Seyran Səxavət ucalığı - Turan UĞUR - Turan UĞUR

Turan UĞUR

Kimsə yuxudadır, mışıl-mışıl yatıb... Əslində bu, Füzuli rayonunun yuxusudur, onun mışıl-mışıl yatmağı var, xudmani bir ölkənin xudmani bir şəhəridir Füzuli. Arazın qıjıltısı, küləyin vıyıltısı, yarpaqların xışıltısı ona lay-lay çalanda yamanca çimir eləyər bu rayon. Adda-budda yuxularını mənə nağılladığı  məqamlar  da olub. Şair, yazıçı Seyran Səxavətdən eşitdiyi, daha doğrusu, romanlarının birinin sonunda oxuduğu cümləni yuxusunda min kərə təkrar eyləyər, heç usanmaz. Allah saxlamış "Dünya Tanrının çin olmuş yuxusudur", - deyib tutdurub. Hə, tutaq ki, şair Seyran Səxavət düz söyləyib. Bunun sənin yuxuna nə aidiyyatı var ki, ay qədimim Füzuli - 17 oktyabr yuxusuna?! Son dəfə röyasında gördüyü adalardan danışıb mənə. Suları dağıdıb, didirmiş həmin adalar.

 

Sular adaları dağıdır, didir,

Adalar dənizdə həyat diləyi.

Adalar səhrada tək ev kimidir,

Adalar torpağın qərib gileyi...

 

Demə adalarçün bu torpaq darmış,

Suda yaşamağın mənası varmı?

Dünyanın qəribə işləri varmış,

Torpaq da torpağa həsrət qalarmı?

 

Adalardan təmiz dünyada nə var?

Adalar ömrünü salıb çətinə -

Bax, buna görə də bütün insanlar

Gəlsin adaların ziyarətinə!

 

Yağış-çisək bilməz, qar bilməz, isti bilməz, ayaz bilməz, çovğun bilməz, boran bilməz. Bu şəhər bütün günü yuxu görər, hey bir sitatı gündə min dəfə təkrar eyləyər: "Dünya Allahın çin çıxmış yuxusudur". Oktyabrın 17-ində gördüyü yuxusunu isə el hey sağıma-soluma keçib danışacaq, danışacaq. Kim bilir, sevgidən, sevgilidən nələr görəcək yeddinci yuxusunda?! Kim bilir, hansı qıza özünü də, sözünü də, gözünü də "sevirəm" deyəcək?!

Şair Seyran Səxavət təki:

 

Evinizin tuşundan

Sonsuz göylərdə yanan

O parlaq ulduzları,

Xəzan vaxtı bağçanda

Yerə bir-bir tökülən

Yarpaqları sevirəm.

Sənin könül verdiyin

Can dərmanı yetirən

Torpaqları sevirəm.

Qəlbinə həmdəm olan

Sirdaşını sevirəm.

O atanı, ananı

Qardaşını sevirəm.

Görürsənmi, gözəl qız,

Neçənizi sevirəm?!

O daşlı, o kəsəkli

Küçənizi sevirəm.

Evinizin başına

Mənim kimi dolanan,

Barını da sevirəm.

Keçən yay bağçanızda

Məni dilintək sancan

Arını da sevirəm.

Qonşunuzda yaşayan

O sifəti qırışmış

Qarını da sevirəm.

Hərdən məni duymayıb,

Gözümə düz baxmayan

Gözünü də sevirəm.

Lap mənə acı gəlib

Ürəyimə od vuran,

Sözünü də sevirəm.

Məndən incimə, ay qız,

Yeri gəlmişkən, deyim,

Özünü də sevirəm,

Özünü də sevirəm...

Doğma Qarabağdan pərvaz eyləyən, 1946-cı ilin bir bahar günündə Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində doğulan birisinə, yəni - Seyran Səxavətə söyləsək ki, "ömrünüz bir göz qırpımında keçib" - bizi quru yuyub, yaş sərər. Bilxassə, böyründəki Araz çayını daha aydın eşidən müəllifin yumor damarı tutsa, elə sözlər deyər ki, dəymişimiz dura-dura, kalımız tökülər. Ona görə də yaxşısı budur ki, biz hələ susmağımızda olaq...

"Yayda əsər yazanda cümlələrdən tər qoxusu gəlir", - deyən Seyran Səxavət yaxşı ki, yayda doğulmayıb, yoxsa kim bilir, bu fəslin ünvanına nələr söylərdi. Füzulidə "Qızıl Araz" qəzetində nəşr olunan ilk şeirinin kəsərindən bəlli.

 

Sizdən bir cavab istədim,

Rusca mənə "net" dediniz.

Saf eşqimi lağa qoyub,

Hərdən "privet" dediniz.

Ancaq düşünmədin, ay qız,

Gördüyün iş necə işdi.

Mən biləni, anan sənə

Rusca layla deməmişdi.

 

"Cümlə qurmaq dövlət qurmaq qədər çətindir" - Bunu isə Seyran müəllim çox sonralar deyəcəkdi. Bəlkə bu səbəbdəndir lap gənc yaşlarından şeiriyyata üz tutmuş, bəlkə elə ona görə öncə ona şair demişlər, sonra yazıçı. "Şairlərin xoşbəxtliyindən, yazıçıların bədbəxtliyindən Seyran poeziyadan nəsrə keçdi lap gənc yaşlarından" - bunu da dostu Ramiz Rövşən demiş olsun. Amma xatırladım ki,  hələ buna qədər geridə qalmış 

"60-cı illər" -  ilıq dönəmlər vardı. Gənc nəsil ola, kənd uşaqları ola, Seyran kimi qos-qoca şəhərə meydan oxuyasan, hələ sallanmağa yar qolları da tapasan, ağac budaqları yox, haaa, yar qolları.

O qaldı kənddə-kəsəkdə, Seyran Səxavət. Yar qolları olsa... O qollar naminə, lap gilyotin edamını da seçmək mümkündür. Ən azından üzülən boynumuzun düşəsi qolları olacaq.

 

Gəzirsən dünyada səssiz-səmirsiz,

insan azdırmağa duman kiçikdir.

Yenə qarşılaşdıq bir döngədə biz,

Dedim, yer kürəsi yaman kiçikdir!

 

Gah yerə baxırsan, gah da ki göyə,

Niyə bu dünyada gərək çaşaq biz?!

Niyə qarşılaşdım səninlə, niyə? -

Mən ki istəmirdim qarşılaşaq biz...

 

Uzaqlar uzaqdır, güldün yaxınla,

Oğlanın qolundan sallanmısan sən.

Hərəni bir dəfə aldatmağınla

Dünyada ömürlük aldanmısan sən.

 

Düşmürsən, düşmürsən ağızdan, dildən,

Eh!.. Taylı tayıyla tapışa bilmir!

Qollar var - sürüşüb çıxırlar əldən,

Əllər var - bir qoldan yapışa bilmir!..

 

İnsan - uzaq mənzil. Böyükdür adı,

İnsanlar ən uzaq mənzilə yetdi,

Səninsə mənzilin uzaq olmadı,

Bu qoldan başlayıb, o qolda bitdi.

 

"Əsgərxan bulağı" deyirik, "Qara quzey", "İnşallah bağı", "Çuxurlu dərə" deyirik. Muradxanlı tayfasının oğul balası Seyranın coşğun, dəli-dolu yeniyetməliyi deyirik. Üstəgəl, Seyran Səxavətin Füzuli eşqi, Yağlıvənd sevgisi. "Tanrı bütün dünyanı  Yağlıvənddən idarə edir" - deyən Seyran Səxavətin Tanrısına qurban, bizi Füzuliyə qovuşdurduğu üçün. Məhəmməd Füzuli də deyərəm, Füzuli rayonu da. Hələ polkovnik Pavel Qaryagin kimi çar naxələflərini gözəlim Qarabulağa pərçim edənlərin 7 nəsil arxa dönənini rüsvayi-cahan da edərəm, "ufff" da demərəm... Bir halda ki, girəvə düşüb əlimə. Seyran Səxavətin tələbə vaxtı yazdığı "Girəvə axtarıram" şeirini oxumağa girəvə axtarıram:

 

Mən öz doğma xalqımın ürəyində qalmağa,

Araz adlı çay üstdən böyük körpü salmağa,

Əliqabarlıların yekəqarınlılardan

            intiqamını almağa

girəvə axtarıram.

 

18 yaşında idi Seyran, bu şeiri yazanda. Girəvə axtarırdı, özü də nələrə,  Gəncə şəhərinin adını qaytarmağa girəvə axtarırdı şair.

Qasım Qasımzadə "Uğur olsun" - deyib onu şeir mərəzinə yoluxduranda Seyran Səxavət çoxları üçün gənc də olsa, ustad sayılırdı. Yaşıdı, mərhum şairimiz Nüsrət Kəsəmənli məhz onun şeirini və şəklini qəzetdə görüb şəhərə üz tutmuşdu. Vaqif Bəhmənliyə, Maarif  Soltana, Elçin İsgəndərzadəyə ədəbiyyatda yol göstərən də Seyran Səxavət idi.

"Daş evlər" romanında alverçi Zəminənin dəfn səhnəsində oxuculara həyati ismarışlar verən də, "Nekroloq" romanında "özünə çəki-düzən ver" - deyib ikidə-bir toplumun ətəyindən dartan da,  "İt intervüsü"ndə köpəkdən müsahibə alan gənc jurnalist kimi qabağa getməyə cəhd göstərən də Seyran müəllim olub. "Kenquru" hekayəsində mərhum yazıçımız Yusif Səmədoğlu ilə söhbətləşməyi də vardı Seyran Səxavətin, lakin bu dialoqları olmasaydı da olardı. Zatən, 10 il "Ulduz" jurnalında birgə işləmiş, Yusif Səmədoğlunu dostdan artıq birisi saymış şairin yaddaşına hopan xatirələri heç də az deyil.

Heç bir güllə füzulililəri qorxutmadı, həmçinin də Seyran Səxavəti. Bu gün Qarabağın azad, abad günlərində özünü ikiqat hürr sayır şair.Onun bu azadlığını qurban verdiyi yeganə varlıq isə nəvələridir. Onlara öz asudəliyini könüllü şəkildə qurban verən Seyran Səxavət babaları nəvələrə tay-tuş bilər, bu xüsusda, izahı da özünəməxsus şəkildə olar. Deyər ki, hər ikisinin ağlı bir olur. Ona görə baba nəvə ilə, nəvə baba ilə yaxşı yola gedir. Əslində, Seyran Səxavət düz olan, peşəkar olan, dilimizə yiyə çıxan, millətimizi sevən hər kəslə yaxşı yola gedir. Özündən müştəbeh, özünü dartan qart insanlardan isə min yol uzaqdır, min ağac gendir. Seyran Səxavət səxavətli insandır. Bəzi həmkarlarının paxıllığından zərrə qədər pay düşməyib ona. Seyran müəllim hər dəfə müsahibələrində öz tay-tuşlarının adını çəkir, bütün söhbətlərimizdə dostlarını xatırlayır, onların ünvanına xoş sözlər söyləyir, geninə-boluna iltifatlar etməyə xəsislik etmir. Ölüləri anan, diriləri sayan yazıçı isə bəzən bu hörmətin qarşılığını görmür. Olsun! Seyran Səxavəti bütün ədəbiyyat cameəsi, oxucu auditoriyası sevir. Tez-tez görüşə bilməsək də, qardaşım Vasif Ayandan xəbər yollayanda ki "Turan Uğura de, Seyran əminin üzü yaman tüklənib",  artıq başa düşürəm. Başa düşürəm ki, ustadı yoluxmaq, onunla söhbət etmək vaxtı çoxdan çatıb.

Ömürboyu məsləhət alan, amma məsləhət verməyə vaxtı olmayan insan - Seyran Səxavətin sözü bu gün də ucaboylu, yaraşıqlıdır.

İnsan (özünü) iki dəfə - bir doğulanda, bir də öləndə xoşbəxt sayır. Ölümü həyatdan çox-çox qüvvətli bilir. Seyran müəllim yazı-pozusu ilə hər gün bizi xəbərdar edir, özümüzü yığışdıraq deyə. Adam balası kimi yaşamalı olduğumuza nişanə verir. Yoxsa, - Bəşəriyyətin boynu "günah anbarı"na çevriləcək, bir gün bu anbar partlayanda onun qəlpələri yer üzünə səpələnəcək və bu qəlpələr - uşağa, qocaya, hamıya çatacaq.

Bax, onda, bax, onda, Seyran Səxavət ucalığı əngin səmalardan bir daha özünü göstərəcək və deyəcək ki,

"Dünya Allahın çin olmuş yuxusudur".

 

31 iyul 2025-ci il,

Bakı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!