O, həmişə bizimlədir... - İFTİXAR

Xalq yazıçısı Elçinin ruhuna ehtiramla

 

Aldığım qəfil, acı xəbərdən içimdə qara rəngli gur bir səs dəlicəsinə hayqırdı: "Elçini itirdik!"...

Bu hayqırtının rəngi qara olsa da, səsi göy qurşağına bənzər - əlvan idi... çoxsədalı əksolunma silsiləsi qədər saysız-hesabsız idi... sanki göyləri lərzəyə gətirən ildırım şaqqıltısı, göy gurultusu kimi - eynən qeyri-səlis variasiyaların platin qatları tərzdə...

Uzaqdan qulağıma gələn paravoz səsi ardınca çəkib gətirdiyi vaqonların dəmir təkərlərinin ritmi ilə sanki ömrümü döyəcləyərək içimdən keçib gedirdi. İçimdən keçən qatarın taqqıltılarının ömrümü döyəclədiyini, bəlkə də heç döyəcləmədiyini... Tam olaraq nə baş verdiyini anışdıra bilmirdim... Bircə onu bilirdim ki, bu döyəcləmənin zərbələri məni olmazın qədər ağrıdırdı...

Demə, içimi döyəclədikcə ağrılarımı gücləndirən bu qatarın vaqonlarından birində Elçin əbədiyyətə uğurlanırdı...

Yəqin o üzdən içimdə və elə ömrümdə nə baş verdiyini dərk edə bilmirdim... Mən bu uğurlanmanı yalnız hisslərimin, duyğularımın gözü ilə müşahidə etmək iqtidarında idim. Elçin gülümsəyərək bizə əl sallayır və özünəməxsus şəsti ilə bu dünyadan bir qatar keçdiyini işarələyirdi... və nədənsə bir anlıq görünən vəziyyətdən belə bir təəssürat oxunurdu ki, sanki o qatar özü ilə Elçin xəzinəsinin məhək daşı olan bir nəhəng milli sərvət bazasının ruhunu da aparır. Ancaq ruhun getmədiyini, yalnız cismin getdiyini Elçin öz təbəssümündə ifadə edirdi...

Bu təbəssüm...

Elçinə məxsus olan bu təbəssümdə görkəmli bir sənətkarın, ictimai-siyasi xadimin, nəhəng bir şəxsiyyətin, parlaq simaya malik görkəmli yazıçının, ədəbiyyatşünas alimin, mükəmməl publisistik qələm sahibinin, müqtədir yaradıcı mütəxəssisin və müasir dramaturgiyanın ən sanballı nümayəndəsinin, teatr xadiminin, nümunəvi atanın, əvəzsiz dostun və nəhayət, əsl insanın - fundamental bir ziyalının dünyaya, aləmə, cəmiyyətə, ünsiyyətdə olduğu hər kəsə motivasiya leytmotivləri ötürən zəngin bir ovqat cəmləşmişdi...

Bütün bu sadalananları gözlərim önündən keçirərkən əhvalım məni uzun müddət susmağa məcbur qoydu. Sanki düşüncələrimi soyuducuda dondurmuşdular. Bütün meyarlar döndü-döndü, təkrar-təkrar hisslərimin, duyğularımın gözləri önündə canlandı...

Acı xəbəri bir qədər uzaqdan və namünasib əhvalda olarkən aldığım üçünmü, ya xəbərə inanmadığım, ya da yuxu kimi gəldiyi üçünmü... bilmirəm... hər halda donuq şəkildə qalmışdım.

Görkəmli yazıçı ilə, nəhəng dramaturq, teatr korifeyi ilə vida mərasiminə yetişə bilmədiyim üçün taleyin oyununa hiddətlənirdim. Axı mən bu hadisəni heç gözləmirdim. Bir qədər əvvəl "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş ədibin "Stalin" əsərinin qeyri-səlis sistemlə səhnələşmədə "Stalin - İzm"ə çevrilməsi haqqındakı kiçik mülahizələrimlə bağlı fikirlərini bildirərkən və yazıdan duyduğu, hiss etdiyi yeni sistemin çalarlarını incələdikcə tamaşanı çox maraqla və səbirsizliklə gözlədiyini söyləmişdi. Bir də onu söyləmişdi ki, "dissertasiyanı tezləşdir, İftixar... (bir anlıq pauzadan sonra) ...dünyanı bilmək olmur!"... Bax, o acı xəbəri eşidəndə bu iki məsələ ilə bağlı söhbət, ən çox da "dünyanı bilmək olmur!" ifadəsi içimi göyüm-göyüm göynədirdi. Özümü günahkar kimi hiss edirdim. Elçinsiz o işlərin həqiqətən də, nə ləzzəti, nə anlamı vardı?..

Doğrudur, Elçin dramaturgiyası ilə bağlı olan hər iki iş ümumi sənət  məsələsidir və sənət üçündür, lakin hər iki hadisə Elçinin diqqətini çəkdiyi qədər, Elçinin iştirakçı olması əsas da mənim arzum idi. Axı, Elçin sənəti yüksək meyarda bilirdi və onun verəcəyi qiymət mənə bir tütyə olacaqdı. Həm də sənətə gətirilən yeni sistem məhz Elçinin yaradıcılıq xəzinəsinin əntiq məhsulları ilə inşa olunur. Hələ də, "əcəba, mən niyə tələsə bilmədim?" - deyə özümü suçlu hesab edirəm. Bax, bu hal çox ağrılıdır, ağırdır, daşınması çox çətindir. Nolardı, hər şey ürəyimizcə olsaydı!..

Beləcə, bu acı xəbər içimdəki bir çox bizi gözləyən xoş hadisələrin "Elçinsiz nə ləzzəti olacaq" havası ilə içimi hələ də göynətməkdədir...

Elçin müəllim haqqında çox yazmışam. Elmi, publisistik, portret yazılar, iki samballı elmi monoqrafiya... hətta şeir də yazmışam Elçin müəllim haqqında. Onların hər birini böyük həvəs, istək və məhəbbətlə yazmışam. Ancaq bu bir yarpaq yazını yazmaq məni ən ağır zülm daşımaq halına saldı. Çünki Elçin haqqında tamamilə başqa notların melodiyaları üzərində çalışırdım. Hətta bir neçə gün əlim yazıya yatmadı, ancaq içimin ağrıları da yazmağa hövlləndirirdi. Necə yazdığımı bilmədim, bircə onu bildim ki, göz yaşlarım bilgisayarın düymələrini isladırdı, lakin bu da bir illüziya idi. Mənə elə gəlirdi ki, mən ağlamıram, çünki Elçini itirməmişəm... yəni, bu bir itki deyildi, Elçini sanki əbədiyyətə yol alması ilə daha da dərindən dərk edirdim və Elçinin yaradıcılığı və şəxsiyyəti onu yenidən qazanmış olduğuma özünəxas təbəssümü ilə inandırırdı...

Bir anlıq üzərimdə Elçin müəllimin yaradıcılığının qeyri-səlis səciyyələrini, istər nəzəri, istərsə də praktiki təzahürlərlə ərsəyə gətirəcək bir missiyam olduğunu məhz ömrümü döyəcləyən qatarın ritminin bayaqdan bəri içimə diktə etdiyini anladım. Ona görə də, Bakıya dönər-dönməz böyük sənətkarın, nəhəng insanın əbədiyyət evini ziyarət etdim və mini-monoloqumla üzərimdəki Elçin dühasına olan mənəvi borclarımın yerinə yetiriləcəyinə, başladığım işi yekunlaşdıracağıma o nurlu portreti və başım üzərindən boylanan gülümsər ruhu qarşısında, "Ruhun şad olsun, əziz Elçin müəllim, nəhəng sənətkar!" - deyərək, böyük ehtiramla əmin etdim...

Özüm isə inanıram ki, "Elçin teatrı" əhatəsində yeni teatr erasının pillələrinə yeni fundamentlər atılacaq, çağdaş dövr Azərbaycan teatr sənəti bundan sonra daha yeni paradiqmalar qazanacaqdır.

Bu qarışıq ovqatım, qeyri-səlis əhvalım içində əziz Elçin müəllim haqqında vaxtilə yazdığım şeirimin də yeri olduğunu düşündüm. Çünki o ölməz sənətkar həmişə bizimlədir!

***

Azərbaycanın görkəmli ədibi, Xalq yazıçısı Elçini düşünərkən...

 

...Bax!..

dön geri, bir də bax

gecənin qaranlıq gözündən

süd kimi süzülən sabaha!..

Sabahın içindən

bir qatar keçəcək,

hazir ol minməyə,

gecikmə sən daha.

Bu qatar adamla

bir anda dolacaq.

Qatarda yol gedən

yüzlərlə, minlərlə

sərnişin olacaq...

"Tık-çak-tak... tık-tak-tak...

tık-çak-tak... tık-tak-tak..."

Ətrafa yayılan bu nəğmə

qatarın qəlbinin gur səsi,

durmadan yol gedən

zövq ilə oxunmuş

bir ömür nəğməsi.

Dön geri, yenə bax!..

Bu qatar beləcə

zamanın ömrünü

biçəcək anbaan.

Bu fani dünyada

yol gedən qatarda

hamısı sənindir

görduyn nə varsa,

ey İNSAN!..

Şərbətlər süzülüb dolacaq camlara

cürbəcür ləzzətdə,

cürbəcür hikmətdə:

"Salam, mən sizin dayınızam",

"Ah, Paris, Paris",

"Mənim sevimli dəlim",

"Mənim ərim dəlidir",

"Cəhənnəm kirayənişinləri",

"Poçt şöbəsində xəyal",

"Qatil", "Teleskop",

"Mahmud və Məryəm",

"Ağ dəvə", "Ölüm hökmü",

"Şekspir"

və sair...

Burada hər kəsin öz payı olacaq...

Qatarda yol gedən adamlar

hərəsi bir badə alacaq,

badəni başına çəkəcək,

bu dadlı, ləzzətli,

bu şirin, hikmətli şərbətdən

doyunca içəcək!..

Dopdolu bu qatar

durmadan gedəcək...

Bu qatar getdikcə,

qaranlıq gecənin

qaranlıq gözündən

ox kimi şütüyüb

sabaha ötəcək...

Ləzzətli şərbətdən,

hikmətli şərbətdən

doyunca içənlər

məst olub uyacaq,

şütüyən qatarla

gecənin gözündən

şütüyüb birbaşa

gündüzə keçəcək.

Gözləmə, sən də iç,

O nurlu sabaha

qatarla sən də keç.

Dopdolu bu qatar

zamanın ömrünü

zəmitək biçəcək...

İşığa tuşlanıb

işıqdan nur alan qatarın bu yolu...

Elçindən-Elçinə

qatarlar keçəcək

dünyadan dopdolu...

Bax!..

dön geri, bir də bax,

bir də gör işıqdan nur alıb,

işığa tələsən bu yolu!..

 

17 may 2012-ci il. Saat 10:35

 

Naftalan şəhəri. Sehrli Naftalan sanatoriyası. 08.08.2025. Saat 13:08

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!