"Adamın adamı" - tamaşadan sonrakı düşüncələr - Samirə BEHBUDQIZI

 

Düşüncələrin bir qismi birbaşa və bilavasitə tamaşanın özünə aiddir, bir qismi isə tamaşadan doğan təəssüratın (ya bəlkə "təəssüratsızlığın" desəm, daha dəqiq olar?) düşüncə, qənaət gəzişmələridir. Anarın "Adamın adamı"  satirik komediyası teatr rejissorları üçün çox əlverişli və ən əsası aktual qayəli mənbədir. Əvvəla, teatr sənətimizin (kino və televiziyamızın da, təbii ki) sərrast, düşündürücü, məzmunlu komediyaya, xüsusən, satirik komediyaya çox böyük ehtiyacı var. Teatr sahəsində tək-tük qənaətbəxş quruluşları çıxmaq şərtilə, bu ehtiyac artıq neçə illərdir ki, təmin edilmir. Ciddi yanaşma müşahidə edilmir bu janra. İkincisi, istedadlı və bacarıqlı insan resurslarından vaxtında və yerində istifadə edilməməsi, "istedadı, bacarığı olanları qabağa çək, onlara yol aç, istedadsızlar, bacarıqsızlar özləri özlərini qabağa da çəkəcəklər, yol da açacaqlar" nəsihətinin əksər hallarda tərsinə işləyib əksinə meydan suladığı, peşəkarların yeganə dəyərinin təqdir dolu sözlərdə, bolluca təriflərdə qalıb karyera yüksəlişi, layiq olduğu imtiyaz və mükafatlar əvəzinə ,iki-üç nəfərin yerinə çalışdırılıb bir nəfərin ödənişinin rəva görüldüyü (əslində təqdir dolu sözlər və bolluca təriflər elə bu məsədi güdür) reallığa pyesdən gələn imkanlar sayəsində çox asanlıqla kəskin və eyni zamanda nəfis səhnə quruluşu vermək olardı - bariz nümunə, əyani sübut olan Fağır Bağır obrazını şaxələndirib inkişaf etdirməklə, Tərs Tahirlə (Əməkdar artist Şövqi Hüseynov) At Balaxanım (Gülcahan Salamova) xarakterlərinin missiyasını gücləndirməklə.

Akademik Musiqili Dram Teatrında Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun qoyduğu "Adamın adamı" tamaşasının yaradıcı heyəti  "komediya ciddi yanaşma tələb edir, yalnız belə yanaşma sayəsində bu və ya digər komik əsər ən pis halda lağlağı, ən yaxşı halda ötəri, özü də yumor hissindən məhrum lətifə dəyərsizliyindən sığortalana bilər", belə demək mümkünsə, xəbərdarlığına o qədər də diqqət və məsuliyyətlə yanaşmayıb. Məlumat üçün bildirək ki, teatrın kollektivi artıq ikinci dəfədir ki,  bu əsəri səhnəsinə gətirib - 2005-ci ildə Faiq Zöhrabov (1939-2009)  musiqi müəllifi Azərbaycanın Xalq artisti Vasif Adıgözəlov (1935-2008) olmaqla pyesi "Aldın payını, çağır dayını" (süjetdəki bir replikanı əsas götürərək) adı ilə qoymuşdu və beş il müddətində repertuar tamaşası olaraq oynanılırdı.   

Beləliklə, "Adamın adamı"na baxırıq və nə görürük: tamaşa çox qəribə başlayır, hətta deyərdim, amansız - yarıqaranlıq, məchul, ulduzlu, buludlu fəza və bu fəzada "uçuşan" Süsən Sünbüllə (Türkel Tariqperma) Fağır Bağır (Şaban Cəfərov): Quruluşçu rejissor satirik komediyanın ilk səhnəsinə faciəvi melodram kimi quruluş verməyi doğru sayıb, nədənsə və pyesin ən saf, ən başıaşağı, ən mərifətli, ən peşəkar, ən bacarıqlı personajları olan, evsizlik, mənzilsizlik ucbatından neçə vaxtdan bəri nişanlı qalıb evlənə bilməyən, bir-birini hədsiz çox istəyən, dəyər verən Fağır Bağırla Süsən Sünbülü (pyesdə yeganə istehzasız, satirasız, hətta yumorsuz klassik, poetik ayama) artıq bu dünyanın deyil, başqa bir dünyanın adamlarına, Bakının yox, göylərin şəhərinin sakinlərinə çevirib. Bağır Süsəni dilə tutub yola gətirməyə çalışır ki, qayıtsınlar, onu romantik əhvala kökləmək üçün buludların gözəlliyini də qeyd edir. Süsən isə orada onlar üçün çətin keçdiyini, adamsız, "dayısız", arxa-dayaqsız  olduqlarına görə ürəkləri istədiyi kimi işləyə, yaşaya bilmədiklərini, zəhmətlərinin, bacarıqlarının, biliklərinin bəhrəsini görə bilmədiklərini xatırladır, Bağırın bulud hesab etdiyinin isə əslində yeni və yöndəmsiz tikintilərin toz-torpaq dumanı olduğunu deyir. Amma Bağır təslim olmur, yeni tikintilərin həyata da yeniliklər gətirmək ehtimalı olduğunu deyir. Bağır buna inandığı üçün Süsən də Bağıra inanır (ya da inanmış kimi görünür) və onlar qayıdırlar.

Əlbəttə, aydındır ki, rejissorun belə bir dəyişiklik tətbiqi Adəmlə Həvva əhvalatının bir yozumudur. Üstəgəl, pyesin bir səhnəsində personajlardan biri Süsəni "cənnət cücəsi" adlandrır. İstənilən halda belə bir, şahmat dilində desək, gediş, şah effektini o halda verə bilərdi ki, quruluşun sonrakı gedişatı ilə həmahənglikdə, ən əsası isə final səhnəsi ilə harmoniyada davam edəydi. Lakin belə deyil - tamaşa cüzi, fabulaya əlavə çalar verməyən, məna yükünü qabartmayan dəyişikliklərlə, məsələn, alverçi obrazını əlavə etməklə, uydurma "dayılar"ın ad-soyadlarını dəyişməklə, müasir dövrün çox böyük qismi mənasız, uzun-uzadı, keyfiyyətsiz, düşünülməmiş tikinti həşirinin səhnədə canlandırılmaq kimi əlavələri nəzərə almasaq, əsasən,  pyesdəki axar və məzmunda davam edir və sona yetir. Bu halda tamaşanın əvvəlini bu dərəcədə ağırlaşdırmağa, bədbinləşdirməyə, dramatikləşdirməyə ehtiyac yox idi.

Ədəbi materialda pyes çox işıqlı, romantik səhnə ilə - Süsənlə Bağırın görüşü ilə başlayır; Süsən Qubadan qayıdıb və hər ikisinin sevimli bayatısında (Xəncəri işlə yolla, Üstün gümüşlə yolla, Mənə beş alma göndər, Birini dişlə, yolla) deyildiyi kimi beş alma gətirib və eynilə bayatıdakı kimi onların birini dişləyib nişanlısına atır. Qadın, kişi, alma...Bəlli mövzu, məlum detallar... Amma necə ümidverici, nikbin, ülvi, parlaq, oynaq və incə bir əhval!. İnsanın öz simasını, iç dünyasını, o dünyaya daxil olmağa layiq bildiyi kəsin qədrini bilməyin vacibliyinə necə zərif və eyni zamanda güclü bir inam!.    

Akademik Musiqili Dram Teatrının "Adamın adamı" ikihissəli musiqili satira tamaşasında Anarın pyesindəki personajlar olduğu kimi səhnəyə gətirilib. Hər bir obraza bir neçə bucaqdan baxmadan, fərqli tərəflərdən yanaşmadan. Aktyorların əksəriyyəti adət etdikləri şablon oyun tərzindən, öyrəşib vərdişə çevirdikləri mizanlardan, qəlibləşmiş intonasiya və mimikalardan təəssüf ki, kənara çıxmayıblar.  

Bütün bunlarla bərabər haqqında danışdığımız "Adamın adamı" tamaşasının əksər səhnələri müvafiq atmosferli, uyğun ab-havalı quruluşdur - tamaşa XX əsrin 60-70-ci illərinin və konkret olaraq bu pyesin ovqatını tamaşaçıya ötürə bilir. Bu keyfiyyətə nail olmaqda əsas "rol"u birmənalı şəkildə ədəbi materialın bədii tələblərə cavab verməsi, Vasif Adıgözəlovun yazdığı musiqi, dekorasiya və əlbisələr, bir də aktyorların az da olsa, ara-sıra nəzərəçarpan tapıntıları "oynayır". Əvvəlki məqalələrimizdə qeyd etdiyimiz kimi, bu, son dərəcə vacib cəhətdir. Çünki atmosfer, ab-hava olmadan vizual sənət nümunəsi sönük, cansız, ruhsuz təsir bağışlayır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!