Güləmail Muradın “Zəka çırağı” kitabı haqqında
Əsəd CAHANGİR
Son illərin ədəbi prosesində özəl fəallığı ilə seçilən, 40-dan artıq kitabı işıq üzü görən tanınmış şair Güləmail xanım Muradın yaradıcılığı iki yöndən diqqəti çəkir - şəhadət tematikası və poema yanrına ardıcıl müraciət. Onun "Döyüş yolları" poeması Sovet İttifaqı qəhrəmanı Müseyib Allahverdiyevə, "Hara gedirsən belə?" Milli Qəhrəman Rafiq Alıcanova, "Gültəkin zirvəsi" Milli Qəhrəman Gültəkin Əsgərovaya, "Şəhid yaşında" Qarabağ savaşı şəhidi Qaratel Hacımahmudovaya, "Zəfərnamə" 44 günlük savaşda qazandığımız qələbəyə, "Nuru Paşa dastanı" türk generalı Nuru Paşaya həsr olunub. Bununla yanaşı, Güləmail Muradın görkəmli dövlət xadimləri, elm və mədəniyyət adamlarına həsr elədiyi poemalar da var. Ümummilli öndər Heydər Əliyev cənablarına "Sən Azərbaycansan", xalq yazıçısı Anara "Dədə Anar dastanı", akademik Teymur Bünyadova "Teymurun səsi", görkəmli ictimai-siyasi xadim, millət vəkili Qənirə Paşayevaya "Qürur dastanı", eləcə də, bu kitabda oxuyacağınız və akademik Nizami Cəfərova həsr olunan "Zəka çırağı" poemaları bu silsilədəndir.
Hansı mövzuda yazmasından asılı olmayaraq, G.Muradın poemaları, eləcə də, "Zəka çırağı" qədim dastan-epos gələnəyi ilə bağlıdır. Bu silsilədən olan digər poemalarında olduğu kimi, "Zəka çırağı"nda da müəllif öz qəhrəmanının həyat yolunun ən vacib saydığı məqamlarını dünyaya gəlişindən ta bugünəcən nəzmə çəkir. Bu onun poemalarına qabarıq görünən epik ton verir. Poemanın, sadəcə, mündəricatına baxmaq bunu görmək üçün yetərlidir: "Proloq", "Körpəlik", "Uşaqlıq", "Tələbəlik", "Müəllimlik", "Zirvə", "Epiloq".
"Zəka çırağı"nın "Proloq"unu görkəmli alimin həyat və yaradıcılıq yolu haqqında poetik üvertüra da adlandırmaq olar. Bu bədii girişdə şair uşaq vaxtından atasını itirən, öz ağlı, istedadı və zəhməti sayəsində elmin zirvəsini fəth edən, millət vəkili seçilən qəhrəmanın ömür yolunun əsas məqamlarına genəl bir baxış eləyir, onu adını daşıdığı dahi şair Şeyx Nizaminin mənəvi varisi kimi tərənnüm eləyir:
Nizami şeirin dahisi idi,
O, elmin, zəkanın günəşi oldu.
Ona ilham verən, ona ruh verən
Ölməz dahilərin atəşi oldu.
Poemanın "Körpəlik" fəslinin əsas qəhrəmanı körpə oğlunun gələcək uğurlarının xəyallarıyla yaşayan Savad anadır. Şairin uğuru ondadır ki, o, ananı əsas qəhrəmana çevirdiyi bu fəsildə bayatını, laylanı xatırladan yeddilik şeir ölçüsünə üz tutur. Lakin daha ilginci oğulun gələcək uğurlarının əsasında ana istəyi, ana arzusunun durmasına dair şair qənaətidir:
Yaxşı ki, arzular var,
Arzu yaşadır bizi.
Öz arzumuzdur yazan
Bizim taleyimizi.
"Tələbəlik" fəslində biz artıq Universitet tələbəsi olan, Mir Cəlal Paşayev, Tofiq Hacıyev, Ağamusa Axundov, Vaqif Vəliyev kimi görkəmli alimlərdən dərs alan, özünün parlaq gələcəyinə dair ustadlarda böyük ümidlər, Osman Ənvəroğlu, Məti Osmanoğlu və digər tələbə yoldaşlarında qürur hissi doğuran gənc Nizami ilə qarşılaşırıq. Müəllif bu barədə fikrini öz qəhrəmanını Fərhada bənzətmək kimi klassik ədəbiyyatdan gələn təşbehlə ifadə eləyir. Sadəcə, Fərhad Şirinin, poemanın qəhrəmanı isə elmin aşiqidir. Digər tərəfdən, xalq arasında Fərhad kimi külüng çalmaq ifadəsi var ki, bu da qəhrəmanın taleyi, ömür yolu və xarakteri ilə gözəl səsləşir:
Hamı bildi ki, elmə
Təzə istedad gəlir.
Külüngü də əlində,
Yeni bir Fərhad gəlir.
Poemanın növbəti - "Sevgi nəğmələri" fəsli bir neçə baxımdan digər hissələrdən fərqlənir. Biz burda qəhrəmanı bir alim, ictimai xadim, ümumən cəmiyyət üzvü olmaqla yanaşı, həm də və daha çox bir fərd, insan kimi görürük. Digər tərəfdən, bu fəslin əsas mövzusu elm deyil, sevgidir. Və nəhayət, bu fəsildə poemaya Savad anadan sonra ikinci qadın və ana, yəni qəhrəmanın həyat yoldaşı - Olya obrazı daxil olur. G.Murad Füzuli kimi "Hər nə varsa, eşq imiş aləmdə/ Elm bir qeylü qal imiş ancaq" deyə elmə nisbətən sevgini müqayisəedilməz dərəcədə üstün mövqeyə qaldırmasa da, insan həyatında onun rolunu yüksək qiymətləndirir. O istər eşq haqqında ümumi qənaətləri, xüsusən də, sevginin alın yazısı və ürək dini olması haqqında fikri, istərsə də, qəhrəmanların zahiri portretlərinin təsvirində klassik poetik ənənəyə söykənir, Nizamidən Hüseyn Cavidə qədər sevgi haqqında yazan müəlliflərə mesajlar göndərir:
Tale çox görməmişdi
Nizamiyə sevgini.
Gördü, vuruldu bir gün,
Eşq oldu onun dini.
Bu fəslin içində xüsusi formada, ayrıca şeir kimi verilən "Olyanın nəğməsi" həm sürətlə bir-birini əvəz eləyən epik olaylara lirik intermediya rolu oynayır, həm də sevgi yoluyla ikiliyin birliklə əvəz olunması, bəşəri sevgidən ilahi eşqə keçid kimi sufi ideyası ilə səsləşir:
Bu eşqin alovunda
İsinirəm, yanıram.
Güzgüyə boylananda
Özümü sən sanıram.
Amma bütün bu lirik-romantik idealizə çabaları ilə yanaşı müəllif müasir insanın ömür yolundakı təbəddülatlar, ziqzaqlar taleyin sınaqlarına da göz yummur, həyatı özünün bütün rəngləri, bütün yönləri ilə göstəməyə çalışır. Finalda ömür triadasının üçüncü mərhələsi başlayır. Oxucu bu dəfə artıq nənə-baba olan, bir-birini övladlar və nəvələrin simasında sevən qəhrəmanların, kamala dolmuş, müdrikləşmiş sevginin, xeyirin şər, ağın qara, müsbətin mənfi üzərindəki qələbəsinin tərənnümü ilə rastlaşır:
Övlad, nəvə sevgiyə
Yeni nəfəs, can verir.
Bədənə ruh, damara
Bir hərarət, qan verir.
Olya ilə Nizami
Baxıb övladlarına
Ruhən dincəlir bu gün.
Ata-ana sevgisi,
Baba-nənə eşqiylə
Onlar biri-birinə
Yenə vurulur bu gün.
Poemanın "Müəllimlik", "Atatürk mərkəzində", "Xalqın elçisi", "Zirvə" kimi fəsilləri görkəmli filoloq alimin pedaqoji fəaliyyəti, özündən sonra yeni nəsil alimlər yetişdirməsi, ulu öndər Heydər Əliyev tərəfindən yeni açılan Atatürk Mərkəzinə direktor təyin edilməsi, millət vəkili seçilməsi, nəhayət, akademik adı alması kimi mühüm məqamlarla bağlıdır. Poema müəllifinin təqdimində Nizami Cəfərovun istər bir pedaqoq, alim, direktor, akademik, millət vəkili, istərsə də, ailə başçısı, ata, vətəndaş, insan kimi həyat fəaliyyətinin bir ümumi ideya istiqaməti, bir ana xətti var - milli özünüdərk! O, istər "Füzulidən Sabirə qədər", "Eposdan kitaba", "Genezisdən tipologiyaya", "Ədəbiyyat söhbətləri", "Molla Pənah Vaqif", "Səməd Vurğun və Səmədoğlular", "Mir Cəlalın milli idealları", "Anar", "Bəxtiyar Vahabzadə", "Ümumi dilçilik", "Türkologiyaya giriş", "Cənubi Azərbaycanda ədəbi dil", "Azərbaycan: dil, ədəbiyyat və mədəniyyət", "Azərbaycanşünaslıqdan türkşünaslığa", "Ədəbiyyatdan siyasətə", "Heydər Əliyev və Azərbaycan", "İlham Əliyev", "Türk dünyası: xaos və kosmos" və sair çoxsaylı tədqiqlərində, istər universitet auditoriyalarındakı çoxillik pedaqoji və millət vəkili kimi ictimai-siyasi fəaliyyətində ümummilli özünəqayıdış və özünüdərk ideyasına xidmət eləyib, hətta övladlarına - Altay, Aysel; nəvələrinə - Alsu, Atilla, Alpər adlarını seçəndə belə, bu amili göz önünə alıb:
Düzəldirdi elə bil
O, tarixin səhvini,
Zamanın əyrisini.
Türkdü, Azərbaycandı
Onun ən qutsal andı,
Onun müqəddəs dini!
Kim deyir təkcə alim,
Təkcə bir türkoloqdur?
O millətə özünü
Tanıdan bir müdrikdir,
Həm də ideoloqdur!
Poemanın epiloqu onun bütün əsər boyu inkişaf etdirilən ana ideyasına - akademik Nizami Cəfərovun ümummilli zəka çırağının bu gün konkret təcəssümü olmasına, nizamilərdən-nizamilərə keçən bu işığın əbədi sönməzliyinə dair final akkordu kimi səslənir:
O hər yazdığında yaşayır daim,
O heç vaxt yolundan dönməyəcəkdir.
Nə qədər Tanrının ədaləti var,
O Zəka çırağı sönməyəcəkdir.
Nizami Cəfərov mənə universitetdə türkologiya fənnini öyrədib. Biz özümüzdən təxminən, 7-8 yaş böyük, sadə geyimli, sakit təbiətli, təmkinli, təvazökar və savadlı müəllimi çox sevir, onu özümüzə bir ideal bilirdik. Ən mübahisəli filoloji məsələlərdə Nizami Cəfərovun mövqeyi bizim üçün son instansiya, axır söz idi. Nizami müəllim dedisə, qurtardı! Onun təzə işıq üzü görən kitabları əl-əl gəzir, mətbuatda çıxan məqalələri müzakirələrə səbəb olurdu. Məni Mahmud Kaşğarinin "Divanü Luğat it türk" əsərindən monoqrafiya yazmağa istiqamətləndirən də Nizami Cəfərov olub. İndi milli poetik fikirdə mövcud olan hər hansı faktın ən qədim izlərini "Divan"da görür və bu geniş baxış bucağını mənə verdiyinə görə özümü müəllimimə borclu sayıram. Bu minnətdarlıq hissini sayğıdəyər müəllimim haqqında poema yazan və məni əlçatmaz, unudulmaz tələbəlik illərimə qaytaran Güləmail Murada qarşı da duyuram. Poemanın qəhrəmanı, əziz müəllimim akademik Nizami Cəfərova cansağlığı və yeni uğurlar diləyir, poemanın müəllifi Güləmail ananı təbrik edirəm.
Dərin sayğılarla...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!