Kiçik taleyilə fəxr eyləyənlər
Böyük taleləri dərk edə bilməz.
N.Həsənzadə
1
Köhnə zamanlarda köhnə kişilərdən qalma əşyaları saxlayarmışlar, adamlar bəzilərini öz üstlərində gəzdirərmişlər ki, nədi, nədi, tilsimlidi bunlar. Belədə adama bata bilmirlərmiş, adama, hətta güllə də dəymirmiş.
Məncə, böyük şairlərin sözü, ulu ozan-aşıqların sazı da bir tilsimdir. Nə qədər ki, ürəyimizdədir, bağrımızın başındadır, bizə zaval yoxdu!
İstərdim ki, bu tilsimdən hamı yararlana bilsin. Bütövlükdə nəticədə xalq, millət özü tilsimlənsin!
Xalq, millət özü tilsim olsun!
2
...Faşistlər Ziqmund Freydi də öldürmək istəyirmişlər. Bunu eşidən II Napoleonun nəvəsi, yunan şahzadəsinin arvadı Mariya Bonapart müəlliminə görə (Z.Freyd onu müalicə etdiyi üçün) ölüm hökmünün ləğvi müqabilində istənilən məbləği ödəməyə hazır olduğunu bildirib.
Himler konkret qiymət kəsib:
"Knyaginyanın möhtəşəm sarayı açarlarıyla birgə!"
M.Bonapart nifrətlə: "Allaha şükür ki, mənim babamın da familiyasını ala bilmirsiniz", deyib kağıza qol çəkib.
...Biz də hansısa kağıza qol çəkə bilərik müəllimimizin yolunda! Təki bizdən əxlaqımızı, mənəviyyatımızı, Üzeyirimizi, Bülbülümüzü, bizi xalq, millət edən milli ruhumuzu almağa cəhd etməsinlər.
3
Nizami İsgəndərə "Rum papaqlı Türk" deyib. Nizamiyə görə insan 2 dəfə cam içir:
1) Əzəl camı.
2) Əcəl camı.
Nizami İsgəndərin ölüm ayağındakı vəziyyəti, sonrakı səfəri haqda yazırdı:
Dolanıb görmüşdü o bir çox yeri,
Başqa bir yerəydi indi səfəri.
Altaylıların təsəvvürünə görə, bizim məşkunlaşdığımız yerdən başqa da bir yer var. Orda əbədi zülmət hökm sürür. O yerin adına "Altıncı orda" - altıncı yer və ya "Alış diyer - "Uzaq yer" deyirlər.
...Xaqani şeirlərinin birində "Yeddibaşlı ilan" sözünü işlətmişdir. Mənası insanları udan yer - qəbir, ölüm deməkmiş.
İsa Muğanna həyat yoldaşı Firuzə xanıma ölümündən bir az əvvəl deyib ki, "Orda (guya o biri otaqda) bir yer var, ora dəyib gəlirəm". Divandan ayağa qalxdığı ilə keçindiyi bir olub.
4
Qazaxlı aşıq Saqif Məzəmli danışır ki: "Babam ağır taxtalı, azman boy-buxunlu bir kişi olub. Həccə də gedib-gəlibmiş. Dəyirmançıymış. El içində halallığıyla ad çıxarıbmış. Həmişə imkansız adamları qabağa salıb dənini üyüdür, yola salırmış.
Bir gün bir arvad dəyirmana dən gətirib deyir ki, məni hamıdan qabaq yola salsan, bir gecə səni qonaq edərəm.
Kişi dərhal dəyirmanı bağlayıb evə qaçır. Qarısına deyir ki, "Tez ol, su qoy, məni çimizdir. Məni filan həyasız sözüylə murdarladı...
Aman Allah!
Necə abırlı kişilər olub.
Başsız, abırsız bir arvadın özüylə yatmaqdan yox, dediyi həyasız sözdən murdarlanıbmış...
5
Adətən, ağbirçəklərimiz biz uşaq olanda Allaha dua edərdilər ki, "Balamı bədnəzərdən, pis nəfəsdən qoru, Allahım!"
Molla Pənah Vaqifsə görün, nədən ötrü dua edərmiş:
Vaqif bir şeydadır, dolanır bağı,
Xəstədi, dərmanı dilbər dodağı.
O büllur buxağı, alma yanağı,
Allah, bədnəzərdən səlamət eylə!
Yəni ki, gözəli və gözəlliyi hifz eylə, deyirmiş!
Göründüyü kimi, bu dualar fərqli-fərqli şeylərdi. Öz gözəl balan üçün etdiyin duayla bütün gözəl və gözəlliklər üçün edilən duanın fərqi göz qabağındadır.
Bu fərqliliyinə və vaqifliyinə görə M.P.Vaqif böyük Azərbaycan şairi ola bilmişdi.
6
Dini kitablarda və mənbələrdə dönə-dönə deyilir və xatırladılır ki, Adəm cənnəti bir buğdaya satıb cənnətdən qovuldu. Məni bir sual düşündürür:
Adəmmi buğdanı yedi, yoxsa buğdamı Adəmi yedi?!
Çoxlarına bəllidir ki, burda "buğda" sözü məcazi anlamdadır, əslində nəfsin daşıyıcısıdır. Adəm nəfsinə hakim olmağa çağırılmışdı. O, bu çağırışa məhəl qoymadı. Odur ki Adəm buğdanı yox, buğda (nəfs) Adəmi yedi.
Və hələ də yeyir...
Bu fikir Nəsimidə belədir: "Buğdayam, həm asiyabəm", yəni "həm yeyənəm, həm yeyilən".
7
"6 yaşında durmadan qaçdım insanlardan" deyib Ə.Yəsəvi öz "Divanı"nda. "İnsanlardan uzaqlaşdım" - bu fikir də "Türküstan Pir"inə aiddir.
Xaqani axmaqdan qaçmağı tövsiyə edirdi. Lakin o, təkcə axmaqdan yox, öz-özündən də qaçmaq istəyirmiş.
Çünki o da yaxşı bilirdi ki, "Quran"ın son surəsində belə buyurulur: "De ki, qaçıram şeytan vəsvəsəsindən, qadın şərindən, cinlərdən, insanlardan... Sənə sığınıram".
İnsan qaçmağa məhkummuş.
Ömrü də, günü də, yerişi də, duruşu da qaçışmış.
Lakin iki cür qaçış varmış; bir var ki şeytandan, axmaqdan, nakəsdən, ilandan, çayandan, itdən, qurddan (bir sözlə, təhlükədən, təhlükəli şeydən) qaçasan, bir də var ki, səni Yaradana - Onun qucağına, onun lütfünə doğru qaçasan, biryolluq hər cür təhlükədən, qorxudan qurtarasan.
Bunu İmam Qəzali belə deyir.
8
Mikayıl Müşfiq "Yenə o bağ olaydı" şeirini 1937-ci ildə yazıb və deyib: "Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur..."
Səməd Vurğun isə həmin ildə belə yazıbmış:
Bahar nə xoş gəlir, ruha dad verir,
Xəyala, duyğuya qol-qanad verir.
Hər ikisi qarşıdan gələn repressiyadan xəbərsizmiş...
9
Meracda Həzrəti Məhəmmədə izn verilib ki, ayaqqabısını soyunmadan Ərşə ayaq bassın. (Halbuki Tur dağında, Tuva (Eymən) vadisində Musaya deyilmişdi ki, "Nəleyini çıxart!"
Niyə, bilirsinizmi?!
Ayaqqabısı eşşək dərisindənmiş. O gözəl vadi murdarlanmasın deyə belə buyurulmuşdu...
10
Xalq arasında Rusiyaya "Uruset" desələr də, bir adı da belədir: "Ər Əs Ey."
Məhşərin digər adı "Ərəsət"dir. Məhşər gününü xatırladan bir hadisə olanda xalq deyir: "Hər şey, hamı bir-birinə qarışmışdı, elə bil Ərəsət ayağıydı".
Hər iki söz Odərcədir.
Demək, belə çıxır ki, xalq İ.Muğannanın dediyi Odər dilindən ondan əvvəl, bəlkə də lap çoxdan xəbərdarmış.
Yaxşı, deyək ki, böyük yazıçımız elə bir dildən söz açıb danışanda ona inanmaq istəmirdilər.
Bəs onda bu dil olmayıbsa, xalq hardan bilirdi onu?!
11
Yol bir dakka mikdarında,
Gediyorum gündüz-gecə.
Aşıq Veysələ görə bizə bir dəqiqəlik yol (vaxt, ömür) verilib.
Di yola çıx, yolçu ol, yaşa, görüm, gecə yaşayırsan?!
12
"Tanrılar tanrısı insandır, insan!" deyən, "Gözəl qız, mənə söylə, sən deyilmisən, Allah?!" söyləyən Mikayıl Müşfiq bu misraları 1923-cü ildə Azərbaycanda "Allahsızlar cəmiyyəti" yaratmış sovetlərin ideoloji təsiri altındamı yazmışdı yoxsa?!
Əlbəttə ki, ruhunda ruhu çırpınan Nəsiminin təsirilə yazmışdı! Müşfiq "Dindən təbiətə" adlanan şeirində, hətta "Oturalım özümüz Nəbilərin yerində" mesajını da açıq-aşkar verməkdən çəkinməmişdi.
Beləliklə, onun poeziyasında Müşfiqin Nəsimiliyi, Nəsiminin Müşfiqliyi beləcə başlamışdı.
Nakam taleyi də bir daha göstərir ki, düşünməyə əsas verir ki, əslində Müşfiqin də evini Nəsimiliyi yıxıbmış.
...Nəsimininsə əsrlər öncə müşfiqliyi də varmış?!
"Allahlıq" etmək istəyən daha bir şairdən qorxdular.
Fürsəti bu dəfə də fövtə vermədilər.
Bu dəfə onu 48-49 yaşında yox, 28-29 yaşlarındaca boğdular...
13
Pablo Neruda Nobel nitqində deyib:
"Son zamanlar çoxlu şair və şairələr yetişib. Onlar tezliklə tanınacaqlar. Oxucu isə onlarla hesablaşmaq məcburiyyətində qalacaq.
Bu halda oxucunu gerçək poeziya axtarışı ilə dəvə belində səhraya, ya da ulduzlara ekspedisiyaya göndərmək ehtiyacı yaranacaq".
P.Neruda doğru düşünürmüş.
...Bu gün öz poeziyasından geri qalan şair küçənin və kütlənin verdiyi "şöhrət"ə doğru gedir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!