DEMMENİFEST - 2025" Kukla Teatrları Festivalında təqdim edilib və tamaşa festivalın əlamətdar tamaşalarından biri kimi ölkəmizi təmsil edib) "İnnab ağacı"nda obrazları teatrın rus bölməsinin aktyorları -Lina Məmmədova, Rauf Babayev, Araz Həsənli səsləndirirlər. Bu aktyorların hər biri bir neçə personajın danışıq tərzinə cavabdehdir. Tamaşa boyunca eyni aktyorun fərqli rolu səsləndirməsində yeknəsəkliyə imkan verilməməsi, uşaq, gənc, orta və ahıl yaşlı olmasından asılı olaraq hər birinin nitqinin dəqiq tapılması, inandırıcı, səmimi intonasiyalarla çatdırılması xüsusi qeyd edilməlidir. Aktyorlar rus dilində aksentsiz danışırlar. Hətta rus olduqlarını zənn etmək olar. Amma bu heç bir uyarsızlıq, çaşqınlıq yaratmır. Tam əksinə, tamaşaçı hər bir obrazı tanıyır, anlayır və sevir.
Səhnədə baş verənləri izlədiyim məqamların birində "Sevinc Nuruqızı tamaşaçını təsirləndirməyi bacarır" qeydi keçdi ağlımdan. "İnnab ağacı" keçmiş SSRİ-nin şanlı azərbaycanlı hərbçisi Həzi Aslanovun həyat və fəaliyyət yolunu həm başlıca süjet kimi canlandıran və həm də oğlunun "qara" kağızını alan Nüşü ananın müharibəsiz dünyaya, hərbsiz yaşama çağırış, savaşlara nifrət monoloquna köklənmiş qlobal və təəssüf ki, aktual bir mövzunu qulaqlardan beyinlərə, ordan isə ürəklərə ötürən səhnə əsəridir. Yaradıcı heyət layihəyə o dərəcədə ürək və peşəkarlıqla yanaşıb ki, innab ağacını sanki hər birimiz torpağa əkirik, yarpaqlarının xışıltısını eşidirik, qol-budaq atıb bar verdiyini görürük, duyuruq. Hər bir ağacın öz energetikasının olması prizmasından yanaşsaq, tamaşadakı innab ağacı sanki hər birimizin salamını alıb insanlara salamatlıq güvəni verir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!