İFTİXAR PİRİYEV – 65 - Yeganə ƏLİYEVA

XXI ƏSRİN  İNTELLEKTUAL TEATR REJİSSORU:

SƏHNƏ SƏNƏTİ VƏ ELMİ ZƏKANIN PARALELLƏRİ

 

İFTİXAR PİRİYEV – 65

 

“İncəsənət – elə bir sahədir ki, burada  izahı, öyrənilməsi  qeyri-mümkün olan üçün  geniş imkanlar  məkanı daima açıq qalır... Mənə kifayət etdi ki, sizin şüurunuzu oyada, qıcıqlandıra bilim... “Sənət əsəri necə yaranır?” sualına cavab vermək qeyri-mümkündür... Hazır formula olsaydı, mən çox asanlıqla bu suala cavab verərdim, lakin formula olmadığına görə çıxış yolunu amal və nigarançılıqlarımı,  məni həyəcanlandıran bəzi  məsələləri söhbət əsnasında sizinlə birlikdə  dərk etməkdə görürəm...”

 

“Kolleqalarla söhbətlər: rejissor təcrübəsinin dərk olunmasına cəhd”.

 Georgi  Tovstonoqov

                                                                                                                              

PROLOQ

 

Yaradıcı intellektualın həyatında 65 yaş – mənəvi inkişafın, idrakı yüksəlişin və sənət axtarışları zirvəsinin pik nöqtəsinin təcəssümüdür. Ömrünün bu məqamında  incəsənət xadimlərinin çılğın yaradıcı ruhlarının azad düşüncə qüvvəsinin sonsuz enerji burulğanı və cəmiyyət qarşısında Tanrı tərəfindən verilən missiyanı  yerinə yetirmək məsuliyyəti refleksiyasından törənən hisslərin tufanı arasında ahəngdar müvazinət axtarışları nəticədə “ali məqsəd”ə çevrilərək  onları  Ustad məqamınadək ucaldır. Teatr sənətində Ustad məqamına yetişən yaradıcı intellektuallar innovativ bədii baxışın daşıyıcıları, yeni teatr sistemlərinin müəllifidir. Onların anlamına görə, teatr dünyanı dərk etmək və insanların şüurunu dəyişdirmək üçün ən güclü vasitədir.  

XXI əsrdə mənəvi dəyərlərin transformasiyası dönəmində teatr xadimləri qarşısında mühüm vəzifələr durur. Bu gün yaradıcı ziyalılar təkcə istedad və sənətkarlıq qabiliyyətinə deyil, həm də intellektual potensiala, analitik təfəkkürə və sənətə istənilən elmi-nəzəri aspektdən öz baxış bucağına malik olmalıdırlar. Bədii-fəlsəfi mətnlər kontekstində yaratdıqları mürəkkəb, dərin, çoxlaylı obraz və ideyalar yaradıcı intellektualları bəşəriyyətin sosial-kulturoloji təkamülünün hərəkətverici aktoruna çevirir.

2025-ci il sentyabrın 7-də  Azərbaycanın XXI əsr yaradıcı intellektualları sırasında müstəsna sənətkarlıq mövqeyinə malik olan C.Cabbarlı adına İrəvan Dövlət Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı (2018-2021), sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin 65 illik yubileyi qeyd olunur. Ustad-sənətkar İftixarın adı  milli teatr mədəniyyətinə ulu öndər  Heydər Əliyev bədii obrazını səhnədə canlandıran istedadlı aktyor, şair-dramaturq, ekstraordinar qeyri-səlis məntiq teatr sisteminin banisi və özünəməxsus iş prinsiplərinin müəllifi olan rejissor, dramaturgiya və teatr sənətinin, ümumiyyətlə humanitar sahənin öyrənilməsində “qeyri-səlis” ölçünün tətbiqinin mümkünlüyünü əsaslandırmaqla dahi Lütfi Zadənin vəsiyyətini yerinə yetirən  tədqiqatçı-alim kimi daxil olub.

İFTİXARIN AKTYOR YARADICILIĞI

 

İftixarın yaradıcılıq yolu – usanmadan özünütəkmilləşdirməni   tələb edən aktyorluqdan başlayıb, qələmini şair-dramaturq kimi sınaqdan keçirib, teatr təşkilatçılığı məharətini doğruldaraq unikal müəllif üslubunun formalaşmasını ehtiva edən rejissorluğa  qədər yüksələn gərgin təkamül prosesidir. 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu  (indiki ADMİU) dram-kino aktyorluğu ixtisası üzrə bitirən İftixar Piriyev Azərbaycanın görkəmli sənətkar və teatr pedaqoqları – Rza Təhmasib, İsmayıl Dağıstanlı, Əliabbas Qədirovdan  xeyir-dua alıb peşəkar sənət yoluna  çıxır. Həmin ildən Akademik Milli Dram Teatrında (1981-1998), daha sonra C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında (2009-2025) aktyorluq fəaliyyəti  göstərir.  45 ilə yaxındır ki, İftixar milli və dünya dramaturgiyasının xəzinəsinə daxil olan pyeslərə qurulan tamaşalarda yaddaqalan obrazlar yaratmağa davam edir. Onun aktyor kimi canlandırdığı rollar Böyük xarakterlər yaradan Şekspir, B.Brext, İ.Əfəndiyev, N.Xəzri, H.Cavid, Anar, M.F.Axundzadə, V.Səmədoğlu, Ç.Aytmatov, A.Babayev, Hidayət və digər yazıçıların bədii təfəkkür məhsuludur.

1991-1998-ci illər ərzində Akademik Milli Dram Teatrında İftixar çoxsaylı fərqli xarakterlərə malik obrazlar qalereyası yaratmışdır. İftixarın obrazlar qalereyasının fərdi cəhətlərilə seçilən tabloları: Litavrçı (“Maqbet”, Şekspir), Birinci şəxs, Bayandur, Samir, Ayaz (“Xurşidbanu Natəvan”. “Büllur sarayda”, “Bi­zim qəribə taleyimiz”, “Şeyx Xiyabani”, İ. Əfəndiyev), Ək­bər, Xəzər, Poladgüc (“Mirzə Şəfi Vazeh”, “Gecə dö­yülən qapılar”, “Mənsiz dünya”, “Torpağa sancılan qılınc”, N.Xəzri), Oğlan (“Medeya” J.Anuy), Elcan (“Məhəbbət ya­şadır”, N.Hacıyev), Vəliqulu, Namiq (“Sizi deyib gəlmişəm”, “Şəhərin yay günləri”, Anar), Qaraçı (“İblis”, H.Cavid), Yıxan (“Atabəylər”. N.Həsənzadə), Çingiz (“Bəxtsiz cavan”, Ə.Haqverdiyev), Altay (“Od gəlini”, C.Cabbarlı), Qədir bəy (“Lənkəran xanının vəziri”, M.F.Axundov), Məlikməmməd (“Məlikməmməd” nağılı), Əli bəy (“Vaqif”, S.Vurğun), Fər­had (“Günah”, R.Əlizadə), Polis (“Üç quruşluq opera”. B.Brext, K.Vayl), Niftalı (“Yayda qartopu oyunu”, V.Səmədoğlu), Zəki (“Yalan”, S.Rəhman), Aşıq İftixar (“Qədr Ge­cəsi”, E.Baxış), Edqar (“Kral Lir” Şekspir), Talap (“Sokratı anma gecəsi” Ç. Aytmatov, M. Şaxanov) – həmin qalereyanın qiymətsiz sənət əsərləridir. Aktyor hər oynadığı tamaşada obrazlarının dərin psixoloji tədqiqini aparır, onların daxili dünyasını mimika, jestlər və intonasiya vasitəsilə ifadə etməyə cəhd edib. Məhz bunun sayəsində İftixarın hər yeni mürəkkəb obrazı tamaşaçıların qəlbində dərin iz buraxır.

Tamaşaçını həyəcanlandıra və inandıra  biləcək  obrazlar qalereyası İftixarı daima öz üzərində çalışan aktyor kimi səciyyələndirir. Gərgin  əmək nəticəsində İftixarın nail olduğu  mükəmməl aktyor oyunu məhz ona müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyev obrazını canlandırmaq cəsarətini verib. 2000-ci ildən bu günə kimi direktoru olduğu C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində dramaturq Aqşin Babayevin "Xilaskar", İftixar Piriyevin "Qurtuluş dastanı", Hidayət Orucovun "Burdan min atlı keçdi" pyesləri əsasında qurulan tamaşalar sənətkarı  bir neçə ilklərə imza atmağa sövq edir. Azərbaycan və nüfuzlu xarici teatr səhnələrində (Türkiyə, Gürcüstan, Rusiya)  İftixara 100 dəfəyə yaxın Heydər Əliyevin bədii obrazını “yaşamaq şərəfi” nəsib olur.

Xüsusilə, qeyd edək ki, 2009-cu ildə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı  ölkəmizdə ilk teatr idi ki, Aqşin Babayevin “Xilaskar” sənədli-publisistik pyesi əsasında hazırlanan tamaşada Heydər Əliyev – dahi tarixi şəxsiyyət mövzusuna müraciət edirdi. Bu  sadə təsadüf deyil – bu, ulu öndərin xatirəsinə böyük ehtiramın sərgisi idi. Heydər Əliyevin İrəvan Teatrına  göstərdiyi diqqət və qayğı  onu teatrın salnaməsinə böyük hamisi kimi əbədi həkk edib.  İftixarın   aktyor ampluasında  Heydər Əliyev obrazı – ilk tarixi şəxsiyyət obrazı idi. Rejissor Oruc Qurbanovun quruluşunda   "Xilaskar"   tamaşasında   İftixarın qarşısında Heydər Əliyevin Vətəninə, Azərbaycan xalqına sonsuz sədaqət və məhəbbət hisslərini, onun prinsipial və qətiyyətli xarakterini tamaşaçılara çatdırmaq və bunu bacaracağına inandırmaq məsuliyyəti dururdu. Göstərilən etimadı doğrultdu və inandırdı... Heydər Əliyev obrazını məharətlə ifa edən İftixar  onun yerişini, duruşunu, jestlərini, mimikasını, nitq tərzini, hətta tarixi çıxışlarındakı səsinin avazını birə-bir canlandırmağa müvəffəq oldu. İfa etdiyi obrazın dərin emosional və psixoloji  qatlarına varan İftixarın  aktyor energetikası “Xilaskar” tamaşasında  təsvir olunan  dönəmdə Heydər Əliyev fenomeninin tarixi missiyasını təfərrüratı ilə tamaşaçıya nəql edə bildi. Tamaşa, ələlxüsus da, İftixarın aktyor oyunu teatral tənqid tərəfindən yüksək qiymətləndirildi. 

“Xilaskar” İftixarı “Qurtuluş dastanı”nı qələmə almağa ilhamlandırır. Bu səfər İftixarın iti qələmi tariximizin səhifələrini ədəbi əsərdə canlandırdı. Onu da qeyd edək ki, sözügedən əsərə qədər İftixar artıq qələmini mənzum pyeslər janrında sınamışdır.  Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anadan olmasının 50 illiyi münasibəti ilə yazılmış “İşıqlı, nurlu sabah” (2011), Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” beynəlxalq təbliğat və təşviqat kompaniyası çərçivəsində hazırlanmış – “Soyqırımı tarixinin dastanı” (2011) pyesləri həmin qəbildəndir.

2013-cü ildə İrəvan Teatrının 131-ci mövsümü ulu öndərin 90 illik yubiley tədbirləri çərçivəsində İftixarın “Qurtuluş dastanı”nın epik-tarixi dramının premyerası Akademik Milli Dram Teatrının səhnəsində baş tutdu. Daha sonra – 2015-ci ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında da uğurla tamaşaya qoyuldu. “Qurtuluş dastanı”nda ümummilli liderə dərin hörmət və ehtiram hisslərindən qaynaqlanan İftixarın mükəmməl aktyor oyunu səhnədə və tamaşaçıların qəlbində Heydər Əliyevin abidəsini ucalda bildi.

2014-cü ildə dramaturq, ictimai-siyasi xadim Hidayətin ulu öndərin yurdsevər mübariz obrazını yaratdığı “Burdan min atlı keçdi” pyesi əsasında qurulan tamaşada Heydər Əliyev obrazını canlandırmaq yenə də İftixara həvalə olundu. Bu tamaşada da İftixar Heydər Əliyev obrazının ifa edilməsinin məsuliyyətini dərk edir və böyük fəxr hissi duyur. “Burdan min atlı keçdi” tamaşasında İftixarın Heydər Əliyev obrazı aktyor ilə birlikdə artıq böyük təkamül yolunu keçmişdir. Bu təkamül prosesini İftixarın həmin rola olan münasibətində izləmək mümkündür: “2009-cu ildə oynanılan “Xilaskar” tamaşasında Heydər Əliyev obrazını Azərbaycan teatrında ilk dəfə olaraq ifa etmək böyük məsuliyyət tələb edən məsələ idi. Bu məsuliyyəti varlığımla dərk edərək ulu öndərin obrazının portret cizgilərindən daha çox, onun zəngin daxili aləmini əks etdirməyə, bu obrazı istənilən səviyyədə təqdim etmək üçün sənətçidən tələb olunan bütün komponentlərdən yararlanmağa çalışırdım. 2013-cü ildə müəllifi olduğum “Qurtuluş dastanı” adlı pyesimdə yenidən ulu öndərin obrazı üzərində işə başlamaqdan fərəh hissi keçirirdim. 2014-cü ildə Hidayətin “Burdan min atlı keçdi” dramında isə ulu öndərin obrazı artıq daha geniş miqyasda – Heydər Əliyevçilik – Azərbaycançılıq ideyası ətrafında öz bədii mücəssəməsini tapmış oldu”.

Aktyor İftixarın İrəvan Teatrı dönəmi bu günə kimi fərqli rollar palitrasından fərqlənir. İftixarın  Hidayətin “İrəvanda xal qalmadı”– Tarix (2017), Elçinin “Akvariuma  xüsusi sifariş” – Kəbləyi Muxtar (2020), Şekspirin “Kral Lir”  – Kral Lir (2025) kimi ifa etdiyi obrazları aktyor ampluasının geniş diapozonundan, onun klassik əsərdən tutmuş, absurd janrında olan pyeslərə qədər məharətli oyununun çoxplanlığından xəbər verir. Bu da İftixarın yaradıcı təfəkkürünün  qeyri-səlis ölçü  məntiqindən bəhrələnməsinə sirayət edir.

İftixarın aktyor yaradıcılığı teatr səhnəsilə kifayətlənməyib. Onun aktyor kimi portretini tamamlamaq üçün   televiziya tamaşalarında (Cavid – “Təkan”. M. Murad; Sərvər –  “Ürək yaman şey­dir...” Ə.Əylisli; Oğul –“Oğulla görüş”, M. Oruc; Abbas – “Közərən evin işığı”, S.Budaqlı), televiziya seriallarında (Əbdül –  “İtkin gəlin”, Ə.Hacızadə; Vədad bəy – “Do­daqdan qəlbə – Taleyin qisməti beləymiş yəqin”, R.N.Güntəkin; Aslan – “Yağışdan sonra”, B.Vahabzadə, Ta­hir –  “Toy gecəsi”, S.Sədaqətoğlu), bədii televiziya filmlərində  (Nofəl – “Canavar balası”, Şef – “Qırmızı qar”, A.Rəhimov) oynadığı rolları da qeyd etməliyik.

İftixar, həmçinin Azərbaycan Televiziyasında “Ozan” folklor toplusunun aparıcısı, bir çox ədəbi-bədii proqramlarda bədii qiraətçi kimi də tanınır.

 

ŞAİR-DRAMATURQ İFTİXAR

 

Ümumiyyətlə, ulu öndər Heydər Əliyev obrazı, dövlət və dövlətçilik, azərbaycançılıq İftixarın  aktyor ampluasının zirvəsi olmaqla yanaşı, onun şair kimi yaradıcılığının əsas leytmotividir. Onun poemaları əsasında hazırladığı filmləri yada salmaq yerinə düşər. Heydər Əliyevin ulu öndərlik missiyasını tərənnüm edən “Müstəqil vətənin memarı” (2019), ümummilli liderin layiqli davamçısı, Azərbaycan xalqına qalibiyyət yaşadan, tarixi torpaqlarını erməni təcavüzündən xilas edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin qurucu siyasi fəaliyyətini əks etdirən “Sən özün memar oldun” (2020) və s. filmləri onun şeiriyyatı üzərində çəkilib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, dramaturq İftixarın dəsti-xətti Azərbaycan teatr səhnəsində layiqli mövqeyini tutub. Onun pyesləri nəinki Azərbaycanda, həmçinin xarici teatrlarda da tamaşaya hazırlanıb. İftixarın dram əsərləri İrə­van Dövlət Azərbaycan Dram Teatrı  (“Qurtuluş dastanı”, “İşıqlı, nurlu sabah”, “Soyqırımı tarixinin dastanı” “Nurlu ömrün anları”, “Qalx ayağa, Azərbaycan!”, “Azərbaycan bayrağı”, “Qurtuluş”, “Os­man və Süsən – Qanlı qızıl toy”, “Haqq mənəm”), Naxçı­van Dövlət Musiqili Dram Teatrı (“Qurtuluş dastanı”), Gəncə Dövlət Dram Teatrı  (“Dan yeri söküləndə”) səhnələşdirilib. İftixarın pyesləri Gürcüstan (“Eşqin tikan dairəsi” – Tiflis Dövlət Azər­baycan Dram Teatrı), Rusiya (“Eşqin tikan dairəsi” – Dərbənd Dövlət Azərbaycan Dram Teatrı), Özbəkistan (Xəmsə: “Könüllər mülkünün sulta­nı – Şeyx Nizami Gəncəvi” – Səmərqənd Dövlət Musiqili Dram Teatrı, “Turan” – Özbəkis­tan Respublikası Kattakurqan Şəhər Dövlət Dram Teatrı) teatrlarının səhnələrində anşlaqla qarşılanıb.

Müsahibələrin birində “şeirlər mənim səsimdir” deyən İftixarın vətənpərvərlik və lirik poeziya əsərləri “Yaşadığım bu ömür” (“Gənclik”, 1998), “Nə qəribə yuxuymuş” (“Gənclik”, 2004),  “Böyük Turanın Himni” (“Gənclik”, 2004), türk, rus, ingilis, alman, fransız, italyan, ispan, ərəb, fars dillərinə tərcümə olunmuş – “Müstəqil Vətənin Me­marı” (“Çaşıoğlu”, 2013 nəşriyyatı, “Bağımsız Vatanın Mimarı” (“Apostroff” , türk dilində, 2013), “Sevgilim” – (“Apostroff”, 2014)  kitablarında dərc olunub.

İftixarın şeir yaradıcılığı Azərbaycan bəstəkar və müğənnilərinin gözündən yayınmayıb. Tofiq Bakıxanov, Cavanşir Quliyev, Xanım İsmayılqızı kimi görkəmli bəstəkarlar  İftixarın şeiriyyətindən ilhamlanıb dinləyicilərin ruhunu və zövqünü oxşayan musiqi əsərləri yaradıblar. İftixarın şeirlərinə yazılmış bəstələrin ifaçıları sırasında xalq artistləri – Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva, Səməd Səmədov, Samir Cəfərovu; əməkdar artistlər – Aybəniz Haşımova, Sevda Ələkbərzadəni və d. göstərmək olar.

 

İFTİXARIN TEATR TƏŞKİLATÇILIĞI MİSSİYASI

 

İrəvan Teatrının direktoru vəzifəsinə təyin olunmamışdan öncə də İftixar Piriyev peşəkar teatr təşkilatçısı kimi özünü artıq layiqincə doğrulda bilmişdir. Hələ 1991-ci ildə İftixar  Azərbaycan Milli Dastan Teatrı yaratmaqla böyük cəsarət tələb edən addım atır. Ölkəmiz üçün təlatümlü olan 90-ci illərin əvvəlində həmin yaradıcı kollektivin çətinliklərlə üzləşməməsi üçün teatrın idarəetməsində  qeyri-səlis yanaşmaya əsaslanan innovativ iş prinsiplərini tətbiq etməyə başlayır. 1998-2000-ci illərdə ulu öndər Hey­dər  Əliyevin   Tiflis Teatrının bərpasına kömək məqsədi ilə verdiyi xüsusi tapşırığa əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən, hazırda ümummilli lider Heydər Əliyevin adını daşıyan Tiflis Azər­baycan Dövlət Dram Teatrının bərpa prosesinə rəhbərlik etmək İftixar Piriyevə həvalə olunmuşdur. Tiflis Teatrının bərpasını uğur­la başa çatdıraraq etimadı doğruldan İ.Piriyev 2000-ci ildə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə təyin olunur.

Tarixdən məlumdur ki,  peşəkar Azərbaycan teatrının bünövrəsi 10 mart 1873-cü ildə  Bakıda və elə həmin ildə Tiflisdə Mirzə Fətəli Axundzadənin komediyalarının səhnələşdirilməsi ilə qoyuldu. Az sonra, 1882-ci il aprelin 2-də   İrəvanda peşəkar teatrın təməli qoyuldu.

İrəvan  Azərbaycan Teatrının yaradıcılıq yolu heç də rəvan olmayıb. Teatr dəfələrlə düşmən qəsdinə məruz qalıb, mərkəzdən əyalətə köçürülüb, bir neçə dəfə doğma yurdundan didərgin salınıb. Yaradıcı kollektivin əzmkar və fədakar fəaliyyəti 1928-ci ildə Ermənistan Sosialist Respublikasını teatra dövlət statusu vermək məcburiyyətində qoyur.  Lakin millətçi ermənilər   teatrın məhv edilməsi üçün atdıqları xəyanətkar addımlardan əl çəkmir və 1989-cu ildə bu  sənət məbədi öz dədə-baba yurdundan zorla çıxarılır. Erməni məkrinin qurbanına çevrilən İrəvan Teatrı didərgin salındıqdan sonra bütün həyatını yenidən başlamaq məcburiyyətində qalır, bir çox çətinliklərdən keçməli olur. Lakin  ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən az sonra, 1995-ci ildə İrəvan Teatrına   ikinci dəfə dövlət statusu verilir. 2000-ci ildə İftixar Piriyevin Heydər Əliyevin adını daşıyan Tiflis Dövlət Azərbaycan Dram Teatrının bərpa işlərinə rəhbərlik missiyasının bitməsi İrəvan Teatrının inkişafı məqsədilə Mədəniyyət Nazirliyinin apardığı islahatlarla eyni vaxta təsadüf edir. Onun İrəvan Teatrına direktor təyin olunması sənət ocağının yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirir.

İftixar Piriyevin quruculuq strategiyasının prioritetlərinə İrəvan Teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi, istedadlı  aktyor, rejissor, dramaturq, rəssam, bəstəkar, xoreoqrafların cəlb edilməsi, repertuarın zənginləşdirilməsi, teatrı tanıdıb təbliğ etmək üçün qastrol səfərlərinin təşkili, KİV ilə əməkdaşlıq kimi məsələlər daxil olur. Nəhayət, tamaşaçı kütləsinin, ümumiyyətlə ölkə ictimaiyyətinin  diqqəti bu teatra yönəlir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali diqqət və qayğısı 30 avqust 2006-cı il tarixdə imzaladığı  sərəncamında  təzahürünü tapır ki, 2007-ci il oktyabr ayının 16-da Bakıda İrəvan Teatrının 125 illik yubileyi dövlət səviyyəsində təntənəli  şəkildə qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İrəvan Teatrına diqqət və himayəsi sahəsində növbəti addımı M.Rəsulzadə adına Mədəniyyət Sarayının onun balansına verilməsi olur. Bu gün İrəvan Teatrının kollektivi İftixarın  sözləri ilə desək, “öz doğma yuvasına qayıtmaq, yenidən öz doğma ocağının istisinə qızınaraq böyük sənət yolunu davam etdirmək qətiyyətindədir, hətta qəhrəmancasına!

REJİSSOR İFTİXARIN QEYRİ-SƏLİS TEATR SİSTEMİ:

SƏHNƏ SƏNƏTİ İLƏ İNTELLEKTUAL DÜŞÜNCƏNİN PARALELLƏRİ  KƏSİŞMƏSİNDƏ

 

Teatrın, lakin təəssüf ki, teatr tədqiqatçılarının çox vaxt tədqiqat predmetindən kənarda qalan  problemlərindən biri səhnə sənətinə tamaşaçı diqqəti və onun cəlb edilməsinin əməli mexanizmlərinin işlənilməsidir. Bu məsələ sürətlə inkişaf edən texnologiyalar əsrində gündən-günə aktuallaşır, yeni həlli yollarının axtarışını diktə edir. Müasir dövrdə mündəricatlı tamaşaçı diqqətinin cəlb edilməsi ən mürəkkəb problemlərdən biridir. 2000-2010-cu illərdə İrəvan Teatrının rəhbəri kimi islahatları reallaşdıran İftixarı düşündürən məsələlərdən biri də, məhz teatra tamaşaçı diqqətini, tamaşaçı kütləsini cəlb etmək idi. Bunun üçün yeni sənət mexanizmlərinin işlənilməsini, yeni bədii metod və formalara  müraciəti zəruri edirdi. İftixarın teatr xadimi kimi yaradıcılıq yolunu izləyərkən belə qənaətə gəlirsən ki, o artıq 2011-ci ildən   bu prosesdə yeni sənətkarları və dramaturqları dəvət etməklə  kifayətlənmir. İftixar özünü rejissor kimi  sınamaq qərarına gəlir...

XXI əsr tamaşaçısının diqqətini, sözün əsl mənasında, zəbt edən yüksək texnoloji və effektli filmlər, kompüter oyunları, internet əsrində teatr öz mövqeyini necə qorusun? Pyesin ali ideyasından ilhamlanan rejissor öz həyəcan və nigarançılıqlarını aktyorlara necə ötürsün? Aktyor  tamaşanın  “ali məqsəd”ini itirmədən tamaşaçının qəlbini necə fəth etsin? Bu suallar İftixarı hər pyesə verdiyi quruluş prosesində durmadan düşündürür. Onun “İşıqlı, nurlu sabah”, “Soyqırımı tarixinin dastanı”, “Nurlu ömrün anları”, “Qalx ayağa, Azərbay­can!”, “Azərbaycan bayrağı”, “Qurtuluş” (İftixar), “Siluet” (İ.Məmmədli), “Səs” (A.Nəzər), “Stalin-İzm” (Elçin) tamaşalarında rejissor kimi fəaliyyəti müxtəlif “izm”lərin bədii prinsiplərinin tətbiqindən milli teatr məkanında  “İftixarın qeyri-səlis məntiq teatr sistemi”nin yaradılmasına qədər inkişaf edən yaradıcı təkamüldür.

Teatr təcrübəsinə çox sayda müxtəlif sistem və təlimlər məlumdur. Onlar məzmun və formaca müxtəlif olsalar da, bu təlimləri birləşdirən yeganə amil – İnsandır. Stanislavski, Çexov, Qrotovski, Arto, Brext, Kreq, Meyerhold, Vaxtanqov, absurd  teatrı və sairə sistemlər müasiri olduğu tarixi şəraitə uyğun olaraq bəşəriyyətin insan, dünya, mədəniyyət, səhnə sənəti haqqında əldə etdiyi bilikləri sayəsində daima  inkişafda olan  təlimlərdir. Teatr sistemləri durmadan inkişaf edir, bir-birlərini əvəzləyir, bir-birlərindən bəhrələnərək daha da zənginləşirlər. Zamanın çağırışlarını anında duyub, yeni sistem və təlimləri formalaşdırıb tətbiqini reallaşdıran teatr rejissorları – novator kimi səciyyələndirilirlər.

İftixar teatra Lütfi Zadənin qeyri-səlis məntiqini gətirməklə zamanın çağırışlarına, reallıqlara vaxtında reaksiya bildirir və artıq XXI əsrin ilk rübündə quruluş verdiyi “Siluet” tamaşası ilə milli teatr tarixinə yenilikçi rejissor kimi daxil olur. İftixarın rejissor üstünlüyü ondadır ki, o aktyor təcrübəsinə malik olduğuna görə obrazın psixologiyasına daha dərindən varır, daha real və inandırıcı bədii səhnə obrazları yarada bilir. Beləliklə, 2024-cü ilin iyul ayının 11-də Azərbaycan teatr mədəniyyəti tarixində  Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində İrəvan  Teatrının  142-ci mövsümündə, dra­maturq İmir Məmmədlinin “Qadın” mono pyesi əsasında  İftixarın qeyri-səlis məntiqlə uydurmaya çevirdiyi birhissəli psixoloji, mistik, qrotesk­vari “Siluet” tamaşası Azərbaycan teatrında yeni sənət yolu və yeni teatr sisteminin “Qeyri-səlis teatrı”nın bü­növrəsini qoymaqla əlamətdar hadisəyə çevrilir.

İftixarın rejissor quruluşu verdiyi “Siluet” tamaşası avanqard aktyor oyununa qeyri-səlis məntiqin tətbiqi ilə səciyyələnir. Bu tamaşada rejissor düşüncəsinin “ali ideya”sını tamaşaçıya çatdırmaq üçün klassik binar məntiqin tətbiqi İftixara  yetərli olmur. O, cıxış yolunu simvolik ifadə vasitələri və improvizasiya sərbəstliyini təmin etmək üçün Lütfi Zadənin “Qeyri-səlis məntiq” nəzəriyyəsini teatra adaptasiya edib onun tətbiqində görür. Səhnə sənətində “İftixarın qeyri-səlis məntiq teatr sistemi” bir kəşf kimi  çoxlaylı bədii materialla çalışmağa geniş imkanlar spektri yaradır. Bu sistem tamaşanın ali ideyasının təcəssümü, habelə mükəmməl aktyor oyunu üçün həyatın çoxmənalı aspektlərinin kodlaşmasında innovativ rejissor metodologiyası kimi dəyərləndirilə bilər. Pyesin qeyri-səlis məntiqə dayaqlanan rejissor quruluşu tamaşaçıları düşünməyə və müxtəlif interpretasiyalar verməyə təşviq edir.

Teatrşünas-tənqidçi, avanqard teatr tədqiqatçısı Nərminə Ağayevanın “Siluet” tamaşasında rejissorun tətbiq etdiyi bədii prinsiplərinin riyazi dəqiqliklə verdiyi şərhi gözdən yayınmır: “Səhnə ilə tamaşaçı salonu arasında yaranan teatral kommunikasiya və improvizasiya elementli psixoenergetik hadisələr çoxxətli, çoxşaxəli variasiyalarda qeyri-səlis çərçivədə təqdim olunur. ... tamaşanın kompozisiya-struktur həlli, metateatr kodu qeyri-adekvatdır; buradakı janr müxtəlifliyi, çoxşaxəli oyun prinsipi, müxtəlif teatr elementlərinin bir tamaşada birləşməsi mətndən irəli gələn hərəkətlərin mizanlaşdırılması zamanı səhnə əsərini müxtəlif mimikalar, jestlər, göz təması, bədən dili elementləri vasitəsi ilə zənginləşdirərək, nəticədə mətnin məntiqi ilə birləşmə çevrəsində qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətində yaranan sinergetik harmoniyasını təcəssüm etdirir”. Bu ilk baxışdan mürəkkəb görünən kəlmələrdə “İftixarın teatr sistemi”nin düsturu  əksini tapır. Budur  günün nəbzini tutan hazır formula! “Siluet” tamaşası milli teatr tariximizdə rejissor İftixarın adı ilə bağlı yeni istiqamətin, yeni paradiqmanın təşəkkülünün bəyanatıdır.

Peşəkar teatrşünas təhlilindən dərhal sonra kulturoloq eynəyimi taxıb, tamaşada aşkarladığım kulturoloji məqamların teatral eskizlərini çəkməyə ilhamlandım. Məlumdur ki, bəşəriyyətin bədii-kulturoloji refleksiyası incəsənət və ədəbiyyat vasitəsilə daima bir-birinə ifrat dərəcədə əks olan  qütbləri: şəhvət və etinasızlığı, azadlıq və təslimiyyəti, həyat eşqi və ölgunlüyü ifadə vasitələrinin axtarışındadı. Elə məhz bu da  insan varlığının əbədi dramını ifadə edir. Rejissor İftixar “Siluet” vasitəsilə cəmiyyətə ötürmək istədiyi fikirləri  tamaşaçıya həyatın fəlsəfəsini açan Şərq müdrikliyindən tutmuş, XXI əsrin müxtəlif fəlsəfi-kulturoloji paradiqmalarını simvolik metaforalar vasitəsilə çatdırmağa cəhd edir. Tamaşada rejissor ideyası  riyazi hesablama, həndəsi fiqurlar, musiqi və rəng simvolikası vasitəsilə kodlaşdırılmış mesaj formasında cəmiyyətə ünvanlandırılır: insan müqəddəratının yalnız uca Tanrının əlində olduğu – “0” –  İlahi mütləqiyyət (absolyut, tamaşanın sonunda Allaha təşəkkür səhnəsi), İnsan ruhunun tənhalığı – “1”  (“həyatın mənası” problemi, ekzistensial fəlsəfə, Qadın obrazı), Şərqin müdrikliyindən qaynaqlanan dünyanın binar ölçüsü – “2” – (İn-Yan fəlsəfəsi, real və irreal dünya, Qadın və Kişi obrazı), səhnədə təsvir olunan üçbucaq – maddi və mənəvi dünyanın üçölçülülüyünün rəmzi  – “3”  – (üçölçülülük maddi dünyanın  məhdud qavrama çərçivəsidir ki, insana dar gəldikdə təfəkkürün daha yüksək ölçülərinə və zəka aydınlığına can atır;  Freydin psixoanalizi) və beləcə sonsuza qədər... Sanki rejissor müasir “trendlər”in ardınca qaçan insanların düşdükləri çətin, dolaşıq durumlarını sadə anlayışlar vasitəsilə  izah edir: “Ey İnsan, istər Qadın ol, istər  Kişi – insanlığa qayıt, bəşəriyyətin müqəddəs ali mənəvi dəyərlər kodeksinə sığın!”

Tamaşanı izləyərkən və izlədikdən sonra belə, sonsuza qədər həyat fəlsəfəsinin məna və məna çalarlarını aşkarlayıb hər kəs öz həyat fəlsəfəsinin, öz baxış bucağının və bilik potensialına söykənib bu səhnə əsərinin interpretasiyanı  davam etdirə bilər. Soyuq binar məntiqindən çıxış edən “Siluet”in tamaşaçısı əvvəl zavallı Qadının mənəvi iztirablarını cəmiyyətin qoyduğu tabular nisbətində dəyərləndirib onu sərt qınayır, bir az keçmiş, sərt qənaətlər burulğanı  yatan kimi  Siluetə mərhəmət göstərir, hətta ziddiyyətli düşüncələrin emosional təsiri altında  Şəhvətə haqq qazandırır və ...  elə həmin anda da öz azad fikirlərindən qorxub daxili ziddiyyətə qapılaraq  təfəkkürünün səlisliyinə şübhələnir, dərk edir – dünya qeyri-səlisdir. Budur  ustad  İftixarın rejissor sənətkarlığı. Rejissor tamaşaçının dünyagörüşünün çevrilişinə və təfəkkürünün təkamülünə nail olur. Tamaşanı seyr edən izləyici əvvəl binar məntiqinə sığınan tənqidçiyə, daha sonra səhnənin sehrinə düşüb həyatın qeyri-səlisliyini dərk edən və taleyinin mühəndisinə (Sadhquru təlimi) çevrilir.

İftixarın tamaşalarında musiqi tərtibatı sadəcə fon  və ya müşayiət  elementi deyil. Rejissor İftixar tamaşada  musiqini fəal dramaturji faktor kimi təqdim edir. İftixarın daxili aləminin dinamikasını əks etdirən (onu da qeyd edək ki, İftixar şeirlərinin sözlərini yazmamışdan öncə əsərin avazını, melodiyasını artıq yaratmış olur) musiqi nömrələri tamaşanın fəal dramaturji faktoruna çevrilir. “Siluet”in sonunda ifa olunan “Ağlama” mahnısı (söz və musiqisi İftixar Piriyevindir) qəhrəmanların  sözlə deyə bilmədiyi hiss və həyəcanlarını, onların daxili aləmini açır. Hətta deyərdim, ayrıca olaraq səhnədə baş verənləri təkrar tamaşaçıya nəql edir,  süjetin  dolğun qavranılmasını şərtləndirir.

Rejissor  aktyorlara  qara-qırmızı libas geyindirərək tamaşaçıya cəmiyyətin  növbəti  fəlsəfi-kulturoloji dilemması barədə ekzistensial mündəricatlı mesaj ötürür. Stendalın “Qara-qırmızı” əsərində “qırmızı” – ehtiras, inqilab, azadlıq, barışmazlıq, “qara” rəng isə insanın taleyi, müqəddəratı ilə barışmasını,  asketizmi (bədən və psixikaya həzzi zövq verən ehtiyaclardan könüllü imtina) ifadə edir. İftixar bu iki rəngi Qadın və Kişi münasibətlərindəki sevgi, şəhvət və ölgunlük arasında faciəvi təzad və ziddiyyətləri  nümayiş etdirmək üçün məharətlə istifadə edir.

İftixar Çin fəlsəfi ənənəsinə məxsus İn (kölgəli tərəf) – Yan (günəşli tərəf) bütövlüyü formalaşdıran ikilik anlayışını qeyri-səlis məntiq gücünə yeni interpretasiyada verir. Tamaşada  İn-Yan dilemması Şərq təfəkkürünə məxsus  dual fərqli başlanğıcların  harmoniyası kimi deyil, Qərbin insanlara sirayət etdirdiyi texnogen düşüncənin fəsadı: faciəvi ayrılma, uyğunsuzluqların dramı kimi  təqdim edir. Burada Qadın – ənənəyə söykənərək modernləşən Şərqi, evli Kişi isə fərdiyyətçi ruhlu mənəvi simasını itirən texnogen Qərbi təcəssüm etdirir.

Freydin psixoanalizində  azadlıq və məhdudiyyət (tabu) dilemması Eros – yaşamaq eşqi, şəhvət (qırmızı rəng, Şəhvət obrazı) və ölüm, ölgunlük, darmadağınlıq – Tanatos (qara rəng, Siluet)  – iki fundamental instinkt üzərində qurulur. Bu qarşıdurma insan  və cəmiyyətdəki yaradıcı və dağıdıcı qüvvələr arasındakı ziddiyyəti ortaya qoyur. Bəs onda bu səlis məntiqlə asanlıqla dərk olunan dual dünyada Qadının yeri və missiyası nədir? Qadın – elə qeyri-səlisliyilə duallığın qarşıdurmasından əmələ  gələn xaosa nizam gətirən qüvvədir. Qadın – “Fövqəl-Mən”dir. Freydə görə, insan “Mən”, “O” və “Fövqəl-Mən” üçlüyünün qarşılıqlı əlaqəsindən törənən şəxsiyyətdir. Paralellər aparaq. Tamaşada “Mən” şəxsiyyətdə fərdiliyini hiss etdirən emosional hiss və həyəcanlar qalağıdır (Siluet personajı – emosional duruma qapanıb özünə qəsd etmək qərarına gəlir); “O” – kortəbii, heyvani instinktlər, şəhvət meyli və istəkləridir (Şəhvət personajı – qadını ictimai qınağa səbəb ola biləcək addımı atmağa sövq edir) və “Fövqəl-Mən” – şəxsi əxlaq senzoru, insan psixikasında ideal və “düzgün olanı” ehkamlaşdıran büt (Qadın personajı – evli kişi ilə münasibətdə olmayacağına söz verə biləcək qədər iradəyə malik olan ideal insanın təcəssümü).

Tamaşaya cızdığım kulturoloji eskizlər belə qənaətə gətirir ki, Qadın, Siluet və Şəhvət üçlüyü arasındakı konfliktinin əslində cəmiyyətin ümumi disbalansından xəbər verir. Səhnədə qəhrəmanın daxili konfliktinin təcəssümü olan gərgin, psixoemosional oyun əslində rejissorun alarmist mövqeyidir, insanlara çağırışdır: Ayıq olun! Oyaq olun! Qərbin mədəni dominantlığı ənənəvi cəmiyyətlərə bir təhlükədir. Mənəvi dəyərlərin transformasiyası dövründə Qərb həyat tərzinə təhrik modelləri (şəhvətə tamah) Şərq mentallığına, mədəni identikliyə, sosial-mədəni həyata, xüsusilə kişi-qadın, ailə münasibətlərinə təhlükə doğura bilər.

Tamaşanın alarmist – tamaşaçını gərgin və həyəcanlı vəziyyətdə saxlayan süjet xətti nikbin  – insan iradəsinə  sonsuz inam ilə bitir. Rejissor əbəs yerə baş qəhrəmanı Qadının Allaha təşəkkürü ilə bitirmir. Allaha təşəkkür insanın ali humanist mənəvi dəyərlərə sadiqliyin təcəssümüdür. Allaha təşəkkür – insanın şükranlığı, Yaradanın lütfünə bağlılığını, iman və sədaqəti, ümid və təsəllinin ifadəsidir. Allaha təşəkkür – İnsanın mənəvi ucalığıdır.

 

İFTİXARIN ELMİ LABORATORİYASI VƏ YA QEYRİ-SƏLİS MƏNTİQ NƏZƏRİYYƏSİNİN TEATR SƏNƏTİNƏ SİNERGETİK ADAPTASİYA CƏHDLƏRİ. NƏZƏRİYYƏ VƏ TƏCRÜBƏNİN VƏHDƏTİ

 

2012-ci ildə “Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi” adlı dissertasiya işini müdafiə edərək, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alan İftixar Piriyev tədqiq etdiyi mövzunun miqyasını genişləndirmək niyyətindən bir an belə daşınmadı. Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsində elmi araşdırmalarını davam etdirən İftixar “Qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətində sinergetik adaptasiyası” (Elçin teatrı əhatəsində) mövzusunda sənətşünaslıq elmləri doktoru  elmi dərəcəsi almaq üçün dissertasiya üzərində çalışmaq qərarına gəldi. Məqsəd – səhnə məkanında realizə etdiyi “Qeyri-səlis teatrı” sistemini elmi müstəvidə əsaslandırmaqdır.

Artıq bir neçə ildir ki, İftixarın tədqiqat apardığı mövzu üzrə  alınan mühüm qənaətlər  nüfuzlu respublika və xarici jurnallarda  dərc olunur. Ölkə və beynəlxalq elmi-praktiki konfranslarda fəal iştirak edən İ.Piriyev yaratdığı “qeyri-səlis teatr sistemi”nin əhəmiyyətini, ümumiyyətlə teatr sənətinə “qeyri-səlis məntiq” nəzəriyyəsinin tətbiqinin nəzəri və praktiki əhəmiyyətini elmi dəlillərlə əsaslandırmağa müvəffəq olur. O, qeyri-səlis məntiqin köklərini  Azərbaycan şifahi xalq ədəbiyyatında, daha sonra  Elçinin absurd teatrı nümunəsində dramaturgiyada axtarıb araşdırır.

İftixar XXI əsrin bədii paradiqmasının sürətli dəyişiklikərə məruz qaldığı şəraitdə teatr sənətinin ənənəvi kateqoriyalarının yenidən dərk olunmasına zəruri ehtiyacın olduğunu  xüsusi vurğulayır. O, Lütfi Zadənin “Qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstindən müasir teatrın öyrənilməsinin vacibliyini bədii nəqlin məntiqəsığmaz strukturlarını interpretasiya edə biləcək yeni elmi metodologiyanın yaradılması üçün zamanın yetişməsilə izah edir. İ.Piriyevin tədqiqat metodologiyası  multidissiplinar yanaşmaya əsaslanaraq, teatrşünas təhlillərini “qeyri-səlis məntiq” nəzəriyyəsi ilə üzvi şəkildə birləşdirməyə nail olur.

İftixar Piriyev, demək olar ki, bütün elmi araşdırmalarında Lütfi Zadənin Fuzzy logic   – “qeyri-səlis məntiq” nəzəriyyəsinin humanitar sahə, xüsusilə də teatr sənəti üçün nə dərəcədə mühüm olduğunu sübut etməyə çalışır. Lütfi Zadənin  Qeyri-səlis məntiq – tolerantlıq məntiqidir; ...bütün elm sahələrini dəyişdirmək funksiyasını yerinə yetirir” fikri İ.Piriyevin elmi araşdırmalarında qırmızı xətlə cızılan ideya kimi təqdim olunur. Razılaşmaq olar ki, “qeyri-səlis məntiq” nəzəriyyəsinə qədər bütün elm sahələri, elmi yanaşmalar binar məntiq çərçivəsində öz faydalılıq əmsalını saxlaya bilirdilər. İftixar “qeyri-səlis məntiq” nəzəriyyəsini  bütün elmi və ədəbi nəzəriyyələr içində ən müasir, nəzəriyyələrin sinergetik bağlılığını tənzimləyən, bünövrəsi keçmişə gedib çıxan unikal bir yenilik kimi təqdim edir.

İftixar klassik və novator rejissorları bir-birindən fərqləndirən cəhətləri müəyyən edərkən  vurğulayır ki, klassik üslubda çalışan rejissorlar Aristotelin binar məntiq məcrasını aşa bilmədiklərinə görə onların yaradıcılığı konkret dar çərçivə ilə məhdudlaşır. Lakin “qeyri-səlis məntiq”in ardıcılları olan novator rejissorların   yaradıcılığı sərhəd tanımır. Məhz qeyri-səlis məntiq müasir  teatrın və dramaturgiyanın bədii və estetik prinsiplərinin funksionallığını təmin edir. Elçinin absurd dramaturgiyası nümunəsində bu tezisi “Elçin teatrı: absurd dram “qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” (2022, Bakı: Apostrof-A. – 168 s.) adlı monoqrafiyasında İftixar geniş şəkildə şərh edir.

Görkəmli incəsənət xadimi İftixar Piriyevin 65 illik yubileyi ərəfəsində –2025-ci ildə işıq üzü görən növbəti “Qeyri-səlis məntiq və teatr” (2025, Bakı: Apostrof-A. – 240 s.) adlı monoqrafiyası İftixarın çoxşaxəli elmi-yaradıcı və ədəbi-bədii fəaliyyətinin əsas mərhələləri üzrə  yol xəritəsidir. Bu xəritə bizi bütün dünyanı dolaşdırıb, sonda Vətənimizə, doğma teatr məkanımızda təşəkkül tapan, bütün bəşəriyyət üçün işlək ola biləcək universal “İftixarın qeyri-səlis məntiq teatrı sistemi”nə gətirib çıxartdı.

 

YEKÜN SÖZ ƏVƏZİ VƏ YA EPİLOQ

 

XXI əsrin teatr rejissoru incəsənət xadimidir, yoxsa, elmi axtarışda olan tədqiqatçı? Postmodern teatr yeni tip aktyor və rejissor nəslini yetişdirir. XXI əsrin yaradıcı intellektualı sadəcə incəsənət xadimi deyil, o həmçinin daima axtarışda olan tədqiqatçı olmalıdır. XX əsrin ikinci yarısından bəri teatr ənənəvi mənada incəsənət sahəsi olmaqla yanaşı, həm də tədqiqat ocağına çevrilib. Bu gün isə teatr ağlasığmaz eksperimentləri, ideyaları sınaqdan keçirən bir elmi-yaradıcılıq laboratoriyadır. Praktik fəaliyyətdə olan aktyor və rejissorların axtarış imkanları fundamental nəzəri araşdırmalar aparan teatrşünaslardan daha genişdir.

İftixarın, ilk növbədə, aktyor, daha sonra rejissor olması onun elmə bir eksperimentator nəzəriyyəçi kimi gəlişini şərtləndirir. “İftixarın qeyri-səlis məntiq teatrı sistemi” ənənəvi ustad-şagird varislik yolu ilə ötürülmür, məhz rejissorun praktiki fəaliyyətinin qənaətlərindən ibarət nəzəri sistem kimi elmi əsərlərində əksini tapır.

 

EPİLOQDAN SONRA

 

Görkəmli teatr xadimi  İftixar Piriyevin 65 illik yubileyi elmi-yaradıcılıq fəaliyyətinin yeni mərhələsinin başlanğıcına işarət edir. Onun təcrübəsi, sənətkarlığı, teatral ideyaları milli səhnə sənətinə yeni üfüqlər açır. Səhnə ustadı İftixarın teatr təşkilatçılığı təcrübəsi, rejissor, aktyor, şair-dramaturq və elmi-tədqiqatçı kimi fəaliyyəti Azərbaycanın intellektual-mədəni irsidir.

 

Yubilyarı təbrik edirik!

Tükənməz sənət eşqi və elmi axtarışlarda yeni nailiyyətlər arzu edirik!

 

Yeganə Əliyeva

AMEA-nın aparıcı elmi işçisi,

kulturologiya üzrə fəlsəfə doktoru, dosent


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!