Federiko Fellini "Yol" filmində bizə Censaminanın timsalında sadəlövhlərin həyatda qurban olduğunu əks etdirdi. Ondan üç il sonra, 1957-ci ildə çəkdiyi "Kabiriyanın gecələri" ekran əsərində isə bu qurban obrazlarına bir etiraz edildi. F.Fellini bu dəfə fahişələrin timsalında həyatda gedən mübarizənin amansızlığını tamaşaçılara təqdim elədi.
"Kabiriyanın gecələri" mahiyyət etibarı ilə aldanma haqqında ekran əsəridir. Kabiriya (Cülyetta Mazina) güvəndiyi, sevmək istədiyi Giorgio (Franko Fabrizi) tərəfindən aldanılır. 40 min liret pulu oğurlanıb özü suya atılan Kabiriya ölümdən bir göz qırpımında xilas olur. Giorgio bu əməli törədərkən gözündə qara eynək olur. Biz sonradan qara eynəyin zülmət daşıyıcısı kimi Kabiriyanı müşayiət edəcəyini görəcəyik. Düşdüyü göldə üzə bilməyən Kabiriya həyatın real dalğalarına da müqavimət göstərə bilmir. O, bir müddət özünü aldadır, ona qəsd etməsi fikrini qəbullanmaq istəmir. Lakin bir an sonra Kabiriya Giorgionun paltarlarını və şəkillərini oda otaraq qisas almağa başlayır. Alov dilimlərinin Kabiriyanın üzündəki əksi yeni həyata başlamaq diləyindən xəbər verir.
Yeni həyata başlamaq lazımdı, lakin necə, Ortada dilək var, lakin dua və əməl məqamı yetişməyib. Bu baxmdan Kabiriya özünü fahişələrin yığışdığı meydana atır. Bir aylıq Giorgio macərası yerini yeni axtarışlara verir. Kabiriya yenə də sadəlövhdür. Biz bunu kiçik qəhrəmanın dəlisov rəqsində görürük. O sanki həyatdan acıq çıxmaq üçün başqa fahişələrin qarşısında rəqs ifa edir. Lakin yaşlı fahişənin ona Giorgionu xatırlatması Kabiriyanı yenidən cin atına mindirir. Həssas ruhlu Kabiriya dava edərək həmin məkandan uzaqlaşır.
Kabiriyanın dərdi nədir? F.Fellini bu dəfə sosial amili qabardır. Məşhur aktyor Alberto Lazzari (Amadeo Nazzari) sevgilisi Cessidən (Doran Qrey) müvəqqəti ayrılıb. Biz gecənin qaranlığında Cessinin gözündə gün eynəyini görürük. Albertoya özünü möhtac olduğunu göstərən Cessi bu qaranlıq içində gözlərini gizləməsi yuxarıların mənəvi həyatındakı düşkünlüyü əks etdirir. Cessinin müvəqqəti əldən çıxması Alberto üçün yeni şans yaradır. O bu dəfə hadisələri seyr edən Kabiriyanı maşınına mindirir. Kabiriya bu dəfə çöldəki qadınlara: "Ey, baxın, mən kimləyəm?!" deməklə özünə təsəlli verməyə çalışır. Bu müvəqqəti gecə macərasında Kabiriyanın yerinin Alberto olmamasını onun maşının oturacağında saz vəziyyətdə otura bilməməsində görürük. O maşının oturacaqlarında güclə oturur. Daha sonra cütlük gecə klubuna gəlir. Kabiriya bu məkana gələndə, az qala, pərdələr arasında dolaşır, oradan çıxa bilmir. Varlı təbəqənin toplaşdığı məkan da Kabiriyaya görə deyil. Gecə barında qaradərili yarımçılpaq qadınların rəqsi quldarlığın müasir formasını xatırladır. F.Fellini bizə, sadəcə, bir yozum təklif edir. Kabiriyanın bu durumuna səbəb sosial bərabərsizlikdirmi? Bu sual XX əsr tarixi boyu insanlığın əsas maraqlandığı məsələlərdən olmuşdu.
Alberto Kabiriyanı müvəqqəti həmdəm kimi öz malikanəsinə aparır. Kabiriya məşhur kino ulduzla söhbət vaxtı ayaqsız, əlsiz, başsız qadın heykəli fonunda əyləşir. Albertonun nəzərindəki qadın modeli bundan ibarətdir. Ona Cessi kimi, sadəcə yalandan naz satan qadınlar gərəklidi. Belə də olur. Cessi yenidən Albertonun yanına qayıdır. Bu dəfə mətbəxdə gizlədilən Kabiriya cütlüyü qapı dalından görəndə üzünə işıq düşür. Demək, Kabiriyanın üzünə tale gülə bilər.
Varlı kinoulduzun malikanəsindən ayrılması Kabiriyanı dua məqamına yaxınlaşdırır. Lakin həyatın ziddiyyəti hələ də göz önündədi. O, fahişələrin toplaşdığı küçədə dua ayini keçirən dəstəni görən vaxt onlara bir qədər həsrətlə baxır. Kabiriyaya görə bu məqamda dua edən ruhani sinfi daha xoşbəxt və qurtulmuş kimsələrdi. Lakin elə bu məqamda yük maşını sürücüsü Kabiriyanı "xidmət etmək" üçün çağırır. İçində qurtulma diləyi daşımağa başlayan Kabiriya son dəfə özünün köhnə peşəsini icra eləməli olur.
İçindəki yaxşı niyyət Kabiriyanı xeyirxah bir insanla qarşılaşdırır. Mağaralarda məskunlaşan yoxsul insanlara paltar, ərzaq paylayan bu insanla qarşılaşan Kabiriya onu gecələr heç vaxt görmədiyini deyir. Biz burada niyyətin yaxşıya dəyişməsini görürük. Kabiriyanın xeyirxah kişiylə qarşılaşması onun katarsiz keçirməsinə səbəb olur. Məhz bundan sonra o kilsədəki ayinə qatılır. Kabiriya dua ayinində Məryəmə səmimi qəlblə dua edən yeganə şəxsdir. Biz əvvəlcə kilsənin çölündəki qoyun sürüsünü görürük. Bu, bir yandan peyğəmbərlərin ilk məsləki olan çobanlığı xatırlatsa da, digər yandan qeyri-səmimi edilən kütləvi dualara ironiyanı da əks etdirir. Kabiriya səmimi qəlblə Məryəmdən həyatını dəyişməsi üçün dua edir. Lakin kilsədəki qeyri-səmimi əhval-ruhiyyə ironik münasibəti gücləndirir. Kabiriya kilsədən kənara çıxan kimi dua ayini keçirən ruhanilərə "Məryəm sizi əfv etdimi?" sualını verir. Bu sual özlüyündə mühüm mesaj daşıyır. İnsanlıq tarixində ruhani sinfi zaman-zaman özünü qurtulmuş zümrə kimi təqdim edib. Kabiriyanın ironik sualı bizə kilsə hegemonluğuna müxalif intibah düşüncəsini xatırladır.
İnsanların səmimiyyətsizliyi sanki Kabiriyanın duasına da mənfi təsir edir. O qurtulmaq istəyir, lakin yenə də rastına aruolunmaz insanlar çıxır. Bir gecə Kabiriya illüziya nömrəsinə qatılır. Sehrbaz onu şeytanı xatırladan qiyafədə səhnəyə dəvət edir. Demək, şər gücünü, qüvvəsini asanlıqla itirmək istəmir. Kabiriya sehrbaz tərəfindən hipnoz olunur. İllüziya səhnəsində müvəqqəti səadət yaşayan Kabiriya öz diləklərini tamaşaçılarla bölüşür. Sehrbaz Kabiriyanı inandırır ki, Oskar adlı kişi onu xoşbəxt edə bilər. Bu nömrədən sonra Kabiriyaya səadət gətirəcək Oskar (Françöz Periyer) onun qarşısında peyda olur. O özünü mühasib kimi təqdim edərək, pula ehtiyacı olmayan, ailə qurmaq istəyən şəxs olaraq Kabiriyaya tanıdır. Sehrbaz fənd növbəsini real kələyə verir. Oskar, ilk növbədə, özünü Kabiriyanı avaralardan qoruyan kişi kimi göstərir.
Oskar Kabiriyanın həssas ruhundan xəbərdar olduğundan özünü ona əmisi tərəfindən aldanılmış şəxs kimi təqdim edir. O əmisi tərəfindən pullarının əlindən alınmasını deyən vaxt gözünü gizlətmək üçün eynək taxır, həmçinin kameraya arxasını çevirir. Oskarın timsalında insanların riyakarlığa sapması faktı tamaşaçılara belə təqdim edilir.
Oskar Kabiriyanı bir cümləylə aldadır - "Sən gün batmasının gözəlliyini görəcəksən". Kabiriya, əslində, bütün gecələri əzab çəkmişdi. Oskar onun bu zəif cəhətindən xəbərdar olduğundan bu fəndə əl atır. Məqam gəlib yetişir. Gün batımında bir dağ uçurumu. Oskarın niyyəti Kabiriyanı bu uçurumdan yuvarladıb pul dolu çantasını əlindən almaqdır. Üzündəki tər damcıları Oskarın mənəvi böhranından xəbər verir. Bəlkə də onun içindəki vicdanın qırıntısı "bunu etmə" deyir. Lakin nəfsin böyük təzyiqi bu qırıntıya üstün gəlir. Kabiriyanın "sənə pul lazımdı götür, get", deyərək, fəryad etməsi bütövlükdə riyakarlığa qarşı üsyandan xəbər verir. Oskar da Girogio kimi pulları götürərək qaçır.
Kabiriyanı biz sıradan aldanan, axmaq insan kimi qəbul edə bilmərik. O, əslində təmizlik, məhəbbət axtaran bir insandır. Filmin sonunda Kabiriyanın bir gözünün ağlaması fonunda, o birisinin gülümsəməsi onun mənəvi qələbəsindən soraq verir.
"Kabiriyanın gecələri" Amerikada nümayiş olunanda kino tənqidçisi Bosli Krouter filmin süjetdən daha çox, mövzunu inkişaf etdirdiyini qeyd eləmişdi. Baş rol ifaçısı Cülyetta Mazina isə Kann film festivalında ən yaxşı aktrisa oyununa görə mükafat qazanmışdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!