12 sentyabr Turan Cavidin anım günüdür...

Turan Cavidin anım günüdür. Təqdim etdiyimiz xatirə söhbətlər heç yerdə çap olunmayıb. İndi o xatirələri danışan adamların özləri həyatda yoxdur. Təkcə xatirələri qalır. Təqdim etməyi özümə borc bildim. Azər Turan

 

Rəşid Fətəliyev: "Adını qoyuram Çingiz xan tatari..."

 

19 iyun 2005. Hüseyn Cavidin bacısı Xurşid xanımın nəvəsi Rəşid müəllimlə çay süfrəsinin arxasında əyləşib xatirələrini dinləyirəm. Söhbətləşdiyimiz otağın divarında parlaq simalı bir insanın

fotosu asılıb...

 

- Rəşid müəllim, kimin şəklidi bu?

- Çingizdi. Qardaşım. 1937-ci ilin fevralında anadan olmuşdu. Adını Cavid qoyub. Uşağın qırxıncı günü  qohumlar yığışıblar və Cavid əfəndi deyib ki, adını qoyuram Çingiz xan tatari, Vurub dağıtsın Harun ər Rəşidin taxtını.

- Həmin qonaqlıq yadınıza gəlir?

- Hə... Yadıma gəlir. Nənəm Xurşid xanım - Cavidin bacısı bizdəydi. Bibimə hörmət əlaməti olaraq, kişilər yeməyi evdə yeyir, içkini isə  keçib mətbəxdə içirdilər.

- Xatirə danışmaq sizin üçün çətin olmaz ki?

- Turan xanımın bibisi nəvəsiyəm. Keçmiş xatirələr çox kədərlidir... Biz bir yerə gedəndə Mişkinaz xanıma zəng edib deyirdik ki, biz filan yerə gedirik. Bir də qayıdanda onu xəbərdar edirdik. Mişkinaz xanım dünyasını dəyişəndən sonra  bu münasibət Turan xanımda mərkəzləşdi.

Bir dəfə Krakovdan qayıdanda Turan xanıma zəng vurdum ki, qayıtmışam, sənə də sürpriz gətirmişəm. Dedi ki, sən nə sürpriz gətirə bilərsən axı? Varşavada krallar sarayının təsviri ilə bir çay podnosu apardım, üstünə də bir kitab qoymuşdum.

- Sürpriziniz nəydi?

- Mənim bir dostum vardı - Anje Yanko, universitetdə işləyirdi, mən onlarda qalırdım. Bunun zəngin bir kitabxanası vardı. Kitabxanada bir kitab keçdi əlimə. Kitab "Azərbaycanın qədim və müasir ədəbiyyatı" adlanırdı. 1975-ci ildə Polşada nəşr olunmuşdu. Kitabı vərəqlədim və orada Cavidin şeirlərinə rast gəldim. Axşam dostumla görüşəndə ona dedim ki, bu kitabda şeirləri verilmiş Cavid mənim anamın dayısıdır. Varşavada kitab mağazasından həmin kitabdan bir nüsxə alıb Turan xanım üçün gətirmişdim. Üstünə də bu sözləri yazmışdım: "Anamın dayısı qızı, əzizimiz Turan xanıma qədim Krakov şəhərindən gətirdiyim bu kitabı ən xoş arzularla təqdim edirəm".

Muzey təzə təşkil olunurdu. Hər həftə ona baş çəkirdim. Bir dəfə dedi ki, mən istəyirəm ki, 37-ci ilə qədər evimizdə olan güllər indi də burda olsun. Turan xanımla birgə Botanika bağına gəldik. Gülləri müəyyənləşdirdik, sifariş verdik, həmin gülləri muzey üçün hazırladılar.

- Turan xanımın 37-ci ildəki obrazı yadınızda necə qalıb?

- 12-13 yaşlarındaydı Turan. Həmişə əynində eyni paltar olardı.

- Ərtoğrolla dostluq münasibətində olmusunuz.

- Uşaqlıq illərimizdən xatirələrim daha çox Ərtoğrolla bağlıdır. 37-ci ildən sonra Sovet küçəsindəki evlərinə gedirdik. Yarımzirzəmi bir ev. Sanki quş damıydı. Onunla birgə kinolara baxmağa gedirdik. İndiki "Araz" kinoteatrı o vaxt necə adlanırdı, bilmirəm, əsasən ora gedirdik. "Kapitan Qrantın çocuqları", "Sirlər adası" filmlərinə baxdığımızı xatırlayıram.

- Turan xanım barədə danışın.

- Turan xanımla sıx ünsiyyətimiz bəraətdən sonra, onlar təzə evə köçəndən sonra oldu. Bayramlarda, istirahət günlərində onlara gedirdim. Sonralar isə muzey açılandan sonra çox tez-tez muzeyə gedirdim.

- Rəşid müəllim, Cavid əfəndini yaxşı xatırlayırsınız?

- Həmişə paddyaşkada olardı, qalın eynəyi vardı. Görüşəndə həmişə anamın alnından öpərdi. Mən onu birinci dəfə görəndə anamı öpməyindən təəccüblənib altdan-altdan baxdım. Mənə barmağını silkələdi. Bir az burnunda danışardı.

Atamla Cəmo Cəbrayılbəyli qohumdular. Cəmo bəylə Cavid də dost idilər. Cavid hər dəfə atamı görəndə deyirmiş ki, Turan bir az böyük olsaydı, Asəfə verərdim. Sonralar Asəf İnstitutu qurtarıb Naxçıvana gedir, bu arada Sona xanıma dərs deyir. Elə orda da Sona xanımı bəyənib, Bakıya qaçırır. Sonanı da Tahir istəyirmiş. Qızı Bakıda Cavid dayının yanına gətirirlər. Cavid dayı Naxçıvana məktub yazır ki, fəxr eləyin ki, qızınız belə bir oğlanla ailə qurub. Axı Naxçıvandakılar da anadan küsmüşdülər. Cavid əfəndinin məktubundan sonra barışdılar.

- Rəşid müəllim, atanızın aqibəti necə oldu?

- Atamı həbs etdilər, 43-cü ildə. Böyük əmim Fətəli bəyi 37-ci ildə güllələmişdilər.

- Gərək ki, Abbas dayınız Partiya Tarixi İnstitutunda işləyib.

- Bəli.

- Elə bir şəraitdə - dayısı da, bacısının əri də "xalq düşməni" ola-ola necə mümkün olub bu?

- Dayım Abbas Gülməmmədov baxmayaraq ki, Hüseyn Cavidin bacısı oğluydu, Mircəfər Bağırov onu yaxşı mütəxəssis kimi qorudu. Bir də görürdün, gecədən keçmiş Abbas dayı Mircəfər Bağırova təcili nə üçünsə lazım olurdu, dalısınca maşın göndərirdilər. Bayramlarda Partiya Tarixi İnstitutunda Abbas dayıya bayrampayı verirdilər. Mən gedib gətirirdim, Turangilin adlarını çəkməsə də, evlərinə getməsə də, hər halda, bayram sovqatlarını bölüşdürəndə "onların da payını ayırın" deyirdi. Paylarını biz - anamla mən aparardıq.

- Ərtoğrol ölümü ərəfəsində yazdığı məktubların birində Abbas bibioğludan çox razılıq edir.

- Elə ki, Cavid bəraət qazandı, birinci "Şeyx Sənan"ı qoydular səhnəyə. Mətnin dilini sadələşdirmək tələbini qoydular. Turan xanım həmin günlərdə, demək olar ki, bir ay işdən sonra bizə gəlirdi. Abbas dayı ilə birgə Turan xanım "Şeyx Sənan"ın mətni üzərində işlədi. O yadımdadı ki, indiki Musiqili Komediya Teatrının yerləşdiyi küçənin sonuna kimi tamaşaya bilet alanların növbəsi uzanırdı. O vaxt teatrın çoxlu borcu vardı. Borcunu həmin tamaşadan gələn gəlirlə ödədi. Tamaşaya bilet sifarişi başqa respublikalardan da olurdu. Yadımdadı, həmin tamaşaya mən parterdə oturub baxdım. Anam, Mişkinaz xanım, Turan və Abbas dayımgil lojadaydılar.

- Rəşid müəllim, Turan xanım həmişəmi kədərliydi?

- 37-dən, Ərtoğroldan sonra demək olar ki, həmişə. Amma sonuncu ad günündə sizinlə birgə Naxçıvana getmişdi, qayıdandan sonra biz - Firəngiz, mən, Süsən onlara getdik. Qapını açdı. Mən ömrümdə ilk dəfə onu elə fərəhli gördüm. Çox fərəhliydi. Gözləri gülürdü.

 

Rəna Rasizadə: "Ərtoğrol heç kəsin əlindən yemək alıb yemirdi. Bir anamın, bir də Mişkinaz xanımın bibisi Simuzər bibinin bişirdiyini yeyirdi..."

 

26 iyun 2005. Turan Cavidin əmisi Şeyx Məhəmmədin qızı, Turan xanımın yaşıdı Rəna xanımla  görüşdüm. Rəna xanım Rasizadələr nəslinin faciəli tarixini çözələdi.

 

- Rəna xanım, əmiqızınızla yaş fərqiniz nə qədərdir?

- Üç ay fərqimiz var. Orta məktəbdə oxuduğumuz vaxtlarda bir-birimizi görməmişdik. Yeddinci sinifdə oxuyanda başladıq  məktublaşmağa.

- Məktublaşmalarınızın mövzusu nə olardı?

- Mən ona necə oxumağım barədə yazırdım. O isə məndən hansı əsərləri oxuduğumu soruşurdu. Mən səkkizinci sinifdən sonra Naxçıvandakı Pedaqoji Texnikuma girdim. O isə orta məktəbdə oxuyurdu. Elə həmin vaxtlar Cavid  əminin əsərləri çıxanda bizə göndərirdilər. Sonra əmimi tutdular. Siyasi dustağın qardaşı qızı olduğuma görə təqaüdümü kəsdilər. 39-40-cı ildə mən texnikumu, Turan isə orta məktəbi bitirdi. O, Teatr İnstitutuna daxil oldu. Mən Naxçıvandakı ikiillik Müəllimlər İnstitutuna qəbul olundum. Yenə məktublaşırdıq.  Müharibə vaxtıydı, gedib-gəlmək olmurdu. Yoldaşımın isə Bakıya nə vaxt yolu düşürdüsə, mütləq onlara baş çəkirdi.

- Yoldaşınız hər ikinizin bibisi oğludu.

- Bəli. Süleyman Cavidin bacısının oğludur. Fatma bibimin oğlu.  Ərtoğrol nənəsigildə qalırdı. Bizə çox yaxındılar. Bir adam qorxudan onlara ayağını qoymurdu. Şəmil əmioğlu da qorxusundan onların evinə ayaq basmırdı. Bir Süleymandan başqa heç kəs ora getmirdi. Amma Süleyman onlara gedirdi, orda qalırdı, qorxmurdu. Ərtoğrol Naxçıvanda hər gün bizə gəlirdi; ayrı heç yerə getməzdi. Darvazanı döyüb həyətə girəndə anama: - Xalq düşməni sizə qonaq gəlib, - deyirdi. "Xalq düşməni" sözü Ərtoğrola yaman əsər etmişdi.  Ərtoğrol Süleymana deyirdi ki, bibioğlu, qoy yaxşı olub ayağa durum, sənə bir simfoniya yazacam. Süleymanla çox yaxındılar, söhbətləri tuturdu. Süleyman Kənd Təsərrüfatı İnstitutunu bitirəndən sonra bir il konservatoriyada  təhsil almışdı axı.

Ərtoğrolda son vaxtlar qəribə bir şakər əmələ gəlmişdi; tez-tez dırnağına baxırdı. Soruşurdum ki, Ərtoğrol, niyə dırnağına baxırsan? Cavab verirdi ki, burda bir xətt var, o göyərəndə mən öləcəm. Gövhər onda 6 yaşındaydı. Hər gün bir yerdə Ərtoğrola dəyməyə gedirdik. Deyirdi ki, Gövhəri qoymayın mənə yaxınlaşmağa.

- Niyə?

- Deyirdi ki, o balacadı. Mənim xəstəliyim ona keçə bilər.

- Danışın, Rəna xanım. Ərtoğroldan danışın.

- Ərtoğrol heç kəsin əlindən yemək alıb yemirdi. Bir anamın, bir də Mişkinaz xanımın bibisi Simuzər bibinin bişirdiyini yeyirdi.

- Ərtoğrolun ölümünü xatırlayırsınız?

- Əlbəttə.

- Ərtoğrol rəhmətə gedəndən sonra  şəklini çəkiblər.

- Ərtoğrol öləndə qohumlar yaxın durmadı. Şəkildəki papaqlı kişi Süleymandır. Süleyman çəkdirdi o şəkli. Deyirdi ki, siz bilmirsiz, bir vaxt o şəkil tarixi sənəd olacaq. Tabutu da Süleyman düzəltdirmişdi. Cənazənin üstündəki gül-çiçəyi də o almışdı.

- Şeyx Məhəmməd neçənci ildə rəhmətə getdi?

- 1939-cu il dekabrın 8-də bacım, 24-də atam vəfat etdi. Atam kəfənini özü biçmişdi.

- Cavid əfəndi həbs olunandan sonra atanızı incitdilər?

- Cavidi həbs edəndən sonra atamı iclaslara çağırarmışlar, həmin iclaslarda Cavidin əleyhinə danışarmışlar. Atam çox sağlam və savadlı bir kişiydi. Əvvəlcə mədrəsədə dərs demişdi. Ərəb, fars, rus dillərini bilirdi. Sonra sovet hakimiyyəti quruldu və şərt qoydular ki, əgər müəllim işləmək istəyirsənsə, gərək əynindəki əbanı çıxarıb atasan. Hökumətin sözünə baxdı. Əbasını çıxardı. Sovet məktəbində dərs deməyə başladı. Əmimi tutandan sonra atamı tez-tez NKVD-yə çağırırdılar. Yaxud məktəbdə  müəllimlər iclasında  kişini ayağa qaldırıb soruşurdular ki, sənin qardaşın niyə belə yazıb? Kişi axşamlar evə qanıqara gəlirdi, dinib-danışmırdı. Çox fikir edirdi. Atam bu hesabla da dərdə düşdü və rəhmətə getdi. Qəribə burasıdır ki, o vaxt həm də bacım Zəhranı əri Məşədi İsmayılla birgə Qazaxıstana sürgün ediblər. Qızının sürgün edildiyini eşidən kimi atam evdən çörək götürüb vağzala qaçdı, çörəyi onlara çatdıra bildi. Sonralar bacım danışardı ki, Qazaxıstana qədər həmin çörəyin hesabına davam gətirə bildik. Qızını sürgün etdilər. Qardaşı orda "xalq düşməni" elan olundu. Şeyx Məhəmmədi ora-bura çağırıb dindirdilər. Anam deyirdi ki, kişinin ağlamağını heç görməmişdim. Amma bu hadisələrdən sonra çox ağladı.

- Bakıya nə vaxt köçdünüz?

- Mən ikiillik institutu bitirdim. 1955-ci ildə  qəzetdə elan çıxdı ki, ikiillik institutu qurtaranları APİ-yə üçüncü kursa qəbul edirlər. Bakıya gəlib üçüncü kursa qəbul olundum. İldə iki dəfə Bakıya gəlirdim. Gələn kimi  onlara gedirdim. Turan o vaxt İncəsənət İnstitutunda dərs deyirdi.  67-ci ildə rəhmətlik Süleymanın işini Bakıya dəyişdilər. Bakıya köçəndən sonra isə onlara ayda bir-iki dəfə gedə bildim. Mişkinaz əmicanım zarafatla deyirdi ki, ay qız, Naxçıvanda olanda  bundan çox gəlirdin bizə.

- Niyə az-az gedib-gəlirdiniz?

- İşləyirdim. Vaxt az olurdu.

- Sizin adınız Cavid əfəndinin qəhrəmanlarından birinin adıdır. Adınızı kim qoyub?

- Mən anadan olanda adımı Leyla qoyublar. Tahir dərsdən gəlib, biləndə ki, mənə  Leyla adını veriblər, ağlamağa başlayıb. Atam soruşub ki, niyə ağlayırsan? Deyib ki, mən onun adını Rəna qoyacaqdım. Atam Tahiri sakitləşdirib və mənim adımı dəyişib Rəna qoyub.

- Turan xanım  kiməsə ad qoyubmu?

- Bizim Naxçıvanda qohumumuz var, adı Oğuzdur. Oğuzun adını Turan xanım qoyub. O vaxt heç kəs bilmirdi ki, Oğuz nə deməkdir?

Hə... Yadıma düşmüşkən, sənə qəribə bir əhvalat danışım. Bacım Şəfiqənin yoldaşı Fərhad Rəsulov o illərdə prokuror işləmişdi.

- Bağırovun vaxtında?

- Hə. Fərhad danışırdı ki, Goranboyda prokuror işlədiyim vaxtlarda bir gün Bağırov məni qəbuluna çağırtdırdı. Heç bir söz demədən bir-iki dəfə otaqda var-gəl etdi. Qəfil uca səslə soruşdu: - Sən niyə xalq düşməni Hüseyn Cavidin qardaşı qızı ilə evlənmisən? Özümdən asılı olmayaraq: - Evlənməmişəm,  yoldaş Bağırov,  qaçırmışam, icazə verin, gedim boşayım, yoldaş Bağırov - dedim. Bu zaman Bağırov mülayim səslə mənə sual verdi: -  Uşaqdan-zaddan nəyin var? Cavab verdim ki, bir oğlum var. Bağırov yavaşca boynumun dalına vurub üstümə qışqırdı: - Qurumsaq, bəs uşaq necə olsun?

- Turan xanım yaddaşınızda necə qalıb?

- Ləyaqət simvolu kimi.

 

 

Əliabbas Qədirov: "Turan Cavid bizə öz doğması kimi baxırdı"

 

26 iyun 2005. Turan Cavid dünyasını dəyişəndə daha çox sarsılanlardan biri  Xalq artisti Əliabbas Qədirov idi. Turan xanımgilə çoxlarından qabaq gəlmişdi. Bir müddət sonra Əliabbas müəllimə zəng vurub söhbətləşmək istədiyimi bildirdim. Yaş fərqimizə baxmayaraq ilk sözü bu oldu: "Hara gəlim?" Özüm gələrəm, - dedim. Və Əliabbas Qədirovla Akademik Teatrda görüşdük. Əliabbas müəllim Turan Cavid haqqında danışdı...

 

- Turan Cavidi nə vaxtdan tanıyırdınız?

- Turan xanımı 1965-ci ildən tanıyıram. Mənim müəllimim olmuşdu. İncəsənət İnstitutunda bizə teatr tarixindən dərs deyirdi. Turan xanım bizim ən sevimli müəllimimiz olub. Bütün tələbələr onu çox istəyirdi. Qrup rəhbərimiz Mehdi Məmmədov idi. On bir nəfər idik. Mən, Rasim Balayev, Mikayıl Mirzə, Tariyel Vəliyev, Vaqif Əsədov və başqaları. Turan xanımı ilk gündən çox istədik. Bilirdik ki, o, böyük Hüseyn Cavidin qızıdır. Sonra onun öz böyük  əxlaqına, nəzakətinə  görə. Bəlkə də başqa dərslərdə çox çılğın olurduq, şuluqluq edirdik. Amma Turan xanımın dərslərində özümüzü elə aparırdıq ki, Turan Cavid bizdən inciməsin. Çünki o, Cavid yadigarıdır. Turan xanım bizə həm ana, həm də bacı oldu. Xoşu gəlməzdi onun qız xeylaqları özlərini yüngül aparanda. Çalışardı ki, millətimizə xas olan xüsusiyyətləri aşılasın qızlara. Oğlanlara münasibətində isə sanki onların simasında Ərtoğrolu axtarırdı. Turan xanım İnstitutun qapısından girəndə biz özümüzü yığışdırırdıq.

- Bəs başqa tələbələr?

- Hamı... hamı... bütün İnstitut özünü yığışdırırdı. O bizə həm müəllim kimi, həm də öz doğması kimi baxırdı. Mən ikinci kursda oxuyanda "Azər"in üzərində işləyirdim. Üçüncü kursda Azəri Gənc Tamaşaçılar Teatrının səhnəsində oynadım. Yəqin bilirsən, o vaxt Hüseyin Cavid o qədər də təbliğ olunmurdu. Cavid sirr kimi qalmışdı. Hardasa Caviddən bir parça hazırlanırdısa, ondan bir şeir oxunurdusa, yaxud onun haqqında bir söhbət gedərdisə, büruzə verməsə də, üzündən oxunmasa da, Turan xanım bunu böyük bir razılıqla sezərdi, amma dediyim kimi, büruzə verməzdi. Biz onu hiss edərdik. Azəri oynayandan sonra o mənə bir kəlmə söz dedi.

- Nə dedi?

- Dedi ki, Əliabbas, təbrik edirəm. Böyük Cavidin ruhuna layiq oynadın.

Tamaşanı Müxlis Cənizadə hazırlamışdı. Mehdi Məmmədov aktyor sənəti, Müxlis Cənizadə səhnə danışığı müəllimimiz olub. Rəhmətliklərin hər ikisi Cavidi çox sevən adamlar idi. Mənim burada, Akademik Teatrda ilk rolum Cavid tamaşasında olub. Bir gün, Mehdi müəllim: - Sən böyük Cavidin "Xəyyam"ında Yusifi oynayarsanmı? - deyə soruşdu. Təəccüb etdim: - Mehdi müəllim, siz zarafat edirsiz? - dedim. Cavab verdi ki, mən indiyə qədər səninlə zarafat etmişəmmi? Mehdi müəllim ağır adam idi. Hər adama açılmazdı. Sözsüz ki, Turan xanımın Mehdi Məmmədova böyük rəğbəti vardı. Çünki Mehdi müəllim "Xəyyam"a, "İblis"ə quruluş vermişdi. Turan xanım premyeralara gəlib baxardı. Rejissora, aktyorlara özünəməxsus tərzdə minnətdarlıq edərdi.

- Məsələn, necə?

- Çox danışmazdı. Çox qısa cümlələrlə öz minnətdarlığını bildirərdi. Amma onun iki kəlmə sözü içərisində bilirsənmi, nə vardı? Sanki demək istəyirdi ki, Cavidə olunan hörmətə görə mən ürəyimi verirəm sizə. Mən "İblis"də də, "Xəyyam"da da oynadım. Düzdür, mən bilirdim ki, Caviddə böyük fəlsəfə var, onda xalqı bir millət kimi tanıtdırmaq hissi güclüdür. Bunu bilə-bilə bir dəfə Mehdi müəllimdən soruşdum ki, sizin Cavidə bu qədər  bağlılığınızın səbəbi nədir? Dedi ki, mən müəllimimin borcundan çıxmaq istəyirəm, onun ruhunu şad etmək istəyirəm. Allah Mehdi müəllimə qəni-qəni rəhmət etsin. Onsuz da xalq Cavidi tanıyırdı, bilirdi. Amma Mehdi müəllim Cavidi yeni nəsillərə tanıtdırdı. Əgər o, heç bir şey etməsəydi belə, Cavid əsərlərini səhnəyə gətirdiyinə görə onu dahi adlandırmaq olardı. Mehdi müəllim Cavid əsərlərini səhnəyə gətirəndə maneələr vardı. Orda-burda danışırdılar, Cavidin dilinin qarasınca deyinirdilər. Biz isə cavan olsaydıq da bilirdik ki, Cavid nəhəngdir. Müxlis Cənizadə isə Kazım Ziyanın tələbəsi olmuşdu. Ona da Cavid sevgisi Kazım Ziyadan keçmişdi. Bu insanların layiqli bir insana - Cavidə layiqli münasibətləri vardı.

- Turan xanım rəhmətə getdiyi gün onun evinə ilk gələnlərdən biri siz oldunuz. Qəribə bir hal vardı sizdə.

- Turan xanımın ölüm xəbərini alanda biz toydaydıq. Bunu eşidib çox pis oldum, titrətmə gəldi mənə. Yoldaşım məndən də pis hala düşdü. Belə bir ifadə var: "Cənnət anaların ayaqları altındadır". Əslində cənnət hər ananın ayaqları altında ola bilməz. Cənnət Turan xanım kimi qadınların ayaqları altında olar. Turan xanım adama əziyyət verən deyildi. Ondan biz həm də həya, abır öyrənmişik. Onun insanlara pərdəli münasibəti vardı. Çox istəyirəm onu mən. Amma neyləyəsən ki, dünya belədir. Bir yandan dolur, bir yandan boşalır.

- Sonuncu dəfə nə vaxt görüşdünüz?

- Son görüşümüz "Afət" tamaşasında oldu. Xatırlayıram, həmin tamaşaya bir yerdə gəlmişdiniz. Məmnun qalmışdı. Tamaşanı da öz istədiyi rejissora verdik. Mehriban Ələkbərzadəni özü təklif etmişdi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!