Vaqif YUSİFLİ
Azərbaycan təbiətinin gözəlliklərini, insan-təbiət vəhdətlərini əks etdirən şairlərimizin adları çəkiləndə, ilk sırada Hüseyn Arifin, Musa Yaqubun, Məmməd Arazın, Nəbi Xəzrinin, Hüseyn Kürdoğlunun, Məmməd Aslanın, Qasım Qasımzadənin şeirlərini xatırlayırsan. Onlar təbiətin poeziyasını şeirlərində əks etdirməklə sonra gələn şairlər nəsli üçün ustad dərsləri keçiblər. Təbii ki, Azərbaycanda elə şair tapılmaz, təbiətdən, onun gözəlliklərindən, ümumiyyətlə, böyük alman filosofu Kantın "nəcib, gözəl sadəlik" adlandırdığı təbiətin varlığından söz açmasın. O ənənə indi də davam edir - "Ana təbiətə yaxınlaşdıqca Dönüb özümüzə yaxınlaşırıq" (B.Vahabzadə), "Qoy danışsın təbiət" (Qabil), "Çinar canlı tarix, canlı yazıdır" (H.Arif) - şairlərimiz təbiəti danışdırdıqca özlərini dərk edirlər. Belə şairlərdən biri də Şahin Həmidlidir.
Tökülən şəlalə ruh verir çaya,
Zirvədə açılıb gözəl mənzərə,
Yazı taxtasıdır el bil qaya
Sinif otağına oxşayır dərə.
Çox sevir göylərin yağış dilini,
Ötür səhər-səhər yay ləhcəsində.
Hər gün salamlayır səhər yelini,
Bulaqla danışır çay ləhcəsində.
Meşəyə sevdirib yaman dilini,
Ağacla danışır külək dilində.
Dərə işə salıb duman dilini,
Çəmən nəğmə deyir çiçək dilində.
Şahin Həmidlinin "Təbiət dilini öyrədir bizə" şeirindən gətirdiyimiz bu misralar bəlkə də oxuculara adi bir təbiət şeirini xatırladır. Amma bu adilikdə təbiətə aid 15 ad səslənir və hər birinin özünəməxsus keyfiyyətli - hərəkət və ritmi açıqlanır. Sanki təbiət özü danışır bu şeirdə.
Şahin Həmidli Lerik rayonunun Tikəband kəndində dünyaya göz açıb, elə bir kənddə ki, yaşıl meşələr, əzəmətli məğrur dağlar, sərt qayalar, hər damcısı göz yaşına oxşayan bulaqlar, güllər-çiçəklər-otlar, axar çaylar bu kəndi təbii mənzərələr, canlı rəsmlər vadisi kimi canlandırır. Bir kəndin təbiətini, gözəlliklərini nəzərə çarpdırmaqla doğulduğu o məkanın bütün dağ kəndlərinə aid olduğunu görürük. Amma ən başlıca məqam şairin təbiət sevgisindədir. Ustad Hüseyn Arifin "Gəlin, təbiəti dinləyək bir az" çağırışına səs verən Şahin Həmidli bu dinləməni təbiətin özündə axtarır. Ustadın şeiriylə səsləşmələr də buna sübut ola bilər:
Bahardır torpaqçün ömrünü qoyan,
Bahar gələn kimi oyanır çöllər.
Nə fırça görünür, nə də bir boya,
İlahi rənglərlə boyanır çöllər.
Baxmaqdan qalmayıb göylərdə taqət,
Buludlar alnından silir tərini.
Bir dahi rəssamdır ana təbiət
Sərgiyə çıxarıb əl işlərini.
Təbiətə bu dərəcədə heyranlıq hissinin səbəbini elə təbiətin özündə axtarmaq lazımdır.
Şahin Həmidliyə görə, lalələr ona görə qırmızıdır ki: torpağın köksündə dərdlər, nalələr bitib, "bir vaxt burda qan yerinə su axıb, ona görə qırmızıdır lalələr".
Görkəmli münəqqid Yaşar Qarayev yazırdı ki: "Təbiət Vətənin tarixidir". Bu tarixə nəzər yetirsək, görərik ki:
Dağlar ana yurdun baş daşlarıdır,
Seçilmir pirindən, ocaqlarından.
Bulaqlar torpağın göz yaşlarıdır
Axır gecə-gündüz yanaqlarından.
Yurdun ürəyində yatır sirləri,
Çəmənlər otlarla yazılan dastan.
Dərələr köhnəlmiş qəbir yerləri
Sıldırım qayalar muzey, qəbirstan.
Amma ana təbiət həm də bütün gözəllikləri ilə şairlərə və yurdun hər bir insanına duymaq, özünü bu gözəlliklərə vaqif olmaq aludəçiliyini bəxş edir. Şahin Həmidli təbiəti təkcə tarixin gözüylə yox, həm də (və daha çox!) bu günün sirləri, möcüzələri ilə oxudur bizə. O, təbiətin vəsfini, standart və şablon tərənnümünü deyil, özünü təqdim edir, yəni sözün yaxşı mənasında, təbiət dərsi keçir.
Çalışır ki, ilin fəsilləri, səhəri-axşamı, meşəsi, bağı, günəşi-ayı, çəməni-çölü, dağı- dərəsi haqqında yazılan şeirləri təkrar etməsin, təzə söz desin və təbii ki, onun orijinal bədii təsvir vasitələri ilə buna nail olsun.
Məsələn, əksər şairlər öz şeirlərində səhər lövhələri çəkiblər. Şahin Həmidlinin "Səhər löhvəsi"nə diqqət yetirək:
Xəyal dənizində yerlə göy üzür,
Gecə gözlərindən ovur yuxunu.
Açıb əllərini göyə dan üzü
Oyanıb yuxudan, qovur yuxunu.
Zülmət qaranlığı gətirir yada,
Səhər nurlandırır daşı, qayanı.
İlahi bir rəssam canlı tabloda
Ağ rənglə boyayır qara boyanı.
Göy çəmən göyərə-göyərə qalıb
Barmaqla göstərir doğan günəşi.
Bərk-bərk qucaqlayıb basır bağrına
Göylər qabağına çıxan günəşi.
Yeri gəlmişkən qeyd edim ki, Şahin Həmidlinin səhərə həsr etdiyi digər şeirləri də var və heç bir şeirdə təkrarçılığa yol vermir. Ancaq onun təbiət şeirlərini təkcə bununla məhludlaşdırmaq olmaz. Onun qış gecələrinə, sökülən dana, payız səhərinə, günəş şüalarına, yarpıza, nanəyə, güllərə, çiçəklərə, kol dibində bitən bənövşəyə, meşələrə həsr etdiyi şeirlərindən də misallar gətirə bilərəm.
Mən şair Ağacəfər Həsənlinin üç il əvvəl Şahin Həmidlinin "Təbiət dilini öyrədir bizə" şeirlər kitabı haqqında yazdığı resenziyasını oxudum. Eyni fikirdəyik ki, "Şahin təbiət şairidir, böyük ilhamla Azərbaycan torpağını vəsf edir, onun gözəlliklərini qabardır, şeirə gətirir. Müəllifin obrazları, metaforaları, tapıntıları özünəməxsusluğu ilə seçilir".
Təbii ki, Şahin Həmidlinin şeir aləmi təkcə təbiətlə məhdudlaşmır. Öz kəndi və onun adamları haqqında şeirləri də az deyil. Və inanıram ki: "Kəndimizin hər yerinə baş çəkib, bulaq-bulaq, meşə-meşə gəzmişəm". Əlbəttə, mən onun "ilk xoruz banıdır kənd fəlsəfəsi" şeirindəki "fəlsəfəyə" irad tuturam. Amma o şeirdəki "Çöl-çəmən yaşıl bir muzey kimidir, sənət əsəridir quş yuvaları"nı bəyənirəm. Qoy desin. Qoy desin ki: "Kəkliyə, bülbülə, sarıköynəyə, Dağların qoynunda yuvadı Lerik". Qoy desin ki: "Ən gözəl, ən təmiz dağ havasının nur saçan gözüdür kənd adamları". Qoy desin ki: "Məndən çox yaşlıdır o qoca kəhriz, dayanıb üzümə eynəksiz baxır". O, dağlara məftunluğunu gizlədə bilmir və etiraf edir ki: "Yazmağa, pozmağa o qədər söz var, dağa layiqini tapa bilmirəm". Onun bu etirafını bəzi şeirlərinə aid edirəm və hesab edirəm ki, Şahin Həmidlinin "Əntiqə şeirim" kimi bir çox şeirləri onun kitabına yol tapmasın. Şahin Həmidlinin hər iki kitabında çoxlu ithaf şeirləri var. Bu şeirlərin bir qismi - atasına, anasına, əmisinə və şair dostlarına həsr etdiyi şeirlər bəyənimlidir, amma qalan ithaflar nə qədər səmimi hissləri ifadə etsə də, onları əsl şeir kimi qəbul etmək doğru deyil. Qoy həmin şeirlər (onlarla dosta, tanışa həsr edilən və şeir kimi yox, tərif kimi yazılanlar) ad günlərində oxunsun.
Şahin Həmidlinin sevgi şeirləri, din-imam təəssübkeşliyi, Şuşaya, Azərbaycan zabit və əsgərləri ilə bağlı digər şeirlərindən özüm söz açmadım, onlar təbii hisslərdən yaranıb. Sözümü Şahin Həmidlinin Vətən sevgisi ilə yoğrulan bu misraları ilə bitirirəm.
Qolumun qüvvəsi, gözümün nuru,
Qəlbimin sevinci Azərbaycandır.
Kökünə bağlıdır soyadım, soyum,
Qurban olum ocağına, pirinə.
Bayrağın üstünə başımı qoyum,
Himnini oxuyum layla yerinə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!