Aqibətnamə - Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində ölüm məqamları - Fərid HÜSEYN

(Əvvəli ötən saylarımızda)

Fərid HÜSEYN

 

Min özlü kor

(Xosrovun ölümü)

 

Nizami Gəncəvi hər əsərində ölümün mənasını bir cür, fərqli anlamlarda - daha çox yaratdığı xarakterlərin həyat yoluna, şəxsiyyətinə uyğun şəkildə təsvir edir. Əlbəttə, ölüm anlamca yekun fikir olaraq hər insana görə dəyişmir, həyatın labüd sonluğunun özül mənası hər yetən üçün başqalaşmır. Sadəcə, bir sıra hallarda ölümün mənası, inikası yaşanmış həyatın anlamına uyğun şəkildə dəyişir.

Məsələn, Nizami Gəncəvi "Xosrov və Şirin" məsnəvisində Xosrovun ölüm səhnəsini canlandırarkən yazır ki, həmin gecə "zəmanənin min əli də gücdən düşmüşdü, fələyin min gözü də kor idi". Hesab edirəm ki, Nizami barədə danışarkən bədii detallara xüsusi diqqət etmək araşdırma nöqteyi-nəzərincə ümumi işin ziyanına deyil. Baxın, Xosrovun güclü olmasının bir səbəbi onun zəmanəyə münasibətdəki misilsiz qüdrəti idi. Yəni o, şah idi, dövran bir sıra yönləri ilə onun ixtiyarında idi, zəmanənin taleyi az-çox, həm də ondan asılı idi. Fələk isə göydə öz adətincə dövran etməkdəydi, fəqət, daha kitabı bağlanmış, əcəli çatmış Xosrova hifzedici nəzərlərlə baxmırdı. Yəni qədərdən xəbərdar olan təbiət hər şeyi daha öncədən bilirdi. Lakin daha Xosrovu göydə və yerdə qoruyacaq - yaşadacaq heç nə qalmamışdı. Ona görə də onu nə keşikçiləri, nə də başqaları qoruya bildi.

İnsan çox zaman özü də bilmədən öz əcəlinə kömək edir, əzrayılının "həmkarına çevrilir". Çoxlarımız sövq-təbii olaraq aqibətimizlə əlbirik. Xosrov da həmin gecə Şirinə nəinki bir zərif ruhlu, incə duyumlu məlaikəni, hətta gönüqalın, haltanımaz divi də yuxuya verəcək çox gözəl bir nağıl danışır. Elə nağıl ki, onun təsirindən, sirayətindən Şirin bal kimi yuxuya gedir - "əsnək, əsnək gətirər", deyiblər. Şirinin yuxusunun şirinliyi Xosrovu da daş kimi yatırdır. Beləcə, onların hər ikisi pəncərəni sındırıb içəri girən qatili - idbar xislətli əcəldarın gəlişini eşitmirlər.

Nizami gözəllər gözəli Şirinin yuxudan oyanmasını qeyri-adi bir bədii detalla təsvir edir. Yazır ki, insan hər gecə səhərin açılmasını umaraq yatır, amma hər səhər isə sübh qiyafəsində kimi gəlmir. Elə səhərlər olur ki, kimlər üçünsə minqat qaranlıqdan daha zülmət açılır... Beləcə, Xosrovun ölümü Şirin üçün səhərin gəlməməsi kimi yaddaşlara hopur...

Və Nizami yenə bir əlahiddə bədii detalla ölüm səhnəsini təsvir edir: Ər-arvad, adətən bədənləri soyuq olarkən bir-birinə toxunanda oyanırlar, ancaq bu səhər Şirini yuxudan Xosrovun isti qanı oyadır. Yəni ölümün işi həyatın ümumi axarını tərsinə çevirməkdir: baxın, görün, nələr tərsinə çevrilir: sübh olur, lakin səhər açılmır, qarşı tərəf bu dəfə soyuqdan yox, istiyə toxunarkən oyanır. İnsan çox zaman ölümü mahiyyətcə həm də ona görə qəbul edə bilmir ki, ölüm həyatla bağlı çox şeyi tərsinə çevirir və bunu olduğu kimi qəbullanmaq çox çətindir. Müsəlman adətinə görə, ölən kişini qadının yuması münasib sayılmır, amma Şirin gülab, müşk, ənbər və kafurla həm Xosrovun qanlı bədənini, həm də öz vücudunu tərtəmiz yuyur. Şirin istəmir ki, Xosrovun qanına əli batmışlar onu son mənzilə yola salarkən yusunlar. Xosrov eşqə görə qanına qəltan olduğu üçün o, eşqin əli ilə də (Şirin vasitəsilə) paklanır.

Yenə əvvəlki detala - nağıl məsələsinə qayıdaq. Onları yuxuya qərq edən danışdıqları, dinlədikləri nağıl olur, yuxudan ayıldan isə eşitmədikləri - sonluğunu gözləmədikləri nağıl - reallıq, ölüm.

Nizaminin nağıl detalı ilə ölümün fəlsəfəsini, həyatın sonluğunun mənasını açması heç də təsadüfi deyil. Çünki Xosrov Şirini sevənə qədər nağıldan, dünyanın hekayətlərindən imtina edərək yalnız öz bildiyi kimi yaşayır, Şirini tanıyandan sonra isə keçib-gəldiyi yolu tamamilə unudub şirin nağıllara aludə olur.

Görünür, insan özünü tamamilə unudanda da, sonra yenidən yaratdığı mənliyinə, təzə kimliyinə büsbütün aludə olanda da əsl həqiqətdən müəyyən qədər uzaqlaşır. Dinlənilən nağıl da, insanı yuxuya qərq edən nağıl da taleyin ayrılmaz bir hissəsidir. Onların hər ikisini nəzərə almaq baş verən hadisələrin fonunda, yəqin ki, vacibdir.

Hər halda, bu dünyada hər kəs sonda öz nağılının qurbanına çevrilir...

 

Əbədi gəlin

(Şirinin ölümü)

 

Nizami Gəncəvi "Xosrov və Şirin" əsərində Xosrov şahın ölümünü xüsusi olaraq mənalandırmır, sanki bilərəkdən ona əlavə anlamlar yükləmir. Yazır ki, nə fərqi var, ölən Xosrovdur, yoxsa Kəsra, ölənin kimliyindən asılı olmayaraq ölüm elə ölümdür. Nizami Gəncəvi ona görə Xosrovun ölümünü bu şəkildə - adidən adi təsvir edir ki, Şirin hələ sağdır və məhz onun dünyadan köçməsi ilə Xosrovun ölümü böyük məna qazanacaq - yəni adi aqibət olmaqdan çıxaraq sevgi nağılına, dillərdə, ellərdə dolaşan əfsanəyə, məhəbbət dastanına çevriləcək.

Şirin Xosrovun dəfnində hər zaman olduğundan daha artıq bəzənir, əllərinə xına qoyur, üstünə müşk-ənbər səpir, sonra da ərinin tabutunun önündə oynaya-oynaya gedir. Bu mənzərəni görənlər elə düşünür ki, Şirin ərinin ölümünə sevinir, bu aqibətdən xoşhaldır. Fəqət, kimsənin ağlına gəlmir ki, Şirin ölümə yürüyür - ərinin yanına gedir deyə səadət içərisindədir. Şirinin fikrincə, bu dünyanın ondan aldığını - sevdiyini ona o biri dünya - axirət evi yenidən qaytaracaq. Nizami insanların yanıldığını nə üçün bunca bariz şəkildə qabardır, cəmiyyətin yanlış münasibətini hansı səbəbdən bu qədər diqqət mərkəzinə gətirir? Çünki insanlar çox zaman kənardan olanlara qiymət verərək hadisələrin daxilinə nüfuz edə bilmirlər, əsl mahiyyətdən uzaq olurlar, ona görə də çox zaman yanlış qənaətlərə gəlirlər. Cəmiyyət Xosrov və Şirinin sevgisini də düzgün qiymətləndirmir, onların bir-birinin yolunda canlarından keçmələrini də.

Xosrovu öldürən oğlu Şiruyə Şirini bəzək-düzəkli, gülər-oynar görəndə elə bilir, Şirinin şadlığına səbəb könlünün onda olması, ona məhəbbətlə bağlanmasıdır. Axı Şiruyə atasını öldürür ki, Şirinə sahiblənə bilsin.

Şirin Xosrovun tabutuna yaxınlaşır və əvvəlcə əli ilə ərinin ciyərindəki yaraya toxunur. Yaranın yerini tam dəqiqləşdirəndən sonra öz bədənində də o yeri tapıb xəncəri ilə həmin nahiyəsində yara açır. Şirinin məhz bu cür bir ölüm üsulu seçməsinin səbəbi nədir? Səbəb odur ki, Şirin yuxuda olarkən Xosrov oğlu tərəfindən öldürülür. Ölüm ayağında Xosrov Şirini yuxudan oyatmağa qıymır deyə o, ərinin yaralı-yaralı nələr çəkdiyini tam mənasında bilmir, dərindən duymur. Ona görə də Şirin ərinin yara aldığı yerdən öz bədənini deşir ki, Xosrovun son anlarında nələr çəkdiyini, hansı ağrılarla dünyadan köçdüyünü tam mənada duya bilsin. Çünki əsl məhəbbət həm də tərəf-müqabilinin - sevdiyinin nələr duyduğunu, hansı ağrıları çəkdiyini hiss etməkdir.

Xosrov öləndə Şirin yatır, Şirin öləndə isə Xosrov ölüm yuxusunda olur. Bu iki ölüm iki əbədi yuxu kimi dünyanın yaddaşına yazılır.

İslamda intihar etmək bəyənilməzdir. Amma İslam ənənələrinə sadiq olan dahi Nizami bu ölümü intihar olsa belə, alqışlayır, hətta bu ölümü nümunə kimi diqqətə çatdırır: yazır ki, "bax, canı canana belə vermək lazımdır". Hətta şair bu ölümü öyərək, böyüklər bu ölümdən xəbərdar olanda üz tutdular Allaha ki, "İlahi, hər damada (bəyə - red.) belə gəlin nəsib elə" yazır.

Və Nizaminin Şirinin intiharına bəraət qazandırması bir başqa fikri ilə də təsdiqini tapır. Xosrovun dəfnində onun bəzənməsi, oynaması, sadəcə, Şirinin iz azdırması - cəmiyyətin fikrini yayındırması ilə bağlı deyil. Yəni Şirinin belə şad olması, sadəcə, cəmiyyətdə o fikri oyatmaq üçün deyil ki, o, xoşbəxtdir, səadət doludur. Çünki Nizami sonda bu dəfnin, həqiqətən də, toy olduğunu bir fikri ilə təsdiqləyir. Yazır ki: "Xosrova bundan yaxşı bir toy ola bilməz". Çünki Xosrov ölümü ilə həm öz sevgisini, həm də qarşı tərəfin ona sevgisini hər kəsə göstərir. Toyun əsas mənası da iki sevənin həqiqi sevgisini göstərmək, təsdiqləmək deyilmi? Yəni Şirinin ölümünü Nizami bir intihar kimi yox, toy, izdivac, əhdə vəfa məqamı kimi təqdim edir.

Şirinin ölümü ilə Nizami ölüm fəlsəfəsini açır. O, bizə acı bir reallığı izah edərək yazır: ölümün əlindən "nə çənbər ilə uçmaq olur, nə də onun düyününü açmaq mümkündür. İnsan dünyaya gəlməzdən öncə yüz növbə gözləyir, əcəl yetişəndə isə hər kəs sırada birinci olur".

Nizami bu məqamda Aristotelin - Əflatunun ölümünü xatırlayıb söyləyir: "Aristotel ölüm ayağında zar-zar ağlayırdı, bunca bilgili, dünyagörmüş bir adamın göz yaşı axıtmasına təəccüb qalanlar soruşurlar ki, nə üçün belə yana-yana ağlayırsan? Deyir, öləcəm deyə ağlayıram. İnsanlar təəccüblənirlər ki, yəqin, ölüm qorxusu ona güc gəlib, deyir yox, ölümdən qorxmuram, ayrılıqdan qorxuram, çünki cismim ilə canım bir-birinə çoxdandır adət eləyiblər, mən öləndə onlar bir-birlərindən ayrılacaqlar, bax, bu ayrılığa görə göz yaşı axıdıram.

Nizami, əslində, bu hekayəti əbəs yerə yada salmır. Bununla ona işarə edir ki, nə Xosrovun, nə də Şirinin ölümü faciə deyil, müsibət olan bir-birinə adət etmiş bu iki varlığın - ruh ilə bədənin bir-birindən ayrılığıdır. Ancaq Nizami iki sevəndən hansının ruh, hansının bədən olduğunu açıq şəkildə demir, gərək o suala biz özümüz cavab tapaq...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!