"Yol"un qərib adamları - Ceyhun MİRZƏLİ

 

Səmavi kitablara görə, insan dünyaya müvəqqəti gəldiyi üçün qəribdi. İnsanoğlu dünyada yaşadığı müddətdə qərib olduğunu anmalı, bunu yaddaşından çıxarmamalıdı. Əks təqdirdə, dünyaya bağlanma kimi günaha batma olacaq. Hz. Muhəmmədin İslamı tanıdarkən dediyi kəlam var: "Bu din qərib gəldi, qərib də gedəcək". Bu fikir yuxarıda zikr edilən məsələnin formuludur.

Dünya modern çağa keçənədək insana qəriblik kontekstindən yanaşıldı. Modernliyin balası olan kino da qəribliyə öz baxışını əks etdirmişdi. Bu yanaşma özünü Federiko Fellininin "Yol" filmində əks etdirib. "Yol" filmi, həmçinin kinoda neorealizmin bitdiyini elan edən əsərdir.

"Yol" un qərib qəhrəmanı Censaminadır (Cülyetta Mazina). Atası dünyadan getmiş, anası isə onu pul qarşılığında Zamponnoya (Entoni Kuinn) satmağa məcburdur. Censaminanın bundan öncə bacısı Roza da həmin şəxsə "etibar" olunmuşdu . Zamponno motoskileti ilə səyyar nömrələr göstərməklə pul qazanır. Sadəcə, indi Roza dünyadan gedib, qurban növbəsi Censaminaya çatıb. Zamponnoya həyatda yaşamaq üçün köməkçi lazımdır.

Anasının yarı saxta göz yaşları fonunda Censamina dəniz qırağındakı soyumuş ocağından ayrılır. Censamina xəyal aləmində gəzən şəxs kimi görünsə də, reallıq hissini də içində daşıyır. O artıq ailəsindən ona fayda gəlməyəcəyini yaxşı başa düşür. İlk andan etibarən Censamina ümidini Zamponnoya bağlamaq istəyir. Görəsən, bədənində zəncir qıran Zamponnonun ürəyini həlimləşdirmək mümkün olacaqmı? Bu baxımdan Censamina tez-tez Rozanı Zamponnodan soruşur. O, gələcəkdə başına faciə gəlməsin deyə, bacısının həyatını öyrənmək və bundan da dərs çıxararaq yaşamaq diləyini ortaya qoyur.

Lakin qəriblərin taleyi fonunda Censamina ilk zərbələri almağa başlayır. Zamponno və Censaminanın tamaşaçılar qarşısında ilk səyyar nömrəsi ov səhnəsiylə bağlı olur. Zamponno ovçu, Censamina isə ördəkdir.Oyun zamanı Zamponno gələcək qurbanını ovlayır. Həmin axşam isə o Censaminanı küçədə tək buraxaraq başqa qadınla gecələyir. Gecəni Censamina səkinin üstündə keçirir. Onun qarşısından yəhərsiz atın keçməsi Zamponnonun motoskiletini xatırladır. Demək, onun bir güclü kişiyə ehtiyacı var.

Bu hərəkət Censamina üçün birinci sınaq olur. Lakin o, ümidini itirmək istəmir. O özünü Zamponnoya ciddi qadın kimi göstərmək istəyir. Həmin gecənin səhəri o, Zamponnonu taparaq yerə pomidor toxumu əkdiyini xəbər verir. Bu səhnədə simvolika var. Ovçu nömrəsindəki simvolikada Censamina qurban obrazındadır. Budəfəkində isə Censamina ailə qurmaq, sevmək istəyən şəxs kimi özünü meydana çıxarır. Censaminanın niyyətini anlayan Zamponno ona istehza edir. Bu səhnədə mədəniyyət və kultura anlayışlarının maraqlı şəkildə birləşdiyini görürük. Bilindiyi kimi, "mədəniyyət" kəlməsi ədəbli olmaq mənasına gəlib çıxır. Kultura isə becərmək anlamındadı. Censamina torpağa toxum əkməklə Zamponnonu həm mədəniləşdirmək, həm də yeni münasibət yaratmaq istəyir.

Censaminanın ailə qurmaq diləyi fonunda cütlük toy keçirilən bir evə gəlir. Bu zaman Censamina üçün yeni şans yaranır. Şadlığın hökm sürdüyü evdə xəstə yatan bir uşaq da var. Censamina onu görən kimi bu uşağı sevindirmək istəyir. O, uşağı əyləndirmək üçün Zamponno ilə birgə onun qarşısında nömrə göstərmək istəyir. Bu da Censaminanın dünyasında ailə modelinin olması deməkdir. O, bəlkə də gələcəkdə Zamponnodan bir övlad da dünyaya gətirmək istəyir. Lakin Zamponnonun ev sahibəsi ilə söhbətləşməsi bu arzunun da üstündən qara xətt çəkir. Zamponno ev sahibəsinin dünyasını dəyişən ərinin paltarını geyinərək oranı tərk etmək istəyir. Censamina onun ev sahibəsiylə də münasibətdə olduğunu bildikdən sonra sarsılır. O Zamponnonu birdəfəlik tərk etmək qərarına gəlir.

Censamina özünü küçələrin ağuşuna atır. Qərib qəhrəman bu dəfə təsadüfən dini ayində iştirak edir; onun "Məryəm və İsa" ikonası qarşısında diz çökür. Düzdür, bu ayin kütləvidir, hamı bu addımı atmalıdır. Lakin hər halda Censaminanın ürəyində dualar da olmamış deyil. Biz onun ilahiyə olan diləklərini Matto (Riçard Beyzhard) ilə qarşılaşmasında hiss edirik. Matto da Zamponno kimi səyyar nömrələr göstərən şəxsdir. Lakin o Zamponnodan tam fərqli, deyib-gülən, kənardan da bir qədər axmaq kimi görünən qərib insandır. Demək, Censamina öz ruh tayını tapır. Lakin Zamponno Censaminanı həmin gecə küçədən taparaq onu məcburən öz motoskiletinə mindirir.

Qədər elə gətirir ki, cütlük Mattonun da işlədiyi səyyar sirkdə çalışmalı olurlar. Matto Zamponnonu görən kimi onunla möhkəm zarafatlaşır, ona "Cənab kobud", deyərək xitab edir. Çox güman ki, Matto uzaqdan-uzağa da olsa, Zamponnonu tanıyır. Maraqlı məqam buradadır ki, Zamponno kimi kobudlaşmış, qatılaşmış insanı mülayimləşdirmək indi də Mattonun üzərinə düşür. Biz bunu onların dava etməsində görürük. Zamponnoya görə Matto Censaminanı onun əlindən ala bilər. Ola bilsin, Zamponnonun da içində Censaminaya qarşı hisslər oyanıb. Lakin ilk növbədə, bu narahatlıq qara qulunu itirmək qorxusundan ibarətdir. Matto Censamina üçün bir ümidgahdır. Təsadüfi deyil ki, Censaminanın haradansa eşitdiyi əsrarəngiz musiqini Matto trampetdə ifa edir. Tərəflər arasında dava baş verir. Bu zaman Matto Zamponnoya bir vedrə su atır. Bu səhnədə də simvolika var. İçi daim qəzəblə kobud insanı, bəlkə belə söndürmək mümkündür.

Tərəflərin davası onların bir müddət həbs olunmasıyla nəticələnir. Censamina yenə özünü bədbəxt, dünyada heç kimə gərək olmayan insan kimi hiss etməyə çalışır. Lakin onun ümid qaynağı yenə də qarşısına çıxır. Mattonun Zamponnodan öncə həbsdən çıxması onun Censaminaya təsəlli verməsinə səbəb olur. Özünün talesizliyini dilə gətirən Censaminaya o: "Həyatda heç nə təsadüfi deyil. Bir kiçik daş da yerdə boş dayanmayıb", - deyə onu təskin etməyə çalışır. Matto, həmçinin Censaminaya Allahı anmağa çağıran şəxs kimi də göz önündə dayanır. Matto artıq zərif qərib qəhrəmanın Zamponnoya mərhəmət bəslədiyini, sevdiyini hiss etdikdən sonra onu istəklisinə çatdırır. Matto bununla özünün böyük nəcibliyini göstərir. Zamponno həbsdən çıxdıqdan sonra gözləmədiyi halda Censaminanı qarşısında görür. Tale əslində bu kobud qəhrəmanın üzünə gülür. Lakin bu dəfə də o fürsəti fövtə verir. Biz bunu cütlüyün monastra getməsində daha aydın görürük.

Bir qədər uzaq kəndə yetişmək mümkün olmadığından Censamina Zamponno ilə monastrda gecələməli olurlar. Rahibələrin köməyi ilə orada qalan Zamponnoya Censamina özünün son sualını verir: "Mən ölsəm, üzülərsənmi?" Bu sual, əslində bütün qəriblərin diləyini ifadə edir. Censamina ölən bacısının da taleyi fonunda evdəkilərin onun üçün üzülməyəcəyini təxmin edir. Çünki onu on min liret pula satıblar. Ailə üçün dolanışıq doğmalardan daha qiymətlidir. Monastrda gecə baş verən hadisə Censaminanı bir daha üzür. Zamponno oradakı gümüş əşyaları oğurlamaq istəyir. Bu məqsədlə də o, Censaminadan kömək almaq istəyir. Gecənin tufanı fonunda baş verən hadisə insanın mənfi mahiyyətə düşdüyü andan sonadək dəyişməsinin çətin olmasını bizə göstərir.

Monastrdakı gecənin səhəri isə Censamina üçün dəhşətin başlanğıcı olur. Zamponno monastrda nəinki mənən təmizlənmir, hətta üzərinə, bəlkə də daha ağır qəzəb yükünü götürür. Bu zaman Mattonun talesizliyini ekrandan görürük. Zavallı Matto Zamponnoyla qarşılaşır. Bu zaman Zamponno onu vurmağa, öz "qisas"ını almağa çalışır. Lakin onun ağlına da gəlmir ki, Censaminanı özünə gözləmədiyi halda qovuşduran da Mattodur. Aldığı zərbələrdən Matto dünyasını dəyişir. Ölümündən öncə o Zamponnoya "Saatımı qırdın" deməsi qəriblər üçün dünyada zamanın dayanmasını ifadə edir.

Bu hadisədən sonra Censamina yarı ölü, yarı diri insan kimi yaşayır. Çünki Zamponno onun ümidini qətl edib. Onun yollarda ruh kimi dolanması Zamponnonun onu tərk etməsiylə nəticələnir. Censaminanın həyatı məhv olur. Lakin Zamponno bundan bir qədər sonra xəbər tutur. Bir gün Zamponno Censaminanın sehrli mahnısını eşidir. O mahnını zümzümə edən qadından Censaminanı xəbər alır. Censaminanın öldüyünü, ömrünün sonunda heç danışmadığını öyrənir. Zamponno bu zaman tamam sarsılır. Onun üçün həyat tam boşalmış olur. Bu xəbərdən sonra o, zamanında Censaminadan qopduğu dənizin sahilinə gəlir. Zamponno acı göz yaşları fonunda qəriblər karvanına qoşulur.

"Yol" 1957-ci ildə "Ən yaxşı xarici film" nominasiyası üzrə "Oskar" qazanıb.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!