İsmayıl Şıxlının vəfatının 30 illiyinə ithafən
Turan UĞUR
Azərbaycanın Xalq yazıçısı, publisisti, pedaqoqu, ədəbiyyatşünası və ictimai xadimi İsmayıl Şıxlı müəllifi olduğu monumental romanları ilə ədəbiyyat tariximizdə böyük iz buraxıb. "Ayrılan yollar", "Dəli Kür", "Ölən dünyam", "Namus qaçağı", "Ölüləri qəbiristanda basdırın", "Namərd gülləsi" və başqa əsərləri ilə oxucuların rəğbətini qazanan İsmayıl Şıxlını bu gün də sevgi ilə anır, ruhunu sayğı ilə yad edirik.
Əvvəllər "İsmayıl müəllim, mən sizi eşitdim" esse-hekayəsini və "Sətirlər" verilişinin 2 proqramını məhz İsmayıl Şıxlıya həsr etdiyim üçün xeyli qürur duyuram.
Tutqun havada üstümə şığıyan ildırımla haqq-hesab çəkməyim var. Məni ay işığının müştaqında saxlayan, mehtabın üzünə həsrət qoyan hünərdən bifər kəslərə dişimin dibindən çıxacaq qədər deyəcəklərim olacaq. "Bu nə səsdir?" - deməyin, "bu səs hardan çıxdı?" - deyə sormayın; göy peydərpey guruldayırsa, könlümə ay işığı düşməzmi, onun hicranında qalanların bu axşamçağı ay işığının altında köz olmaq arzusu ürəyindən keçə bilməzmi?! Göydəki qəmərin ufacıq ağlayışını beyninə həkk edən bəndənizin pasibanı bu ay işığı sayılmazmı?! Bizim tərəflərdə qəmər də deyirlər göydəki aya. Bilməm, bu saat ay işığına olan həvəsim nədən irəli gəlir? Aşıq bilsəydiniz məni, məni bu tərəflərin yanşağı, ozanı kimi tanısaydınız, saza sarılardım, amma naçar durumdayam, təkcə gümanım sənə qalır: Ey mənim ay işığım, gecənin ənginliyinə sarılan, onunla sarmaş-dolaş bu saat sənsən. Əgər görsən ki, bu zülmət gecədə üşüyürsən, tənhalıqdan titrədirsən, həyəcandan tövşüyürsən... Görsən ki, günəşin körpəcə balasından, üzümüzə açılacaq səhərimizdən günahkar şəhərimiz inciyib, onda ay işığını axtar, ara, onu tapana kimi.
Niyə sözümə aydan başladım? Aydan arı, sudan duru duyğularımdan başladım, heç özüm də bilmirəm. Görəsən, təsadüfdürmü? Əsla! Təsadüf adında bir şey varsa, onun qarşısında təzim etməyə ikiəlli hazır və razıyam. Qəmərlə başladım söhbətə, göydəki qəmərlə başlayıb, romandakı qəmərlə davam edirəm. Axı hər ikisi muraddır.
"Dəli Kür" əsərində sahibinin ürəyindən keçənləri anındaca duyan qəməri, yalının - quyruğunun qırxıldığına dözə bilməyən Cahandar ağanın ağayana atını yada salaq, əgər "Dəli Kür"dən danışırıqsa.
Mərd ölməkdən də vacib olan bir şey var bu dünyada; mərd yaşamaq. Daha çətin olanı budur. Bu müşkül peşəni seçən İsmayıl Şıxlı, ilk növbədə, müəllim, yazıçı və ictimai xadim idi. Bu möhtərəmin əsərlərinin hər birində oxucuya aşılanan vacib bir ideya var:
- Ömrü boyu insan elə yaşamalıdır ki, qohumdan, dost-aşnadan, çevrəsindən, ən əsası isə, xalqından şərməndə qalmasın, dürüstlüyü yol yoldaşı seçsin, seçib də əxlaq prinsiplərini ayaqaltı yox, baştacı sansın. Pul-parasıyla, şan-şöhrəti ilə deyil, əməlləri ilə başında tac gəzdirsin, fəqət, tacdan öncə baş gəzdirsin. İnsanın başı, ağlı-kamalı olsun, o zaman taxt-taca, bər-bəzəyə gərək qalmır.
Bunu öyrədirdi İsmayıl Şıxlı.
"Dəli Kür" romanındakı Cahandar ağanın cahanını dar eyləyən, gün-güzəranını göy əskiyə bükən, yediyini-içdiyini zəhrimara çevirən əməlləri, əslində, insanın öz əxlaq kodeksinə vəfasızlığı kimi qəbul olunur. Bəy, bəyzadə, kəndxuda, darğa, pristav, qubernator, mülkədar, xan, xan balası, lap elə atam balası, yəni kim olursan-ol, bircə dəfə öz əxlaq kodeksinə kəm baxdınsa, prinsiplərinin üzünə ağ oldunsa, demək ki, şəxsiyyət tənəzzülünün başlama vaxtıdır.
Kimdir Cahandar ağa? Həyati bir obrazdır, həyatdan götürülmüş bu personaj, gerçəklikdə yazıçı İsmayıl Şıxlının ana babası olmuşdu. Mələyin timsalında cahanı və cananı sevən bir kəsdir Cahandar ağa, Mələksiz canı, canansız dövranı neynərdi?
Cümlə xilqət bu cahanə mübtəla,
Cahanı sevməyən cananı neynər?!
Eşqidən bixəbər naşı, nadandı,
Əhli-ruh aləmdə nadanı neynər?!
Huri-rüxsar, hilal qaşlı, siyah tel,
Boyu mina, əndam büllur, incə bel.
Diyarım zibasın əsil mələk bil,
Bizim mah camallar ədanı neynər?!
Səslə hüzuruma aqil kəsləri,
Hikməti dərk edən pür həvəsləri.
Qovla məclisimdən kənar kəsləri,
Alı mərəkədə gədanı neynər?!
Aşıq Alı
Bütün bunları aşıq Alı görsəydi, sazı sinəsinə basıb, bəlkə bu cür oxuyardı. Mən nə aşıq Alıyam, nə aşıq Ələsgər. Lakin bildiyim budur ki, təkcə kişi-gəda davası deyil Cahandar-Allahyar davası, həm də keşməkeşli tariximizin qovğalı, məlalı güzgüsüdür. Mələyin qaçırıldığı andan daxili iztirabları başlayan Cahandar ağanın faciəsini 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlindəki Azərbaycan insanının taleyinə qovuşdura bilib İsmayıl Şıxlı. Bəlkə də əsərdəki gizli şifrələrdən biri məhz budur: məişət intriqalarının fonunda, öz tarixi keçmişimizi görməyimiz "Dəli Kür" romanını masaüstü kitabımıza, gözümüzün ağ-qarası, bircəcik əsərimizə çevirib.
Əsərin 1957-1967-ci illərdə 10 il müddətinə yazıldığı qeyd edilsə də, yazıçının övladı, sayğıdəyər Elçin bəylə söhbət zamanı romanın deyildiyi vaxtdan bir qədər əvvəl; yəni il yarım, iki il tez bitdiyi qənaətinə gələ bildik. Amma istənilən halda böyük zəhmət və vaxt hesabına ərsəyə gələn "Dəli Kür" "ilklər romanı" sayılır. İsmayıl Şıxlı öz nəslinin, öz mahalının tərcümeyi-halını dəqiqliklə, dürüstlüklə və bədii priyomlarla verə bilmişdi. Bu əsər hadisə deyə biləcəyimiz əsərlərdəndir və bu cəhətdən tək-tük romanlardandır. İsmayıl müəllim 3 müəllim nəslinin tarixçəsini verərkən, Kürü "dəli" çağırmasını tarixi keçmişimizin qanlı-qadalı, dərdli-bəlalı olması kimi izah edə bilərik.
Görəsən, Ana Kürü Dəli Kür kimi görməkdə yazıçının hansı səbəbləri vardı? İsmayıl Şıxlı bu nüansı əsər boyu gizli xətlə cızmış, - deyə düşünürəm. Başı bəlalar, günü məlalar çəkmiş tariximizin, yurdumuzun hayqırtısını Dəli Kürün dəliliyində, bağırtısında, iniltisində vermiş gözəl ədibimiz. Ey dəli Kürüm, dəliqanlı Kürüm, sənə deyəcəklərim var! Çoxları bilməz, sən axı şahidsən, şahidsən ki, filmdə görüntüyə alınan, ehtişamlı, məğrur Kür çayının görüntüləri İsmayıl Şıxlıya məxsusdur. Özü seçmişdi o mənzərələri, şəxsən özü bulmuş, özü çəkmişdi.
Hətta müəllif bir neçə gün çəkiliş meydançalarında iştirak etməyəndə, çəkilən bəzi kadrlarda sonralar ciddi nöqsanlar da görübmüş, təbii ki, bunlarla barışmayan ədib yerindəcə iradlarını yaradıcı qrupa bildirmişdi.
"Dəli Kür" romanını xalqımızın eposları ilə yanaşı tutmaqda əsaslar var. Bütov bir dövrü, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinin bütün ictimai-sosial, mədəni mənzərələrini ortaya qoyur bu əsər. Miqyası, nəhəngliyi ilə seçkin bir nümunədir. Ən əsası millidir, xalqa yaxındır. Hadisələr, epizodlar yox, xarakterlər yığnağıdır bu roman. Cahandar ağa, Şahnigar, Zərnigar, Mələk, Şamxal, Əşrəf, Allahyar, Molla Sadıx və.s. Hə, bir də ki urus Əhməd. Kmisinə görə bu, "firəng Əhməd" ləqəbli Əhməd bəy Ağaoğlunun, kiminə görə "rus Əhməd" ləqəbli Əhməd bəy Cavanşirin prototipidir. "Dəli Kür"ün "urus Əhməd"ini belə də çağırmaq olar: ziyalı, maarifpərvər, yurdsevər birisi.
Möhtərəm ziyalımız Elçin Şıxlı ilə söhbət zamanı bu nüansı da öyrənmiş olduq ki, sən demə, rus Əhməd Qazaxda məşhur ziyalı nəsli kimi tanınan Seyidovların nümayəndəsidir, Molla Seyidin nəvəsi, Yusif kişinin oğlu, ruhunu sayğı ilə andığımız pedaqoq, ziyalı Əhməd Seyidovun prototipidir. Əslində, hər bir elm fədaisindən, maarifçi soydaşımızdan bu obrazda pay var, desək, qətiyyən səhv etmərik.
İsmayıl Şıxlı yaradıcılığına çəpər çəkənlər "Ölən dünyam" romanının meydana çıxmasına mane ola bilmədilər. Sovet dönəmində yazılması mümkün olmayan bu əsərin "Qanlı təpə", yaxud "Ölən dünyam" adı arasında müəllifin seçim etməyinin də səbəbləri var.
"Həsən ağa eyvanı Kürə baxan evlərinin həyətində odun yarırdı. Havanın sazaq, ətrafın qırov olmasına baxmayaraq enli kürəyinin ortası tərləmişdi. Ələddinin səsini eşidəndə baltanı kötüyə sancıb dikəldi. Gödəkcəsini çiyninə saldı, ağır-ağır doqqaza doğru addımladı. - Niyə orda durubsan? - Bəri gəl, sözüm var. Həsən ağa ona yaxınlaşdı. Salamlaşdılar. Ələddinin gözləri gülürdü. - Bir şey görmürsən? Həsən ağa diqqətlə Ələddini başdan-ayağa süzdü. Gördü ki, nişanlanandan bəri üstü-başı səliqəyə düşüb. Gülümsündü. - Deyəsən, qızın eşqi səni sığallaşdırıb?"
Bu oxuduqlarınız "Ölən dünyam" romanından bir parça idi. Arxiv materialları əsasında romanı mükəmməl və müəzzəm şəkildə işləyən ədib, dünyaya vida deməzdən 2-3 ay öncə əsəri bitirə bilmişdi. Əgər bu romanın bitməsi üçün daha bir müddət yaşamağına ehtiyac olsaydı, əmin olun ki, İsmayıl Şıxlı xəstəliyə təslim olmayacaqdı, missiyasını başa vurana kimi yazacaqdı.
Bəs Elçin bəydən müsahibə aldığımız zaman fonda gördüyümüz saz kimindir?
- Kimin olacaq?
- İsmayıl Şıxlının sazı, adda-budda da olsa, dilxoşluq üçün çalarmış, amma "dostum İsa Muğannanın gözündən uzaq" da deyərmiş!..
Bəli, İsmayıl Şıxlıdan doğmalarına, xalqına xatirə qalan təkcə bu saz deyil, həm də istiqlalımız, müstəqilliyimiz və suverenliyimizdir.
Azərbaycan istiqlalında mütləqdir ki, İsmayıl Şıxlının da payı var. O, siyasətçi deyildi, lakin heç vədə xalqın ağrı-acısına etinasız qalmazdı. Qarabağdakı gərgin döyüşlər vaxtında, Qazaxın sərhəd zonasına yaxın bağda bir kətil tapıb əyləşmiş, təxminən, 1-2 saat çay içib, soyuqqanlılığı, mərdliyi, vətənsevərliyi, kişiliyi ilə təlaş və təşviş içində olanlara örnək olmuşdu İsmayıl Şıxlı. Ətrafdakılar "Kişi Bakıdan gəlib qızğın döyüşlərin, şiddətli atışmaların içində rahatca çay içirsə, deməli, möhkəm olmaq lazımdır" - demişlər.
Demişlər... Eşitdiyimə görə, bunu da demişlər ki, ruzi-pədər insana o zaman halal olur ki, əcdadlarının qədrini bilsin. Zatən, ziyalılarımızı və ziyalılığımızı bizə andıracaq nəsnələr xətrimiz istəyən qədərdir. Onlardan biri olsun: "Ay işığı". Yazımın əvvəlində beynimi məşğul edən qəmərin bayrağımızdakı ay-ulduzu xatırlatmasının bundan doğal hansı səbəbləri ola bilər ki!!! İti bir qılınc kimi göydə parlayan hilala İsmayıl Şıxlı deyəcəm və İsmayıl müəllimdən təvəqqe edəcəm ki, dünyamız qaralanda, qaramatlıq basanda bu yer üzünə bir də təşrif buyursun; kainatımız xəstələnəndə ara-sıra müsafirimiz olsun, nolar, çün nurundan səfa, ziyasından şəfa bulmaq istəyənlər yetərincədir, içi mən qarışıq. Hə, İsmayıl müəllim, hə, Günəş insan, sizin əlinizdə ölüm nə çətin işdi ki, əsas odur ki, müəllim eynəyiniz gözdən salmasın bu dünyamızı, aramıza yenidən qayıdacaq İsmayıl Şıxlıya deyəcəklərim budur ki: Sizi yaxşı tanıyıram.
Tanıyıram
İsmayıl Şıxlıya
Bir dədə tanıyıram,
Nur kimi, işıq kimi.
Sevdası millət olmuş,
Vətənə aşiq kimi.
Bir insan tanıyıram,
Ümidənin yarısı.
Ömür sürür hələ də,
Fərrux, Elçin atası.
Bir yazar tanıyıram,
Cahandarın yiyəsi.
Gəlməmiş ki, dünyaya,
Mələk kimi birisi,
Bir abid tanıyıram,
İmranların duası.
Bir zahid tanıyıram,
Zeynəblərin röyası.
Bir nazim tanıyıram,
Şeirə-sözə xiridar.
Bir nasir tanıyıram,
Əsərləri payidar.
Bir sirdaş tanıyıram,
"Ayrı yollar" məftunu.
Bir yurddaş tanıyıram,
Ədəbiyyat məhkumu,
Bir lələ tanıyıram,
Sözü ötkəm, tutarlı.
Bir az belə tanıyıram,
Xatirəmdə dumanlı.
Bir səyyah tanıyıram,
Ana Kürə mayildir,
Onu siz də tanırsınız,
O, Şıxlı İsmayıldır...
Bir azman tanıyıram,
Seyid kimi, şıx kimi.
Bir ozan tanıyıram,
Sözə yaraşıq kimi.
21 iyul 2025-ci il,
Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!