(Əvvəli ötən saylarımızda)
Fərid HÜSEYN
Fərid Hüseyn
Özü kimilərdən qaçış
(Məcnunun anasının ölümü)
Məcnunun dayısı Səlim Amiri onun yanına gəlir. Çöllərə düşmüş bacısı oğluna paltar, yağlı kökə gətirir. Məcnun dayısına deyir ki, paltar mənim bədənimi yandırır, iştahamsa ölüb, amma gətirdiyin yeməkləri götürəcəm, şirə və marala verəcəm, çünki onlar yemək yedikcə mən doyuram. Bu detal əsərdə heç də təsadüfi xarakter daşımır. Belə ki, Nizami bununla Məcnunun öz varlığından tamamilə əl üzdüyünü göstərir. Məcnunu bu sayaq olmağı eşq öyrədib. Çünki eşq insana başqası üçün yaşamağı öyrədir, ona görə Məcnun heyvanları yedirdəndə doya bilir, insan mənəvi gücü ilə fiziki gücünü bərpa edir. Acgöz, dünyagir insanlarda isə eyni proses əksinə olur: acgöz insan yedikcə acır, tamahkarsa dolduqca boşalır...
Nizami bu əhvalatdan sonra maraqlı bir hekayə də nəql edir. Hekayədə deyilir ki, bir gün şah mağarada yaşayan və bir çəngə ot yeyərək qarnını doyuran zahidi görür, ondan nə üçün belə ağır durumda yaşadığını soruşur. Zahid öz halından razılıq edir, məmnunluğunu dilə gətirir. Bu vaxt şahın adamlarından biri zahidə təklif edir ki, əgər sən də bizim kimi şaha qulluq eləsən, gün ərzində bir çəngə ot yeməkdən, belə səfil dolanmaqdan xilas olarsan. Bu zaman zahid həmin adama öz nəzər-nöqtəsindən xilas yolu göstərərək deyir: "Sən də mənim kimi bir çəngə otla qidalanmağa qane olsan, şaha qulluqdan, ömrünü başqasının xidmətində çürütməkdən xilas olarsan". Nizami, əslində, bu əhvalatla saray şairlərinə də eyham vurur, amma məsələnin özəyi, əlbəttə ki, Məcnunla bağlıdır. Şair bu hekayətlə Məcnuna acıyanların, əslində, acınacaqlı gündə olduğunu göstərir, bu dünyada xürrəmliyin, səadətin mahiyyətinin daxili məmnunluqda, könül xoşluğunda olduğunu açır.
Bu hekayə, əslində, çöldə narahat yaşayan Məcnununmu daha dinc, yoxsa evdə, gözəl şəraitdə ömür edənlərin ruhi rahatlığının meyarları üzə çıxır. Gözəl evdə eşqsiz, ülfətsizmi yaşamaq gözəldir, yoxsa çöldə, biyabanda böyük məhəbbətlə, əlçatmaz eşqlə?! Cavab aydındır...
Məcnun onu yoluxmağa gəlmiş dayısından anasının əhvalını soruşur və Səlim Amiri gedib anasını oğlunun yanına gətirir. Anası Məcnuna eşqin daşını atıb evə qayıtmağı tövsiyə edir. Məcnun anasına deyir ki, mən canımın quşunu qəfəsin qəlibindən xilas eləməyə çalışıram, sən məni evə çağırmaqla tora çəkirsən. Səhrada vəhşi heyvanlarla mahnı oxumaq evdə qaşqabaqlı olmaqdan daha yaxşıdır.
Anası evə gəlir və eynən atası kimi oğlunun yanından qayıdandan sonra dünyadan köçür. Məcnun bu ölüm xəbərindən möhkəm sarsılır və özünü həmin aqibətə bais hesab edir. Sanki Məcnun onu dünyaya gətirən birinin dünyadan köçməsinə səbəb olduğunu özünə bağışlaya bilmir.
Və Nizami bu ölümləri nə üçün bu qədər faciəvi əks etdirir? Çünki bu ölümlər dünyadan dördəlli yapışan, ondan əl çəkmək istəməyən sadə insanların aqibətləridir. Ona görə də onlarla bağlı əzablar da şiddətli olur. Sərvət toplayanlara Nizami mıxyığan deyir. İnsanlar çox zaman öz canının zəkatını alır həyatdan. Amma zəkat topladıqca özünü aciz yox, şah sanır. Dünyada əksər insan özü kimisinə möhtacdır. Nə qədər ki insan özü kimisinə möhtacdır, o vaxta qədər qara torpaq ölüm vasitəsilə onların eyiblərinin üstünü örtəcək. İnsanın özünüdərkində ən ağlabatan nəticə sonda heç olmasını dərk etməsidir. Allah eşqi ona görə var ki, insan özükimilərə tabe olmasın. Anasının və atasının təkidi ilə Məcnunun evə qayıtmaması həm də özükimilərə tabe olmaması, dünyaya üsyanı ilə bağlıdır. Bu dünyada aş yeyəni xilas etmək lazımdır, ot yeyəni yox, amma dünya əksini düşünür, aş yeyən şahın qulluğundadır, ot yeyən Allahın. Ona görə də Məcnunu xilas etmək yox, Məcnunu o həyatdan ayırmaq istəyənlərin özlərini yaşadığı reallıqlardan xilas etmək lazım idi. Nizamiyə görə insanlar ona görə acizdirlər ki, heç zaman iradələrini sınamırlar, bilmirlər ki, onlar hansı dözümün sahibidirlər. Əksinə, haçansa nəyəsə dözülməli, tablamalı vəziyyət yarananda o sınaqdan rahatlığa qaçırlar. İradəsini sınamamış insanlar eşqin bütün əzablarına dözən, öz içindəki məhəbbət qüdrətini bütünüylə üzə çıxaran Məcnunu necə anlaya bilərlər? Bütün həyatı boyu özündən qaçmış insanlar özünü tapmış insanı necə başa düşə bilərlər?
Məcnunu evə aparmaq istəyənlərlə, Nizamini saraya çəkənlər arasında ciddi əlaqə var. Nizami öyüdçülüyü ilə çox zaman qəhrəmanlarından yuxarıda dayanır deyə, onu öz yaratdığı obrazlara bənzətmək çətindir, amma yuxarıdakı analogiyada evə qayıtmayan Məcnunu saraya getməyən Nizamiyə, ot yeməyi ət yeməyə dəyişməyən zahidi Nizamiyə bənzətmək heç də çətin deyil.
Ölü ölüyə necə ağlasın?
(Məcnunun atasının ölümü)
Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərində Məcnunun atası öləcəyini hiss edəndə oğlunun yanına gəlir, ondan təvəqqe edir ki, evə qayıtsın, təmiz paltarlarını geyinsin, onsuz da, övladı öz muradına çata bilməyib, barı, muradı ondan asılı olanların - doğmaların arzularını gerçəkləşdirsin.
Məcnun öz el-obasını tərk edərək səhraya düşüb, əslində, yaşadığı yerlər ona qürbətdir. Amma Məcnun qürbətin ağrısını, çətinliyini hiss etmir, çünki eşq onun yaddaşını tamamilə əlindən alıb. Ona görə də o, atası yanına gələndə valideynini tanımır, yurdunu yada sala bilmir, axı eşq onun hafizəsini bada verib. Eşq vadisində zaman, məkan anlayışı yoxdur. Atası tanışlıq verəndən sonra Məcnun onu qismən tanıyır. Öz yaddaşsızlığından gileylənən Məcnun heç dünən nə yediyini belə xatırlamır, nəinki atasının hansısa sualını cavablandıra, həqiqətən də, onun oğlu olduğunun fərqindəliyini büruzə verə. Etiraf edir ki, ondan nəsə soruşanda cavab verə bilmir, çünki ünvanlanan sual hafizəsində qalmır, ona görə də onu qınamasınlar ki, atası yaddaşından silinib, hətta yaddaşının özü belə vücudundan çıxıb, daha o, insan dünyasından uzaqlaşıb vəhşət aləminə qapılıb. Vəhşət isə vəhşilərin məkanıdır, insanın yox, dünyası alt-üst olmuşa ən yaxşı yer xarabalıqlardır. Məcnun atasından belə bir rica edir: "Get bir torpaq qaz, oranı qəbrə çevir, əlini onun üstünə qoy və elə zənn et, oğlun ölüb, diriyə ağladığın kimi, ölü üçün də göz yaşları axıt, beləcə, həm də övladından gözləntilərin azalar". Məcnun atasına deyir ki, ey ata, bax, mən sənin öləcəyini düşünüb ağlamaram, çünki mən daha ölüyəm, axı ölü ölüyə necə ağlasın?
Məcnunun atası oğlunun sözlərini dinləyəndən sonra əvvəlcə onunla, sonra isə özü ilə vidalaşır. Nizami, əslində, Məcnun vasitəsilə atanın öz ölümünü qəbul etdiyini göstərir. Atası öləcəyini hiss etsə də, onun öz varisini yerinə gətirmək niyyəti göstərir ki, o bu dünyadan tam mənada ayrıla bilmir. İnsan belədir, öz varisi vasitəsilə dünyada qalmaq, adını aləmdə yaşatmaq istəyir.
Nizami belə bir misal çəkir: quyu ona verilən suyu özündə saxlayır, onun hamısını başqalarına qıymır, amma dəyirman isə ona nə qədər dən tökülürsə, ən xırda qırıntıyacan üyüdüb sahibinə qaytarır. İnsan dünyaya münasibətdə gərək quyu kimi olmaya, dəyirman kimi ola. İnsan bədəninin torpağa qovuşacağına razıdır, amma ruhunun ərşə qalxacağına yox. Nə üçün? Onsuz da, ərşin olan ərşin, yerin olmalısa, yerə qalacaq. İnsan son anında hər iki təslimiyyətlə barışanda daha onun dünyada gözü qalmır. Ömrüboyu övladına öyüd verən ata, Məcnun vasitəsi ilə həyatın bu fəlsəfəsini, qaçınılmazlığını anlayır. Bütün həyatı boyu Məcnun axarından çıxmış həyatı ilə atasına narahatlıq verir, fəqət, Məcnunun sabit əqidəsi, dünya barədə təsdiqini tapmış qənaəti valideyninə ölümün rahatlığını, hüzurunu bəxş edir.
Məcnun atasının ölüm xəbərini eşidəndən sonra üsyan edir, ağlayır, onun məzarı üzərində gecə-gündüz nalə çəkir. Öz əli ilə atasını ölümə göndərən, onu əcələ hazırlayan Məcnunu nə üçün atasının ölümü bu qədər sarsıdır? Axı Məcnun özü atasına deyir ki, sən öləndə ağlamayacağam, çünki mən Leylisiz ölüyəm, ölü isə başqa bir ölü üçün göz yaşı axıda bilməz. Çünki Məcnun üçün asan qəbul edilən öz ölümüdür, ancaq atasının ölümündə o özünü günahkar bilir. Məcnun baiskar olaraq əzab çəkir, baiskarlıq məsuliyyəti onu dirildir, real dünyaya qaytarır və bu dəfə diri ölüyə ağlayır. Məcnun atasının məzarı üzərində nalə edərək deyir ki, sənin nəsihətinə qulaq asmadım, amma sənin ölümün mənə qulaqburmalı öyüd verdi. Bəs Məcnunun atasının ölümündən aldığı öyüd, dərs nə idi? Məcnun anlayır ki, atası onun aqibəti ilə barışandan sonra ölümə rahatlıqla getdi, insan ən sevdiyi insanın aqibəti ilə razılaşanda daha dünyanın gedişatını, mövcudluğu dəyişmək istəmir. Məcnunun mübarizəsinin mayasında isə Leylinin aqibəti ilə barışmazlıq dayanır... Məcnun məhz bunu anlayandan sonra başa düşür ki, özünə varis, davamçı axtaran atası nə üçün Məcnunun aqibəti ilə barışandan sonra rahat şəkildə dünyadan əl götürə bilir. Leylinin ölümündən sonra Məcnunun da dünyadan köçməsi, əslində, Leylinin aqibəti ilə Məcnunun barışmasından irəli gəlir...
İki üzün birliyi
(İbn Səlamın ölümü)
Nizami Gəncəvi "Leyli və Məcnun" əsərində Leylinin əri İbn Səlamın ölümü hissəsini yazarkən qeyd edir ki, kağızın iki üzü var, bir tərəfində tədbirdir, yəni həyatın sənə qurduğu planlar, önündə açdığı dolanbaclı yollar, o biri tərəfində isə təqdir, yəni səni ucaldan, yolunu açan, sənə xeyirlər gətirən istiqamətlər.
Yəni Leylinin İbn Səlama nəsib olması həyatın onun üzünə gülməsi, bəxtin təqdiridir, amma bu izdivacın onun ölümünə səbəb olması isə taleyin onun aqibəti üçün tökdüyü tədbir, qurduğu məkrli plandır. Nizami Leylini xəzinə, İbn Səlamı o xəzinənin ətrafında hasara çevrilmiş ilan kimi təsvir edir. İlan həm xeyirin, həm də şərin ortaq təmsilçisidir.
İbn Səlam Leylini gecə-gündüz güdür, onu daim qısqanır. Leyli ona görə də nakam eşqinin dərdinə dala bilmir - doyunca ağlayıb ürəyini boşaltmaq fürsəti tapmır. Leylini bu hala salan zamandır, çünki dövranın tələblərinə görə ərli qadının başqası üçün qanlı yaşlar axıtması yaraşmaz işdir.
İbn Səlam sağalmaz dərdə düçar olur - onun müvazinət şüşəsi qırılır. Leyli istəmir ki, əri belə aqibətlə üzləşsin, bu cür sonluq onun ürəyini acıdır. Fəqət, Leyliyə ağlamağa fürsət verməyən zaman İbn Səlamın ölümü ilə onun önündə özünüifadə üfüqü açır. Leyli əri ölmüş qadın kimi ağlayır, amma ürəyində Məcnunun eşqini anaraq nalə çəkir. Bir sözlə, İbn Səlam Leylinin həm hisslərini buxovlayan, onları aşkar büruzə verməyə mane olan, həm də açan biri kimi yadda qalır.
Nizami İbn Səlamın yas günlərini əhatəli təsvir edir. Həmin dövrdə ərəblərdə belə bir adət varmış ki, qadının əri öləndən sonra o, bir müddət heç kəsə görünməzmiş. Həmin müddətdə qadın gecə-gündüz öz dərdini çəkərmiş. Çünki əzizini itirmiş insan başqalarının əhatəsində tam mənada öz duyğularını aça, dil deyə, nalə çəkə bilmir. Leyli əri İbn Səlamı itirsə də, həmin adətdən istifadə edərək gecə-gündüz Məcnun üçün ağlayır.
Zeyd İbn Səlamın ölümü xəbərini Məcnuna çatdırır. Məcnun əvvəlcə sevinir, sonra isə bərk kədərlənir. Sevinir ona görə ki, onun "kam karvanının yolunu kəsən" adam dünyadan köçüb, kədərinin səbəbi isə ondan qaynaqlanır ki, oxşar aqibət - Leylinin dərdi ilə ölmək onu da gözləyir.
Zeyd Məcnunun İbn Səlamın ölüm xəbərindən niyə sevinmədiyini soruşanda Məcnun deyir ki, sən xəbəri doğru üsulla çatdırmadın. Dedin ki, filankəs ölüb, amma əslində, deməliydin ki, İbn Səlam ömrünü Leyliyə bağışladı. Çünki Leyliyə xeyir olmayan heç nə Məcnunun ürəyini açmır.
Zeyd bu cavaba əks-arqument kimi xatırladır ki, axı Leyli ilə adını yanaşı yazanda öz adının üstündən xətt çəkmişdin. Onda ikinizin bir adam olduğunu demişdin, bəs indi bu sayaq ayrı-seçkiliyə səbəb nədir? Məcnun aldığı kəsərli cavabla razılaşmaq məcburiyyətində qalır.
Zeydin bu cür mətin cavabından sonra Məcnunun, dostunun onu dərindən anlamasından məmnun qalır. Zeydə deyir ki, adama nəfəs almaq o zaman halal olur ki, onun həmnəfəsi halbilən, hal anlayan, dilbilən olur, əks təqdirdə, insanın əhatəsindəki adamlarla eyni havanı udması, eyni reallıqları bölüşməsi də haramdır.
İbn Səlamın ölümü çoxlarını - cəmiyyəti yanıldan bir aqibətdir. Çünki əsərin bu yerinə qədər hadisələrə real yanaşan hər kəs elə düşünür ki, İbn Səlam ölsə, Leyli və Məcnunun qovuşmasına mane olacaq kimsə qalmayacaq. İbn Səlamın ölümündən sonra Leyli Məcnunla görüşür. Bu görüşdə Məcnunun artıq büsbütün Allaha bağlandığı, Xudaya yönəldiyi üzə çıxır. Məcnunla Leyli vüsalın bir addımlığında olduğu həmin görüşdə Məcnun Leyliyə deyir ki, "sən mənim tapdığımsan, mən sənin itmişin". Yəni tapanla itirənin statusu başqadır, onlar bir yerdə ola bilməz. Məcnun aradan ikiliyin qalxdığını, onların daha bir adam, eyni adam olduğunu dilə gətirir. Bəs eşqdə birlik nədir? Birlik eşq savaşına son qoyan şeydir, sevən iki olanda dava - mübarizə əbədi olur. Sevənlər bir olanda səadət əbədi olur. İkilər birləşəndə ayrılır, bir isə həmişə birlikdədir. Məhəbbət sevənin əlinə elə bir ayna verir ki, aşiq haçan o aynaya baxsa, sevdiyini görür. Həqiqi aşiqlər, səadət əhli aynada özünü yox, sevdiyinin əksini görənlərdir.
(Ardı var)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!