Gənclik təbiətin zarafatıymış və yaxud Gecə harda yatdığını sən bilirsən, Səhər harda oyanarsan, Tanrı bilər... - Vasif SÜLEYMAN

 

Türk dünyasının azman şairi Məmməd İsmayıl Haqqa qovuşdu. Ömrün çalın-çarpaz yollarında ağayanalığını bir an itirməyən sözün böyük oğlu Məmməd İsmayıl Tanrı dərgahında öz məqamına yetdi.

Poeziyanı duyduğum, sevdiyim və ara-sıra nəsə yazmağa başladığım vaxtdan 45 ilə yaxın vaxt keçir. Bu zaman kəsiyində mənim sevdiklərim arasında birmənalı olaraq ən yüksək zirvədə olanı Məmməd İsmayıl olub. Məni tanıyanların hamısı bilib bunu, təkcə Məmməd İsmayıldan (şəxsi tanışlığımıza qədər) başqa. 

Nədənsə mətbuatda bir oxucu sevgisinin reklamına ehtiyac duymamışam. Düşüncəmə görə ilahi rəğbətin, ilahi sevginin bir özəlliyi də onun pünhan qalmağındadır. Bu qırx ildə ilk dəfə  iki dəfə onunla üzbəsurət olmuşam, o da 2009-cu ildə, "525-ci qəzet"də mənim "Eşq ol, dərgahına səcdəyə gəlim" kitabım haqqında "Növbədənkənar yazı"sı çap olunandan sonra. Minnətdarlığımı bildirmək  istədim. Mən onu tanımadan sevdiyim kimi, o da məni şəxsən tanımadan kitabım haqqında ürək sözlərini yazmışdı.

Bu yazını yazanda yenidən Məmməd İsmayılın hər hansı kitabını açıb vərəqləmədim, yaddaşımda olanlara istinad edirəm (ona görə də bəzi misralarda hər hansı söz və ya şəkilçi dəyişikliyi olsa, üzürlü sayın). Çünki məni tanıyanlar Məmməd İsmayıl poeziyasını bir səcdəgah kimi qəbul etdiyimi yaxşı bilirlər (onu belə sevən tək mən deyiləm ki...). Amma bir çoxlarından fərqli olaraq, mən sevgimi, rəğbətimi ürəyimdə böyütməyi də bacarıram. Nə isə... Bunların mətləbə, bəlkə də az dəxli var. Başqa bir sevgili dostumuz Musa Ələkbərlinin Məmməd İsmayıla yazdığı şeirin misraları hələ qulaqlarımdadır: 

 

Gəl, gün işığı tək aləmə yayıl,

Ərzin hər yerində seçilib-sayıl.

İtməz yaddaşlardan Məmməd İsmayıl,

Fərqi yox, görünmə, görün, a Məmməd.

 

Məmməd İsmayıl o şairlərdəndir ki, onun oxucusu olmaq da məsuliyyət tələb edir. Bu poeziyanın yanından ötəri bir nəzərlə və yaxud sükutla keçmək, sadəcə olaraq, sayğısızlıqdır. Ən azından zövqlü oxucusansa, şeirlər özü səni dayanmağa və düşünməyə məcbur edəcək:

 

Dünyaya gəlişin bircə an ola,

Gələsən, barını dərib gedəsən.

Taledən əlində bir imkan ola,

Kefin istəyəndə gəlib-gedəsən.

 

Yaşamaq olurmuş bunun harası?!

Elə qərib gəlib, qərib gedəsən.

Tanrım, o dünyaya bir özgə yol yox,

Elə hökmən gərək ölüb gedəsən...

 

Məmməd İsmayılın Azərbaycanın mədəniyyət tarixində əvəzsiz  xidmətləri çox olub. Təkcə "Gənclik" jurnalı mətbuatımıza demokratik düşüncə tərzini gətirməklə Məmməd İsmayıla bu xalqın yaddaşında əbədi qalmağa haqq qazandırıb. Təkcə "Aman təklik əlindən" poemasına görə Məmməd İsmayılı şair kimi bir ömür sevmək olar. Təkcə Analar qınından sıyırıb bizi, qoymuşdu nəfsinnən öz arasında misralarına görə Məmməd İsmayıl - mən bu xalqın qarşısında bacardığımı etmişəm, - deyə bilər. Bu "təkcə"lərin sayını o qədər artırmaq olar ki... Amma Məmməd İsmayıl bunu  demədi. Səksən yaşında da başından ilahi duyğular əskik olmadı:

 

Gedərsən, məchula yol gedər gedən,

Qürbət bir açılmış sirdən başlayır.

Burnunun ucunu göynədən vətən

Yadından çıxdığı yerdən başlayır.

 

Və yaxud:

 

Şirinliyi hardan alır,

Bal nə bilsin...

Sora bilsən,

Gedib soruş, arı bilər.

Gecə harda yatdığını

Sən bilirsən,

Səhər harda oyanarsan, Tanrı bilər.

 

Məmməd İsmayılın bir çox şeirləri xalqın dilində az qala aforizm kimi səslənməkdədir.

 

...Bu gün Bethoveni çaldılar sazda,

Hələ yaşamağa dəyər bir az da...

 

***

...Bir adam yol gedir bizdən qabaqda,

Yaxşı ki, dünyaya cığır açan var...

 

***

...Bir yetim haray var, gəzir dünyanı,

Görəsən, hardadı anası ölmüş...

 

***

...Qırdım öz əhdimi mən bilə-bilə,

Haqqın var, yanımdan keç gülə-gülə.

Əriyim oduna qoy gilə-gilə,

Mən səni sevmişəm səndən xəbərsiz...

 

Bir ara Məmməd İsmayılın az çap olunduğu vaxtlar da oldu. Bəlkə də başını götürüb getdiyi vaxtlar idi. Amma mən onu hər gün oxuduğumdan az çap olunduğunun fərqində olmamışam. Elə bilmişəm ki, Məmməd İsmayıl hər gün çap olunur və mən də hər gün oxuyuram:

 

Şəfəqlər önündə bulud qatıymış,

Səhər yox, günəşin bathabatıymış.

Gənclik təbiətin zarafatıymış,

İlahi, bu boyda zarafat olur?..

 

Hardasa otuz il əvvəl yazdığı şeirlərdəndir. Ömrün "zarafat" adlandırdığı kəsiyində Məmməd İsmayıl bir ömür seviləcək qədər oxucu sevgisi qazandı. Özü də təkcə canından artıq istədiyi türk dünyasında deyil, mütərəqqi bəşərin cəm olduğu çox yerdə. Kim nə deyir-desin, onun ömrünün müdriklik çağını belə gümrah, eşqlə yaşamasının əsl səbəblərindən biri məhz qazandığı oxucu sevgisi idi...

O, bir çox yaradıcı gənclərə hərtərəfli güvənc yeri olub. Beyləqanda yaşayan, son vaxtlar mətbuatda tez-tez çap olunan gənc şair Elməddinin Məmməd İsmayılla məktublaşmasına vasitəçi oldum. Özünün etirafına görə, Məmməd İsmayıldan cavab məktubu alanda, ifadə eləyə bilməyəcəyi bir ovqatda idi. Üstəlik də, onun şeirlərini bəyənmişdi. O vaxt Məmməd İsmayılın yetmiş beş illik yubiley tədbirinin başlanmasını ana balasını gözləyən bir sevgi ilə, həyəcanla gözlədi. Çünki onun Məmməd İsmayılla şəxsən tanış olması üçün imkan yaranmışdı. Budur şairə olan əsl oxucu sevgisi. İndiyə kimi aldığı saysız-hesabsız ödüllərin başında duran mükafatdır bu sevgi. Elməddinin Məmməd İsmayıla həsr etdiyi şeiri də çox ibrətamizdir:

 

Buluddan ayrılıb qopanda damla,

Yağışı səsindən tanımıramsa,

Ağzını açanda paxıl adamlar

Bircə kəlməsindən tanımıramsa,

"Mən şair deyiləm, atam-qardaşım!"

 

Canındakı ilahi eşqi, başının üstündəki Allah sevgisini ömrünün sonuna kimi qoruyub saxlayan Məmməd İsmayılın öz sözləri ilə desək, əvvəlin sonu olduğu kimi, sonun da əvvəli var. Bu, daha müqəddəs, haramından halalına maya yetişməyən  bir başlanğıcdır:

 

Haramdan halala yetişməz maya,

Mən bu ümiddəyəm, bu inamdayam.

Qəm yemə, kainat dönsə damlaya,

Axırda damla da kainat olur.

 

...Zamanından, yerindən asılı olmayaraq harda XX-XXI əsr Azərbaycan ədəbiyyatından söhbət düşəcəksə, orda məkanı cənnət olmuş Məmməd İsmayılın adı qırmızı xətlə keçəcək.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!