Dünyada ən çox tərcümə edilən 10 müəllif - Nilufər HACILInın təqdimatında

 

 

Dünyanın ən çox tərcümə olunan 10 yazıçı, əsərlərinin universallığı sayəsində fərqli mədəniyyətlər arasında geniş oxucu kütləsinə sahib olub. Bu yazıçılar arasında Aqata Kristi, Lev Tolstoy və Qabriel Qarsia Markez xüsusi seçilir. Onların dərin mövzu və zəngin personajlarla dolu əsərləri müxtəlif dillərə tərcümə edilmiş və bütün dünyada rezonans doğurmuşdur.

Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən son statistikalara istinad edilərək tərtib edilən ən çox tərcümə olunan 10 müəllifi təqdim edirik.

 

 

 

1. Aqata Kristi

Dünya şöhrətli detektiv yazıçı Aqata Kristi ""Şərq Ekspresi"ndə Qətl", "Nildə ölüm", "On zənci balası" də daxil olmaqla əksər əsərlərilə böyük uğur qazanıb. İngilis dilindən 7236 tərcümə ilə onun əsərləri beynəlxalq fenomenə çevrilib. İlk kitabını cəsarətlə yazan Kristinin kitablarının 2 milyarddan çox nüsxəsi var.

 

2. Jül Vern

Elmi fantastika yazıçısı kimi uğur qazanan Jül Vern daha çox "Yerin mərkəzinə səyahət", "Kapitan Qrantın uşaqları", "80 gün dünya ətrafında", "İyirmi min lye su altında" romanları ilə tanınır. Fransız dilindən 4751 tərcümə ilə Vernin kitabları həm elmi, həm də ədəbi əsərlərə təsir göstərib.

 

3. Vilyam Şekspir

İngilis dilindən 4296 tərcümə ilə Vilyam Şekspir bütün dünyada saysız-hesabsız pyesləri, şeirləri və sonetləri ilə tanınır. Onun ən məşhur əsərləri içərisində "Hamlet", "Otello", "Romeo və Cülyetta", "Kral Lir" əsərlərinin adını çəkmək olar. Dünyanın ən böyük ingilis yazıçısı sayılan Şekspir ədəbiyyatda və teatrda silinməz iz qoyub.

 

4. Enid Blayton

600 milyondan çox kitabı satılan uşaq yazıçısı Enid Blayton bir müəllif olaraq böyük uğurlar qazanıb. Onun ən məşhur əsərləri "Noddi" və "Məşhur beşlik" də daxil olmaqla ingiliscə əsərlərinin 3924 tərcüməsi var.

 

5. Barbara Kartlend

723 roman müəllifi olan romantik yazıçı Barbara Kartlend dünya oxucusuna daha çox "Ürəyə qılınc", və "Fransada heyranlıq" romanları ilə tanışdır. Onun ingilisdilli əsərlərinin 3652 tərcüməsi var. Viktoriya dövrü romantikasına xüsusi diqqət ayıran Kartlend bir il ərzində ən çox kitab yazan adam olaraq Ginnesin Rekordlar Kitabına da düşüb.

 

6. Daniel Stil

İngiliscədən 3628 tərcümə ilə 6-cı yerdə qərarlaşan başqa bir romantik yazıçı Daniel Stildir. Yazıçı beynəlxalq bestsellər arasında birincilərdəndir.

 

7. Vladimir Lenin

Kommunist Partiyası və bolşevik inqilabının lideri kimi Vladimir Lenin qələmi ilə bütün dünyada çox böyük siyası təsir yaradıb. Rus dilindən 3593 tərcüməsi olan yazılarına "İmperializm", "Kapitalizmin ən yüksək mərhələsi" və "Dövlət və inqilab" kimi yazıları daxildir.

 

8. Hans Kristian Andersen

Uşaq yazıçısı kimi Hans Kristian Andersen dan dilindən (danimarkaca) 3520 tərcümə ilə uğur qazanıb. Yazıçı, "Kiçik su pərisi", "Qar kraliçası", "Çirkin ördək balası" və "İmperatorun yeni paltarları" kimi hekayələrdən ibarət Andersenin nağılları ilə tanınır.

 

9. Stiven Kinq

Stiven Kinqi ingiliscədən 3357 tərcümə ilə ilk 10-luqda görmək heç də təəccüblü deyil. Bütün zamanların ən məşhur triller yazıçılarından biri olan Kinqin əsərləri 350 milyon nüsxədən çox tirajla satılıb, onun bir çox kitabları əsasında filmlər çəkilib. Yazıçının ən məşhur əsərləri arasında "Parıltı" və "Ölü Zona"nı qeyd etmək olar.

 

10. Yakob Qrimm

Alman ədəbiyyatının və alman arxeologiyasının qurucusu sayılan Yakob Qrimmin almancadan 2977 tərcüməsi olan, bəzilərini qardaşı Vilhelm Qrimm ilə birlikdə yazdığı çoxlu kitabları var. İkisi birlikdə "Yatmış gözəl", "Hansel və Qretel" kimi məşhur hekayələri qələmə alan qardaş yazıçılar Qrimm qardaşları kimi tanınan yazı qrupunu yaradıblar.

 

UNESCO-nun reytinq cədvəlinə daxil olan bu müəlliflərdən başqa, saysız-hesabsız başqa yazıçılar da tərcümə vasitəsilə əhəmiyyətli dərəcədə çox oxucu kütləsi qazanıblar. Məsələn, Harri Potter seriyası ilə böyük uğur qazanan Coan Roulinq də dünyada ən çox tərcümə olunanlardandır. İngiliscədən 74 dilə tərcümə olunan seriyanın ilk kitabı "Harri Potter və fəlsəfə daşı" xüsusilə böyük rəğbətlə qarşılanıb.

 

Hazırladı: Nilufər Hacılı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!