ANAR
Sovet nəsrinin görkəmli nümayəndələrindən biri sayılan Yuri Valentinoviç Trifonovun (1925-1981) anadan olmasının 100 illiyi həm doğma vətəni Rusiyada, həm də postsovet məkanında bu günlərdə geniş qeyd olunur. 1960-1970-ci illərdə sovet ədəbiyyatında gedən proseslərin ən önəmli simalarından və xüsusilə də, "şəhər nəsri"nin ustalarından biri sayılan Yuri Trifonov eyni zamanda şair, redaktor və idman mövzulu oçerklərin müəllifi kimi də bütün İttifaqda tanınırdı.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar vaxtilə Yuri Trifonovun yaradıcılığına həsr etdiyi "Başqa həyat" başlıqlı məqaləsində eyniadlı povesti hərtərəfli şəkildə araşdırarkən, əsərin yüksək bədii-mənəvi dəyərini, təsvir olunan hadisə və personajların psixoloji alt qatlarını açıb göstərməyə çalışıbdır.
Rusca yazılan və "Drujba narodov" jurnalının 1976-cı il üçün 4-cü sayında işıq üzü görən həmin məqalənin dilimizə tərcümə olunmuş mətnini yazarın yubileyi çərçivəsində "Ədəbiyyat qəzeti" oxucularının diqqətinə təqdim edirik.
Olqa Sergeyevnanın özünə gah bəxtəvər, gah qüssəli, gah da "dəhşətamiz" görünən həyat yolu barədə hekayəti qəmli bir əhvalatdan başlanır.
Necə imiş ki, onun həyatı?
Qara dəniz sahillərində sevişdikləri ilk günlər bəxtəvərliklə dolu imiş, sonra toyları olub, qızları doğulub, ardınca iş-güc, çətinliklər, mübahisələr, qayınanasıyla dilləşmələr baş alıb, gedib. Bəzən isə "meşədə axşamlamaqla, üçlükdə xizək sürüblər - yəni əcəb xoşbəxtmişlər!"
Və budur, hər şey bitib, arzular da, uğursuzluqlar da, ürəkçəkən qısqanclıqlar da, sevgi də. Sergeyin ölümü ağır bir itki olub. Və Olqa Sergeyevna içində həm səngimək bilməyən ağrı duyur, həm də izaholunmaz, anlaşılmaz bir suçluluq hissi. Amma nədədir axı bu suç?
Onun əri Sergey Troitski axı niyə bunca qısa və narahat bir ömür yaşadı?! Axı niyə o, daima ora-bura vurnuxdu, başladığı heç bir işi başa çatdırmadı, elə hey uğursuzluqlara düçar oldu, etimad göstərərkən aldandı, qəfil qızışdığı kimi gözlənilmədən də soyudu.
Axı niyə o da, hamı kimi, arxivlərdə lazım gəldiyi qədər - bir ay, iki ay, üç ay, beş ay - oturmağı bacarmadı, Fevral inqilabı ərəfəsində Moskva Mühafizə İdarəsi ilə bağlı bütün materialları, yaranan uzun növbələrə rəğmən, bir araya gətirib, sonradan üzərlərində məsuliyyətlə işləmədi, mənbələri araşdırmadı?!
Sergey Troitski öz yaşam tərzi baxımından barışmaz biriydi, geniş ictimaiyyətin qəbul etdiyi məntiqin də, adətən ziddinə gedirdi. Öz həyatını dəqiq bir məqsəd güdməyən gah o-gah bu araşdırmaya, axtarışa sərf eləyir, ağlına gələn hər cür xəyalın ardınca düşürdü, hər şeyin məğzini dərk etməyə can atır, nəsilləri bir-birinə calayan o "ipin ucu"nu axtarmaqla, insanlar arasındakı adi, gözlə görünməyən varisliyi izləməyə çalışırdı.
Götürdüyün dissertasiya mövzusuyla bağlı faktları bir araya toplayıb araşdırmağa nə varmış axı?! Halbuki burada daha vacib sayılan iş - məhz həqiqətin dərkidir, yəni əsl məğzi yaxalamaqdır, fiziki baxımdan ömrünü başa vuran insanın tamamən yoxa çıxmadığını, ölümün bir kimya hadisəsi olmadığını, ondan sonra adı dəqiq bilinməyən nəyinsə qaldığını, ancaq o şeyin digər insanların varlığına sirayət edərək, onların hisslərinə və şüuruna hələ də təsir göstərdiyini sübuta yetirməkdir.
Sergeyin sağlığında onun bənzər duyğularını ələ salan Olqa Sergeyevna ərini itirdikdən sonra həm ağır məşəqqətlərə ürcah olur, həm də heç gözləmədiyi halda onu anlamağa başlayır.
"Pərvərdigara, əgər hər şey sırf kimya ilə başlanıb, onunla da bitirsə, bəs bu ağrı nədən yaranır? Axı ağrının kimyaya heç bir dəxli yoxdur. Bəlkə onların istifadə müddəti bitdiyi üçün qəflətən sönən lampanı xatırladan birgə həyatları da hansısa düsturların cəmi, birləşməsi imiş?!"
Sergeyin ora-bura vurnuxmaları özgələrinə ağılsızlığın və dayaz düşüncənin diktəsi kimi görünürdü, halbuki öz daxili dinamikası baxımından bu axtarışlarda hər hansı pərakəndəlik-filan yox idi: bütün bunlar dərin düşünən və dayaz ümumiləşdirmələri öz yaxınına buraxmayan bir insanın axtarışları idi.
Daha sonra spiritizmə maraq salmasını da onun doğmaları sayılan iki insan - anası və xanımı - əsl dəlilik sayırdılar, ancaq heç bu da səbəbsiz bir seçim deyildi. Bu - onun insanlararası anlaşmanın gizli sirrini açmağa, onun açarını tapmağa can atan ruhi axtarışlarında artıq növbəti mərhələ imiş. Bundan məqsəd - insan tənhalığını əhatələyən o şüşə arakəsməni qırmaq, ortaq dil tapmaq yoluyla sağalmaq, adətən sözlər gücsüz, yetərsiz sayılanda, hətta onlara gərək duymadan da anlaşmaq cəhdi imiş.
Parapsixologiya elmi də başqasının daxili məğzinə nüfuz etmək, özünü onun uğrunda fəda etmək hesabına və anlaşaraq dərdlərə çarə tapmağa can atır axı.
Sergey Troitskinin həyatı və davranışları gözlərimiz önündə gerçəkləşir, amma bu əsnada bunlar onun arvadı Olqa Sergeyevnaya xas rasional düşüncənin əyiş-üyüş güzgüsündə əks olunur.
Bu, qeyri-adi insanın keçdiyi həyat yolunun nisbətən adi, bununla yanaşı, dürüst, sevgisinə sadiq və sevən, ancaq cəmiyyət tərəfindən qəbul olunan ümumi qaydaların, reallığın fövqünə qalxmaqda acizlik çəkən insanın nəzərindən təqdim olunan bir hekayətdir - belələri bəzən əsl Həqiqətin məhz reallığın bitib-tükəndiyi yerdə başlanması fikriylə heç cür barışmırlar.
Öz tutduğu yolun doğruluğuna Olqa Sergeyevna zərrəcə şübhə bəsləmir, çünki vaxtında (yəni Sergey kimi, hansısa muzeydə illər uzunu zaman itirmədən) dissertasiyasını müdafiə edib və laboratoriya müdiri vəzifəsini tutub. Əgər bu qadının öz iş-gücüylə bağlı hansısa güman və anlaşılmazlıqları varsa belə, bunlar həm müvəqqəti xarakter daşıyır, həm də heç nəyi dəyişmir.
Ən başlıca məqam isə odur ki, bu qadın həyatda öz yerini tapdığına zərrəcə şübhə eləmir.
Bu yerdə bir paradoks ortaya çıxır: sən demə, Olqa Sergeyevna öz işini sevmirmiş, ya da, ən azından, bu işə qarşı tamamilə biganə imiş. Ondan ötrü bu iş həftənin cəmi-cümlətanı 5 günü və bir günün sadəcə 8 saatı ərzində keçərli imiş. Gündəlik işiylə bağlı heç nə bu insanı öz tarazlığından çıxara bilməzmiş.
Və budur, sözügedən vakuum, boşluq onun içini daima gəmirən və çəkilməz qısqanclıq hissiylə doldurur: bu - həm keçmişə, həm də indiki zamana, həm reallığa, həm də onun özündən uydurduqlarına bəslədiyi qısqanclıqdır. İnsanı bitib-tükənməyən və acı məşəqqətlərə düçar edən, bütün həyat eşqini tükətməklə, onu qəddarlaşdıran, qurudan və alçaldan bir qısqanclıqdır bu.
Olqa Sergeyevna indi hər cür sarsıntı və dəlisovluqdan uzaq, sakit bir həyat arzusundadır: hətta o, Sergeydən özü üçün nələrsə - dissertasiyasının müdafiəsini, kurortda dincəlməyi, televizor almağı - tələb etmək niyyətindən də uzaqdır. Bununla belə, ərinin keçmiş dostu Gena Klimukun gözqamaşdırıcı yüksəlişi də bu qadına hədsiz dərəcədə çiyrindirici görünür. Çünki Gena Klimukun başdan-sona proqramlaşdırılan həyatında nəinki bircə gün, heç bircə saat da hədər getmir.
Orta məktəb, institut və dissertasiya müdafiəsinin ardınca tutduğu, hər dəfə də daha yüksək vəzifələrə o, hər hansı ruh gərginliyi və tərəddüd keçirmədən yiyələnibdir: çünki onun hədəfi - ətrafındakıları dirsəkləriylə itələyərək, daha önə keçməkdən ötrü öz doğmalarını və dostlarını tapdalayıb keçməklə, dürüstlüyə, ya da şərəfə hər hansı məhəl qoymadan öz mənafeyinə doğru can atmaq, hər şeyə bir an əvvəl çatmaqdır.
Sergeyin mənəvi baxımdan Klimukdan üstünlüyü ilə qeyd-şərtsiz barışsa belə, Olqa Sergeyevna öz ərini uğursuz biri sayır. Ərinin təqsirini də, bizcə, Olqa Sergeyevna onda görür ki, Sergey xanımına tam mənada etibar hissi aşılaya bilməyib, onda həmişə Sergeyin məhvə sürükləndiyinə dair qəti bir qənaət formalaşıb. Halına acımaqla, bu qadın ərinin onsuz da ağır durumunu daha acınacaqlı şəklə salıb, ərinin qısa ömrü boyu aralarında hökm sürən anlaşılmazlığı nisbətən dərinləşdirib.
Özünün halına acınacaq, yaxud məhvə sürüklənən biri olmadığını çevrəsindəki insanlara anlatmaq Sergeydən ötrü hədsiz qəliz bir məsələ imiş: sadəcə olaraq o, başqalarının ondan umduğu şeyləri özü üçün gərəksiz sayırmış. Onun sırf daxili azadlığa, "insanın içində daima toxunulmaz qalan, gərilsə belə, qırılmayacaq" bir yaya ehtiyacı var imiş, bu isə o mənaya gəlirmiş ki, Sergey öz mahiyyətini əsla dəyişmək istəməyib, nə qədər əziyyət çəkib, uğursuzluqlara düçar olsa da, özünə inamını heç vaxt itirməyib... Onun hələ də içində qoruduğu o polad, amma heç kimə görünməyən dəyanəti zərrəcə sarsılmayıbmış".
Fərqli həyat tərziylə Sergey özünün guya basqı altında olması hissini başqalarına aşılamağa çalışırmış. Bu çarəsizlik görüntüsü onun işinin öhdəsindən gəlməməsi ilə hər hansı şəkildə və ya dərəcədə əlaqəli deyilmiş. Bunun səbəbi - onun can atmalı olduğu şeyə, yəni başladığı işi davam etdirməyə özünü heç cür məcbur eləyə bilməməsi olub.
Əsən rüzgar otları sığalladığı kimi, ağrılara bələnən "başqa həyat" teması da bütün əsər boyu qırmızı bir xətt kimi keçir.
Povestin adı kimi seçilən bu ikicə sözdə dərin məna yatır - birmənalı sayılmayacaq bu yığcam obraz xeyli geniş şəkildə yozula bilər. Bu "başqa həyat" - hər nə qədər tanış görünsə belə, bir başqasının həyatıdır, kənardan baxan onun dərin qatlarda yatan məğzini tək ləhzədə anlaya bilməz. Bu məğz barədə bir rus atalar sözündə deyilir ki: "Özgənin qəlbi - qaranlıq aləmdir".
Bu obrazın nisbətən üst qatını araşdırmaqla bağlı ilk cəhdi də elə Olqa Sergeyevna göstərir: o, özünün son dərəcə aydın, amma bir elə də bezdirici görünən rasionalizmindən fənər kimi yararlanaraq, bu qatı qaranlığı yarıb-keçməyə çalışır, hər şeyi ağlabatan bir tərzdə izah eləyir. Ancaq onun məntiqi qənaətlərinin təməlində emosional, subyektiv, hissi, daha dəqiq desək, "zənənlərə xas" məqamlar dayanır. Müəllifin elə ustalığı da bundadır ki, o, Olqa Sergeyevnanı bizə sxematik şəkildə yox, ətli-qanlı və mürəkkəb bir xarakter kimi təqdim eləyir. Sözügedən bu "başqa həyat" isə həm də onun, yəni Olqa Sergeyevnanın mənəvi tərcümeyi-halıdır, baxmayaraq ki, bununla onun ərinin mənəvi bioqrafiyası arasında ciddi fərqlər mövcuddur. Bundan əlavə, başqa həyat - Sergeyin olduğu qədər də, başqalarının sahib ola biləcəyi həyat tərzidır. Povestin, demək olar ki, bütün personajları taleyin fərqli variantlarına sahibolma ideyası, yaxud həyat situasiyalarının alternativliyi ideyası fonunda təsvir olunublar.
Şəxsən Olqa Sergeyevnadan ötrü "Başqa həyat" imkanı - hər cür emosional sarsıntıdan sığortalanmış, gözqamaşdıran, anlaşılan, nizamlı, sevinc dolu, bəlli şəraitə malik və rahat bir yaşayışı arzulamaqdır.
Aydın məsələdir ki, bu "başqa həyat"ın mümkün versiyası xanımının Sergeyə "başqa həyat" tərzini rəva görməsiylə, daha doğrusu, Sergey üçün "başqa həyat" arzulamasıyla da birbaşa əlaqəlidir. Çünki qadın öz birgə həyatlarını bitkin, canlı, coşub-daşan bir orqanizm sayır, bu orqanizmin isə özünə xas ürəyi, ağ ciyərləri, duyğu orqanları var və bu vahid həyat üç ayrı qismdən ibarətdir, bunun ikinci qismini təşkil edən Sergeyin həyatı ideal halda, yəni qadının idealına görə, hər cür anlaşılmazlıqdan, ağılsızlıqdan, məntiqsizlikdən və ağlın mənasız səylərindən mütləq arınmalıdır.
Vaxtilə Şaqalın və Modilyaninin dostu olan, sonradan özünün gənclik illərində yaratdığı bütün tabloları məhv edən, hazırda hansısa komissiyaların tərkibində iclaslara qatılaraq, "tala və nohur" rəsmləri üçün sifarişləri icra edən rəssam Qriqori Maksimoviçin də özünə görə bir "başqa həyatı" var. Aradakı yeganə fərq isə ondadır ki, o, özünün həqiqi, yəni arzusunda olduğu həyatını ömrünün lap əvvəlində, yəni gənclik dövründə yaşayıbdır. Bunun ardınca isə qırılan, deformasiyalara uğrayan, əzik-üzük bir şeyə çevrilən həmin dönəm artıq haradasa uzaq keçmişlərdə qalıb deyə, onun ömründə sakit, firavan, rahat və tox bir həyat mərhələsi başlanıb.
Sergeyin öz nəzərində isə "başqa həyat" - həyata keçməyən, reallaşmayan, daima dəyişimlərə məruz qaldığı üçün ələkeçməz və əbədi təəssürat hissi bağışlayan bir simvoldur.
Sergey Troitskinin başqa həyatını, bax, bütün bu ünsürlər təşkil edir - axtarışların pərakəndəliyi, tapıntıların mümkünsüzlüyü, dərkolunmazlardan gələn gizli çağırışlar, şübhələrin şirin iniltisi və barışmazlığın sönməz alovu.
Bitkin və dəyərli bir hiss sayılan daxili azadlıq hər nə qədər ziddiyyətli, bəzən qarma-qarışıq, bəzən gərəksiz və ağlasığmaz görünsə də, "azadlığa təşnəlik" duyğusu məhz elə bunlardan yoğrulur. Azərbaycanlı nasir Ənvər Məmmədxanlı bu duyğu barədə vaxtilə yazmışdı ki, "o, ya insanları yandırıb külə çevirir, ya da yerli-dibli... olmur".
Bəli, Sergey hər şeyə "öz zövqünə uyğun şəkildə" yanaşır. Ancaq bu məfhum dəqiq və sarsılmaz mənəvi kriteriyaları özündə cəmləşdirir, əsas, həlledici sayılacaq xüsuslarda o, əsl dönməzlik sərgiləyir, kimlərəsə ayaq uydurmaq istəmir, heç kəsdən, hətta o xeyirxah görünən Qriqori Maksimoviçdən də gələ biləcək ən cüzi dəstəkdən belə boyun qaçırır.
Olqa Sergeyevna buna da öz münasibətini bildirir: "İçlərindəki ziddiyyət və sadəcə könüllərindən keçəni eləmək istəyi bu insanları gözgörəsi məhvə sürükləyir".
"Bu insanlar" deyərkən, o, Sergeyin bütün nəslini - onun ən uzaq qohumlarından tutmuş, ordan-ora köçən kəndliləri, yeni məzhəb təəssübkeşlərini, keçmiş keşişdən tutmuş, Saratovda məskunlaşaraq, icma şəklində yaşayanları, cəmiyyətdə ədalətin və islahatların bərqərar olmasını həsrətlə gözləyən peterburqlu tələbə Sergey atadan tutmuş, əri Sergeyə qədər hər kəsi nəzərdə tutur.
Olqa Sergeyevna vurğulayır: "Belələrinə heçcə nə kar eləmir - nə döymək, nə də asıb-kəsmək. Bunların hamısının içində daima bir etiraz dalğası qabarıb köpüklənir".
Bu, yetərincə qüssəli, amma məntiqlə, hətta belə demək mümkünsə, mərdliklə yoğrulan qüssə yükünə malik povestdə, məncə, nişan verilən əsas ümid yeri - əvvəlki nəsillərdən Sergeyə, ondan isə qızına ötürülən və mənəvi gücün qırılmazlığına bəslənən inam hissidir. Elə Sergey də əmindir ki, "bacardıqca üzü keçmişə doğru, həm də dərinləməsinə qazmaqla, səni irəliyə, gələcəyə aparacaq o ipin ucunu yaxalaya bilərsən..."
Sergeyin qızı İrinanın da özünəxas bir "başqa həyat"ı var. Özünün zahirən hər barədə məntiqə və oturuşmuş ədalət şkalasına söykənən yanaşmalarına sadiq qalan Olqa Sergeyevna isə bunu nə anlayır, nə də qəbul edir.
Məktəbli qız özünün xırda-para təlaşlarını anasının qərq olduğu həqiqətən, dərin və iztirab dolu dərdlərdən üstün tutaraq, ona qarşı saymazyana davrandığı zaman Olqa Sergeyevnanın haqlı hiddətini, bəlkə də başa düşmək mümkündür. Məsələ də burasındadır ki, İrina ruhsuz, gönüqalın biri deyildir axı, həm də atasını "hədsiz dərəcədə sevirmiş!" "Qəribə xasiyyəti var ey qızın!" - deyə düşünərkən Olqa Sergeyevna hələ bunun səbəbini də tapır - "atasına çəkib də".
O, təzədən "başqa həyat"ın tapmacaları qarşısında çaş-baş qalır. Əslində bu həyat tərzinin özü - qadının qarşılaşdığı sualların yeganə cavabıdır. Başqa həyat - öz immanent qanunlarına əsasən cərəyan edən bir həyat tərzidir.
Qələmə aldığı yeni povestilə Yuri Trifonov bizim qarşımızda mənəvi dəyərlərin, ruhi sarsıntıların, psixoloji və intellektual keşməkeşlərin dərin, həm də birmənalı şəkildə alqılanmayacaq aləmini açıb göstərir. Həm mövzusu, həm də toxunulan problemlər baxımından bu yeni əsər yazıçının şəhər həyatından bəhs edən povestlərinin davamı, hətta, məncə, bədii cəhətdən onların bir pillə üstünü də sayıla bilər. Rus nəsrinin ənənələriylə sıx tellərlə bağlı olan Y.Trifonov nəsri üçün məişətin gen-bol, həm də dolğun təsviri səciyyəvi bir cəhət sayılır. Hazırda dəbdə olan, zamanla cürbəcür manipulyasiyalara hesablanan, reallıq ilə təsəvvür olunanı, əsasən də final hissədə yuxu ilə həyatı "sürrealistcəsinə" bir-birinə qarışdırmaq kimi ədəbi fəndlərin həmişə özünü doğrultmadığını isə mən burada ayrıca vurğulamaq istərdim.
Bu povesti də o, bütövlükdə təmsil etdiyi böyük ədəbiyyatın müqəddəs həqiqət axtarışlarına sədaqəti ruhunda yazıbdır. Bu yolla müəllif insanın taleyinə böyük diqqətlə yanaşmağı, onu təkrar dəyərləndirməyi, xoşbəxtlik və bədbəxtliklə bağlı oturuşmuş, amma bəsit olduğu üçün müvəqqəti sayılan stereotipləri, süni inkişaf və gerçək hüzursuzluq barədə gəlinən həyat qənaətini təkrar gözdən keçirməyi bizlərə məsləhət görür.
Ola bilsin, başqa həyat - "sualın axtarılan cavabı kimi talanın o biri üzündən vuracaq zəif şəfəqdə özünü bizə göstərəcəkdir".
Tərcümə etdi: Azad YAŞAR
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!