Fikrin gül ayələri - Sərvaz HÜSEYNOĞLU

 

Ədəbi qənaətim və təcrübəm daxilində "o şair xoşbəxtdir ki, anlayanı var və yaxud olacaq" - deyə anladanların yanındayam. Bu mənada, imzası ədəbiyyatsevərlərə yaxşı tanış olan Gülayə o xoşbəxtlərdəndir ki, bir söz adamı kimi, anlayanları var. Olub. Olacaq.

Bu anlayanlar, dəyər verənlərin sırasında Xalq şairi Fikrət Qocanın adı başdan gəlir. O, Gülayənin "Yuxunu sulara söylə" kitabına yazdığı ön sözdə onun səmimi, poetik fikrin mükəmməl ifadəsilə izlənən şeirlərindən etdiyi seçmələri belə dəyərləndirirdi ki: "Bu misralar elə bil yüzillərin mahir aşıqlarının yolgöstərənliyi, ifası fonunda yazılıb. Bu yazılanlar qoşma deyil. Qoşmadan bəri elə usta addımdır ki, həm qoşmadasan, həm də qoşmadan bərisən. Gülayənin şeirlərinin havası, havacatı qoşmadadı, quruluşu, fikirlərin tutumu, hərdən ifadə tərzi lap yanımızdadı, bugnkü gəncliklə yanaşıdı..."

Fikrət müəllimin Gülayənin poetik imkanlarını ürək genişliyi ilə incələyən fikirlərini çağdaş türk poeziyasının görkəmli nümayəndəsi Yavuz Bülent Bakiler belə tamamlayır: "Gülayənin şeirlərini içdən gələn nostalji duyğu, diqqət və maraqla, eyni zamanda böyük zövq ala-ala oxudum. Onları ürəyimin səsi olaraq gördüm. Ümumtürk poeziyası müstəvisində bu şeirlər mənə arzu etdiyim zənginliyi və mənəvi yaxınlığı, oxşarlığı ilə doğma gəldi".

Bu deyilənləri şərtləndirən başlıca cəhətlər ondan irəli gəlir ki, Gülayənin şeirləri Vətən, ana torpaq uğrunda yaşaya, eyni zamanda da tarana getmək yolçuluğunun, əbədi eşq vəfadarlığının gerçək, əvəz istəmədən yaşanan şəklini özündə ehtiva edir. Gülayənin poeziyasına ümidli, hər kəsin iç dünyasından davamlı şəkildə süzülüb gələn bir işıq (daha çox da uşaqlıq çağlarımızın nağıllarından süzülüb gələn bir hərarət) hakimdir. Bu mənada onun şeirləri istər məna və məzmun, istər forma axtarışları, istərsə də ifadə tərzi ilə bir arada müəllifinin öz daxili aləmini, poetik ovqatını dolğun şəkildə ifadə etməyə hesablanıb. Ən əsas olan odur ki, Gülayənin simasında sözə həssas, səmimi, bütün pislikləri xeyirə yozan və müasirimiz olan bir şair yaşayır.

Deyək ki, bu istedadlı şairin "Yalan sevmişəm" adlı şeirində təqdim olunan fikrin möhtəşəm, unudulmaz ifadəsi bütün hallarda onun imzasına dolğun maraq oyadır və bu şeirin şahanə ovqatı uzun müddət oxucu yaddaşında cövlan edir:

 

Bağlıdı əhf yolu, barışıq yolu,

Yoxdur bəraəti, bil, bu günahın.

Səbəbi mənliksə, Allah eşqinə,

Öldür, ölümümlə sil bu günahı -

Sevmişəm mən səni, yalan sevmişəm.

 

Ən yaxşı cəhət odur ki, bu şahanə, səmimi ifadə tərzi və poetik ovqat şeirin son bəndlərinə qədər eyni vüsətlə davam edir, yəni sınmır, haradasa qırılıb qalmır:

 

Bircə sevincini bölüm demirəm

Dərdin dərə-dərə bölməmişəmsə...

Bir kərə ölümə ölüm demərəm

Bir anda min kərə ölməmişəmsə -

Sevmişəm mən səni, yalan sevmişəm.

 

Gülayənin "Qorxuram sağalam bu xəstəlikdən" şeirinə də eyni ruh diriliyi hakimdir. Onun özünəməxsus poetik ifadə tərzi bu şeirin lirik ovqatıyla həmahəngdir:

 

Qorxuram sağalam bu xəstəlikdən,

Ayrılam dərdimdən, dərmanlarımdan.

Qorxuram sağalam, çıxıb gedəsən,

Ayrıla, can gedə, canın, canımdan.

 

Nə xoş ki, aşiq öz könül dostunun düçar olduğu mərəzdən xilas olmaq üçün hər cür fədakarlığa qatlaşır. Nə xoş ki, məşuq da bu fədakarlığın qarşılığında çəkdiyi ağrılara, əzab-əziyyətə belə minnətdardı. Bu, pərəstişə layiq bir yaşam tərzidir. Eynilə, Füzuli ruhunun, düşüncəsinin çağdaşlığımızda (və poeziyamızda) ömür edən, təkrarlanan bir üzvü kimidir. Sevilənin mərəzdən xilas olmamaq arzusu bütün təbiiliyilə bu şeirdə öz ifadəsini tapıb:

 

Qorxuram sağalam bu xəstəlikdən,

Soruşan olmaya məndən "necəsən?"

Qopa məhvərindən, dünyam yıxıla,

Yanımdan yad kimi gəlib keçəsən.

 

Poeziyanın bütün umacaqlardan yuxarıda dayanan pak nəfəsi Gülayənin şeirlərində aydın duyulur. Onun şeirləri bütün hallarda haçansa dinlədiyimiz və unuda bilmədiyimiz nağıl, layla effekti doğurur. Bu ovqat onun poetik dünyasında şeirdən-şeirə təzələnir, biri o birini çəkib gətirir. Gülayənin şeirlərini bu yöndən incələyən görkəmli tənqidçi Vaqif Yusifli onun yaradıcılığına həsr etdiyi "ədəbi həyat" məqaləsində yazır: "Gülayənin bütün mövzularda yazdığı, xüsusilə, sevgiyə həsr etdiyi şeirləri bitməyən, sonra məlum olmayan bir yolu xatırladır. Bu yol sevən qadını xəyallar qoynuna da uçurur, gerçəkliyə də qapandırır. Amma çıxılmazlıq yaratmır. Çünki "Şəmin ki, həyatı oldu atəş, Halı onu atəşlədir xoş" (Füzuli). Yanmaq xoşdur, bilsən ki, kimin oduna yanırsan. Ona görə də Gülayənin qəhrəmanı sənlə sənsizlik arasındakı o yoldadır..."

Qardaş Türkiyənin baş şəhəri olan Ankarada fəaliyyət göstərən "Gülnar" yayım evi yaxın günlərdə Gülayənin "Bağışla" adlı şeirlər kitabını nəfis şəkildə çap edib. Kitabın naşiri və tərtibçisi şair Hamit Köksoy eyni zamanda yeni nəşrə "Sevginin bədəli ağırdır bəzən" adlı əhatəli ön söz yazıb. Eyni zamanda ədəbiyyatşünas alim Maarifə Hacıyevanın "Şeirin cazibəsi" adlı məqaləsi də "Bağışla"nın növbəti səhifələrində yer alıb, Maarifə xanımın qənaətləri belədir ki: "Könlün yolları, qəlbin təlaşı, eşqin cazibəsi, məhəbbətin qüdrəti, səbrin dəyanəti, insanın xisləti Gülayənin şeirlərində bütün parametrləri ilə oxucuyla doğmalaşır, ona həmdəm olur. "Mən onun şeirlərindəki dərin düşüncəni, misralarındakı fəlsəfəni və cazibəni təqdir edirəm..."

Gülayənin misralarıdı:

 

Açıq qoy yuxunun qapılarını,

Sirli səmalardan seyrə gəlmişəm.

Yozacaq yuxumu yuxuyozanlar,

Hər zaman yuxuna xeyrə gəlmişəm.

Poeziyası da bu ovqatdadı. Məramı belədi; yaxşılığa, milli dəyərlərə yol açır. Pak eşqi, vəfadarlığı tərənnüm edir.

Onun şəhid ruhu, şəhid ucalığı önündəki sayğı duruşu belə misralanıb;

 

Biçilibdi boyuna Vətən haqqı,

yurd haqqı,

haqladığın hər haqdan

sənin ətirin gəlir.

Əllərini açmısan Allahın dərgahına,

Yerdən, göydən, Allahdan

Sənin ətirin gəlir.

...Əllərini görmüşəm Göylərin yaxasında -

Ucaltdığın bayraqdan

Sənin ətirin gəlir.

 

Gülayə belə yazır...

Onun poetik fikrinin gül ayələri misralara belə yansıyır...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!